Car Balaken Camaati - Wikipedia
Car-Balakən camaatlığı — Azərbaycanın şimal-qərbində qan qohumluğuna əsaslanan sosial-siyasi qurum.
Azad cəmiyyət | |
Car-Balakən camaatı | |
---|---|
|
|
|
|
Paytaxt | Balakən |
Ən böyük şəhər | Car, Tala, Cınıx, Muxax |
Rəsmi dilləri |
Avar saxur, azərbaycan dili, gürcü |
Dövlət dini | İslam, xristianlıq |
Əhalisi | Avarlar, saxurlar, ingiloylar, azərbaycanlılar |
İdarəetmə forması | respublika |
Quruluşu
redaktəXVII–XIX əsrlərdə şimal-qərbi Azərbaycanda mövcud olan dövlət təsisatlarından biri Car-Balakən camaatlığı idi. ""Camaat" ərəb sözü olub ayrıca icmanı bildirir. Şimal-qərb və qərbdən Kaxetiya, cənubdan Şirək düzü, şərqdən Şəki xanlığı ilə həmsərhəd olan bu feodal təsisatı əsasən Alazanın aşağı axarında yerləşirdi. Ərazinin tərkibinə Baş Qafqaz silsiləsinin şimal yamacında yerləşən torpaqlar da daxil idi. Getdikcə nüfuzlu hərbi siyasi birləşməyə çevrilən Car-Balakən icması Qafqazda cərəyan edən hadisələrə mühüm, bəzən də həlledici təsir göstərirdi. Tarixşünaslıqda Car etnonimi müxtəlif baxımdan izah olunmuşdur. Şopen Car-Balakən etnonimini bu cür izah edir: "Bu söz Car-Pilləkəndir və mənası yol, pilləkən deməkdir. Car-türk sözü olub yol deməkdir. Məhz bu ərazidən Alan qapılarına gedən yol başlanır"
Qədim Azərbaycan torpaqlarında yaranan Car-Balakən camaatları özündə altı camaatı-Car, Balakən, Tala, Katex, Muxax və Cınıxı birləşdirirdi. Camaatlar, bir qayda olaraq, dağlı tayfalarına xas olan nəsli-tayfa idarəçiliyini qoruyub saxlayırdı. Car-Balakən camaatlığında birləşən cəmiyyətlər öz sosial-siyasi quruluşuna görə Azərbaycanın başqa vilayətlərindən fərqlənirdi. Camaatların daxili quruluşu və burada mövcud olan torpaq münasibətlərinin özünəməxsus xüsusiyyətləri var idi. Camaatlığın torpaqları onların üzvləri arasında vaxtaşırı bölüşdürülürdü. Hər bir cəmiyyət camaat adlanan bir neçə kənd icmasından ibarət idi. Camaat-(ərəbcə)-ayrıca bir icma, bəzən isə müəyyən sosial-iqtisadi vahid mənasında icmalar ittifaqı -mənasını əks etdirir.
Əhalisi
redaktəCar-Balakən camaatlığında yaşayan əhalinin ümumi sayı haqqında ilk məlumat 1803-cü ilə aiddir. XVIII əsrin sonu XIX əsrin əvvəllərində Azərbaycan tarixinin öyrənilməsində mühüm mənbə olan Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarında göstərilir ki, 1803-cü ildə Car-Balakəndə 16 min ev, 90 min əhali, İlisu sultanlığında isə 4 min ev, 20 min əhali var idi. Lakin sonrakı illərdə əhalinin sayı haqqında mövcud olan rəqəmlər bu məlumatın həqiqətə uyğun olmadığını göstərir. Belə ki, yalnız 1871-ci il siyahıya alınması zamanı Zaqatala dairəsinin əhalisi 56802 nəfərə çatmışdı. İ. P. Petruşevski belə hesab edir ki, Rusiya işğal olunmuş ərazidə yaşayan əhalinin sayını artırmaqla əslində Car-Balakən üzərinə qoyulan 220 pud ipək vergisinin bu qədər əhali üçün ağırlıq etmədiyini inandırmağa çalışırdı.
