Dadas Huseynov - Wikipedia
Hüseynov Dadaş Ağa-Cavad oğlu - geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2017), dosent
Dadaş Hüseynov | |
---|---|
Hüseynov Dadaş Ağa-Cavad oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycanlı |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri doktoru |
Elmi adı | AMEA-nın müxbir üzvü |
İş yerləri | AMEA Geologiya və Geofizika İnstitutu |
Həyatı
redaktəDadaş Ağa-Cavad oğlu Hüseynov, 27 dekabr 1959-ci ildə Bakıda, ziyalı ailəsində anadan olmuşdur. 1967-1977-cü illərdə Bakı şəhəri 175 saylı məktəbdə orta təhsil almışdır. 1982-ci ildə Azərbaycan Dövlət Universitetini (hal-hazırda BDU) geolog-mühəndis ixtisası üzrə Fərqlənmə Diplomu ilə bitirmişdir.
D.A.Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda (hal-hazırda Geologiya və Geofizika İnstitutu) 1984-cü ilin dekabr ayından etibarən işləməsinə baxmayaraq, o hələ Azərbaycan Dövlət Universitetinin tələbəsi olarkən, 1979-cu ildən etibarən üç il ərzində Geologiya İnstitutunda ekspedisiya işlərində fəal iştirak edərək, özünü hərtərəfli göstərmiş, ekspedisiya əməkdaşlarının rəğbətini qazanmışdır. Həqiqi hərbi xidməti bitirdikdən sonra D.A.Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna dəvət olunmuşdur.
İşlədiyi müddət ərzində o ardıcıl olaraq mühəndis (1984-1986), böyük mühəndis (1986-1991), elmi işçi (1991-1993), böyük elmi işçi (1993-1996), aparıcı elmi işçi (1996-2002) vəzifələrində, 2002-ci ildən isə təşkilində iştirak etdiyi CİS sektorunun rəhbəri vəzifəsinə təyin olunmuşdur. 2003-2010-cu ilə qədər “Geoloji-geofiziki məlumatların CİS analizi” şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. 2010-cu ilin aprel ayından “Hövzə modelləşdirilməsi və geotexnologiyalar” şöbəsinə rəhbərlik edir.
2013-cu ildən və hal hazırda D.A.Hüseynov Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.[1]
Elmi fəaliyyəti
redaktəD.A.Hüseynovun elmi fəaliyyətini 2 əsas mərhələyə bölmək olar. Birinci mərhələdə öz elmi fəaliyyətini D.A.Hüseynov qızılın endogen metallogeniyasına - “Qızılbulaq filiz sahəsinin subvulkanik komplekslərinin filiz xüsusiyyətləri” namizədlik dissertasiyasının mövzusuna həsr etmişdir.
Dissertasiya müdafiəsindən sonra o, elmi maraq dairəsini genişləndirərək, metalların və karbohidrogenlərin paragenezisi problemləri üzərində çalışmağa başlamışdır. Bu üzvi maddələrin toplanması və transformasiyası, karbohidrogenlərin formalaşması, miqrasiyası və çökməsi kimi məsələlərin daha dərindən öyrənməsi üçün yaxşı zəmin yaratmışdır. Bu sahədə o böyük nailiyyətlər əldə etmişdir, buna sübut olaraq onun həm Azərbaycanda, həm də xaricdə dərc olunmuş çoxsaylı elmi məqalələri, beynəlxalq konqreslərdə təqdimatlarını qeyd etmək olar. Bu onun elmi fəaliyyətinin ikinci mərhələsinə şamil olunur və 2013-ci ildə “Cənubi Xəzər hövzəsinin karbohidrogen sistemləri” mövzusunda doktorluq dissertasiaysının müdafiyəsi ilə nəticələnir.
2017-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
D.A.Hüseynov Geologiya İnstitutunda geoloji və kosmik məlumatların rəqəmsal emalı və 3 ölçülü hövzə modelləşdirilməsi üçün müasir texnologiyaları ilk dəfə tətbiq edənlərin sırasındadır.
D.A.Hüseynov öz fəaliyyətində əsas diqqəti fənlərarası tədqiqat¬ların keçirilməsinə, innovasion işlənilmələrə, yeni analitik və kompüter texnologiyalarının tət¬bi¬qinə yönəldir.
