Damansk Adasinda Serhed Munaqisesi - Wikipedia
Damansk adasında sərhəd münaqişəsi (rus. Пограничный конфликт на острове Даманский, Poqraniçnıy konflikt na ostrove Damanskom) və ya Çin–Sovet sərhəd münaqişəsi (çin. ənən. 中苏边界冲突, pinyin: Zhōng Sū biānjiè chōngtū) — SSRİ ilə Çin arasında 1969-cu ildə baş tutmuş və təxmini olaraq 7 ay davam etmiş olan bir qrup sərhəd döyüşlərinə verilən ad.[2]
Damansk adasında sərhəd münaqişəsi | |||
---|---|---|---|
Soyuq müharibə | |||
| |||
Tarix | 2 mart-11 sentyabr 1969-cu il | ||
Yeri | Çin - SSRİ sərhəddi | ||
Nəticəsi | Hər iki tərəf də öz qələbəsini elan etmişdir | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəSSRİ ilə Çin arasındakı sərhəd ixtilafları 1950-ci illərin sonlarında başlamışdır. 1962-ci ilin mayında təxmini olaraq 60.000 Uyğurun iqtisadi səbəblərlə əlaqədar olaraq SSRİ sərhədindən Çinin Sintszyan-Uyğur Muxtar Rayonuna köçməsi dövrün Çin mediası tərəfindən təbliğat vasitəsinə çevrilmiş və bununla əlaqədar olaraq iki ölkə arasında gərginlik getdikcə artmışdır. Bu hadisədən dərhal sonra Çin ilə SSRİ arasında heç cür həll edilə bilinməyən sərhəd məsələlərinin həlli ilə bağlı görüşlər başlamışdır. Görüşlərdə Çin, Tzin sülaləsi ilə Çar Rusiyası arasındakı XIX əsrdəki sərhədlər daxilinə qayıtmağı təklif etmişdir. Ancaq sovetlərə görə; Çin o dövrdəki torpaqları haqsız olaraq ilhaq etmişdir və bu SSRİ-yə görə bərabərsizlik olmaqla bərabər Moskvanın bunu qəbul etməsi qeyri-mümkün idi. Çin-SSRİ sərhədinin qərbində hadisələr belə olarkən, qərbdə Tacikistanın şərqində təxmini olaraq 52.000 km²-lik bir sahə Çar Rusiyası tərəfindən işğal olunmuşdur. Çin isə bağlanacaq olan bir müqavilə üçün bu ərazilərin geriyə verilməsini tələb edirdi. İki dövlət arasında olan münasibətlər belə olarkən 1964-cü ildən sonra hər iki tərəf də sərhəddə olan əsgərlərin sayını kifayət qədər çoxaltmışdırlar.
İlk döyüş 2 mart 1969-cu ildə Çin ordusuna bağlı bir qrup əsgərin şərqdəki münaqişənin əsas səbəbi olan Zhenbao adasında SSRİ-yə bağlı olan sərhəd keşikçilərini pusquya salması ilə başladı. Bunun özünə qarşı təcavüz kimi qiymətləndirən SSRİ 15 mart 1969-cu ildə Ussuri çayı və Zhenbao adasındakı Çin hərbi birliklərini bombardman etdi. Eyni gün SSRİ ordusu SSRİ istehsalı olan T-62 tankları ilə Ussuri çayını keçmiş və Çin Xalq Azadlıq Ordusunun üzərinə gizli hücum etmişdilər. 16 martda Çin ordusu adanı ələ keçirmiş olan SSRİ qüvvələrinə əks-hücuma keçmişdir. 17 martda SSRİ qüvvələri hücuma keçmiş, lakin Çin ordusu tərəfindən hücum dəf edilmişdir. 18 martda Çin birlikləri ağır itkilər vermiş və SSRİ qüvvələri tərəfindən Zhenbao adasından uzaqlaşdırılmışdırlar.
Şərqdə vəziyyət belə cərəyan edərkən qərbdəki Sincanda da iki ölkə arasında döyüşlər davam etmişdir. Artan gərginliklər SSRİ ilə Çin arasında nüvə müharibəsi ehtimalını ortaya çıxarmışdır. Dövrün iki kommunist dövləti arasında baş verə biləcək nüvə müharibəsi təhlükəsinə qarşı ABŞ və Qərb dövlətlərinin vasitəsi ilə hadisə diplomatik yollarla həll edilmişdir. Müharibədən sonra ABŞ ilə Çin münasibətləri inkişaf etmişdir.
