Deri Corab Romanlar Silsilesi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kuperin bədii yaradıcılığında əsas yeri "Dəri corab" haqqında romanlar silsiləsi təşkil edir. Kuper, sanki ona görə dünyaya gəlmişdi ki, hindu mövzusunu böyük ədəbiyyata gətirsin. O, hinduların həyat və məişətini, inam və etiqadlarını diqqətlə öyrənmişdir. Onların folkloru Kuper üçün mənəvi qida mənbəyi olmuşdur. Hinduların şifahi xalq ədəbiyyatının təsiri məhz "Dəri corab" haqqında romanlar silsiləsində daha qabarıq nəzərə çarpır.
Kuper Natti Bampoya həsr olunan epopeya üzərində qısa fasilələrlə on səkkiz il çalışmışdır. Silsiləsinə 1823-cü ildə "Pionerlər" romanı ilə başlamış və 1841-ci ildə "Vəhşi heyvan ovçusu" əsəri ilə tamamlamışdır. Maraqlıdır ki, Kuper həmin silsilədən olan əsərləri xronoloji ardıcıllıqla deyil, özünəməxsus bir prinsip əsasında yazmışdır. Belə ki, 1827-ci ildə qələmə aldığı "Preriya" (Geniş çöl) romanında Natti Bamponun ölümünü təsvir etmişdir. Lakin Kuper bu obrazdan ayrıla bilməmişdir. Natti uzun müddət yazıçının qəlbində yaşamışdır. Ona görə də "Ləpirçi" və "Vəhşi heyvan ovçusu" romanlarında yenidən bu obraz üzərinə qayıtmışdır.
"Dəri Corab" haqqında romanlar silsiləsinə beş əsər (Pionerlər, Sonuncu Mogikan, Ləpirçi, Preriya, Vəhşi heyvan ovçusu) daxildir. Bunlar dünya ədəbiyyatı xəzinəsində "Pentalogiya" adı ilə tanınır.
Pentalogiyanın birinci romanı olan "Pionerlər"də hadisələr unudulmuş Templtaun şəhərində cərəyan edir. Bu şəhər Avropanın müxtəlif ölkələrindən köçən ailələri qoynuna almışdı. Burada "Vəhşi Amerika" ilə "Mədəni Avropa" qarşı-qarşıya dayanmışdır. Vəhşi sayılan hindlilər, mədəni sayılan isə avropalılar. Ağdərili müstəmləkəçilər məhz bu prinsip əsasında hindu qəbilələrinə basqınlar edir, onların kökünü kəsməyə can atırdılar.
Kuper yaradıcılığının bu qədər şöhrət qazanmasının sirrini, ilk növbədə, Dəri Corab haqqında romanlar silsiləsində axtarmaq lazımdır. Yazıçının şöhrətinin mənbəyi məhz Natti Bampo obrazının uğurlu alınmasıdır. Romanlarda Dəri Corab, Ləpirçi, Şahingöz, Uzun Karabin, Vəhşi heyvan ovçusu kimi müxtəlif adlarla çıxış edən Natti Bampo gəncliyin mərdlik və sədaqət simvoluna çevrilmişdir. Pentalogiyada onun yeniyetməlik illərindən başlamış ölənəcən bütün keşmə-keşli ömür yolu təsvir olunur. Bu ömür yolu Amerika tarixinin ən ziddiyyətli və ən ağır illərinə təsadüf edir. Başqa sözlə, Kuper Dəri Corab haqqında romanlar silsiləsində Amerika müstəmləkəçiliyinin təxminən altmışillik bir dövrünü (1745–1805) əhatə etməyə çalışmışdır. Bu dövr onunla xarakterikdir ki, pionerlərin (Amerikaya köçən ilk avropalıların) ənənəvi həyat tərzinə, məişətinə yeni kapitalist dünyasının əlamətləri (zorakılıq, yalan, başqasının torpağını, var-dövlətini mənimsəmə və s.) böyük sürətlə daxil olmağa başlayır. Bu mənada, demək olar ki, Dəri Corab haqqındakı beş romanın hər biri ABŞ-nin burjua tarixinin bir mərhələsini təşkil edir.
Mədəniyyəti hindilər arasında humanist yollarla yaymağın tərəfdarı olan F. Kuper Dəri Corab silsiləsində öz qəhrəmanlarının daxili aləmini, iztirablarını, hiss və həyəcanlarını da böyük ustalıqla təsvir edir. V. Belinski "Ləpirçi" romanından bəhs edərkən yazırdı ki, romanı oxuyanlar Ləpirçinin qəlbindəki tufanı, mübarizə hissini təsvir edən bir sıra bədii səhnələri xatırlayırlar. Onları başqa cür göstərmək və qiymətləndirmək olmaz… Kuper qəlbin dərin bilicisidir, daxili aləmlərin böyük və Şekspirsayağı rəssamıdır.
