Despine Xatun - Wikipedia
Dəspinə xatun (yun. Θεοδώρα Μεγάλη Κομνηνή — Teodora Meqale Kominin; təq. 1438, Trabzon – 1507, Diyarbəkir) — Uzun Həsənin xanımı. Trabzon imperatoru olan Komnenoslardan IV İohannın qızı.[1]
Despina xatun | |
---|---|
yun. Θεοδώρα Μεγάλη Κομνηνή | |
1458 – 1478 | |
Əvvəlki | Sara xatun |
Sonrakı | Gövhər sultan (sonrakı bilinən) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1438 |
Doğum yeri | Trabzon imperiyası |
Vəfat tarixi | 1507 |
Vəfat yeri | Diyarbəkir |
Fəaliyyəti | siyasətçi |
Atası | IV İohann |
Həyat yoldaşı | Uzun Həsən |
Uşağı | Aləmşah bəyim |
Ailəsi | Komnenos sülaləsi |
Dini | Pravoslav (Xristian) |
Vikianbarda əlaqəli mediafayllar |
Teodora IV İohannın türk əsilli cariyəsi, ikinci həyat yoldaşından olan qızı idi. Daha sonra əmisi David Komnini onu Ağqoyunlu hökmdarı Uzun Həsən ilə evləndirmişdir. Teodora adını dəyişərək Dəspinə xatun adını götürsə də, xristian dini inancını qoruyub saxlamışdı. Dəspinə xatun və Uzun Həsənin övladlarından olan Aləmşah bəyim Səfəvi hökmdarı Şah İsmayılın anasıdır.
Adı
redaktəFransız orta əsr tarixçisi Şarl Dukanqdan başlayaraq Trabzon imperiyasının tarixini öyrənən bir sıra tarixçilər onu Katerina adlandırmışdılar. [2][3][4][5]Venesiyalı səyyah Bailo Domeniko Trevisano öz qeydlərində onu “Fiordispina”,Teodoranın qohumu Katerino Zeno isə "Kraliça Despina" adlandırmışdır.[6] Bir qrup tarixçilər isə Teodoraya “Dəspinə xatun” da deyirdilər. Lakin bu ad onun, şəxsi adı deyil. Dəspinə müsəlman hökmdarları ( Olivera Despina , Mariya Despina , Mara Brankoviç ) ilə evlənən daha bir neçə xristian şahzadəyə verilən ad idi. “Dəspinə” qədim yunanca, “xatun” isə türkcə xanım, titul deməkdir.[5]
Məşhur Bizans tarixçisi Şarl Dilə görə onun adı Teodora idi. Tarixçi əsas olaraq Venesiya senatının Uzun Həsənə göndərdiyi məktubu göstərir və bildirir ki, məktubda Dəspinə xatundan “Trabzon imperatorunun qızı və Uzun Həsənin ilk xanımı Teodora” kimi bəhs olunur.[5] Dil həmçinin Katerina adına da toxunaraq, Dukanqın monqol titulu olan “xatun” sözünü yanlışlıqla Katerina oxuduğunu bildirir. Buna baxmayaraq rus tarixçi V. Minorski İslam Ensiklopediyasında ondan Katerina kimi bəhs etmişdir.[7] Sonradan ensiklopediyanın növbəti nəşrində tarixçi Fəruq Sümər bu adı Teodora ilə əvəz etmişdir.[8]
Həyatı
redaktəTeodoranın həyatının ilk illəri haqqında məlumatlar müəmmalıdır. Xüsusilə onun anasının kimliyi barəsində tədqiqatçılar ortaq fikirdə deyil. Bəziləri onun anasını Baqrationi sülaləsindən gürcü şahzadəsi,[9] bəziləri isə Krımlı tatar şahzadəsi olduğu fikrini irəli sürüblər.[10][5]
1438-ci ildə IV İohannın sarayında olmuş səyyah Pero Tafur qeydlərində onun türk bir xanımla evli olduğunu yazır. Fransız tarixçi Kursanskisə görə onun anası Krım xanlarından Hacı Gəray ya da Dövlətverdi xanın qızı və ya bacısı olub.[11][12] "Ecthesis Cronica"-da qeyd olunan başqa bir fərziyəyyə görə isə Teadora əslində IV İohannın qardaşı David Komneninin qızı idi.[13]Həmçinin "Ecthesis Cronica"-nın yazarı onun Uzun Həsən ilə evliliyindən 3 oğlu olduğunu və Rüstəm bəyin də onlardan biri olduğunu yazmışdır.[14]
Onun haqqında ilk məlumat 1451-ci ilin fevralında, XI Konstantin Paleoloq üçün gəlin axtarışı məqsədilə Trabzona gəlmiş Bizans səfirlərinin gündəliklərində keçir. Güman ki, bu vaxt onun 13 yaşı vardı, çünki Bizansda ən aşağı evlilik yaşı 13 idi. Çox güman 1439-cu ildə Trabzonda doğulmuşdur.[14]
Evliliyi
redaktə1456-cı ildə, Teodora Komnin və Uzun Həsənin toyundan iki il əvvəl, vəba xəstəliyi Trabzonu zəif və hücuma qarşı həssas vəziyyətə salmışdı. Əsas təhdidlər türkmənlərdən, Səfəvi Şeyxi Cüneyddən və qonşuluqda, Amasyadakı Osmanlı valisindən gəlirdi.[15][16][17] Gözlənilməyən bir hadisə Trabzonun vəziyyətini tamamilə çətinləşdirdi. Rafizi türkmənlərini ətrafına toplayan Şeyx Cüneyd 1456-cı ilin yazında Trabzon imperiyasının ərazisinə daxil oldu, Ağca-qalanı ələ keçirdi. Ona qarşı gələn qüvvələri məğlub etdikdən sonra Trabzon divarlarına tərəf irəlilədi. Lakin onun hücumları bir nəticə vermədi və tezliklə geri çəkilməli oldu. Bu ərəfədə Rum valisi Xızır Bəyin Osmanlı qüvvələri ilə Trabzona basqın etməsi təsadüf deyildi.