Tarixçilər Damansk münaqişəsinin kökünü 1860-cı ildə imzalanmış Pekin müqaviləsi ilə əlaqələndirirlər. Həmin müqaviləyə görə, Rusiya ilə Çin arasında sərhəd Amur və Ussuri çaylarının sahili üzrə müəyyən edilmişdi. Onda nə çaylar özü, nə də oradakı adaların kimə məxsusuluğu dəqiqləşdirilmişdi. Lakin ötən əsrin 50-ci illərində, xüsusən İ.Stalinin ölümündən sonra sovet rəhbərliyinin apardığı yeni siyasətlə razılaşmayan Çin rəhbərliyi sərhədləri dəqiqləşdirmək qərarına gəlir. Daha doğrusu, Çin Ussuri çayındakı Damansk adasının bu ölkəyə məxsus olduğunu iddia etməyə başlayır.
Əslində bu iddia əsassız deyildi. Çünki ada Çin tərəfə daha yaxın idi — ölkənin quru sərhədindən Damanska qədər olan məsafə cəmi 50-60 metr idi. Ona görə də Çin sərhədçiləri vaxtaşırı adaya keçir, bu ərazinin onlara məxsus olduğunu bildirirdi. Bəzən belə hallar əlbəyaxa döyüşlərlə müşayiət edilsə də, bir qayda olaraq silah işlədilmirdi.
60-cı illərin axırlarında SSRİ-Çin münasibətləri daha da gərginləşdi. Bu gərginlik həm də Çexoslavakiyaya qoşun yeridilməsi ilə bağlı idi.
Uzaq Şərqdəki sovet qoşunlarının sayının artırılması və Çin rəhbəri Mao Tsezudunu zorla devirmək ehtimalı da az narahatlıq doğurmurdu.
Xatırladaq ki, Damansk adası Xabarovskdan 300 kilometr cənubda Ussuri çayının içində yerləşirdi. Uzunluğu 1700, eni təxminən 500 metr olan ada əsasən kolluqdan ibarət idi.
İlk hücum
redaktə1969-cu il martın 2-də yerli vaxtla saat 11 radələrində Nijne-Mixaylovsk zastavasının rəisi baş leytenant İvan Strelnikova məlumat verilir ki, adaya tərəf bir qrup Çin hərbçisi irəliləyir.
Strelnikov zastavada həyəcan siqnalı elan edir, özü isə iki «BTR» və bir «QAZ-66» avtomobili götürərək hadisə yerinə gedir. 13 və 18 nəfərdən ibarət iki qrupa bölünmüş sərhədçilər donmuş Ussuri çayının üzərindən keçərək iki tərəfdən adaya çıxmağa başlayırlar. Baş leytenant özü isə dörd əsgərlə birlikdə çinlilərlə danışıq aparmağa gedir. Bir neçə metr qalmış Çin sərhədçiləri şinellərinin altında gizlətdikləri avtomatlardan atəşə başlayaraq sovet sərhədçilərini qətlə yetirirlər. Hadisə yerinə yaxınlaşan ikinci qrup da atəşə tutulur və həmin qrupdan yalnız bir əsgər sağ qalır. Burada əsl döyüş getdiyini başa düşən üçüncü qrup adaya atəşlə daxil olur və bir saat davam edən döyüşdən sonra Çin əsgərləri geri çəkilməyə başlayırlar.
Martın 4-də mətbuatda sovet hökumətinin ÇXR hökumətinə etiraz notası dərc olunur.
Moskva susur
redaktəHadisələr zamanı Damanskda olmuş Primorye radiosunun müxbiri Vladimir Fridyevin yazdığına görə, həmin günlər Moskvadan sərhədçilərə konkret nə etməyi məsləhət görən və əmr verən tapılmayıb. Deyilənə görə, münaqişə başlayan gecə hətta Moskvadakı Çin səfirini də yerində tapıb sərhəddə nə baş verdiyini soruşa bilməyiblər.
Martın 15-nə keçən gecə yenidən adaya yaxınlaşan Çin sərhədçiləri meqafonla rusları Damanskı tərk etməyə çağırıblar. Bir saat davam edən danışıqlardan sonra çinlilər top və minomyotlardan atəşə başlayıb. Döyüşün yenidən başlanması barədə məlumat verilsə də, Moskvadan uzun müddət yenə konkret göstəriş verilməyib.
