Cemil Elibeyov - Wikipedia
Əlibəyov Cəmil Ədil oğlu — Azərbaycan yazıçısı, "Azərbaycanfilm"in direktoru (1974–1984).
Cəmil Əlibəyov | |
---|---|
Doğum tarixi | 5 dekabr 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 26 oktyabr 2014 (86 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, nasir, redaktor, tərcüməçi |
Fəaliyyət illəri | 1954-cü ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | roman, povest[d] |
Mükafatları |
Həyatı
redaktəCəmil Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində dünyaya gəlmişdir. Atası Ədil bəy Həsəy bəy oğlu üç yüz il əvvəl Dədəli oymağının başçısı Əli ağa Əlibəyov soy adının davamçısı olmuşdur. Sovet hakimiyyətindən əvvəl ata-baba mülkünü idarə etmişdir. XX əsrin 20-ci illərinin axırlarında mülkədar–bəy silkinə məxsus olanlar sıxışdırılarkən İrana mühacirət etmiş, bir neçə il sonra orada həyatını dəyişmişdir. Anası Ziba xanım Cəbrayıl qəzasının qazisi Mirzə Əli Axundzadənin ailəsində təvəllüd tapmışdır. C.Əlibəyovun atası mühacirətə gedəndən sonra bir müddət ailə anasının və dayılarının himayəsində olmuşdur. Bir tərəfdən atasının sovet qurumunun sinfi düşməni, digər tərəfdən babasının ali ruhani silkinə məxsusluğu ilə əlaqədar maddi və mənəvi sıxıntılara məruz qalmışdır. Əlibəyovlar kulaka salınmış, təqib olunmuşdur. C.Əlibəyov kəndlərindəki (müsadirə edilmiş evlərində yerləşən) məktəbdə təhsil almağa başlamış, lakin mühacirətdə olan atası İrandan göndərdiyi məktublar ona ünvanlandığından altı yaşında olan uşaq birinci sinifdən kənarlaşdırılmışdır. O, təhsilini bir müddət evdə dayılarından almış, sonradan doğma məktəbdə davam etdirmişdir.
1944-cü ildə ümumi hazırlıq səviyyəsi nəzərə alınaraq, təhsilini ali məktəbdə davam etdirmək üçün ona arayış verilmişdir. Və 1944-cü ildə bilik səviyyəsi və ümumi qabliyyəti sınaq söhbətində yoxlanılaraq Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində yeni açılmış şərqşünaslıq şöbəsinə (İran bölməsi) qəbul edilmişdir. Universitetdə beş il ərzində yüksək qiymətlərlə oxumuşdur. Fars, ərəb, ingilis dillərində xüsusi uğurları olsa da, Şərq tarixi ixtisasını seçmiş, tələbə elmi konfranslarında diqqəti çəkən referentlərlə çıxış etmiş, elmi tədqiqatları Moskva Ali Təhsil Nazirliyinin və Respublika Nazirliyinin mükafatlarına layiq görülmüşdür.
C.Əlibəyov son kursu bitirməkdə olarkən – dövlət imtahanı ərəfəsində universitetdən xaric edilmişdir. Buna səbəb o zaman bir neçəsi şərq fakültəsindən olan tələbələrin dövlət əleyhinə fəaliyyətlərinin suçlanması olmuşdur. Ancaq C. Əlibəyovun həmin qrupa aidiyyəti olmadığı müəyyənləşdirildikdən sonra əmri dəyişərək, onu tarix fakültəsinin birinci kursuna (ekstern) keçirmişlər. C. Əlibəyov 1949-cu ildə yaradıcılıq sınaq qaydası ilə "Azərbaycan gəncləri" qəzetinə işə götürülmüşdür. Üç il sonra anonim məktub Moskva tərəfindən yoxlanılmış, o, ictimai keçmişi "ləkəli" olduğuna görə işdən kənarlaşdırılmışdır. Stalinin ölümündən dərhal sonra onu əvvəlki işinə bərpa etmişlər. İyirmi il həmin qəzetdə ədəbi işçi, şöbə müdiri, məsul katib, son on iki ildə baş redaktor kimi fəaliyyət göstərmişdir. Azərbaycan komsomol Mərkəzi Komitəsi bürosunun üzvü, gənclərin Ümumittifaq və Respublika təşkilatlarının ondan artıq qurultaylarına nümayəndə seçilmişdir. Çalışdığı qəzet gənclərin sosial həyatını gerçəkliyə işıqlandırdığına görə gənc nəslin etimadını, sevgisini qazanmışdır. Onun işlədiyi dövrdə qəzetin tirajı 20 mindən 450 minə yüksəlmişdir.
1970-ci ildə C.Əlibəyov daha məsul işə – dövlət vəzifəsinə irəli çəkilmişdir. Azərbaycan Respublikası Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini təyin olunmuş, radioya başçılıq etməyə başlamışdır. Həmin dövr radiosu öz verlişləri ilə xalqa, onun ənənəvi mənəvi dəyərlərinə, obrazlı dilinə daha da yaxınlaşmışdır (Xalq yaradıcılığı "Bulaq" verilişi otuz ildən artıqdır ki, efirdədir). Bu verilişə görə C. Əlibəyov Azərbaycan Jürnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülmüşdür. 1974-cü ildə Azərbaycanın rəhbəri H.Əliyevin şəxsi təklifi ilə C.Əlibəyova daha məsul vəzifə tapşırılmışdır. O, on il ərzində "Azərbaycanfilm" kinostudiyasının direktoru işləmişdir. Bu müddətdə istehsal olunan filmlər say və keyfiyyətcə yüksək qiymətləndirilmiş, ümumittifaq, beynəlxalq və respublika mükafatlarına layiq görülmüşdür. "Dədə Qorqud", "Babək", "Dərviş Parisi partladır", "Tütək səsi", "İstintaq", "Ad günü", "Qayınana", "Papaq" filmləri qızıl fonda daxil edilmişdir. C.Əlibəyov 1984–1988-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor və direktor, 1988–1990-cı illərdə "Kommunist" ("Xalq qəzeti") qəzetində baş redaktor işləmişdir. 1990-cı ildən sonra "Yazıçı" nəşriyyatında baş redaktor vəzifəsinə keçirilmiş, sonralar "Novruz", "Vahid" qəzetlərində baş redaktor, "Elm və həyat" nəşriyyatında təsisçi-direktor vəzifəsində çalışmışdır.
C.Əlibəyov bədii yaradıcılığa "Azərbaycan gəncləri"ndə işləyərkən başlamışdır. Azərbaycan jurnalistlər, yazıçılar və kinematoqrafçılar ittifaqlarının üzvüdür. SSRİ-də yayılmış "Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "Dözümlü məhəbbət" romanlarının, "Qayaların göz yaşı" povestinin (bunlar Moskvada "Molodaya qvardiya" və "Sovetski pisatel" nəşriyyatlarında rus dilinə çevrilərək nəşr edilmişdir) müəllifidir. Azərbaycanda həmin romnlarla yanaşı "Dünyanın o biri ucu", "İlk məhəbbət" romanları və "Özümü axtarıram", "Analar..", "Anam Arazım mənim" və digər povestləri çap olunmuşdur. Bir neçə pyesin, senarinin, publisist kitabın müəllifidir. "Gülüstanda qətl" pyesi Azərbayacan Milli Akademik Dram Teatrında tamaşaya qoyulmuşdu. Ümumiyyətlə, 40-dan çox bədii əsərin müəllifidir. C.Əlibəyov qələm və foto aparatı ilə dörd qitənin ölkələrini səyahət etmiş, ABŞ-dən, Türkiyədən, Rusiyadan (Sibirdən), Avstriyadan, İrandan və b. ölkələrdən yazdığı səfər oçerkləri maraqla qarşılanmışdır. C. Əlibəyov yüksək hökumət mükafatlarına – orden, medal, fərmanlara layiq görülmüşdür.
C.Əlibəyov əmək təqaüdçüsü olmuşdur.
26 oktyabr 2014-cü il tarixində vəfat etmişdir.[1]
Ailəsi
redaktəÖvladları yüksək təhsil görmüşlər. Oğlu Elbəy Moskva Dövlət Universitetinin məzunudur, tarix elmləri namizədidir. Hazırda Avropa Təhlükəsizlik Təşkilatında fəaliyyət göstərir. Qızı Nigar Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Tibb elmləri namizədidir, məzunu olduğu universitetin müəllimidir, Ceyhun Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində rəssamlıq yaradıcılığı peşəsi üzrə ixtisaslaşmışdır. Hazırda mötəbər İngiltərə firmasının baş meneceridir. Beş nəvəsi var.
Əsərləri
redaktə- İlk addımlar. Bakı: Uşaqgəncnəşr, 1954, 60 səh.
- Əmək və qəhrəmanlıq. Bakı: Uşaqgəncnəşr, 1955, 36 səh.
- Şəhəri yaradanlar. Bakı: Uşaqgəncnəşr, 1957, 85 səh.
- Lənkəran. Bakı: Uşaqgəncnəşr, 1958, 50 səh.
- Sənin sərvətin. Bakı: Azərnəşr, 1963, 32 səh.
- Məhəbbət naminə. Bakı: Azərnəşr, 1964, 141 səh.
- Sınaq. Bakı: Gənclik, 1966, 276 səh.
- Dörd qitədə adım var. Bakı: Gənclik, 1967, 119 səh.
- Özümü axtarıram. Bakı: Gənclik, 1969, 250 səh.
- Nigarın arzusu. Bakı: Gənclik, 1968, 5 səh.
- Mənim analı dünyam. Bakı: 1972, 247 səh.
- Üç bacı. Bakı: İşıq, 1974, 76 səh.
- Dözümlü məhəbbət. Bakı: Gənclik, 1978, 312 səh.
- Dünyanı gəzə-gəzə. Bakı: İşıq, 1979, 126 səh.
- Vida görüşü. Bakı: Yazıçı, 1981, 388 səh.
- Qızıl attorpaq. Bakı: Gənclik, 1983, 294 səh.
- Qış etüdləri. Bakı: İşıq, 1971, 60 səh.
- Əmək qəhrəmanları. Bakı: Uşaqgəncnəşr, 1958, 110 səh.
- İnqilabi ənənələr və gənclik. Bakı: Azərnəşr 1966, 148 səh.
- Mahnı qəlblərə yol açır. Bakı: Uşaqgəncnəşr, 1960, 98 səh.
- Qiybət (pyes). Bakı: Xalq yaradıcılığı evinin nəşri, 1966, 13 səh.
- Azərbaycan komsomolu. Bakı: Gənclik, 1968, 478 səh.
- Mənim analı dünyam (romanlar). Bakı: Yazıçı, 1988, 701 səh.
- İlk məhəbbət (roman). Bakı: Gənclik, 1991, 250 səh.
- Qış macərası (roman). Bakı: Yazıçı, 1994, 400 səh.
- Əxlaq söhbətləri (müsahibə). Bakı: "Elm və həyat" nəşriyyatı, 301 səh.
Tərcümələri
redaktə- Çingiz Aytmatov. İlk müəllim. Bakı: Azərnəşr, 1965, 251 səh.
- Çingiz Aytmatov. Ana tarla. Bakı: Azərnəşr, 1966, 100 səh.
- J.Sand. İndiana. Bakı: Gənclik, 1970, 256 səh.
- S.Solovyov. Sənin haqqında kitab Bakı: Gənclik, 1969, 138 səh.
- Çingiz Aytmatov. Ağ gəmi. Bakı: Yazıçı, 1980, 228 səh.
- Albert Lixanov. Həyat haqqında danışmaq istəyirəm. Bakı: Gənclik, 1986, 352 səh.
İstinadlar
redaktə- ↑ Azərbaycanın tanınmış yazıçısı, kinostudiyanın keçmiş direktoru dünyasını dəyişdi Arxivləşdirilib 2014-10-30 at the Wayback Machine. xeberle.com, 26.10.2014. (az.)
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 267–269.