Çünki Osmanlı qaynaqları bu axının Cüneydi Trabzondan çıxarmaq üçün olduğunu yazır. [18][16]Bu basqın nəticəsində Kalo İoann ildə 2000 qızıl sikkə xərac ödəməyə razılaşaraq Osmanlı hökmranlığını tanıdı. Həmin il Serbiyada olan Fateh Sultan Mehmed paytaxta qayıtdıqdan sonra imperatorun qardaşı Davud İstanbula getdi. Bu dəfə xəracın miqdarı 3000 qızıla yüksəlmişdi. İohann ümid edirdi ki, bu aslılıq onun ərazisinə ediləcək növbəti hücumların qarşısını alacaq. Lakin o, çox keçmədən Trabzon muxtariyyətinin sarsılmağa başladığını görəndə həm hərbi əməkdaşlıq həm də ittifaqı gücləndirmək üçün Uzun Həsənlə danışıqlara başladı. Belə ki, Türkmən liderinin qızı Teodora ilə evliliyi bu ittifaqı möhkəmləndirmək məqsədi daşıyırdı.Təqribən 1457-ci ildə ( bəzi mənbərdə isə 1458-ci ildə) evlilik baş tutdu. Diyarbəkirə aparılan gəlini keşişlərlə yanaşı, zadəgan xanımlar da müşaiət edirdi. Uzun Həsən Dəspinə xatuna dini inancını qoruyub saxlamağa icazə vermişdi. XV əsr səyyahı Flandriyalı Zorzi yazırdı ki, Teodora döyüşdə qorunmaq üçün Uzun Həsənə zəncirli xaç bağışlamışdı.[16][19]
Komninlər və türkmənlər bu dövrdə bir yerdə yaşayırdılar, köçəri tayfalar kəndlərdəki otlaqlara, yunanlar isə şəhər mərkəzinə və ticarətə nəzarət edirdilər. Teodoranın Ağqoyunlu Uzun Həsənlə evliliyi müstəsna deyildi.[20] Əslində, Komninlərin öz qızlarını türkmən hökmdarları ilə evləndirmək siyasəti çoxdan var idi. XIV və XV əsrlərdə ən az səkkiz belə evlilik qeyd olunur. Bu evlilik də qarşılıqlı mənfəətə əsaslanırdı. Nəticədə türkmənlər şimal-qərb sərhədləri üzərində müəyyən nəzarət və dəniz ticarətinə çıxış əldə etdilər. Trabzonun hakim ailəsi isə osmanlılara qarşı daha çox türkmən müttəfiq qazanmış oldu.[21]
1459-cu ildə Murad bəyin başçılığı ilə Ağqoyunlu elçiləri İstanbula gəldilər və Trabzonun osmanlılara verdiyi bacın ləğv olunmasını, Dəspinə xatunun cehizi Sivas-Kayseri bölgəsinin ağqoyunlulara təslim edilməsini tələb etdilər. II Mehmed bu tələbi rədd etdi.[16][22]
1461-ci ilin 26 oktyabrında Trabzon Osmanlı qoşunu tərəfindən zəbt edildi. [23][16]Uzun Həsənin qaynı, son Trabzon hakimi David Komnin İstanbula göndərilərək edam edildi. Şəhərin əldən getdiyini görən Sara Xatun öz gəlini Dəspinə xatunun Trabzon taxtına olan varislik hüququnu irəli sürdü. O, bundan istifadə edib Trabzon xəzinəsini sultanla bölüşdürdü.[24]
Xatun kimi fəaliyyəti
redaktəYunan əsilli tarixçi Laonik Xalkokondil 1463-cü ildə Teodora tərəfindən əmisi Davidə yazılan bir məktub haqqında məlumat verir.[25] Lakin o məktubu II Mehmedin cəsusu olan Corc Amirutsi ilə göndərir. Məktubda Teodora əmisindən xahiş edir ki, öz oğlanlarından birini və ya qardaşı oğlu Alekseyi Uzun Həsənin sarayına göndərsin. Bu məktub II Mehmed üçün dağılmış imperatorluğun son imperatorundan qurtuluş bəhanəsi oldu. Məktub həmçinin Mehmed üçün Ağqoyunlu və Trabzon imperiyası arasındakı müttəfiqliyin yazılı sübutu idi. Nəticə də onun əmri ilə David və 3 oğlu həmçinin qardaşı oğlu yaxalanaraq, 1463-cü il noyabr ayının 1-də edam edildilər.[25][26]
1465-1466-cı ildə Venesiya dövləti ilə, 1474-cü ildə isə Moldova hökmdarı Stefan ilə aparılan danışıqlarda Teodoranın vasitəçilik etdiyi ehtimal edilir.[27] Danışıqlar zamanı əsas diqqət osmanlılara qarşı birgə hücumların mümkünlüyünə və venesiyalılar tərəfindən odlu silahların çatdırılmasına yönəldilib. Buna baxmayaraq 1471-ci ildə başlayan hərbi hücumlar venesiyalıların odlu silahı Ağqoyunlu qoşunun çatdırmaması səbəbindən Uzun Həsən üçün fəlakət ilə nəticələndi. 11 avqust 1473-cü ildə Ağqoyunlu ordusu Osmanlı ordusu ilə qarşı-qarşıya gəldiyi Otluqbeli meydan savaşında məğlub oldu.[28]
Səyahətnamələrdə Dəspinə xatun