Amerikanın dramatik və faciəli dövrünü əks etdirən Kuper bəzən qəhrəmanlarını ideallaşdıraraq qeyd edir ki, "Unkas mogikanların sonuncu nümayəndəsidirsə, Bampo da axrıncı Pionerdir". Yazıçı Dəri Corabın və onun sadiq dostlarının macəralarını romantik boyalarla təsvir etdiyi halda, Amerikanın müstəmləkəyə çevrilməsini real cizgilərlə göstərir.
Natti Bampo obrazı
redaktəKuper "Pentalogiya"-ya daxil olan romanlarındakı hadisələri də məhz bu konflikt üzərində qurmuşdur. Xeyirxah Natti Bampo və onun köhnə dostu hindi Çinqaçkukla gecə-gündüz qazanc əldə etməyə çalışan tamahkar insanlar arasında toqquşma baş verir. Məşhur rus yazıçısı Maksim Qorki Natti Bampo obrazının faciəli taleyi və ictimai mənası barədə yazırdı ki, "özünün saf və düzgün fikirləri, cəsarətli işləri ilə hər yerdə oxucuların rəğbətini qazanmışdır. Yeni Dünyanın meşə və səhralarının tədqiqatçısı olan bu adam həmin səhra və meşəliklərdə insanlar üçün yollar salmışdı. Sonradan onlar Bamponu bir cani kimi mühakimə edirlər. Çünki Bampo onların mənfəətini güdən qanunları pozmuşdu… O, bütün həyatı boyu vəhşi adamlar arasında mədəniyyət yaymaq üçün böyük coğrafi miqyasda fədakarcasına çalışmışdı. Axırda isə özünün ilk dəfə cığır açıb yaydığı həmin mədəniyyətin törətdiyi şəraitdə yaşamaq haqqında sahib ola bilməmişdir".
Silsilədə yer alan romanların beşinin də əsas qəhrəmanı Dəri Corab adı ilə çıxış edən ovçu Natti Bampodur. V. Belinski Kuperin əsərlərini oxuyub heyrətə gəlmiş və bu sürətə yüksək qiymət verərək yazmışdı ki, böyük Kuperin fırçasından çox maraqlı və orijinal sürətlər çıxmışdır. Lakin onun yaratdığı küllü miqdarda sürətlərdən heç biri Kuperin dörd romanının qəhrəmanı əzəmətli, nəhəng və təbii sadəliyə malik varlıq olan Natti Bampo qədər oxucuları valeh etməmişdir.
Nataniel Bampo cəsarət, mərdlik, dosta sədaqət, nəciblik və namusluluq kimi gözəl insani keyfiyyətləri özündə təcəssüm edir. O, "göyərçin ürəyinə və şir sinəsinə" (V. Belinski) malik insan idi. Natti Bampo "işgüzar gəlmələrin" Amerikanın füsunkar təbiəti və əsil sakinləri üzərində zor işlətmələrinə göz yuma bilmirdi. Cavanlığında o, özü də haqsızlığın acısını dadmış, böhtanlara məruz qalmışdır. Ona görə də şəhərdən və insanlardan üz döndərib geniş çöllərə pənah aparmışdı.
Müasir oxucuya Kuperin əsərlərindəki macəralar, qəribə əhvalatlar inandırıcı görünməyə də bilər. Xatırlamaq yerinə düşər ki, həmin əsərlərin süjetlərinin əsasında həyatda olmuş hadisələr və tarixi şəxslərin bioqrafiyası durur. O cümlədən, Natti Bamponun prototipi yazıçının vətəni Kuperstaunda yaşamış qoca ovçu Simpen öz dövründə geniş xalq kütlələri arasında yaxşı tanınırdı. Lakin Kuperin tarixi hadisələrə və şəxsiyyətlərə romantik don geyindirməsi, onları öz arzularına uyğun bədii boyalarla bəzəməsi şübhəsizdir. Natti Bampo bəlkə də Kuperin ən sevimli obrazıdır. Onun cəldlikdə, çeviklikdə tayı-bərabəri yoxdur, təmiz vicdanlı, genişqəlbli və rəhimlidir. Yeri düşəndə qəddarlığı da bacarır. Bütün bu cəhətləri ilə Natti Bampo folklor qəhrəmanlarını xatırladır.