Xəzər hövzəsinin çökmə süxurlarının karbohidrogen potensialı, fluidlərin geokimyası, neft-gaz sistemləri və ümümiyətlə neft-gaz geologiyası sahəsində tanınmış ekspert olaraq, D.A.Hüseynov iyirmidən artıq beynəlxalq elmi qrant və birgə aparılan layihələrin, o cümlədən İNTAS, CRDF, STCU, İGCP UNESCO, Darius, SNSF kimi beynəlxalq elmi fondlar, həmçinin BP, Shell, Exxon-Mobil, Conoco-Phillips, Lukoil, OMV, RWE, Rosneft, Chevron kimi iri transmilli neft şirkətləri tərəfindən maliyyələşdirilən layihələrin rəhbəri və əsas icraçısı olmuşdur. D.A.Hüseynovun həmkarları Kembric Universiteti (Böyük Britaniya), Delft şəh. Texniki Universiteti (Niderland), Utrext şəh. Universiteti (Niderland), Gent şəh. Universiteti (Belçika), Lion şəh. Universiteti (Fransa), Vayominq ştatı Universiteti (ABŞ), Merilend ştatı Universiteti (ABŞ), Buxarest şəh. Universiteti (Rumıniya), Brunel Universiteti (Böyük Britaniya), Koreya Mineral xammal İnstitutu, Cenevrə şəh. Universiteti (İsveçrə) və Moskva Dövlət Universiteti (Rusiya) kimi dünyanın aparıcı universitetlərinin alimləri olmuş və olmaqdadır.
D.A.Hüseynov uzunmüddətli Dövlət Proqramı olan (2007-2014) “Cənubi Xəzər meqahövzəsinin geoloji-geofiziki modeli, karbohidrogen potensialı və geodinamika problemləri” işinin məsul icraçısıdır.
D.A.Hüseynov çoxsaylı (30-dan artıq) beynəlxalq elmi forumun, xüsusilə Beynəlxalq Geoloji Konqres (İtaliya, Florensiya, 2004; Norveç, Oslo, 2008; Avstraliya, Brisban, 2012), Beynəlxalq Sedimentologiya Konqresi (Cənubi Afrika Resp., Yoxannesburq, 2002; Yaponiya, Fukuoka, 2006; Argentina, Mendoza, 2010), Sedimentoloqların Beynəlxalq Assosiasiysının Konfransları (İspaniya, Saraqosa, 2011), Avropa Geoloq-alimləri Assosiasiyasının illik Sərgi və Konfransları (Böyük Britaniya, Qlazqo, 2000; Niderland, Amsterdam, 2001; İtaliya, Florensiya, 2002; Norveç, Stavanger, 2003; Bakı, 2008; Niderland, Amsterdam, 2009; Danimarka, Kopenhagen, 2012), Amerika neftçi geoloqlar Assosiasiyasının Konfransları (Türkiyə, İstanbul, 2000; Böyük Britaniya, London, 2002; Çexiya, Praqa, 2004; Azərbaycan, Bakı, 2002, 2004; Ukrayna, Kiev, 2010), Dördüncü dövr Tədqiqatları Beynəlxalq Assosiasiysının konfransları (İNQUA) (ABŞ, Nevada, Reno, 2003), Beynəlxalq Geoloji Korrelyasiya proqramı üzrə UNESCO Konfransları (Rusiya, Moskva, 2003; Qazaxıstan, Aktau, 2005; Türkiyə, İstanbul, 2005; Rusiya, Gəlincik və Ukrayna, Krım, 2007; Rumıniya, Buxarest və Bolqarıstan, Varna, 2008) və başqa b.k. elmi toplantıların iştirakçısı olmuş və ölkəmizi ləyaqətlə təmsil etmişdir.
ABŞ Geoloqlar cəmiyyətinin dəvəti ilə D.A.Hüseynov cəmiyyətin Vaşinqtondakı Baş bölməsində 2004-cü ildə, Koreya Mineral Xammal İnstitutunda 2007-ci ildə Cənubi Xəzər hövzəsinin palçıq vulkanlarına və neft sisteminə həsr olunmuş elmi məruzələrlə çıxış etmişdir.
D.A.Hüseynov həmçinin dünyanın Xəzəryanı, Orta və Cənubi Xəzər hövzələri, Qrin River formasiyası (Kolorado, ABŞ), Şimali və Cənubi Kaliforniya, Mərmərə və Qara dəniz kimi hövzələrinin çökmə qatlarını tədqiq etmək məqsədi ilə təşkil olunmuş beynəlxalq geoloji ekspedisiyalarda dəfələrlə iştirak etmişdir.
O, 140-dan artıq elmi məqalənin müəllifi, 5 kitabın həmmüəllifidir. Onlardan bir neçəsi ingilis dilinə tərcümə edilmişdir.
D.A.Hüseynov Beynəlxalq Sedimentoloqlar Cəmiyyətinin (IAS), Amerika Neftçi Geoloqlar Assosiasiyasının (AAPG) və Avropa Geoalimlər və Mühəndislər Assosiasiyasının (EAGE) üzvüdür.
Elmi fəaliyyətlə yanaşı D.A.Hüseynov elmi-pedaqoji və gənc kadrların yetişdirilməsi fəaliyyətilə də məşğul olur. O, AMEA nəzdində magistraturada geoloji fənlər üzrə dərs deyir. 2012-ci ildə Russiyanın Qubkin adına Neft və Qas İnstitutunun dəvəti ilə hövzə modelləştirməsindən mühazirələr oxumaq üçün dəvət olunmuşdur. 2013-ci ildən ADNSU-nın AMEA Geologiya və Geofizika institutunun nəzdindəki “Neftın və qazın geologiyası” baza kafedrasının rəhbəridir.