redaktəKaterina Zeno. Venesiya Cumhuriyyət Senatı 2 dekabr 1463-cü ildə Fateh Sultan Mehmedə qarşı Ağqoyunlular və Anadolu bəylikləri ilə ittifaqa girmək barədə qərar qəbul etmişdi. Venesiya administrasiyası 1464-cü ildən sonra Ağqoyunlu sarayına bir neçə elçi də göndərmişdi. Bununla da Osmanlılarla baş verəcək 16 illik müharibənin də başlanğıcı qoyulmuşdu.[29]
7 mart 1471-ci ildə əvvəlki iki namizədin təklifi rədd etməsindən sonra Zeno Uzun Həsənin yanına Venesiya səfiri olaraq göndərildi. Onun səfirliyi qarşısında qoyulmuş başlıca tapşırıq Osmanlı hökmdarı II Mehmetə qarşı iki dövlətin ittifaqını qurmaq idi. Onun səfirliyə təyin edilməsinin bir digər səbəbi isə arvadının Uzun Həsənin arvadı olan Bizans şahzadəsi Teodora Dəspinə Xatunla olan qohumluq iddiaları idi.[a] Lakin bu qohumuluğun olub-olmaması və ya hansı dərəcəyə sahib olması hələ də sübut edilməmiş, qeyri-müəyyən məsələ olaraq qalmaqdadır.[31][32] Zeno öz səyahətnaməsində Dəspinə Xatunun onunla maraqlandığını, söhbət etdiyini, ondan öz qohumlarını soruşduğunu yazır.[33] Zeno Venesiyaya döndükdən sonra da Dəspinənin ailəsi maraqlanmış, övladları barədə məlumat vermişdir. O, Dəspinə Xatunun dəfn yerindən başqa, onun dini inancı ilə də bağlı qeydlər etmişdir:
Dəspinə dövrünün ən inanclı qadınlarından biri idi və buna bağlı olaraq, xristianlıqdakı gözəl inancını davam etdirirdi. Hər gün müqəddəs axşam yeməyi ayinini Rum kilsəsi üsullarına görə təşkil edir, özü də böyük bir ixlas ilə bunda iştirak edirdi. Əri də başqa bir dinə mənsub olmasına və arvadının dininə düşmən olmasına baxmayaraq, bu məsələdə ona əsla bir şey deməyir, onu dinini tərk etməyə məcbur etmirdi. Doğrusu təəccüblü olan şey necə olur da onların bir-birinə uyğunluq göstərməsidir.[34]
Zeno səyahətnaməsində Dəspinə xatunun ölümü və dəfni ilə bağlı bir sıra məlumatlar var. O yazırdı ki, Dəspinə həyat yoldaşı ilə yox ondan ayrı Harput şəhərində yaşayırmış. Öldükdən sonra isə burada Müqəddəs Georgi kilsəsində dəfn edilib. Zeno həmçinin qeyd edir ki, onun məzarı ziyarətgaha çevrilib.[33]
Zenonun səyahətnaməsini türk dilinə tərcümə edən Tufan Gündüz əsərin farsca tərcüməsində "onu Diyabəkirdə dəfn etdilər" cümləsinin qeyd edilyini bildirir. Lakin əsərin orginal dili olan latın variantında Harput mənasını verən "Cavalliera" ifadəsinə yer verilib. Zenonun bu məlumatı qayıtdıqdan sonra dostları ilə etdiyi məktublaşmalar nəticəsində əldə etdiyi düşünülür. Zeno əsərində Dəspinənin Uzun Həsəndən bir oğlan və üç qız olmaqla dörd uşağı dünyaya gətirdiyini və oğlan uşağı (Maqsud Mirzə) Uzun Həsənin ölümündən dərhal sonra qardaşları tərəfindən öldürüldüyünü, o cümlədən qızlarından ən böyüyü Marta (Aləmşah bəyim) Ərdəbil hökmdarı Şeyx Heydərlə (Uzun Həsən sağ ikən) evli olduğunu yazıb. O , hətta məlumat verir ki, Uzun Həsənin ölümündən sonra digər iki qızı Hələb və Şama qaçıblar. Bu məlumatın məşhur Venesiya səfirindən “Katerinonun oğlu, Pietronun oğlu, Katerino”dan alındığı qeyd edilir. Bu məqamda tarixçi Yəhya Başqan qeyd edir ki, Zenonun Despinə xatunun övladları haqqında verdiyi məlumatlar olduqca etibarlıdır.[35] Əslində əsərdə Uzun Həsənin vəfat tarixi dəqiq verilmişdir. Zeno, Uzun Həsənin “xaç yuyanlar gecəsi”ndə vəfat etdiyini və bu tarixin 5/6 yanvar 1478-ci il olduğunu qeyd edir.[36][37]
İosafat Barbaro. Venesiya dövləti adından Ağqoyunlu Uzun Həsənin sarayına gələn və əsəri bizə gəlib çatan digər diplomat və səfir İosafat Barbarodur. Barbaro 1474-1478-ci illər arasında səyahət etmiş, Uzun Həsənin yanına gəlmiş və Təbrizdə onunla görüşmüşdür. Geri dönərkən Harputun yanında dayanıb bu yer haqqında məlumat verən səyyahın verdiyi məlumatlar arasında ən əhəmiyyətlisi, Dəspinənin Harputda yaşadığı qeydidir. “Bu şəhərdə Trabzon imperatorunun qızı Sultan Həsən bəyin arvadı yaşayır. Şəhər möhkəm bir yerdə yerləşir. Şəhərin sakinlərinin çoxu yunanlardır və Həsən bəyin arvadı məlikəyə qulluq edirlər”.[35]