Bununla belə, 45 nəfərlik qrup Çin hərbçiləri ilə döyüşə atılıb. Çin tərəfdə döyüşçülərin sayı getdikcə artdığı halda sovet sərhədçiləri kömək ala bilməyiblər. Bu hadisənin böyük müharibəyə çevrilməsi təhlükəsi hərbçiləri qorxudub və onlar artilleriyanı işə salmağa cəsarət etməyiblər. Martın 16-da sursat tükəndiyi üçün dəstə adanı tərk etməyə məcbur olub.
Vəziyyətin getdikcə gərginləşdiyini görən İman sərhəd dəstəsinin rəisi, polkovnik Demokrat Leonov öz təşəbbüsü ilə tank alayını hücuma aparıb. Qabaqda gedən «T-62» tankını çinlilər asanlıqla sıradan çıxara biliblər. Qəfildən kolluqdan çıxan Çin əsgəri D.Leonovun əyləşdiyi «T-62»-nin yanacaq bakını on metr məsafədən əl qumbarası ilə partladır və nəticədə tank yanmağa başlayır. Çin snayperi yanan tankdan çıxmaq istəyən Leonovu düz ürəyindən vurur. Onun cəsədini döyüş meydanından kəşfiyyatçılar yalnız gecə düşəndən sonra götürə bilirlər.
Qeyd edək ki, Demokrat Leonov 1926-cı ildə Bakıda doğulmuş, əvvəl Zaqafqaziya Sərhəd Dairəsində qulluq etmiş, sonra isə Uzaq Şərqə göndərilmişdi. Damansk adasında göstərdiyi qəhrəmanlığa görə ona ölümündən sonra — 1969-cu il martın 21-də Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Damansk münaqişəsinə görə baş leytenant İ.Strelnikov (ölümündən sonra), baş leytenant V.Bubenin və kiçik serjant Y.Babanski də Sovet İttifaqı Qəhrəmanı fəxri adı alıb.
Qəribədir ki, bu təltiflər də cəmiyyətdə birmənalı qarşılanmayıb. Məsələn, hazırda general-mayor rütbəsində istefada olan Yuri Babanskiyə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi ilə bağlı mübahisələr bu gün də səngimir. Strelnikovun ölümündən sonra döyüşən qrupa kiçik serjant Y.Babanski rəhbərlik edib. Babanski əvvəlki xidmət yerində intizamı pozduğu və hərbi hissəni icazəsiz tərk etdiyi üçün məhkəməyə verilməli imiş. Amma onu cəzalandırmaq məqsədi ilə hadisələrdən cəmi bir neçə gün əvvəl bu zastavaya dəyişdiriblər. Buradakı döyüş xidmətlərinə görə Babanski «Qırmızı ulduz» ordeninə təqdim edilib. Amma bilərəkdən, ya bilməyərəkdən Moskvada «Qırmızı ulduz»u Sovet İttifaqı Qəhrəmanının «Qızıl ulduz»u ilə əvəz ediblər.
Çin-Sovet sərhəd münaqişəsində iştirak etmiş olan həmyerlimiz Tofiq Abbasov
redaktəHəmin döyüşlərdə daha bir həmyerlimiz — Dəvəçidən hərbi xidmətə çağırılmış Tofiq Abbasov da həlak olub. O, Nijne-Mixaylovsk zastavası ilə qonşu zastavada qulluq edib və Damanska gətirilən köməkçi dəstənin tərkibində olub. Həmyerlimizin qulluq etdiyi hərbi hissənin komandiri G.Morozovun T.Abbasovun valideynlərinə göndərdiyi məktubda deyilirdi: “...Sizin oğlunuz döyüşdə xüsusi qəhrəmanlıq göstərmişdir. O, pulemyotçu idi. Maoçular Tofiqgilin susmaq bilməyən pulemyotunu toplardan atəşə tutmuşdular. Tofiq çiynindən və sinəsindən yaralansa da, döyüşü tərk etməmişdi. ...Xain düşmənin top mərmisi düz onların olduqları yerə düşdü. Tofiq dörd döyüş dostu ilə həlak oldu”.
Qeyd edək ki, həmin döyüşdə Tofiqgilin zastavasından 15 nəfər həlak olub və onların hamısı Uzaq Şərqdə — Kamennı-Rıbalov şəhərində qardaşlıq qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində ailədən Tofiqin qardaşı Xalid iştirak edib.
