Danbar Limiti - Wikipedia
İnsanın davam etdirə biləcəyi sosial münasibətlər limiti təxmini olaraq 150 ətrafındadır. Buna Danbar limiti deyilir.
İngilis antropoloqu Robin Dunbar tərəfindən üzə çıxarılmış bu limit, qısa olaraq bir insanın maksimum sayda insanlarla qura və davam etdirə biləcəyi sayı göstərir. Bundan artıq şəxslərlə münasibətlərdə ola bilməməyimizin səbəbi isə tamamilə genlərimiz ilə əlaqədardır.
Bu say, insan beyninin neokorteks həcminin bir funksiyasıdır. Danbarın primatlar üzərində apardığı təcrübələr nəticəsində formalaşdırdığı bu formula görə əsasən insanlar üçün 147,8 olan bu say, təbii ki, stabil bir limit deyildir. 100 ilə 230 arasında dəyişə bilər. Aparılmış tədqiqatlar göstərir ki, 150-dən sonra qrupun üzvləri bağlılıq hisslərini itirirlər.
Sosioloqlar 150- 200 ətrafında kritik bir həddin mövcudluğunu 1950-ci illərdən bilirlər. Bu limit sadə şəkildə desək, hər hansı bir qrupda sağlam və bərabər şəkildə davam etdirilə biləcək normal nevroloji sərhəddir.
Bu limit keçildikdən sonra isə insanların bir-birinə olan sosial bağları artıq bir-birlərini insan olaraq anlaya bilmədikləri üçün davam etdirilməsi mümkün olmayan vəziyyətə gəlir.
Bu limiti keçdikdən sonrakı işlər iyerarxik, cəmiyyət daxilindəki rollar müəyyənləşdirilmədən davam etdirilə bilməz. Bu qrupları bir yerdə saxlamaq üçün qanunlar, qaydalar, normalar müəyyənləşdirilməlidir. Çünki insan beyni qarışıq qruplar üçün təkamül keçməmiş, üz-üzə münasibətlər qurduğu daha xırda qruplar üçün təkamül prosesindən keçmişdir.
150 limiti ilk baxışda az kimi görünə bilər, ancaq bu limitin əslində kifayət qədər yetərli olduğunu sübut edən ətrafımızda faktlar mövcuddur.
Məsələn, Danbar, 150 limitinin tətbiqini antropologiyada axtararkən haqqında dəqiq məlumatlara malik olduğumuz 21 müxtəlif yığıcı-ovçu qəbilələrdə ortalama insan sayının 148.4 olduğunu müəyyənləşdirmişdir.
Hal-hazırda Şimali Amerikada yaşayan Hutteritelər və Amişlər ortalama 110 nəfərlik qruplar halında mövcuddurlar. Qrup üzvlərinin sayı 150 nəfəri keçdikdə isə qrupu parçalayırlar. Bunun səbəbini isə limit keçildiyi zaman insanların bir-birlərinə yadlaşmağa başlamasını göstərirlər.
İş dünyasına nəzər salaq. Təşkilat nəzəriyyəsində geniş yayılmış və qəbul edilmiş qanunlardan birinə görə 150 nəfərdən az işçisi olan təşkilatlarda qarşılıqlı münasibətlərdə əsasən daha az problem meydana gəlir, ancaq say artdıqca məhsuldar işləmək məqsədilə iyerarxik struktura ehtiyac tələb olunur.
Danbar limiti 2011-ci ildə Bruno Goncalves, Nicola Perra, Alessandro Vespignani tərəfindən həyata keçirilmiş bir tədqiqat ilə sosial media üstündə test edilmişdir.
Twitter sosial şəbəkəsinə əsaslanaraq həyata keçirilmiş olan bu tədqiqatda dörd il boyunca insanların Twitter tədbirləri üstündə işlər həyata keçirilmişdir. Sonda izləyici sayından ayrı olaraq insanların yalnızca “150” nəfər ilə normal münasibət qura bilməsi müəyyənləşdirilmişdir.
Dostlarımız ilə tanışlarımızı onlara qarşı hiss etdiyimiz yaxınlıq səviyyəsinə görə müəyyənləşdiririk. Dostlar birlikdə vaxt keçirməkdən həzz aldığımız şəxslər, tanışlar isə bizi həyatımızda müvəqqəti olaraq müşayiət edən şəxslərdir. Ancaq reallığa baxanda real həyatda bundan daha fərqli olan təhlillərə gedirik.
Sosial dünyamızı formalaşdıran 150 şəxsin içində münasibət formamıza baxanda bəzi qəliblər qabağımıza çıxır. Ən başda ən yaxınlarımız, çətin anlarda yanımızda olanlarımız, əsla unutmayacaqlarımız var, bunlar əsasən 3 – 5 nəfərdən artıq olmur.
Bu əsas qrupdan əlavə əsasən 10 nəfər ətrafında, nisbətən daha məsafəli olduğumuz daha başqa bir qrup mövcuddur. Bu qrup sosial psixoloqlar tərəfindən “emosiyalar qrupu” kimi təsnif edilirlər, ondan da yuxarı 30 ya da daha artıq şəxsin meydana gətirmiş olduğu başqa bir dairə mövcuddur. Bütün bu dairələri formalaşdıran saylara diqqət edəndə bir qəlib nəzərə dəyməsədə, dairələri bir-birinin daxilində düşünəndə rəqəmin hər dəfə 3-ə vurularaq artdığının şahidi oluruq.
Hər nə qədər bir-birini izləyən bu dairələrin nəyə görə 3-ə vurularaq artmasının səbəbini müəyyən edə bilməsək də, həyata keçilmiş tədqiqatlar göstərir ki, bu tanışlıq dairələrinin hər biri, o dairələri formalaşdıran şəxslərlə əlaqə qurma formamız ilə düz mütənasibdir.
Məsələn, dairələri formalaşdıran şəxslərlə münasibət qurmaq intensivliyimizə nəzər salsaq, beş nəfərlik daxili dairə ilə həftədə ən azı bir dəfə, 15 nəfərlik qrup ilə ayda ən azı bir dəfə, 150 nəfərlik qrup ilə də ildə ən azı bir dəfə münasibət qururuq. Bu limitdən çox olan insanlara da həyatımız boyu ən azı bir dəfə salam vermiş oluruq.
Məlum olan odur ki, müəyyən bir yaxınlıq nizamında tanış ola biləcəyimiz insanların sayında müəyyən bir limit mövcuddur. Danbar limiti bizə münasibətlərimizin önəmli bir hissəsinin ya passiv, ya da ki, çox da yuxarı olmayan bir səviyyədə olduğunu göstərir. Həyatınıza yeni bir insan daxil olanda, ona yer verə bilmək üçün, birinin daha aşağı bir pilləyə düşməsi lazımdır. Məhz buna görə də, həqiqətən də bizi sevənlərə yer vermək üçün, beynimizi bir az sadələşdirmək lazımdır.