Covanni Maria Ancolello. Dəspinə xatun barəsində məlumat verən bir digər səyyah Maria Ancolellodur. O, Fateh Mehmed dövründə Əyriboğaz səfəri zamanı (1470) əsir düşmüşdü. Çox güman ki, Fateh Mehmed vəfat etdikdən sonra ölkəsinə qayıtmış və 1499-1515-ci illərdə Venesiyalıların səfiri kimi Uzun Həsənin sarayında olmuşdur. Sonrakı səyahətnaməsində Osmanlılar, Ağqoyunlular və Səfəvilər haqqında məlumat verir. Onun əsərində Dəspinə xatun haqqında da məlumatlar var. Dəspinənin Uzun Həsənlə evliliyindən bəhs edən müəllif Həsən bəyin bu xanımdan üç qızı və bir oğlu olduğunu yazır, daha sonra Dəspinənin qızlarından Martanın (Aləmşah bəyim) İsmayılın atası Şeyx Heydərin həyat yoldaşı olduğunu bildirir.[35]
“Əri ona böyük gəlir ayrılmasını əmr etdi və Diyarbəkir ölkəsinin sərhəddində olan Harputu ona iqamətgah etdi. Bu xatun uzun müddət hökm sürüb, iki qızı ilə birlikdə xristian inancına uyğun yaşadı. Ölümündən sonra Diyarbəkirdə Müqəddəs Georgi kilsəsində torpağa tapşırıldı. Hətta bu gün də məzarı yerindədir."[35]
Ancolellonun verdiyi məlumatdan anlaşılır ki, Dəspinə Uzun Həsəndən əvvəl vəfat etmişdir. Əsərdə təsvir edilənlərə görə, Uzun Həsənin ölümündən sonra Dəspinədən doğulan oğlu Yaqub qardaşları tərəfindən boğularaq öldürülmüş, qızlar qorxudan əvvəlcə Hələbə, sonra da Şama qaçmışlar. Bütün bunlarla yanaşı əsərindəki digər məlumatlara da əsaslanaraq Ancolellonun Diyarbəkiri görmədiyini söyləmək mümkündür. Dəspinə xatunun Diyarbəkirdə kilsədə dəfn edilməsi xəbərini güman edilir ki, kimdənsə eşitmişdi.[35]
Venesiyalı tacir. Dəspinə xatun haqqında məlumat verən dördüncü mənbə naməlum Venesiyalı tacirdir. O, Şah İsmayılın dövründə (təxminən 1500-1510-cu illər arasında) bu bölgəyə gəlmiş və Şah İsmayılla görüşmüşdür. Venesiyalı tacir daha sonra Diyarbəkirdə dayanıb. O, əsərində izah etdiyi məlumatların bir qisminin şahidi olub, bir qismini isə ictimaiyyətdən eşitmişdir.[34]
Diyabəkirdəki Venesiya taciri, Müqəddəs Georgi kilsəni ziyarət edərək Dəspinə xatunun məzarı ilə bağlı aşağıdakı məlumatları verir: “Trabzon imperatoru Kalo İohannın qızının məqbərəsi də bu kilsədədir. Onu kilsənin yaxınlığındakı eyvanın altında basdırıblar. Qəbirin üstündə kərpicdən sarkofaqa bənzər, hündürlüyü bir pillə, eni bir addım və üç pillə uzunluğunda bir şey tikiblər.” Səyyah əsərində Dəspinənin ilə Uzun Həsənin evliliyindən bəhs etdikdən sonra bu evlilikdən üçü qız, biri Həsən bəy adlı dörd uşaq doğulduğunu, həmçinin Dəspinənin qızları ilə dəfələrlə söhbət etdiyini bildirir. Əsərdə bu qızlardan başqa heç bir söz, aralarında hansı söhbətlərin getdiyi barədə məlumat verilmir. Uzun Həsənin qızları ilə dəfələrlə danışdığını deyən biri kimi səyyahın Uzun Həsənin oğlunun adını Həsən yazması da maraqlıdır.[34]
Trabzon şahzadəsi mifi
redaktə1427-ci ildə alman əsilli hərbçi və səyyah olan İohan Şiltberqer uzun müddətli əsirlikdən qayıdır. O, Niqbolu döyüşündə türklərə əsir düşmüş, Sultan İldırım Bəyazid tərəfində xidmət etmiş və 1402-ci ildə Ankara döyüşündə Teymur tərəfindən əsir alınmışdı. Şiltberqer təxminən 25 il şərqdə yaşayıb. Sultanın Kiçik Asiyadakı kompaniyasında iştirak edərək Trabzonu da ziyarət edib.[38] Daha sonra Şiltberqer öz səyahətnaməsində Trabzondakı Şahin qalası haqqında bir əfsanədən bəhs edir.[39]
“Bu qəsrdə gözəl bir qız və bir dirəkdə bir şahin var. Kim ora gəlib üç gün üç gecə oyaq qalıb yuxuya getməsə, qızdan şərəfli istəklərinin hər birini ala biləcək."