Həmin günlərdə bütün Sovet İttifaqında, o cümlədən Azərbaycanda “Çin fitnəkarlarına ar olsun!” şüarı ilə etiraz mitinqləri təşkil olunub. Generallar Damansk barədə
Hələ 1964-cü ildə sərhəd məsələlərinə dair SSRİ-Çin danışıqlarına rəhbərlik edən SSRİ Sərhəd Qoşunları İdarəsinin rəisi general-polkovnik P.Zıryanov sovet dövlətinin başçısı N.Xruşşova sərhəd məsələsində, o cümlədən Damansk məsələsində güzəştə getməyi təklif edib. Generalın xarici siyasət sahəsində «təşəbbüs»ündən dəhşətə gələn Xruşşov onu «təslimçi yaramaz» («parşivıy kapitulyant») adlandırıb və özünəməxsus fəhlə-kəndli manerası ilə generalı söyüb. Nəticədə infarkt keçirən Zıryanov bir də 1968-ci ildə — L.Brejnevin vaxtında yenə məsələni danışıqlar yolu ilə həll etməyi təklif edib. Generalın təşəbbüsü bu dəfə də qulaqardına vurulub.
1969-cu ildə SSRİ Sərhəd Qoşunları Baş İdarəsinin rəisi olmuş general-leytenant V.Matrosov isə sonralar etiraf edib ki, «Damanskda işləri biz korlamışdıq».
«Möcüzəli» silah
redaktəDöyüşlərin şahidi olmuş jurnalist V.Fridyev: «Yuxarıdan verilən tapşırığa əsasən o dövrdə biz jurnalistlər yalandan yazırdıq ki, Damansk adasında yeni möcüzəli silah tətbiq olunub və guya onun köməyi ilə bir milyon çinli o dünyaya göndərilib.
Xəbərlər yayılmışdı ki, ada artıq yoxdur, onu bizimkilər tamamilə dağıdıb yerlə-yeksan ediblər ki, heç kimə qalmasın. Bir sözlə, Damansk barədə həqiqətlə əfsanə bir-birinə qarışmışdı».
Əslində isə həmin günlərdə sovet ordusu gec də olsa öz texniki üstünlüyünü göstərib və ən müasir hərbi texnikadan istifadə edib. Amma bu texnika indiki dövrün meyarları ilə sirli və qeyri-adi silah olmayıb. Söhbət Qarabağ müharibəsindən az qala uşaqların da tanıdığı və barəsində eşitdiyi «Qrad» qurğusundan gedir. Bu qurğular ilk dəfə Damansk döyüşündə sınaqdan çıxarılıb və texniki üstünlüyünü sübut edib. Dəqiq atılan mərmilər sözün əsl mənasında çinliləri biçib töküb.
Qərb mətbuatı həmin vaxt hətta döyüş yerindən bir neçə kilometr aralıda belə yanmış insan ətinin dəhşətli üfunəti barədə xəbərlər yayıb. Görünür, bu döyüşdə sovetlərin lazer silahından istifadə etməsi barədə əfsanə də belə xəbərlərdən qaynaqlanıb.
Damansk adasına milyonlarla Çin əsgərinin yeridilməsi və bir milyon çinlinin öldürülməsi barədə məlumat da sovet təbliğatının uydurması olub. Çin tərəfi döyüşlərdə bir mənbəyə görə 200, başqa bir mənbəyə görə isə 600 nəfər itirib. SSRİ tərəfdən martın 2-dən 21-dək bütün sərhəd boyu 58 nəfər həlak olub, 94 nəfər yaralanıb. Amma çinlilərin adanı yalnız «Qrad» zərbələrindən sonra tərk etməyə başlaması həqiqətdir.
Danışıqlar və sonrası
redaktə...1969-cu ilin sentyabrında Vyetnamdan qayıdan SSRİ Nazirlər Sovetinin sədri A.Kosıgin yolüstü Pekinə gəlib və aeroportda Çinin baş naziri Çjou Enlayla dörd saat danışıq aparıb. Nəticədə sərhəd məsələsinin, o cümlədən Damansk probleminin dondurulması barədə razılığa gəlinib.
...1991-ci ilin may ayında SSRİ-Çin sərhədi haqqında iki ölkə arasında imzalanmış müqaviləyə əsasən Damansk adası sahibinə — Çinə verilib. Bu gün Rusiya dövlətinin Damansk adlı adası yoxdur. 58 nəfər sovet adamının, o cümlədən iki Azərbaycan vətəndaşının həyatına son qoymuş həmin ada indi Çin dilində Çjenbao adlanır.[3]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2011-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-05.
- ↑ "Arxivlənmiş surət". 2009-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-05.
- ↑ "Arxivlənmiş surət". 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-05.