Camaatlığın əhalisi maldarlıq, əkinçilik və sənətkarlıla məşğul olurdu. Maldarlıq yarımköçəri xarakter daşıyırdı. Otlaqlar camaatlığın ümumi istifadəsində idi. Mənbələrə görə XIX əsrin əvvəllərində Car-Balakəndə istehsal edilən ipək əsasən Tiflis, Gəncə və Dağıstan vasitəsilə Rusiyaya aparılırdı.
Car-Balakən camaatlığının, demək olar, bütün ərazisində əkinçilik geniş yayılmışdı. Düzən kəndlərdə yaşayan əhalinin başlıca məşğuliyyəti əkinçilik idi. Əsasən dənli bitkilər-buğda, arpa, darı və çəltik əkilirdi. Düzən kəndlərdə yaşayan əhali həm də bağçılıqla məşğul olurdu. Əkin yerləri içərisində fındıq və tut bağları geniş yayılmışdı. Tut plantasiyaları ipəkçiliyin inkişaf etməsinə səbəb olmuşdu. Fındıq və üzüm yerindəcə emal olunur, az bir hissəsi satılır və ya taxıla dəyişdirilirdi. Şərabçılıq ingiloy ailələri içərisində daha geniş yayılmışdı.
Əhalinin dini və etnik tərkibi
redaktəXIX əsrin əvvəlində Car-Balakən camaatlığında yaşayan əhalinin, demək olar ki, hamısı islam dininə sitayiş edirdi. İslama sitayiş edən yerli əhali bütün Car əhalisinin 2/3 hissəsini təşkil edir və türk dilində danışırdı. Çobankol, Keymur, Bazar, Almalı, Lələli, Göylər, Kətəlparaq, Kindirqapa, Bəyəhmədli, Böyük Lahıc, Kiçik Lahıc, Kürdəmir, Padar, Baydarlı, Muğanlı, Babalı, Qarabaldır, kəndlərində yaşayan əhali türk dilində danışırdı.
Car-Balakən camaatlığında yaşayan əhali etnik tərkibinə görə 3 qrupa ayrılırdı: 1) Avarlar, 2) Muğallar, 3) İngiloylar.
Avarlar qafqazdilli yerli alban tayfalarından olub ərazinin ən qədim sakinləri hesab olunur. "Alban tarixində və V–VII əsrlərə aid qədim mənbələrdə həmin bölgədə yaşayan lpin (lbin), silv və ciqb tayfalarının adları çəkilir. Lbinlər avarların Azərbaycanda yaşayan hissəsinin, silvlər Dağıstanda yaşayan hissəsinin etnik adlarıdır; civblər isə indiki saxurlardır, onlar özlərinə indi də yixbı deyirlər". Camaatlığın dağlıq ərazilərindən düzən ərazilərə gələn avarlar toxumlarda birləşirdilər. İlk toxumlar Nuxlu və Çimçili toxumları hesab olunur. Bu toxumlar ilk dəfə Car ədrəsinə aparan Qundz dağda məskunlaşmışdı. Sonralar Təbəli, Ərəbli, Cormut, Boyaqlı, Səbəli toxumları meydana gəldi. Toxumlar qüvvətləndikdən sonra düzənlikdə məskunlaşmaq imkanı əldə etdilər. Əlverişli təbii şərait, zəngin otlaqlar bu toxumlara dağlardan digər əhalini də düzənliklərdə məskunlaşmağa çağırmaq imkanı verirdi. İlk əvvəl avarların həyat tərzi bütünlüklə hərbi xarakter daşıyırdı. Lakin bir qədər sonra bu hərbi iş öz yerini heyvandarlığa və əkinçiliyə verdi.
Muğallar bu ərazinin ən qədim sakinləri idi. Əsasən Alazanın aşağı axarında düzənliklərdə yaşayır, başlıca olaraq əkinçilikdə məşğul olurdular.