Şiltberqer əsərinın 31-ci bölməsində əfsanə haqqında daha geniş məlumat verir: "Bir zamanlar qalanın qarşısında 3 gün 3 gecə növbədə dayanan kasıb bir adam var idi. 3 gün gözlədikdən sonra o qalaya daxil oldu. Şahin onu görüb çığırdı. Qız otağından çıxıb onu qarşıladı və dedi - Məndən nə istəyirsən?, Bu dünyaya aid və şərəfli nə varsa sənə verəcəm.- Adam ondan özünün və ailəsinin ömürlərinin sonuna qədər şərəfli şəkildə yaşamasını istədi. Qız onun arzusunu yerinə yetirdi. Daha sonra 3 gün 3 gecə növbə tutan erməni bir əsilzadə gəldi. 3-cü gün o qalaya daxil oldu. Şahin çığırdı və qız otağından çıxaraq ondan nə istədiyini soruşdu. Oğlan kral oğlu olduğu üçün hər şeyə sahib olduğunu, sadəcə evlənmək üçün xanım axtardığını, qızdan arvadı olmasını istədi. Qız ona "sahib olduğun kibir səni və sənə aid olanları incidsin" deyir və bütün qohumlarını lənətləyir." [40]
Şiltberqerin hekayəsi Fallmerayerin sözlərini təsdiq edirdi. Trabzonun xristian dünyasından təcrid olunması və müsəlman dövlətlərinin əhatəsində olması ilə bağlı bir çox əfsanə mövcuddur. Teodora və ya Dəspinə xatun imperiyanın təhlükəsizliyini təmin etmək məqsədilə Türk əmirləri ilə evləndirilən sonuncu şahzadə idi. Ondan əvvəl III Aleksey öz bacıları Maria və Teodoranı, Ağqoyunlu bəyi Fəxrəddin Qutlu bəy və Bayram oğlu Hacımar ilə evləndirmişdi.[41]Aleksey öz qızlarından 4-ünün evliliyi də imperiyanın mövqeyini gücləndirmək xarakteri daşıyırdı. 1380-ci ildə Evdokia Əmir Tacəddin ilə [42], Maria Hələb əmiri Süleyman ilə [43], adları məlum olmayan iki qızını isə Ərzincanlı Mütəhhərtən və Qara Yuluq Osman bəy ilə evləndirmişdi.[7] IV Aleksey isə öz qızlarından birini Qaraqoyunlu dövlət başçısı Cahanşaha vermişdi.[44][45][46][47][48]
Trabzon şahzadəsi mifi qərbdə Maria təsvirləri meydana çıxdıqdan sonra yayılmağa başladı. Onun əri 1438-ci ildə Ferraro-Florensiyanın uzun müddət davam edən ekumenik şurasının əsas iştirakçılarından biri idi. Buna görə o 1439-cu ildə Qərbdə geniş tanınırdı.[49]1432-ci ildə Konstantinopolda burqundiya səyyahı Bertrandon de la Broker at belində olarkən Maria ilə tanış olur. Onun gözəlliyi onda böyük təəssürat yaradır. Broker yazırdı: “Onun arvadı, çox gözəl bir xanım, Trabzon imperatorunun qızı idi”.[50] Veronadakı Müqəddəs Anastasiya Kilsəsindəki Pelleqrini ailəsi ibadətgahında Pisanello tərəfindən freskada çalmaya bənzər saç düzümü ilə təsvir olunan şahzadə Trabzon şahzadəsi adlanır. Onun obrazının, Marianın Bertrandon de la Broker tərəfindən şərq geyimində təsvir edilən obrazından ilamlandığına inanılır. Miller yazır ki, Trabzon şahzadələrinin gözəlliyi o zaman atalar sözünə çevrilmişdi.[51]
Dəspinə xatunun görünüşü
redaktəTeodoranın şəxsi görünüşü barədə mənbələrdə müəyyən məlumatlar mövcuddur. Onun görünüşü ilə bağlı əfsanələr səyyahlar tərəfindən bütün Qərbə yayılmışdı. İngilis tarixçi Donald Nikol Dəspinə xatun haqqında yazırdı ki, onun gözəlliyi təkcə şərqdə deyil Venesiyada və qərbdə əfsanə idi.[52] Bizansşünas tarixçi Karpov da onun görünüşü haqqında müəyyən məlumatlar verir. O yazır: "Uzun Həsənin arvadı gözəl Trabzon şahzadəsi Teodoranın əfsanəvi obrazı XV-XVI əsrlərin müxtəlif müəlliflərin əsərlərini bəzəyirdi."[53]
İtalyan coğrafiyaşünası Covanni Battista Ramusio anonim venesiyalı tacirin sözlərini nəql etmişdir:
"O dövrdə Trabzonda Kallo İonnis adlı bir kral hökm sürürdü və o, xristian idi. Onun Despina Kato adlı çox gözəl bir qızı var idi . O dövrdə ondan daha gözəl bir şey olmadığına inanırdılar. Onun böyük gözəlliyinin bütün şərqdə şöhrəti var idi."[54]'
Tarixçilərə görə Uzun Həsənin onunla evlənmək istəyi bu yazılanların mübaliğə olmadığını göstərir. "Güclü bir hökmdar, Kappadokiya üzərində suverenlik güzəşti istisna olmaqla, zəif qonşunun qızı ilə cehizsiz evləndi." Əksinə, Uzun Həsən imperatora Osmanlı İmperatorluğu ilə qarşıdurma zamanı öz ordusu, var-dövləti və şəxsi yardımı ilə dəstək vəd etmişdi. Bundan əlavə, Teodora və onun yoldaşlarına xristian inanclarını qoruyub saxlamağa və sarayda sərbəst şəkildə inanclarını tətbiq etməyə icazə verilmişdi.[55]
Uzun Həsən, II Mehmed və Teodoranın siyasi səhnəyə çıxması ilə Trabzon şahzadələri haqqında mif yeni təkan aldı. Konstantinopol süqut etdi və Bizansın son fraqmenti kimi Trabzon imperiyası son illərini yaşadı. II Mehmed Avropadakı əraziləri fəal şəkildə ələ keçirdi. Bunun fonunda türklərə qarşı planlaşdırılan səlib yürüşü və Uzun Həsənlə ittifaq diplomatiyanın aktual mövzusuna çevrildi. Danışıqlarda Teodoranın oynadığı rol, onun əfsanəvi gözəlliyi, taleyi (doğma ölkəsini xilas etmək naminə müsəlmanla evlənmək) onu əjdahaya və ya canavara verilən qız haqqında romantik əfsanənin qəhrəmanına çevirmişdi.[56]
Ailəsi
redaktəDəspinə xatun və Uzun həsənin Maqsud Mirzə adlı bir oğlu, 3 qızı var idi.[57][58] Uğurlu Məhəmmədi öldürdükdən sonra hakimiyyət uğrunda mübarizədə heç bir maneəsi qalmayan Sultan Xəlil qardaşı, Dəspinə xatunun oğlu Maqsudla birgə taxta çıxır. Lakin Xəlil hakimiyyətə gələn kimi qardaşını edam etdirərək digər vəliəhdləri qorxuya salır. Dəspinə xatunun iki qızı onunla birlikdə Harputda yaşayırdı. Qardaşları öldürüldükdən sonra digər qızlar əvvəlcə Hələbə sonra isə Şama qaçırlar. Katerina Zenonun nəvəsi K. Zeno onlardan biri ilə 1512-ci ildə Dəməşqdə tanış olduğunu və yunan dilində söhbət etdiklərini yazırdı. O bacısı oğlu I Şah İsmayılın hökm sürdüyü Səfəvi torpaqlarına getməyə hazırlaşırmış.[59][60]
Uzun Həsənin Dəspinə xatundan olan adı bizə məlum 3-cü qızları isə Aləmşah bəyim[57] xanımdır. Aləmşah bəyimin əsl adı barədə müxtəlif fikirlər mövcuddur: Həlimə bəyim ağa[61], Aləmşah bəyim[62][63]. Xristian müəlliflər bəzən onu Marta da adlandırır.[64] Aləmşah Bəyimin əri Şeyx Heydər Səfəvi təriqətinin rəhbəri kimi üç dəfə Şimali Qafqazdakı xristianların üzərinə yürüş həyata keçirmişdir.[65]
Qeydlər
redaktə- ↑ Zeno öz qeydlərində bildirir ki, onun arvadı Violantenin anası Eudoksiya Valenza Trabzon imperatoru IV İohannın qızı idi. Bu imperator eyni zamanda Teodora Dəspinənin də atası idi. Belə olduğu halda, Zenonun arvadı Dəspinənin bacısının qızı olurdu. Azərbaycan tarixçisi Yaqub Mahmudov da gümanki buna əsaslanaraq öz əsərində Zenonun qeydini olduğu kimi təqdim edir.[30] Hər bir halda, tarixi sənədlər göstərir ki, Dəspinə imperatorun yeganə övladı idi. Eudoksiya üçün alternativ kimliklər iddia edilsə də, bunu qəti şəkildə sübut edəcək materiallar yoxdur. Məsələn, iddia edilmişdir ki, Eudoksiya IV İohannın yox, əslində onun atası IV Alekseyin qızıdır. Belə olduqda, o, Dəspinənin bacısı yox, bibisi olur və Violante də bacısının qızı yox, bibisinin qızı olur. Lakin müasir tarixçilər iddia edir ki, ümumiyyətlə Eudoksiya Komninlər sülaləsinə mənsub olmamış, ya yunan, ya da genuyalı olmuşdur.
İstinadlar
redaktə- ↑ "Profile of Alexios IV and his children in "Medieval Lands" by Charles Cawley". 2015-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
- ↑ Du Cange, 1680. səh. 195
- ↑ Fаllmеrауеr, 1827. səh. 269
- ↑ Finlay, 1851. səh. 411
- ↑ 1 2 3 4 Diehl, 1913
- ↑ Zeno, 1873. səh. 9—10
- ↑ 1 2 Minorsky, 2000
- ↑ Sümər, 2012. səh. 221
- ↑ William Miller, Trebizond: The last Greek Empire of the Byzantine Era: 1204–1461, 1926 (Chicago: Argonaut, 1969), pp. 81f
- ↑ A. Vasiliev, "Tero Tafur, a Spanish Traveler of the Fifteenth Century and His Visit to Constantinople, Trebizond, and Italy," Byzantion, 7 (1932), p. 98
- ↑ Kuršanskis, 1976
- ↑ Kuršanskis, 1978
- ↑ Lambros, 1902. səh. 25
- ↑ 1 2 Lambros, 1902. səh. 59—60
- ↑ Angiolello, 1873. səh. 73
- ↑ 1 2 3 4 5 Шукуров, 2001
- ↑ Nicol, 1972. səh. 396—398
- ↑ Ganchou, 2000
- ↑ Janssens, 1969. səh. 146
- ↑ Карпов, 1981, 143-145, 157
- ↑ Paviot, 2003. səh. 157, 319—320.
