Carmo - Wikipedia
Carmo - İraqın Süleymaniyyə şəhəri yaxınlığında, dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşən Zaqros dağlarının qərb yamaclarında erkən Neolit dövrünə aid (e.ə. VII minilliyin I yarısı) aid yaşayış məskəni.[1]
Carmo qədim yaşayış məskəni İraqın qədim tarix üzrə departamenti tərəfindən aşkar edilmişdir. Arxeoloq R.Breydvudun rəhbərliyi ilə Amerika Birləşmiş Ştatlarının Çikaqo Universitetinin arxeoloji ekspedisiyası burada qazıntılar (1948, 1950-1951, 1954-1955) aparmışdır.[2]. R.Breydvud Carmoda aşkar olunan maddi mədəniyyət nümunələri əsasında ilk dəfə İraq ərazisində Neolit inqilabı prosesini tədqiq etmiş və Yaxın Şərqdə istehsal təsərrüfatının meydana gəlməsi mərkəzlərindən biri olan Zaqros mədəni birliyi haqqında fərziyyə irəli sürmüşdür.
Sahəsi təqribən 1,3 hektar olan ərazidə 6-dan 16-yadək mədəni təbəqə aşkar edilmişdir. Məskəndə eyni zamanda 25-ə qədər ev olmuşdur. Çox zaman iri çaydaşından ibarət bünövrə üstündə tikilən divarlar gillə bərkidilmiş yastı saman kərpiclərdən hörülürdü. 5-ci təbəqədə digər evlərdən aralı yerləşən ev 10 kvadrat metr sahəsi olan yaşayış otağından və bir neçə təsərrüfat tikilisindən ibarət idi. Tikililərdən birində bacası olan dairəvi tağlı soba yerləşirdi. Nukleuslar, bıçaqvari lövhələr, çaxmaqdaşı və dəvəgözüdən (obsidan) həndəsi formalarda çoxsaylı mikrolitlər (o cümlədən, üst təbəqələr üçün səciyyəvi olan quraşdırma alətlərin içlikləri) bazalt dəndaşılar, toxmaqlar, oxranın əzilməsi üçün paletkalar aşkar olunmuşdur, yarımkürəvi daş kasalar, yastı oturacaqlı qədəhlər və yastı piyalələr səciyyəvidir. Keramika yalnız 5 üst təbəqədə tapılmışdır: küplər, dərin kasalar, şaquli istiqamətdə yapma qulpları olan qədəhlər; gildə saman qarışığı var. Çoxu cilalı olan xörək qablarının üst hissəsi xurmayi naxışlarla -çəpinə vurulmuş, yaxud dalğavari cızıqlar yaxud dalğavari xətlər və nöqtələrlə, içi tor şəklində olan romblarla bəzədilmişdir: mətbəx qablarının ağzında yapmalar vardır. Daş alətlərin sümük saplaqları, iynələr hamarlayıcı daşlar və sair aşkar edilmişdir. Mərmərə bənzər daşdan düzəldilmiş qolbaqlar novcuq, çəp yaxud spiralvari çərtmələrlə bəzədilmişdir; muncuqlar daşdan, sümükdən və gildən hazırlanmışdır. Gildən düzəldilmiş qaçan heyvan heykəlcikləri; olduqca dəqiq işlənilmiş qadın heykəlciklərində bəzən sifətlər və saç düzümləri də təsvir olunmuşdur. Carmoda təsərrüfatın əsasını əkinçilik (buğda, arpa), yığıcılıq (yabanı noxud, mərci, püstə, palıd qozası) və heyvandarlıq (davar, donuz) təşkil edirdi; it əhliləşdirilmişdi.
Xarici keçid
redaktəİstinadlar
redaktə- ↑ [1] Arxivləşdirilib 2013-10-17 at the Wayback Machine L. S. Braidwood et al., Prehistoric Archeology Along the Zagros Flanks, Oriental Institute Publications 105, 1983, ISBN 0-918986-36-2
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 192. ISBN 978-9952-441-10-9.