Natti Bampo incidilənlərin, var-yoxdan çıxarılanların müdafiəçisi və xilaskarıdır. O, geniş düzənlərin yazılmamış təmiz qanunlarının qoruyucusu və bəroaçısıdır. Yaxın dostları və tərəfdarları Çinqaçkuk — Böyük İlan, onun igid oğlu, mogikan nəslinin axrıncı nümayəndəsi Unkas da sədaqətli və səmimi olub məqsəd uğrunda mübarizədə ardıcıldılar.
Kuper hətta öz qəhrəmanını "tərkidünya filosof" adlandırır. Lakin Natti Bampo o adamlardan qaçır ki, onlar qəddarlıqdan, tamahkarlıqdan və xəyanətkarlıqdan yaxa qurtara bilmirlər. Dostlarından isə Bampo heç vaxt uzaq gəzmir, əksinə onların yolunda canından keçməyə hazırdır. O, ömrünün sonunadək Con Mogikandan, Unkasdan ayrılmır. "Preriya" romanından da göründüyü kimi, Natti Bampo hindilərin və ağdərili həmfikirlərinin əhatəsində olur. Doğrudur, o vaxtilə ailə həyatı qurmadığından özündən sonra adını daşıyacaq heç kimi olmur. Dostları isə xatirəsini uzun müddət yaşadırlar. Adına nəğmələr qoşurlar.
Pionerlər
redaktəMüəllif bu romanı yazarkən heç özü də bilmirdi ki, bu əsərin mövzusu gələcəkdə onun yazacağı və beş romandan ibarət olacaq "Dəri Corab" pentalogiyasının əsasını təşkil edəcəkdir. 1823-cü ildə Amerikanın və İngiltərənin kitab bazarına daxil olan "Pionerlər" romanı o dəqiqə satılıb qurtarır.
Bu romanda da avtobioqrafik ünsürlər çoxluq təşkil edir. Tənqidçilərin dediyinə görə, əsərin qəhrəmanlarından biri hakim Marmadiyuk Templ çox güman ki, Uilyamın (Kuperin atasının) prototipidir. Hər halda, romadna təsvir olunan əsas qəhrəmanların əksəriyyətini — hakim və onun qızını, Edvardsı, şerif Riçardı və nökər Bencameni yazıçı hələ uşaq yaşlarından çox yaxşı tanıyırdı.
Romanda hadisələr unudulmuş Templtaun şəhərində cərəyan edir.
Sonuncu Mogikan
redaktəAmerika hindularının həyatına böyük maraq göstərən C. F. Kuper bu romanda Nataniel Bampo ilə yanaşı, cəsur, mərd, igid hindu obrazlarına xüsusi yer ayırır. Belə ki, bu əsərdə başdan-başa romantik səciyyə daşıyan hindu aləminin arxada qalması, ayrı-ayrı hindu qəbilələrinin (delavarlar, quronlar və s.) bir-biri ilə və Amerikada hökmranlıq etmək uğrunda mübarizə aparan ingilis və fransız ordularının öz aralarında müharibə etmələri, nəhayət bütün bu tarixi və siyasi hadisələrin fonunda ağdərili Şahingözün (Natti Bamponun) və onun qırmızıdərili dostu hindu Çinqaçkukun, onun oğlu Unkasın, polkovnik Munronun, onun qızları Alisa və Koranın, mayor Dunkanın və bir sıra başqa qəhrəmanların həyatı və onların başlarına gələn macəralar təsvir olunmuşdur. Natti Bampo igid mogikan dostları — Çinqaçkuk və Unkasla birlikdə Munro bacılarını düşmən quron hindularının (Bic Tülkü) əsirliyindən xilas edir. Doğrudur, bu zaman Unkas və Kora həlak olurlar. Müəllif Unkası sonuncu mogikan adlandırır. Çünki artıq heç kim bu qəbilənin nəslini davam etdirməyəcəkdir. Müəllif bu romanda yeni torpaqlar ələ keçirməyə çalışan ingilis və fransız müstəmləkəçilərinin mübarizəsini və bu mübarizədə şəxsən iştirak edən Şahingözün başına gələn macəraları xüsusi romantik üslubda, ancaq müəyyən realist təsvirlərlə qələmə almışdır. Bu romanda eyni zamanda müxtəlif hindu qəbilələrinin də öz aralarında apardıqları ölüm-dirim mübarizəsi böyük sənətkarlıqla təsvir edilmişdir.