- ↑ BASKINS, 2012, 8
- ↑ Nicol, 1972
- ↑ BASKINS, 2012, 9
- ↑ 1 2 Chalcocondylas, 1753. səh. 497
- ↑ Nicol, 1972. səh. 432
- ↑ Bryer, 1975. səh. 146
- ↑ Janssens, 1969. səh. 164—166
- ↑ Mahmudov, 1986. səh. 12
- ↑ Mahmudov, 2012. səh. 99
- ↑ Mazzon, 2020
- ↑ Caraci, 1937
- ↑ 1 2 Başkan, 2015. səh. 40
- ↑ 1 2 3 Başkan, 2015. səh. 42
- ↑ 1 2 3 4 5 Başkan, 2015. səh. 41
- ↑ Woods, 1993. səh. 203
- ↑ Sümər, 2012. səh. 263
- ↑ Жирмунский, 1962. səh. 193
- ↑ Schiltberger, 1879. səh. 41—43
- ↑ Schıltberger (en), 1859. səh. 42
- ↑ Панарет, 1905. səh. 34,44
- ↑ Панарет, 1905. səh. 42—43
- ↑ Панарет, 1905. səh. 44
- ↑ Сфрандзи, 1982
- ↑ Панарет, 1905. səh. 45
- ↑ Woods, 1999. səh. 242
- ↑ Finlay, 1851. səh. 507—509
- ↑ Nicol, 1972. səh. 403—404
- ↑ Bertrandon de La Brocquière, 1892. səh. 155
- ↑ Bertrandon de La Brocquière, 1892. səh. 156
- ↑ Жирмунский, 1962
- ↑ Nicol, 1972. səh. 407
- ↑ Карпов, 1981, 165
- ↑ A MERCHANT IN PERSIA, 1873. səh. 178
- ↑ Janssens, 1969. səh. 214
- ↑ Janssens, 1969. səh. 216
- ↑ 1 2 Zeno, 1873. səh. 41—42
- ↑ Angiolello, 1873. səh. 98
- ↑ Zeno, 1873. səh. 43—44
- ↑ Bryer, 1975. səh. 148
- ↑ əl-Siyər, 2017. səh. 425, 428
- ↑ Możṭar, 1971
- ↑ Münşi, 2010
- ↑ Sarwar, 1939
- ↑ Ghereghlou, 2016
Mənbə
redaktə- Yahya Başkan. DESPİNA HATUN’UN MEZARI MESELESİ. Malatya: İnönü Üniversitesi Uluslararsı Sosyal Bilimler Dergisi. 2015. 39–48.
- di Giuseppe Caraci. ZENO, Caterino. Enciclopedia Italiana. 1937.
- di Martino Mazzon. ZENO, Caterino. 2020.
- Михаил Панарет. Трапезунтская хроника (Труды по востоковедению). М.: Лазаревский институт восточных языков. 1905.
- Перо Тафур. Странствия и путешествия. М. Индрик. 2006. М. 2006.
- The Travels of a mercant in Persia // A narrative of Italian travels in Persia, in the fifteenth and sixteen centuries. Hakluyt Society, First Series. London: Hakluyt Society. Charles Grey. 1873. 139–208.
- Alberi E. Relazioni degli ambasciatori veneti al Senato. 1, ser. 3. Firenze: Clio. 1840.
- Angiolello G. M. A Short Narrative of the Life and Acts of King Ussun Cassano // A narrative of Italian travels in Persia, in the fifteenth and sixteen centuries. Hakluyt Society, First Series. London: Hakluyt Society. Charles Grey. 1873. 73–138.
- Bierbrier M. L. The Descendants of Theodora Comnena of Trebizond // The Genealogist . 11 (ingilis) (2). N. Y.: American Society of Genealogists. 1997. 232—254. ISSN 0197-1468.
- Charles Du Fresne Du Cange (sieur)). Historia byzantina I. Familiae byzantinae. II. Constantinopolis Christiana… (PDF). Paris: Billaine. 1680.
- Giosofat Barbaro. Travels of Josafa Barbaro // Travels to Tana and Persia. London: Printed for the Hakluyt Society. 1873. 1–101.
- Bertrandon de La Brocquière. Le voyage d'outremer de Bertrandon de la Broquière : premier conseiller de Philippe le Bon, duc de Bourgogne. Paris: E. Leroux. 1892.
- Lambros S. P. Ecthesis Chronica And Chronicon Athenarum. London: Methuen and Company. 1902.
- Laonicus Chalcocondylas. Liber III. Qui est Exegeticon De Scythis, Amazonibus, Hunnis, Atque Magaris, Opus Reconditis Antiquitatibus, Memorabilibus Cronologiis, Ac Genealogiis, Nec Non Inscriptione, Et Alphabeto Scythico Haud Ingratum Futurum (PDF). Ex Typographæo Leopoldi Francisci Landerer. 1753.
- Schiltberger. The Bondage and Travels of Johann Schiltberger, a Native of Bavaria, in Europe, Asia, and Africa, 1396—1427. N. Y.: Taylor & Francis. J. Buchan Telfer. 1879.
- Zeno K. Travels in Persia, by Caterino Zeno // A narrative of Italian travels in Persia, in the fifteenth and sixteen centuries. Hakluyt Society, First Series. London: Hakluyt Society. Charles Grey. 1873. 1–66.
- Tufan Gündüz. Uzun Hasan Fatih mücadelesi döneminde Doğu’da Venedik elçileri (Caterino Zeno ve Ambrogio Contarini’nin seyahatnameleri). İstanbul: Yeditepe. Çeviren: T.Gündüz. 2006.
- Münşi İsgəndər bəy. Dünyanı bəzəyən Abbasın tarixi: Tarixe-aləmaraye-Abbasi. Bakı: Şərq-Qərb. 2010. 1144. ISBN 978-9952-34-620-6.
Əlavə ədəbiyyat
redaktə- Жирмунский В. М. Огузский героический эпос и «Книга Коркута» III. Сказания о Салор-Казане // Книга моего деда Коркута. М-Л.: АН СССР. 1962.
- Карпов С. П. Трапезундская империя и западноевропейские государства в XIII—XV вв. М.: Издательство Московского университета. 1981.
- Рансиман, Стивен|Рансимен C. Глава 12. Европа и завоеватель / Византия / Византийский урок // Падение Константинополя в 1453 году. М.: Изд-во Сретенский монастырь (Москва)|Сретенского монастыря. 2008.
- Шукуров Р. М. Великие Комнины и Восток (1204-1461). СПб.: Алетейя. 2001. ISBN 5-89329-337-1.
- Christian-Muslim Relations. A Bibliographical History (1350-1500). 5. Leiden: BRILL. 2013. ISBN 9789004252783.
- Babinger F. Mehmed the Conqueror and His Time. Princeton: Princeton University Press. 1992. ISBN 0691010781.p. 314
- Bryer A. Greeks and Türkmens: The Pontic Exception // Dumbarton Oaks Papers . 29. Washington: Dumbarton Oaks Research Library and Collection. 1975. ISSN 0070-7546.
- Browne E. G. A History of Persian Literature Under Tartar Dominion (A.D. 1265—1502). Cambr.: CUP Archive. 1920.
- Diehl Ch. Catherine ou Théodora? // Byzantinische Zeitschrift . 22 (1). B.: Verlag B. G. Teubner. 1913. ISSN 1868-9027.
- Fallmerayer J. P. Geschichte des kaiserthums von Trapezunt. München: A. Weber. 1827.
- Finlay G. The history of Greece : from its conquest by the crusaders to its conquest by the Turks, and of the empire of Trebizond; 1204-1461. Edinburgh: Blackwood. 1851.
- Ganchou T. La Date De La Mort Du Basileus Jean Iv Komnènos De Trébizonde // Byzantinische Zeitschrift . 93 (1). München: C.H.Beck. 2000. ISSN 1868-9027.
- Janssens Émile. Trebizonde en Colchide (Travaux de la Faculté de philosophie et lettres de l'Université de Bruxelles (Vol. 40)). Bruxelles: Presses universitaires de Bruxelles. 1969.
- Kiknadze V. I. Explanation some points of Mikhail Panaretos "Trapesund Chronicle" (PDF).
- Kuršanskis M. Une alliance problematique au XVe siècle le mariage de Valenza Comneno, fille d'un empereur de Trebizonde, à Niccolo Crispo, seigneur de Santorin // Αρχείον Πόντου . 30. Επιτροπής Ποντιακών Μελετών. 1970. ISSN 0518-2867.
- Kuršanskis M. Relations Matrimoniales entre Grands Comnènes de Trébizonde et Princes Géorgiens // Bedi Kartlisa . 36. 1976. ISSN 0373-1537.
- Kuršanskis M. Autour de la Dernière Princesse de Trébizonde: Théodora, fille de Jean IV et épouse d'Uzun Hasan // Archeion Pontou . 34. Επιτροπής Ποντιακών Μελετών. 1978. ISSN 0518-2867.
- Kuršanskis M. La descendance d'Alexis IV, empereur de Trébizonde. Contribution à la prosopographie des Grands Comnènes // Revue des études byzantines . 37. Paris: Institut français d'études byzantines. 1979. doi:10.3406/rebyz.1979.2098. ISSN 0771-3347.
- Miller W. Trebizond: the last Greek empire of the Byzantine era, 1204—1461. Chicago: Argonaut. 1926.
- Minorsky V., C. E. Bosworth. Uzun Hasan. X. Leiden: E.J. Brill. 2000. 963–967.
- Minorsky V. The Aq-qoyunlu and Land Reforms (Turkmenica, 11) // Bulletin of the School of Oriental and African Studies, University of London . 17. № 3. Cambr.: Cambridge University Press. 1955. ISSN 0041-977X.
- Nicol D. M. The Last Centuries of Byzantium. Cambr.: Cambridge University Press. 1972. 396–398.
- Paviot Jacques. Les Ducs de Bourgogne, la croisade et l'Orient: fin XIVe siècle-XVe siècle. Paris: Presses de l'Université de Paris-Sorbonne. 2003. ISBN 9782840503163.
- Setton K. M. The Papacy and the Levant, 1204-1571: The fifteenth century. Washington: American Philosophical Society. 1976. ISBN 9780871691279.
- Sumer F. Akkoyunlular (PDF) // Islamansiklopedisi . II. 1989.
- Sumer F. Uzun Hasan (PDF) // Islamansiklopedisi . 42. 2012.
- Woods J.E. The Aqquyunlu: Clan, Confederation, Empire. Salt Lake City: University of Utah Press. 1999.