Əhalinin digər hissəsini ingiloylar təşkil edirdi. İngiloylar qeyri-türk alban tayfaları olub ərazinin ən qədim sakinləri hesab olunur. Onlar uzun müddət öz dini inamlarını-xristianlığı qoruyub saxlamışdırlar. Sonralar avarlar muğalları və ingiloyları özlərindən asılı vəziyyətə salan zaman onlara islam dinini qəbul etdirmiş və müsəlmanlaşdırmışdı. Rusiya işğalından sonra ingiloyların yenidən xristianlaşdırılması prosesi başlamışdı. 1830-cu ilə qədər rus hökuməti ingiloylar arasında xristianlığın azad yayılmasını elan etmişdi. Lakin bu zahiri xarakter daşıyırdı. Əraziyə xristian missionerləri din təbliğatçıları göndərilir, kilsələr tikdirirdi. 1822-ci ilə qədər cəmi 16 nəfər ingiloy xristianlaşdırılmışdı. İngiloyların xristianlaşdırılmasının 1822-ci ilə qədər ləng getməsinin, əsas səbəblərindən biri Car-Balakən camaatlığının hələ Rusiya tərəfindən tam və qəti şəkildə işğal edilməməsi ilə əlaqədar idi. 1834-cü ilə qədər cəmi 32 ingiloy xristianlığı qəbul etmişdi. Sonralar xristianlığın provoslav məzhəbini qəbul etmiş ingiloyların sayı sürətlə artmağa başladı. Bu bir tərəfdən xristianlığın sürətlə yayılmasının, təbliğ edilməsinin nəticəsi idisə, digər tərəfdən onlar üçün bir sıra imtiyazların verilməsi ilə əlaqədar idi. Belə ki, ingiloylar birbaşa xəzinəyə verilən vergilərdən və müəyyən mükəlləfiyyətlərdən azad edilirdi.
1851-ci ildə Car-Balakəndə yaşayan ingiloyların 1200 nəfəri xristianlaşdırılmış, bu məqsədlə 3 kilsə inşa edilmiş və bu kilsələr gürcü, türk dilini bilən ekzarxlarla təmin edilmişdi.
İdarəedilməsi
redaktəKənd icmasını ağsaqqallar idarə edirdi. Cəmiyyətdə ruhanilərin də nüfuzu yüksək idi. Onlar məhkəmə işlərində şəriət qanunlarına əsaslanırdılar. Camaatlığın ali orqanı xalq yığıncağı idi. Burada yaşlılarla bərabər yalnız yetkinlik yaşına çatmış kişilər iştirak edə bilərdilər. Kənd yığıncaqlarından fərqli olaraq camaatların yığıncaqları siyasi xarakter daşıyırdı. Yığıncaqlar camaatların kəndxudalarının razılığı əsasında Ağdam və yaxud Muxax dərəsində çağırılırdı. Yığıncaqlarda icmaların başçısı, toxumların starşinaları iştirak edirdi. Ağsaqqal və hərbi başçı seçilməsində bütün kişilərin eyni hüquqları var idi. Yığıncaqlarda bir qayda olaraq bütün icmalara aid olan məsələlər, xarici əlaqələr, həmçinin toxumlar arasında olan mübahisə və çəkişmələr müzakirə olunurdu. Bəzi mənbələrdə bu yığıncaqlar "ittifaq seymi" adlandırılır. Lakin İ. P. Petruşevski qeyd edir ki, əvvəla bu yığıncaqlar müntəzəm fəaliyyət göstərən orqanlar deyildi. Digər tərəfdən burada bərabərhüquqlu federasiyadan da söhbət gedə bilməzdi. İcmaların hamısı bütünlüklə bərabərhüquqlu deyildi.
Zaman keçdikcə, icmaların daxilində təbəqələşmə prosesi gücləndi. İcma daxilində hakim feodal qruplaşması formalaşdı. İcmalar daxilində patriarxal nəsli quruluşun qalıqları qorunub saxlanmaqla yanaşı, ingiloy və muğal kəndləri üzərində kollektiv hakimiyyət də mövcud idi. İcmaların ictimai quruluşu başlıca olaraq nəsli qəbilə quruluşunun qalıqlarına əsaslanırdı. İcmalar toxumlara yaxud ata xətti ilə qohum nəsillərə ayrılırdı. Hər kənd icması 2–3 toxumdan ibarət idi. Bir çox kəndlərdə toxumlar eyni adları daşıyırdı. Bu eyni adı daşıyan toxumların bir yerdən çıxması və yaxud toxumların parçalanması nəticəsində yeni toxumların yaranması ilə əlaqədar idi. Hər bir icmada ali idarəçilik kəndxuda, starşina və qazılara məxsus idi. Onlar bir yerdə ali idarəçiliyi təşkil edir, bütün mülki və dini hakimiyyəti öz əllərində saxlayırdı. Ali idarəçilik məhkəmə və divan işlərinə baxır, ictimai qaydaqanunu qoruyur, nəsli əmlakı idarə edir kəbin kəsir, barışıq və mübahisəli məsələləri həll edir, dağlıq yerlərdə sərhədlərin, otlaq yerlərinin mühafizəsi üçün gözətçilər təyin edirdi.
Kəndxuda kəndi idarə edir və onun baş rəisi hesab olunurdu. O, bir qayda olaraq, öz icmasının ali idarəçiliyinin göstərişlərini yerinə yetirir, məhkəmə qərarlarını icra edir, kənd əhalisinin kiçik şikayətlərinə baxır, qayda-qanuna, sakitliyə, əhalinin davranışına nəzarət edir, itaət etməyənləri, yoldan çıxanları islah edir, təqsirli bilinənləri məhkəməyə verir, axtarış aparır, sürgün edir, çavuş və yasovulu seçirdi. Feodallaşma prosesinin sürətlənməsi nəticəsində kəndxuda seçilmir, bu vəzifə irsi olaraq nəsildən-nəslə ötürülürdü.
Kənd starşinası icmanın ali idarəçiliyi ilə əlaqə yaradır, hakimlik edirdi. Kənd starşinasının kəndxuda ilə müqayisədə səlahiyyəti kiçik idi. Lakin starşinanın kəndxudanın işinə nəzarət etmək hüququ var idi. Əgər kəndxuda tərəfindən müəyyən qanunsuzluğa yol verilirdisə, starşina bunu öz toxumuna çatdırır, seçkini gözləmədən həmin kəndxudanın daha inanılmış etibarlı adamla əvəz edilməsinə nail olurdu.
Tabunbaşı kəndxudanın köməkçisi olub-bir qayda olaraq onun göstərişlərini yerinə yetirir, əhali arasında mükəlləfiyyətlərin növbəsini müəyyənləşdirir, suyun bağlar və üzümlüklər arasında düzgün paylaşdırılmasına nəzarət edirdi.
Çavuş kəndxuda və tabunbaşıya tabe olan ən aşağı səviyyəli məmur idi. Çavuşlar əhalini bir yerə toplaşmağa çağırır, sahibkara müxtəlif mükəlləfiyyətlərin yerinə yetirilməsini xəbər verirdi.
Yasovul, bir qayda olaraq, kəndxudanın yanında olur və müəyyən xidmət dalınca göndərilirdi.
İctimai vəzifələrə seçkilər heç bir ənənə ilə müşayiət olunmur, xidmət müddəti qəti müəyyənləşdirilmirdi. Qazıların üç il, imamların iki il kəndxuda və tabunbaşının bir il müddətinə seçilməsinə baxmayaraq bu son xidmət həddi hesab olunmurdu. Sui-istifadə halları, qanunsuzluq, özbaşınalıq baş verdiyi hallarda onlar vaxtından əvvəl öz toxumları tərəfindən azad edilə bilər və yaxud əksinə, heç bir qanunsuzluğun baş vermədiyi təqdirdə öz vəzifələrini daha artıq müddətə icra edə bilərdilər. Bir qayda olaraq, kəndxuda və kənd starşinaları tanınmış feodal nəslinin nümayəndələri içərisindən seçilirdi.
İcmalarda məhkəmə işi aşağı və ali məhkəmələrə məxsus idi. Ali idarəçilik həmçinin, ali məhkəmə funksiyasını da yerinə yetirirdi. Bu məhkəmə kənd hakimlərinin şikayətlərini qəbul edir, ayrı-ayrı toxumlar və kənd icmaları arasında mübahisəli məsələləri aydınlaşdırırdı. Aşağı məhkəmə isə bir qayda olaraq kənd məhkəmələri idi və ali məhkəməyə yaxud icmaların ali idarəçiliyinə tabe idi. Hər bir məhkəmə ayrıca götürülmüş formaya malik deyildi. Məhkəmə işləri şəriət qaydaları əsasında aparılır, prosesin əsasını iddiaçı ilə cavabdehin şifahi dindirilməsi təşkil edirdi. İddiaçı imam və starşinanın iştirakı ilə öz şikayətini izah edir, cavabdehin gətirilməsini tələb edir, digər sübut və şahidlərdən istifadə edirdi. Cavabdeh isə iddiaçıların iştirakı ilə and içir, sonra isə ərizəçinin iştirakı olmadan dindirilirdi. Kəndxuda, toxum başçısı və imam kənd məhkəməsini təşkil edirdi.
XIX əsrin əvvəlində qanunçuluqda şəriət qaydalarından istifadə edilməsi daha da gücləndi. Şəriət qaydalarının mövcud olan adətləri sıxışdırıb aradan çıxarması nəsli qəbilə quruluşunun dağılması, feodallaşma prosesinin sürətlənməsi və toxumlar içərisində sosial antoqonizmin inkişafı ilə bağlı idi.
Car-Balakən camaatlığı XVIII əsrin 50-ci illərində Şəki xanlığından asılı vəziyyətə düşmüş, yalnız XVIII əsrin sonlarında müəyyən müstəqillik əldə edə bilmişdir.
Rusiya tərəfindən işğalı
redaktəXIX yüzilliyin əvvəlində Rusiya Qafqazın istilasına bu əlverişli strateji məntəqədən başladı, Car I Aleksandr (1801–1825) 1801-ci il 12 sentyabrda Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest imzaladı. Bu fərmanla Rusiya Cənubi Qafqazda həyata keçirəcəyi işğalçılıq siyasətinin mühüm istiqamətini də müəyyənləşdirmişdir. Şərqi Gürcüstanla birlikdə bəzi Azərbaycan torpaqları da Rusiyanın təbəəliyi altına keçdi. Şərqi Gürcüstanda möhkəmlənən Rusiya faktik olaraq Azərbaycanla müharibəyə başladı. İlk hədəf kimi Car-Balakənin seçilməsi təsadüfi deyildi. Şərqi Gürcüstana, Dağıstana və Şəki xanlığına çıxış yolu olan Car-Balakən əlverişli strateji mövqeyə malik idi. Bu ərazi rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi yolunda ciddi maneə idi. Yalnız Car Balakəni işğal etdikdən sonra Rusiya şərqi Gürcüstanda möhkəmlənə bilər, azadlıqsevər dağlı tayfalarını diz çökdürə bilərdi. Bütün Qafqazın işğalı Car-Balakəndən başlayırdı. XIX yüzilliyin əvvəlində Rusiyanın işğalçılıq siyasətində Car-Balakən məsələsi ümumqafqaz əhəmiyyətli məsələyə çevrilmişdi.
Rus qoşunlarının Car-Balakən üzərinə hücumu 1803-cü il martın 2-də başladı. General Qulyakovun başçılıq etdiyi bu hərbi ekspedisiyanın tərkibinə 1482 piyada, 8 top 200 kazak, eyni zamanda 5 minə qədər gürcü milisi daxil idi. Qeyri-bərabər döyüşdə işğalçılar xüsusi qəddarlıq törətdilər. Balakənin işğalı zamanı 500 nəfər avar, o cümlədən dinc əhali öldürüldü. Martın 8-də Balakəni ələ keçirən rus qoşunları evləri yandırır, qarət və talınçılıqla məşğul olurdu.
1803-cü il 12 apreldə Rusiya ilə Car-Balakən arasında "Andlı öhdəlik" bağlandı. "Andlı öhdəlik"- ə əsasən:
Car-Balakən Rusiyanın tərkibinə daxil edilirdi; Car-Balakən camaatlığı öz daxili muxtariyyətini saxlayırdı;
Carlılar çar xəzinəsinə ipəklə xərac ödəməli idilər; Camaatlıq sədaqət əlaməti olaraq ruslara girov verməli idilər;
Camaatlığın ərazisində rus əsgərləri yerləşdirilməli idi.
Car-Balakənin işğal edilməsinə baxmayaraq azadlıqsevər xalq mübarizəni davam etdirirdi. Car-Balakənlilər öhdəliyi yerinə yetirmədiklərinə görə general Qulyakov yenidən 2500 nəfərlik qüvvə ilə Car-Balakənə yürüş etdi. Car yenidən ruslar tərəfindən tutuldu, heç bir hərbi zərurət olmadan top atəşi ilə dağıdılıb yandırıldı. Lakin bu dəfə rus qoşunları da xeyli itki verdilər. Qaniçən general Qulyakov isə xalq intiqamçıları tərəfindən öldürüldü. Sisianov Car-Balakənin işğalı haqqında vitse-kansler qraf Koçubəyə yazırdı ki, bu zəbt xüsusi diqqətə layiqdir. Car-Balakən kompaniyası yeni düşmənin hərbi qüvvəsinin və yerli əhaliyə qarşı qəddarlığın nümunəsi kimi bu gün Qafqaza, o cümlədən Azərbaycan xanlıqlarına dərs olmalı idi.
Öz amansızlığı və qəddarlığı ilə fərqlənən Sisianov strateji əhəmiyyətə malik olan Car-Balakənin ələ keçirilməsini rus silahının qələbəsi adlandırırdı. Bu işə ürəkdən sevinən Sisianov rus qoşunlarının sonrakı işğalçılıq yürüşləri üçün artıq imkan yarandığını qeyd edirdi. "Mən öz müvəffəqiyyətlərimə möhkəm inamla artıq vaxt itirmədən Gəncə və İrəvanı fəth etmək üçün gedə bilərəm. Öz milli mənsubiyyətinə sadiq qalan çar generalı Azərbaycanın şimal-qərb hissəsini məhz Gürcüstanın tərkibində Rusiyaya birləşdirmək niyyətində olduğunu da gizlətmirdi. Təsadüfi deyil ki, Sisianov Car-Balakənin işğalından dərhal sonra Kartli və Kaxetiyanın komendantlarına məktub göndərərək bu hadisəni çox böyük sevinclə onlara çatdırmağı özünə bors bilirdi. "Allaha şükürlər olsun ki, əlahəzrətin şanlı silahının himayəsi və mərhəməti sayəsində Gürcüstanın rifahı naminə Balakən üzərində mühüm qələbə qazanılmış və general-mayor Qulyakovun başçılıq etdiyi ekspedisiyanın igidliyi ilə Car əyalətinin işğalı başa çatmışdır". Sisianov bu hadisəni Gürcüstanda kilsə zənglərinin bütün gün ərzində səsləndirilməsi yolu ilə təntənəli şəkildə elan etməyə çağırırdı.
Sisianov Car-Balakəni fəth etməklə öz işini bitmiş hesab etmirdi. O, bütünlüklə ərazinin sərvətlərini çapıb-talayır, Car-Balakən icmasını işğal olunan zaman öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə məcbur edirdi. Vergilərin gecikdirilməsi zamanı əhalini rus silahının gücü ilə qorxudurdu. "Yadda saxlayın, əgər siz Rusiyanın itaəti altındaşınız da, onda üzərinizə qoyulan vergiləri vaxtında ödəməlisiniz. Sizin güllələriniz 5 nəfəri öldürmür, lakin mənim topum bir dəfəyə 30 nəfəri yerə sərir".
Sisianov Car-Balakən əhalisinə müraciətində həmişə onları "kafir xalq", "həyasız camaat", "etibarsız yaramazlar" adlandırırdı. Bu qaniçən general vergilərin vaxtında ödənilmədiyi təqdirdə onların torpağını od vo qılıncla yandıracağını, əhalini sürgün edəcəyini gizlətmirdi. Rus generalının vəhşiliyi ölçüyəgəlməz idi. "Mənim gəlişimi gözləyin, o zaman mən sizin evlərinizi yox, sizi yandıracağam, uşaqlarınızı arvadlarınızın bətnindən dartıb çıxaracağam. Siz xainlərə bu mənim son sözümdür".
Tarixi sənədlərdən aydın olur ki, Rusiya Car-Balakəni işğal edən zaman bu ərazidə yaşayan türk əhalisini onların ata-baba torpaqlarına — Gürcüstanın içərilərinə köçürmək, əvəzində isə burada Rusiyanın mərkəzi quberniyalarından köçürülən rusları yerləşdirmək niyyətində idi. Bu məqsədlə İmperiya siyasətinin icraçıları olan qanlı Rusiya generalları bu zaman strateji cəhətdən misilsiz əhəmiyyəti olan Car-Balakəndən 1000 Azərbaycan-türk ailəsini zorla öz tarixi ata-baba torpaqlarından qoparıb Gürcüstanın içərilərinə köçürmüşdülər.
Rusiyaya qarşı mübarizə
redaktə1804-cü ildə general Qulyakovun Cara yeni yürüşü zamanı onun öldürülməsi, rus ordusunun ağır məğlubiyyəti, xalqın azadlıq mübarizəsi Car-Balakənin bütünlüklə Rusiyaya birləşdirilməsinə mane oldu. Daxili idarəçilik qaydalarını saxlayan Car-Balakən icması rus qoşunlarının məhz bu ərazidən Azərbaycanın içərilərinə soxulmaq planlarını alt-üst etdi. Lakin Rusiya Carı müxtəlif vasitələrlə zəiflətməyə cəhd göstərir, icmalar arasında ixtilaf yaradır, xüsusilə daha güclü olan Car icmasının hegemonluğuna son qoymağa cəhd edirdi. Qulyakovun ekspedisiyasının nəticələri göstərdi ki, möhkəm Car icmasını ələ keçirmək üçün əhəmiyyətli və mütəşəkkil hərbi qüvvə lazımdır. Car-Balakən icmaları öz əvvəlki siyasi nüfuzunu qoruyub saxlamışdı. Qafqazdakı rus qoşunlarının yeni baş komandanı A. P. Tormasovun icmalara müraciətində Sisianovun "etibarsız yaramazlar", "xainlər", "satqınlar" ifadəsini "sadiq və xeyirxah carlılar" ifadələri əvəz etmişdi. Hətta 1809-cu ildə carlılar Tormasova müraciət edərək Məhəmmədhəsən xanı yenidən Şəki xanlığına qaytarmağı xahiş edirdi. Bu isə Car-Balakən icmalarının Qafqazda cərəyan edən hadisələrə həlledici təsir göstərmək qabiliyyətini əks etdirirdi.
1826–1828-ci illər İkinci Rusiya-İran müharibəsi zamanı həm İran həm də Rusiya Car-Balakənin siyasi mövqeyinə xüsusi əhəmiyyət verirdi. Müharibənin əvvəlində İran qoşunlarının Zaqafqaziyada ilk hərbi uğurları ərazidə Rusiyanın müstəmləkə əsarətinə qarşı mübarizənin güclənməsinə səbəb oldu. Azərbaycanın keçmiş xanları, bəyləri yaranmış əlverişli şəraitdən istifadə edərək itirilmiş siyasi nüfuzlarını bərpa etmək niyyətində idilər.
Lakin İran və Türkiyə ilə aparılan müharibədə əldə edilən uğur Rusiyaya Car-Balakəni tamamilə işğal etməyə şərait yaratdı. Car-Balakən üzərinə yeni hərbi ekspedisiyanın keçirilməsi 1830-cu ilin fevral ayına təyin edildi. 1830-cu ilin fevralın 24-də qraf Paskeviç Alazanı keçərək Muğanlı kəndinə gəldi. Yürüş ərəfəsində Paskeviç icmalara türk dilində yazılmış bəyannamə göndərdi. Bəyannamədə göstərilirdi ki, icmaların siyasi müstəqilliyinə son qoyulmalı, feodalların torpaq üzərində mülkiyyət hüququ-şəriət məhkəməsi və s. saxlanmaqla bütün daxili idarəçilik qaydaları rusların əlinə keçməlidir.
Camaatların yığıncaqlarında qızğın müzakirəyə səbəb olan bu bəyannamə əhali arasında müxtəlif fikirlərə səbəb oldu. Müzakirələr zamanı yığıncaqların iştirakçıların iki hissəyə ayrıldı. Yığıncaq iştirakçılarının əksəriyyəti silahlı müqavimət göstərməyi təklif edir, heç bir vəchlə idarəçilik qaydalarının dəyişdirilməsini istəmirdilər. Təslimin tərəfdarları isə əsasən torpaq üzərində mülkiyyət hüququnu qoruyub saxlamaq istəyən feodallar idi. Lakin son damla qanına qədər vuruşmağa hazır olanlar daha çoxluq təşkil edirdi. Camaatların tərəddüdünə varlı torpaq sahibi Hacı Mahmudun gözlənilmədən təslim olmaq təklifi son qoydu.
1830-cu ilin fevralında dağ keçidlərinin bağlı olmasından istifadə edən rus qoşunları Car-Balakəni qəti şəkildə işğal etdi və xüsusi qanunlarla idarə olunan Car-Balakən dairəsi təşkil edildi. 1830-cu il martın 4-də bütünlüklə Paskeviçin bəyannaməsi əsasında hazırlanan "Car Balakən əyalətinin idarə edilməsi qaydaları "elan edildi. Əyaləti idarə etmək üçün ki, Bekoviç-Çerkassinin sədrliyi ilə müvəqqəti idarə təsis olunurdu.
Car-Balakəni işğal edən Paskeviç xalq həyacanlarından qorxaraq yeni qalanın tikintisinə başladı və burada iki polk yerləşirdi. Carın bir hissəsi dağıdıldı və Yeni Zaqatala adlanan qalanın əsası qoyuldu. Lakin tez-tez təşkil edilən hücumlar nəticəsində qalanın dəfələrlə dağıdılması onun tikintisini xeyli ləngitdi.
Mənbələr
redaktə- A. Məmmədova. Car-Balakən camaatlığı XVII əsrin sonu- XIX əsrin əvvəllərində, Bakı,2009. (monoqrafiya)
- Azərbaycan tarixi. IX sinif dərsliyi. Bakı,2007.
- A. Məmmədova. Car-Balakən camaatlığı: yaranması, ərazisi, sərhədləri. AMEA-nın Tarix İnstitutu, Elmi əsərlər, 20-ci cild, Bakı, 2007
- A. Məmmədova. Car-Balakən camaatlığının ərazisində miqrasiya prosesləri, Tarix və onun problemləri, Bakı,2008, № 4
- Cavadova Z. Ə. Şimal-Qərbi Azərbaycan: tarixi-demoqrafik araşdırma. Bakı, 1999.
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |