Cahangir Qehremanov - Wikipedia
Cahangir Vahid oğlu Qəhrəmanov (10 fevral 1927, Qutqaşen – 26 iyun 1995, Bakı) — Əlyazmalar İnstitutunun direktoru, alim, professor, əməkdar elm xadimi.
Cahangir Qəhrəmanov | |
---|---|
Cahangir Vahid oğlu Qəhrəmanov | |
Doğum tarixi | |
Doğum yeri | Qəbələ, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Mükafatları |
Həyatı
redaktəCahangir Qəhrəmanov 1927-ci il fevral ayının 10-da Qəbələ bölgəsində ziyalı ailəsində anadan olmuşdur.[1] Atası Vahid Qəhrəmanov Azərbaycanın ilk hüquqşünas alimlərindən biri idi.[2] O, 1945-ci ildə Bakı şəhəri 132 N-li orta məktəbi bitirmişdir. 1945-1950-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. 1951-1955-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuşdur. 1955-ci ildə "Azərbaycan ədəbi dilində fəlsəfə terminləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. [3][4]
Fəaliyyəti
redaktəƏmək fəaliyyəti
redaktəCahangir Qəhrəmanov 1955-1960-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda baş müəllim, dosent kimi çalışmışdır. O, 1960-ci ildən etibarən fəaliyyətini Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda davam etdirmişdir. Qəhrəmanov 1960-cı ildən 1995-ci ilədək Əlyazmalar Fondunda çalışmışdır. [3][4]
Cahangir Qəhrəmanov 1960-1967-ci illərdə Əlyazmalar Fondunun baş elmi işçi olaraq fəaliyyət göstərmişdir. O, eyni zamanda, 1962-1963-cü illərdə Bakı, Moskva və Daşkənddə mətnşünas və kataloqşünasların Ümumittifaq müşavirələrində məruzələrlə çıxış etmişdir. 1967-1972-ci illərdə Əlyazmalar Fondunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri vəzifəsini icra edən Cahangir Qəhrəmanov 1971-1972-ci illərdə Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunun direktor müavini olmuşdur. 1972-ci ildə Moskvada Arxivşunasların VII Beynəlxalq konqresində məruzə ilə çıxış etmişdir. O, həmçinin İtaliyada, Vatikan Apostol Kitabxanasında elmi ezamiyyətdə olmuşdur.
Cahangir Qəhrəmanov 1972-1995-ci illərdə Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunun direktoru olmuşdur. İmadəddin Nəsiminin əsərlərinin tənqidi mətnini hazırladığına görə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalı ilə təltif olunmuşdur. 1975-1995-ci illərdə Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq, Dilçilik, Ədəbiyyat institutlarında filologiya elmləri namizədi və doktoru alimlik dərəcələri verən ixtisaslaşdırılmış müdafiə şuralarının üzvü olmuşdur. Eyni zamanda, o, Əlyazmalar İnstitutunda mətnşünaslıq ixtisası üzrə müdafiə şurasının sədri, ilahiyyat elmləri namizədi alimlık dərəcəsi verən müdafiə şurasının üzvü kimi fəaliyyət göstərmişdir.
SSRİ Elmlər Akademiyasının "Памятники письменности Востока" seriyasından nəşrlərinin, "Cоветская тюркология" jurnalı, "Ədəbiyyat və incəsənət" qəzeti və "Архивы Aзербайджана" jurnalı və Azərbaycan Elmlər Akademiyası İctimai Elmlər üzrə Elmi İnformasiya Mərkəzinin referativ xarici ədəbiyyat məcmuəsi filologiya və incəsənət seriyasının redaksiya heyətlərinin üzvü olmuşdur. Habelə Azərbaycan Elmlər Akademiyası Əlyazmalar İnstitutu kataloqlarının, "Əlyazmalar xəzinəsində" elmi əsərlər toplusunun və "Keçmişimizdən gələn səslər" bülleteninin baş redaktoru olaraq fəaliyyət göstərmişdir.
1977-ci ildə Bakıda keçirilən "Şərq xalqlarının arxeoloji abidələrinin elmi təsviri prinsipləri" mövzusunda Umumittifaq elmi müşavirəsində məruzə etmişdir. 1978-ci ildə İsveçdə, Upsala Universitetində elmi ezamiyyətdə olmuşdur. Amerika Birləşmiş Ştatlarında elmi ezamiyyətdə olarkən Miçiqan ştatı Detroyt şəhərinin bələdiyyə idarəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 1979-cu ildə Nizami Komissiyasının katibi olmuşdur. 1980-cı ildə Gəncə şəhərində "Nizami gunləri"ndə iştirak etmişdir. 1983-cü ildə Bakıda keçirilən "Şərq xalqlarının arxeoloji abidələrinin elmi təsviri prinsipləri" mövzusunda II Ümumittifaq elmi müşavirəsində məruzə etmişdir. 1985-ci ildə Fransada, Parisdə YUNESKO-nun binasında keçirilən Azərbaycan əlyazmaları sərgisində iştirak etmişdir. 1987-1995-ci illərdə Azərbaycan Elmlər Akademiyası Əlyazmalar İnstitutunun təşkil etdiyi beş müxtəlif elmi-nəzəri konfransın təşkilat qrupunun sədri və iştirakçısı, 1990-cı ildə Azərbaycan əlifbası komitəsinin üzvü olmuşdur. İranda Təbriz və Qum şəhərlərində Firdovsinin 1000 illiyi münasibətilə keçirilən konqreslərdə iştirak etmişdir. Türkiyədə Kayseri şəhərində Xoca Əhməd Yəsəvinin 900 illik yubiley tədbirlərində məruzə ilə çıxış etmişdir. 1991-ci ildə Moskvada və Sankt-Peterburqda Nizaminin 850 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmişdir. 1993-cü ildə Türkiyənin Ərciyəz Universitetində Azərbaycan Demokratik Respublikasının 75 illiyi münasibətilə keçirilən millətlərarası simpoziumda iştirak etmişdir. 1994-cu ildə Turkiyənin "Vəqf" Elmi Araşdırmalar Mərkəzinin dəvəti ilə "İslam və təbabət" və "İslam mədəniyyəti abidələri" mövzularında iki konfransda məruzələrlə çıxış etmişdir.
Cahangir Qəhrəmanov 1969-cu ildə "İmadəddin Nəsimi əsərlərinin tənqidi mətni və leksikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi adını almışdır. 1974-cü ildə Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı verilmişdir.
Vəfatı
redaktəCahangir Qəhrəmanov 26 iyun 1995-ci ildə Bakı şəhərində vəfat edib.
Mükafatları
redaktə- Azərbaycan SSR Əməkdar elm xadimi — 02.12.1982[2][5]
- 1970-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Fədakar əməyə görə" yubiley medalı
- 1981-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı
- "Əmək veteranı" medalı
- "Şərəf nişanı" ordeni[2]
İstinadlar
redaktə- ↑ Şəlalə Məhyəddinqızı. Qəbələ Qafqazın incisi. Bakı: Oğuz Eli. 2009.
- ↑ 1 2 3 "Linqvistik mətnşünaslığın banisi" (PDF) (Azərbaycan). anl.az. 18-3-2021 tarixində arxivləşdirilib (PDF).
- ↑ 1 2 Möhsün Nağısoylu. "Görkəmli mətnşünas-dilçi alim" (Azərbaycan). anl.az. 30-1-2019 tarixində arxivləşdirilib.
- ↑ 1 2 Möhsün Nağısoylu. "Cahangir Qəhrəmanov" (Azərbaycan). nauka.gov.az. 18-3-2021 tarixində arxivləşdirilib.
- ↑ Respublikanın elmi işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 2 dekаbr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı