Dani Emeliyyati - Wikipedia
Dani əməliyyatı (ivr. מבצע דני) — İsrail Müdafiə Qüvvələrinin 1948-1949-cu illər ərəb-İsrail müharibəsinin birinci və ikinci atəşkəsləri aralığında 1948-ci il iyulun 9-dan 18-dək davam edən hərbi hücum əməliyyatı. Ölkə rəhbərliyi əməliyyatda iştirak edən bölmələrə ərəblərin Lida, Ramla və Ramallah şəhərlərini nəzarət altına almağı, həmçinin Latrunda Qüdsə gedən yola nəzarət edən möhkəmləndirilmiş bir mövqeni ələ keçirmək əmrini vermişdi. Bununla da, Quş-Dana yəhudi yaşayış məntəqələri üçün ən yaxın təhlükəni aradan qaldırmaq və Qüds ilə yəhudilərin nəzarətində olan ərazilər arasında daimi bir əlaqə qurmaq niyyəti güdülürdü.
Dani əməliyyatı | |||
---|---|---|---|
Ərəb-İsrail müharibəsi (1947-1949) | |||
| |||
Tarix | 1948-ci il 9—18 iyul | ||
Yeri | Lida, Ramla, Latrun (Fələstin) şəhərləri | ||
Nəticəsi | İsrailin qələbəsi | ||
Ərazi dəyişikliyi | Lod və Ramla şəhərlərinin İsrail Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Əməliyyatın hərbi məqsədlərinə tam olaraq nail olunmadı: yaxınlıqdakı hava limanı və Ramla ilə Lida iyulun 13-nə qədər tutuldularsa, ikinci atəşkəs razılığına qədər Latrunu tutmaq cəhdləri uğursuz oldu, Ramallaha isə yəhudi birləşmələri ümumiyyətlə gedib çıxa bilmədi. Eyni zamanda, Qüdsə aparan əsas yol ərəblərin nəzarəti altında qalsa da, yəhudilər şəhəri təmin etmək üçün başqa bir alternativ yol əldə edə bildilər.
Bundan əlavə, israillilərin uğurları İordaniya kralı I Abdullanın Qüdsün bölüşdürülməsinə razılıq verməsini təmin etdi, əks təqdirdə o, şəhərə bütünlüklə nəzarətə iddia edə bilərdi. Lida və Ramla bölgəsindəki hərbi əməliyyatlar bu şəhərlərin sakinlərinin transiordaniyalıların nəzarətində olan ərazilərə kütləvi surətdə köçürülməsi ilə müşayiət olundu və bu da öz növbəsində Transiordaniyada kütləvi nümayişlərə gətirib çıxardı. Nümayişçilər ərəb legionunun komandanı Con Qlabbı xəyanətdə ittiham edirdilər.
Zəmin
redaktəƏrəb ölkələrinin ərəb əhalisi tərəfində Fələstində silahlı qarşıdurmaya qoşulması ilə ərəb qüvvələri bölgənin daxilinə, o cümlədən yəhudi dövləti yarandıqdan sonra ona çatacaq ərazilərin içinə doğru xeyli irəliləməyi bacardı. Buna baxmayaraq, sonrakı həftələrdə yəhudilər ərəb qoşunlarının irəliləməsini durdurdular və hətta bəzi yerlərdə hücuma da keçə bildilər. 1948-ci il iyunun 11-də atəşkəs sazişi qüvvəyə minən zaman İsrail ərəb dövləti üçün nəzərdə tutulan ərazinin təxminən 700 km²-ni nəzarət altına aldı, fələstinlilərin əlində isə yəhudilər üçün ayrılan torpaqların yarısından iki dəfə az hissəsi var idi.[1]
Atəşkəs dövründə müharibə aparan tərəflərə qarşı silah tədarükünə dair beynəlxalq embarqo qüvvəyə mindi, lakin İsrail yəhudilərə rəğbət bəsləyən şəxslərdən gizli silahlar və maliyyə yardımı alırdı. Həmçinin yəhudi dövləti hərbi hissələrinin şəxsi heyətini artırmaq üçün xaricdən daimi könüllü axınını da qəbul edirdi. Ərəblər də vaxtı boşa vermirdi. Onlarda Fələstində yerləşən şəxsi heyət və hərbi hissələrini canlı qüvvə ilə artırmaq üçün atəşkəs rejimindən istifadə edirdilər. Münaqişədə vasitəçi olan Folke Bernadott atəşkəs dövründə yeni bir razılaşma əldə etməyə çalışırdı. Bu razılaşmaya görə ərəb tərəfi İsrailin müstəqilliyini tanıyırdı. Bunun üçün israilllilər Negev və Qüdsü (İordaniyaya verilir) güzəştə gedir, yəhudi qoşunlarının nəzarətində olan Qərbi Qalileyanın əhəmiyyətli bir hissəsini bölüşürdülər. Lakin bu cəhdlər uğursuzluqla nəticələndi. Çünki, ərəb ölkələri Fələstində hər hansı bir ərazi güzəşti hesabına görə belə, yəhudi dövlətinin müstəqilliyini tanımağa hazır deyildilər.[2] Yeni plana maraq göstərən yeganə şəxs Transiordan kralı I Abbulla ibn Hüseyn (qərb jurnalistinə verdiyi müsahibədə Fələstini ilhaq etməyə hazır olduğunu və orada yəhudilərə yerli muxtariyyət vermək niyyətində olduğunu bildirmişdi) idi. Lakin o, da Ərəb Birliyindəki müttəfiqlərin təzyiqi ilə münaqişənin sülh yolu ilə həll olunması fikrindən vaz keçdi.[3]
Ərəblərin atəşkəsdən dərhal sonra hücumu davam etdirmək niyyətləri olduqca açıq idi və Misir qoşunları atəşkəs müddəti bitməmişdən əvvəl ölkənin cənub-qərbində hərbi əməliyyatlara başladılar. Belə şəraitdə yəhudi komandanlığı çətin bir dilemma qarşısında qalmışdı: mövcud hərbi qüvvələri müdafiə döyüşlərində istifadə etmək və ya əks hücum həyata keçirmək. Sonda Negev və Samariyadakı Misir qoşunlarına, habelə Şimal Qalileyadakı livanlılara qarşı müdafiədə çıxış etmək qərarı alındı. Ancaq yəhudi dövlətinə ayrılmış ərazidə yerləşən Roş Pinanın şərqindəki Suriyanın nəzarətindəki yəhudi anklavını azad etmək üçün hücuma keçmək planlaşdırılırdı. Hücumun əsas istiqaməti Təl-Əvivin də daxil olduğu yəhudi yaşayış məntəqələrinin əsas hissəsi yerləşən Quş-Danın cənub-şərqindəki torpaqlar olmalı idi. Cəbhə xətti atəşkəs dövründə Quş-Dan yaşayış məntəqələrinə yaxın keçərək onlara ciddi təhlükə yaradırdı. Ərəb şəhərləri olan Lida, Ramla, həmçinin Latrun bölgəsində və onun qarşı tərəfində İordaniyanın Ərəb legionunun hissələri yerləşirdi.[4]
İsrailin baş naziri David Ben-Qurion o günləri xatırlayaraq Təl-Əvivdən təxminən bir neçə on kilometr məsafədə yerləşən Lida və Ramlanı hər baxımdan təhlükəli olan yəhudi dövlətinin bədənindəki "tikanlar" adlandırırdı. İsrail Müdafiə Qüvvələri də bu şəhərlərin Ərəb legionunun hücumu üçün tramplin olmağa hazır olduğunu güman edirdi.[5] Hələ ərəb ordularının Fələstinə müdaxiləsindən əvvəl Lida, fələstinlilərin yəhudilərə qarşı silahlı mübarizəsinin mərkəzi sayılırdı. Ərəb səhra komandirlərindən birinin etirafına görə, israillilərə qarşı bölgədə ən aktiv mübarizə aparan tək əhali bu şəhərin sakinləri idi.[6] Lidanın Təl-Əviv üçün təhlükə yaratması ilə yanaşı, eyni zamanda o mühüm nəqliyyat mərkəzi - dəmir yolu və aviasiya qovşağı idi. Ölkənin yeganə beynəlxalq hava limanı şəhərin yaxınlığında yerləşirdi.[7] Ben-Qurionun rəhbərlik etdiyi İsrail rəhbərliyi, demək olar ki, tamamilə təcrid olunmuş Qüdsün taleyindən də narahatlıq keçirirdi. Şəhərə gedən əsas yol Latrundan Ramallahadək uzanan yüksəkliklərdə möhkəmlənmiş ərəblər tərəfindən idarə olunurdu (amerikalı politoloq Naomi Fridman vurğulayır ki, İsrailin Qüdsdəki konvoylarına hücum edən qüvvələr də Lidada yerləşirdi [8]) Lakin buna baxmayaraq, şəhərlə əlaqə müvəqqəti çəkilmiş "Birman yolu" vasitəsi ilə davam etdirilirdi. Bu istiqamətdə planlaşdırılan əməliyyat əvvəlcə "Larlar" - "Lida, Ramla, Latrun, Ramallah" adlanırdı. Əməliyyatın ümumi planı iyunun 26-da [5] təsdiqləndi və Lida, Ramla və Ramallahın ələ keçirilməsini nəzərdə tuturdu. Latruna birbaşa hücum planın məqsədlərinə daxil deyildi. Planın müəllifləri inanırdılar ki, Ramallahın tutulması şəraitində tam mühasirəyə düşmə təhlükəsi Ərəb legionunu möhkəmləndirilmiş istehkamını tərk etməyə məcbur edəcəkdir.[9] Əməliyyata rəhbər təyin edilmiş İqal Alon onun adının yanvar ayında Quş Esiona girmək istəyərkən öldürülən "otuz beşlik dəstəsi" komandiri Dani Massın şərəfin "Dani" olaraq dəyişdirilməsini təklif etdi.[10]
Tərəflərin qüvvələri
redaktə"Dani" əməliyyatı yəhudi qüvvələrinin bütün müharibə müddətində həyata keçirdiyi ən böyük hücum əməliyyatı oldu.[11] Ərəb tarixçisi Spiro Munayer əməliyyatda iştirak edən İsrail qoşunlarının sayını 8000 nəfər səviyyəsində qiymətləndirir.[12] Tarixçi Benni Morrisin dediyinə görə, israillilər əsas hücum istiqamətində xüsusi döyüş dəstələri olan "Palmax"ın iki briqadasını (Harel və İftah) və beş taborunu, 8-ci tankeleyhinə zirehli briqadanın iki taborunu, "Kiryati" və "Aleksandroni" briqadalarının təxminən 30 artilleriya qurğusunun dəstəyi ilə bir neçə piyada taborunu cəmləşdirmişdilər.[5] Digər tərəfdən başqa bir İsrail tarixçisi Uri Milşteyn iddia edir ki, Lidaya hücumun başlaması ilə əməliyyatda iştirak etməli olan 9000 əsgər arasından yalnız bir tabor döyüş hazırlığına malik idi.[10] Alonun tabeliyində olanlardan biri o dövrdə 8-ci briqadanın komandiri "Palmax"ın qurucusu və onu hərb sənəti ilə tanış edən İsak Sade idi. Digər hissələrə İosif Tabenkin (Harel), Mulya Koen (İftah) və Maykl Ben-Gal (Kiryati) rəhbərlik edirdilər.[13]
Cəbhənin bu istiqamətində ərəb tərəfi rəsmi olaraq yəhudilərlə müqayisədə daha az qüvvəyə sahib idilər (Milşteynə görə - üç dəfə az [10]). Ərəb legionunun komandanı Con Qlabb, kral I Abdulladan ərazi üzərində nəyin bahasına olursa olsun nəzarəti davam etdirmək barədə təlimat almışdı. Ancaq o, bu tələbi yerinə yetirə biləcəyinə əmin deyildi. Qlabb mümkün geri çəkilmə yollarını axtarırdı. O, hətta qaçqın axınının yolları bağlayaraq geri çəkilən qüvvələrin qarşısını alacağından qorxaraq Ramallahda mülki nəqliyyatın sıradan çıxarılması ehtimalını da düşünürdü.[14] Samariyada və Qüds bölgəsində ələ keçirilmiş əraziləri qorumaq üçün Qlabb, nisbətən kiçik qüvvələrini dağıtmağı yersiz hesab etdi. İsrail komandanlığı ərəblərin Lida və Ramla istiqamətindən hücumunu gözlədiyi bir vaxtda, Qlabb öz növbəsində yəhudilərin bu şəhərlərə həmlə edəcəyinə əmin idi. O, belə bir hücum halında onları saxlaya bilməyəcəyini də yaxşı başa düşürdü (könüllü Ərəb Azadlıq Ordusunun komandiri Fevzi əl-Kavukci də bu mövqe ilə razı idi [15]). Ərəb legionunun komandiri Latrunda yaxşı möhkəmləndirilmiş mövqelərdə artilleriya və zirehli maşınlarla dəstəklənən[16] ikidən üçə qədər tabor yerləşdirmişdi.[17] Amma bütün bunlara baxmayaraq, iordaniyalıların və iraqlıların əsas qüvvələrinin cənub cinahları arasında qorunmayan bir hissə qalmışdı. Bu ərazidə isə Lid və Ramla şəhərləri yerləşirdi.[17]
Əməliyyat ərəfəsində İsrail komandanlığı Lida və Ramla bölgəsində 1150 ilə 1500 arasında ərəb legionu hissələrinin yerləşdiyini güman edirdi. Bu təxminlər reallıqdan uzaq idi: Benni Morris yazır ki, əslində bu şəhərlərdə legion əsgərlərinin sayı təxminən 150 nəfər idi - iki şəhər üçün bir cəmisi bir tabor.[18] Munayerin məlumatlarına görə isə bu 5-ci piyada taboruna 125 əsgər daxil edilmişdi.[12] Tarixçi David Talın sözlərinə görə, Liddə Ərəb Legionunun bölüyündən əlavə, təxminən 500 İordaniya bədəvisi və zəif silahlanmış yerli daimi olmayan hərbiçilər də var idi. Tal D. Ten Days of Fighting: The Israeli-Jordanian Front: The Decisive Campaigns // War in Palestine, 1948: Israeli and Arab Strategy and Diplomacy. — Routledge, 2004. — P. 310. — ISBN 0-203-49954 Kennet Pollak bu qüvvələri Fevzi əl-Kavukcunun Ərəb Azadlıq Ordusuna aid edir.[19] Alon Kadişin sözlərinə görə, Fələstin döyüşçülərinin sayı bir qayda olaraq 1000 nəfər, Uri Milşteynə görə - 450 nəfər təşkil edirdi. Kadiş Lid qarnizonunun yeddi zirehli texnikaya sahib olduğunu da yazır [10]. Bir qədər uzaqlıqda strateji ehtiyat hissələri - yarısı artilleriya və minaatan batareyalarla silahlandırılmış 40 zirehli maşınla təchiz edilmiş Ərəb legionunun gücləndirilmiş 1-ci alayı yerləşmişdi. Ancaq bu alay 10 iyul axşamına qədər hərbi əməliyyatlarda iştirak etmədi.[20] Tarixçilər İordaniya qoşunlarının döyüş hazırlığını müxtəlif cür qiymətləndirirlər: əgər Morris "ağır sursat çatışmazlığı" haqqında yazırsa [20], Pollak əksinə, kral I Abdullanın atəşkəs dövründə ərəb legionunu yaxşı silah-sursatla gücləndirdiyini bildirir. Londona geri çağırılan legionun yüksək rütbəli zabitlərin yerini İngiltərədə təlim keçmiş yeniləri tutdu.[16]
Gedişat
redaktəLida və Ramla
redaktə"Dani" əməliyyatı iyulun 10-u səhər tezdən iki istiqamətdən zərbə ilə başladı. 8-ci briqadanın hissələri (İsrail Silahlı Qüvvələrindəki ilk tank batalyonu daxil olmaqla - 10 yüngül fransız H35 tankı və yəhudilər tərəfə qaçmış britaniyalıların 2 "Kromvel" tankı[21]) 33-cü "Aleksandroni" və 44-cü "Kiryati" taborlarının dəstəyi ilə Kfar Sirkindən cənuba və Kafr Anandan şərqə tərəf hücuma keçdilər. İrəliyə yürüş zamanı onlar Kula, Əl-Tira, Rantiya, Vilhelm, Əl-Yahudiya və sonuncunun cənubundakı Lida beynəlxalq hava limanlarını işğal etdilər. Eyni zamanda, "İftah" briqadasının qüvvələri Əl-Bariyadan şimala doğru irəliləyərək altı ərəb kəndini ələ keçirdilər və may ayından bəri mühasirədə olan Ben Şemendəki (Lidadan şərqdə) yəhudi internat kompleksinə çatdılar. Hər iki istiqamətdə müqavimət minimal idi. Lakin axşam saatlarında Ərəb legionunun 1-ci alayı Beyt Nabala qəsəbəsinə doğru irəliləməyə başladılar. Onlar 8-ci briqada qüvvələri ilə döyüşə girərək onları dayandırdılar, lakin Lida istiqamətində getmək üçün heç bir cəhd göstərmədilər.[22] 1947-1949-cu illər müharibəsində iştirak edən Haim Hersoq yazır ki, tank batalyonunun irəliləməsini tez-tez baş verən qəzalar yavaşladırdı. Təcrübəsiz tankçılar isə onları təmir etməyin öhdəsindən çətinliklə gəlirdilər. Nəticədə Ben Şemendə bağlanmalı olan halqa alınmadı.[21] Hadisələrin digər bir iştirakçısı İeruham Koen "Həmişə sırada" adlı avtobioqrafik kitabında "Kromvel"lərin nəmləşmiş mərmilərindən danışır. O, həmçinin zirehli birləşmələrin birgə hərəkətlərinin koordinasiyasındakı qarışıqlıqdan və bunun əsas səbəbindən orda xidmət edən bir-birini başa düşməyən müxtəlif dilli heyətdən də bəhs edir.[13]
İsrail ordusunun hücumu iyulun 11-də də davam etdi. Gün ərzində israillilər Beyt Nabalı ələ keçirməyə müvəffəq oldular. Axşam saatlarında ərəb legionu qüvvələri hava limanına istiqamətində yəhudi nəzarətini təhlükə altına alan ərazidə əks-hücuma keçdi. Lakin gecə döyüşləri nəticəsində israillilər mövqelərini qoruyub saxladılar və sonra Budrus şəhəri istiqamətində əks hücuma keçdilər.[13] Bu arada 3-cü "Palmax" batalyonu yeni tutulan Daniyal kəndindən Lidya hücum cəhdi etdi, ancaq şəhərin müdafiəsini yara bilmədi. Onda Moşe Dayanın komandanlığı altında 8-ci briqadanın 89-cu motoatıcı batalyonu döyüş bölgəsinə doğru irəlilədi. Pulemyotla silahlanmış zirehli ciplərdən, döyüş maşınlarından və transportyorlardan ibarət batalyon Ben Şemendən yola çıxaraq Lidin əsas küçəsinə soxulmağı bacardı. Oradan cənuba tərəf dönərək, Ramlanın kənarlarına çatdı və sonra Lidanın yanından dövr edərək Ben Şemenə qayıtdı. Bütün basqın 47 dəqiqə çəkdi. Şəhər daxilində hərəkət edərkən İsrail əsgərləri hər tərəfə aramsız atəş açırdılar: nəticədə onlarla ərəb öldürüldü ("Haaretz" qəzetinin jurnalisti Ari Şavit özünün “Söz verdiyim diyar” kitabında itkiləri yüzdən artıq göstərir.[23]) Bu reyd israililər üçün də itkisiz ötüşmədi: altıdan [24] və doqquza qədər yəhudi həlak oldu.[25] Dayanın yarıtmaz basqını onun birbaşa komandiri İshak Sade ilə razılaşdırılmamışdı. Milşteyn yazır ki, Dayan Mule Koendən razılıq almışdı [10], Morris - Dayanın batalyonunun əməliyyatın komandiri İqal Alonun əmri ilə hərəkət ediyini[25], David Tal isə bu basqının batalyon komandirinin şəxsi təşəbbüsü adlandırmışdı. Tala görə Dayan bu hərəkətlə məsuliyyətsizliyini və strateji miqyasda düşünə bilməməsini nümayiş etdirmişdir. O, araşdırmalarında Dayanın basqın üçün tabeliyindəki üç tabordan ikisini götürərək hava limanının yaxınlığındakı Deyr-Tarifi qorumaq üçün yalnız bir tabor buraxdığını və bunun da nəticəsində kəndin yenidən Ərəb legionu tərəfindən ələ keçirildiyini vurğulayır.[26] İeruham Koen daxili rabitənin olmaması səbəbindən uyğunsuzluq yarandığını qeyd edir: bunun nəticəsində Lidən çıxışda zirehli karvan iki hissəyə bölünmüşdü. Əsas maşın planlaşdırıldığı kimi hava limanına tərəf yönəldi, karvanın qalan hissəsi isə Ramlaya doğru yoluna davam etdi. Nəticədə də yolun bu hissəsində möhkəmləndirilmiş istehkamdan aramsız atəşə tutulmuşdu. Bu da canlı qüvvə və texnika itkisinə səbəb olmuşdur.[13]
Buna baxmayaraq, batalyonun basqını Lidanı müdafiə edən müvəqqəti hərbi qüvvələrin döyüş ruhunun sarsılmasına səbəb oldu. Elə həmin axşam 3-cü batalyon nəhayət ki, şəhərə daxil oldu və qısa sürən küçə döyüşlərindən sonra Lidanın mərkəzində mövqe tutdu.[25] Lida və Ramla bölgələrində yerləşən Ərəb legionunun 5-ci taborunun əsgərləri Lidanın mərkəzindəki möhkəmləndirilmiş polis bölməsinə doğru geri çəkildilər. İsrail batalyonun komandiri şəhər ağsaqqallarını dəvət edərək, hələ də İsrail əsgərlərinə atəş açan snayperlərin silahlarını yerə qoymalarını tələb etdi. Ancaq şəhər merinin başçılığı ilə beş ağsaqqaldan ibarət nümayəndə heyəti polis bölməsinə yaxınlaşanda oradan atəş açıldı. Lidanın meri öldürüldü, daha bir neçə nəfər isə yaralandı. Nəticədə israillilər şəhərdə komendant saatı elan etdilər və küçələrdə patrullar qoyuldu, bütün kişilər tərksilah edildi və həbsə alındı.[27]
İsrail ordusunun hücumu və Lida ilə Ramla şəhərlərinin atəşə tutulması nəticəsində yaranan çaxnaşma şəhər sakinlərinin evlərini tərk etməyə başlamasına səbəb oldu. Yəhudi komandanlığı təslim olmaq tələbi ilə bir hərbi əsiri Ramla ağsaqqallarının yanına göndərdi. Onların təslim olacağı müqabilində Cenevrə Konvensiyasına uyğun olaraq mülki şəxslərin hüquqlarına hörmət ediləcəyi vəd edildi.[28] İyulun 11-dən 12-nə keçən gecə şəhər ağsaqqalları yəhudilərin komandanını döyüşmədən təslim olmağa hazır olduqları barədə məlumatlandırdılar və iyulun 12-də səhər 42-ci "Kiryati" batalyonu Ramlaya daxil oldu. Belə düşünülürdü ki, döyüş əməliyyatları artıq sona çatıb, lakin iyulun 12-də günorta saatlarında Ərəb legionunun bir neçə zirehli avtomobili Lidaya daxil oldu. Bunun kəşfiyyat və ya zabitlərdən birini xilas etmək üçün bir əməliyyat olub olmadığı dəqiq bilinmir, ancaq legionun əsgərləri ilə 3-cü "Palmax" batalyonu arasında atışma başladı. Silahlarını hələ təhvil verməmiş və evlərin pəncərələrindən, damlarından israillilərə atəş açmağa başlayan bir çox yerli sakin də onlara qoşuldu.[25] Döyüş müddətində ərəb qarnizonunun qalıqları Lidanı tərk etdilər.[29] Bununla belə şəhərdə qüvvələr nisbəti israil hərbiçilərinin xeyrinə deyildi və əsgərlərin cavab hərəkətləri də son dərəcə sərt idi: şübhəli görünən hər şəxsə tərəf atəş açılırdı. Günün sonunda israillilər tam qələbə qazandılar. Onlar cəmisi ölü olaraq iki əsgər itirmişdilər. Öldürülən ərəblərin sayı isə həddən çox idi. David Tala görə bir neçə on nəfərdisə[30], Şavitə görə öldürülən ərəblər 200-dən artıq idi.[31] Efraim Karş[32] və Uri Milşteyn isə bu rəqəmi 250 nəfər olaraq göstərirlər. Milşteyn yazır ki, çox sayda qadın, uşaq və yaşlı insanlar məscidlərə sığınmışdılar. Bu məscidlərin birindən yəhudi hərbi bölməsinə qumbara atıldıqda, batalyon komandiri Kalman orada olanların hamısının məhv edilməsini əmr etmişdi. Milşteynin sözlərinə görə, qırğından sonra vəhşilik izlərini gizlətmək üçün bu məscid 1966-cı ilə qədər bağlı qaldı.[10] Bu fikri qırğın haqqında söz-söhbəti xüsusi araşdıran və heç bir dəlil, sübut tapmayan Alon Kadiş rədd edir. Talın tədqiqatlarına görə, ərəb mülki şəxslərin ölümü onların hərbi əməliyyatlarda iştirakının birbaşa nəticəsidi və Lida ilə Ramlada öldürülən ərəblərin ümumi sayı, döyüşlərin bütün müddəti ərzində təxminən 250 nəfərdən az idi.[30] Bu arada, ərəb tarixçisi Arif əl-Arif hücumlar zamanı itkilərin göstərilən rəqəblərdən iki qat çox olduğunu bildirir. O, 496 nəfərin həlak [33] olduğunu qeyd edir.
Silahlı müqavimətin ikinci dəfə yatırılmasından sonra İsrail tərəfi şəhər ağsaqqallarından şəhərdə olan bütün atıcı silahların təhvil verilməsini tələb etdi, lakin gün ərzində könüllü şəkildə bir dənə də olsun silh-sursat təhvil verilmədi.[32]
Ərəblərin deportasiyası
redaktə12 iyul hadisələrindən əvvəl "Dani" əməliyyatının rəhbərliyi Lida merinin ölüm səbəbiylə Lida və Ramlaya müvəqqəti bir mülki idarəçinin göndərilməsi xaişi ilə İsrail Baş Qərargahına teleqram göndərdi. Cavab teleqramında mülki şəxslər və hərbi əsirlərlə işləmək üçün təlimatlarda göstərilmişdi. Həmçinin bildirildi ki, şəhəri öz istəkləri ilə tərk etmək istəyən sakinlərə şərait yaradılmalı və maneçilik törədilməməlidir. Şəhərdə qalanlar isə əsgərlərin onları qorumaq və ya yeməklə təmin edə bilməyəcəkləri barədə xəbərdar edilməlidir. Başqa sözlə, ölkənin digər bölgələrində olduğu kimi sakinlərin də könüllü getməsini təşviq etmək təklif edilirdi və əhalinin zorla deportasiya edilməsi planı yox idi. Üstəlik, əmrdə qadınların, xəstələrin və yaşlıların qovulması, yerli əhalinin talan edilməsi birbaşa qadağan edilirdi.[34][35] Ancaq 12 iyul döyüşlərindən sonra İsrail rəhbərliyinin bu məsələyə münasibəti dəyişdi və Ben-Qurion əhalinin tutulan şəhərlərdən qovulmasına icazə verdi.[10] Mütəmadi gedən döyüşlərin qızğın vaxtında arxa cəbhədə açıq-aşkar düşmən münasibət bəsləyən əhalinin qalması narahatlıq yaradırdı. Bu səbəbdən deportasiya ideyası hətta sol partiyasının (MAPAM) liderlərindən biri İshaq Ben-Aaron tərəfindən də dəstəkləndi.[36]
Şəhər sakinlərindən ibarət karvan şərqə, ərəb legionunun mövqeləri istiqamətinə yönləndirildi. Münaqişə bölgəsindəki hərbi komandirlərdən biri olan İshaq Rabin bu hərəkətin müharibə dövründə psixoloji cəhətdən ən çətin olduğunu xatırlayırdı və "İftah" dəstəsinin bir hissəsinin bu işdə iştirak etməkdən imtina etdiyini yazırdı.[37] Əhalini evlərini tərk etməyə və Ərəb legionunun nəzarət etdiyi əraziyə 20 kilometrlik məsafəni piyada getməyə məcbur etmək üçün İsrail əsgərləri yerli sakinlərin başları üzərindən havaya atəş açırdılar.[10] Ümumilikdə hər iki şəhərdə minə yaxın insan qaldı, 50 mindən çox insan isə öz doğma yurdundan qovuldu. Ramazan ayı ərzində Ramallah və Qüds şəhərlərinə yolçuluq həddən artıq ağır olduğundan, bu məcbiri səfər zamanı ölən yaşlı insanlar haqqında məlumatlar mövcuddur[38]; əgər Con Qlabb səfər zamanı ölənlərin sayını təyin etməkdə çətinlik çəkirdisə, ərəb siyasətçisi Nimr Xatib onların sayını 335 nəfər səviyyəsində qiymətləndirdi. Bəzi şahidlər ərəblərin İsrail əsgərləri tərəfindən qarət edildiyini və müqavimət göstərənlərin isə öldürüldüyünü də bildirirdilər.[39] Yeri gəlmişkən, Karş və Rabin yazır ki, Ramladan olan əhali ərəb legionunun mövqelərinə piyada getməməsi üçün onların daşınması nəqliyyat vasitəsi ilə həyata keçirilmişdi.[37][40] Munayerin sözlərinə görə, qonşu 25 kəndin sakinləri də qovuldu, bu da köçkünlərin sayını 80 minə çatdırdı.[12]
İşğal edilmiş şəhərlərdə soyğunçuluq 12 iyul [41] teleqramında qadağan olunsa da, Lid və Ramlanın boşaldılmasından sonra onlarda talançılıq başladı. Amerikalı tarixçi Donald Neffə görə, bir neçə fabrikdən (kolbasa, makaron, toxuculuq, düymələr), yüzlərlə emalatxanadan və bir neçə min dükandan avadanlıq və məhsullar daxil olmaqla bütün əmlak 1800 yük maşını ilə daşınmışdı. Kibbutz icmasının əsgərləri kənd təsərrüfatı ləvazimat və avadanlıqlarını talan edirdilər.[39]
Latrun döyüşləri
redaktəİsrail qüvvələri Lida və Ramlanı tutduqları gün Ras Əl-Ayn yaxınlığındakı Yarkon çayının mənbələrinə nəzarəti ələ keçirdilər. Bununla onlar Tel-Əvivin su ilə təmin edilməsi məsələsini həll etdilər.[38] Bu bölgə formal olaraq İraq birlikləri tərəfindən qorunurdu. Onların hərbi birlikləri bu möqqelərdə səpələnmiş halda yerləşmişdi. Həm də iraqlı hərbiçilər ciddi bir döyüşdə maraqlı olmadıqlarından yəhudilər müqavimətsiz qələbəyə nail oldular. "Aleksandroni" briqadasının üzvləri ərazini döyüşsüz ələ keçirdilər.[42] Lakin İsrail ordusunun düzənlikdə qazandığı uğurlar, sonrakı günlərdə təpələrdə yerləşən Latrunu tutmaq cəhdlərinin baş tutmaması səbəbindən davam etdirilə bilmədi. Bu zamana qədər israililərin zirehli maşınlarının əksəriyyəti sıradan çıxmışdı (ya da Misir qoşunlarına qarşı cəbhəni tutmaq üçün cənuba göndərilmişdi.[10][43]) Bəzi hərbi hissələr isə ciddi itkilərə məruz qalmışdı. Eyni zamanda, ərəb legionunun imkanlarını yüksək qiymətləndirən yəhudilər geniş əks hücumdan qorxurdular. Ramallaha planlaşdırılan hücum ləğv edildi və bunun əvəzinə Latrun əməliyyatın ikinci mərhələsinin əsas hədəfinə çevrildi.[44] Buradakı möhkəmləndirilmiş istehkamın əhəmiyyəti təkcə Qüdsə aparan əsas magistral yolun nəzarətində deyildi (müəyyən dərəcədə yəhudi anklavının tədarük ehtiyacı “Birma yolu” nun köməyi ilə də ödənilə bilərdi), həm də Ayalon çayındakı nasos stansiyasının üstündə yerləşməsi idi.[45] İstehkama İsrail tərəfinin kütləvi hücumunu gözləyən Qlabb qüvvələrini yenidən qruplaşdıraraq Latrun ətrafındakı təpələri möhkəmləndirmək üçün tədbirlər gördü. Bunun nəticəsində istehkamı və ətrafını artıq bir neçə ərəb legionunun piyada taboru qoruyurdu.[46][47]
İyulun 14-dən 17-dək "İftah" və "Kiryati" briqadası bölmələri daha bir neçə ərəb kəndini işğal etdilər, lakin israillilər əsas hücum istiqamətində - Latrun və ətrafındakı bölgədə uğursuz oldular.[48] Atəşkəs ərəfəsində "yoram" əməliyyatı zamanı uğursuz bir şəkildə Latruna hücum edən Alon əvvəllər olduğu kimi şərqdən yeni bir zərbə istiqamətini planlaşdırdı. Hücuma rəhbərlik həvalə olunan "Harel" briqadasının komandiri Tabenkin Çvi Zamirin komandanlığı altında 6-cı batalyonu Artileriya silsiləsi adlanan ərazini trans-iordaniyalılardan geri almağa göndərdi ki, Yohanan Zarizin 4-cü batalyonu oranı manesiz keçərək istehkama hücum edərək ələ keçirə bilsin. Artilleriya silsiləsinə yalnız piyada getmək mümkün olduğu güman edilirdi, lakin 15-16 iyul gecəsi onu işğal edən israillilər orada iordaniyalıların zirehli texnikaları ilə qarşılaşdılar. Milşteynin dediyinə görə, yəhudi birləşmələri arasında qarşılıqlı əlaqə düzgün qurulmamışdı və Artilleriya silsiləsini ələ keçirən tabort vaxtında tank əleyhinə qumbaraatanları əldə etməmişdi. Üstəlik bundan sonra radio rabitə də pozulmuşdu. Mövqeni müdafiə edən tabora kömək göndərilmədi, 4-cü batalyon isə ümumiyyətlə döyüşə girmədi. Nəticədə israillilər nizamsız şəkildə geri çəkildilər. Geri çəkilmə zamanı yəhudilər qoyub qaçdıqları və ərəblər tərəfindən öldürülən yaralılar da daxil olmaqla 19 nəfər itirdilər. Daha 15 yaralı əsgəri isə tabor evakuasiya etməyə müvəffəq oldu.[10]
Əsas hücum istiqamətindəki uğursuzluğa baxmayaraq, israillilər Latrunun şimalındakı Barfilya, Salbit, El-Bürc və Bir-Main kəndlərinə nəzarəti ələ keçirə bildilər, bu da nəzəri olaraq ordunun Ramallaha yolunu açırdı. Latrunun mühasirəyə alınmasının və İsrailin Ramallaha mümkün bir yürüşünün qarşısını almaq üçün ərəb legionu birlikləri bir sıra kəskin əks hücumlara başladı. Hər iki tərəf döyüşdə xüsusi igidlik nümayiş etdirdi.[49] İyulun 17-dən 18-nə keçən gecə yeni bir atəşkəsin qüvvəyə minməsi barədə əvvəlcədən məlumatı olan yəhudi qüvvələri (BMT Təhlükəsizlik Şurasının 15 iyul [50]] qətnaməsinə əsasən), Şilt kəndinə hücum etdilər; eyni zamanda, Beyt Sira kəndindən şimal və cənub da yerləşən körpülərini partlatmaq da nəzərdə tutulurdu. Qarşı tərəfin güclü atəşi səbəbindən tapşırığın bu hissəsi başa çatdırıla bilmədi. Əhali tərəfindən tərk edilən Şilta İsrail əsgərləri tərəfindən işğal edildi, lakin səhər saatlarında ərəb legionunun hissələri onların mövqelərinə hücum etdi. Şiltdən şərqdə yerləşən Xirbet-Kureykur yüksəkliyindən atəş altında geri çəkilmək məcburiyyətində qalan Pinhas Zusmanın (Siko) taboru ağır itkilərə məruz qaldı - 80 nəfərdən 45 nəfər öldürüldü, 25 nəfər yaralandı və biri əsir düşdü.[10] Başqa bir kənd Kula bir neçə dəfə əldən-ələ keçdi və onu sonuncu dəfə iyulun 18-də işğal edən israillilər bir neçə tanınmaz hala salınmış yəhudi əsgərlərin cəsədlərini aşkar etdilər. Yəqin ki, onlar əsir tutulduqdan sonra işgəncələrə məruz qalaraq öldürülmüşdülər.[48]
Təl-Əviv-Qüds magistral yolunun cənubunda "Harel" briqadasının 2-ci və 4-cü batalyonunun qüvvələri 13-14 iyul və 17-18 iyul tarixlərində ondan çox ərəb kəndini işğal etdilər.[48] Bəzilərində bu vaxta qədər yalnız nizamlı və nizamsız ərəb birləşmələrinin qarışıq qarnizonları qalırdı, digərlərində isə hələ də mülki əhali yaşayırdı ki, kəndlər tutulduqdan sonra onlarda evləri də dağıdılaraq tamamilə qovuldular.[51] Atəşkəsə son bir neçə saat qalmış İordaniya və Misir qüvvələri arasındakı "dəhlizdə" fəaliyyət göstərən 4-cü "Palmax" batalyonu Xartuv polis bölməsini (Artufa [51]), yaxınlıqdakı dəmiryol stansiyasını və Beyt Şemeş təpələrinin silsiləsini nəzarətə götürdü. Sonradan bu təpələrin üstündə "Qəhrəmanlıq yolu" salındı - Latrunu keçərək Qüdsə yeni bir yol çəkildi və bu magistraldan altı günlük müharibədə qələbəyə qədər İsrail tərəfindən istifadə edildi. Buna paralel olaraq Haim Avinoamın komandanlığı altında 1-ci "Palmax" batalyonunun qüvvələri "Kromvell" tanklarının və 82-ci batalyonun altı motoavtomobilinin dəstəyi ilə Latrundakı istehkamı ələ keçirmək üçün növbəti cəhdini etdi. Son hücum yeni bir atəşkəsin qüvvəyə minməsindən qısa bir müddət əvvəl, bir saat sonra başladı.[10] İsrail bölmələri arasında koordinasiya yenidən əsas problem kimi meydana çıxdı. Haim Hersoqa görə, dəstək üçün gələn qüvvələr Latrun polis bölməsinin damına quraşdırılmış tank əleyhinə qurğunun atəşi altına düşdü və geri çəkildi. Onların köməyi olmadıqda isə piyada hücumu faydasız oldu.[52] İeruham Koen və Uri Milşteyn fərqli bir versiya irəli sürürlər. Onlara görə Latrundakı tank əleyhinə qurğu, polis istehkamının qüllələrinin birinin üzərində quraşdırılmış orta pulemyot kimi, İsrail tankının atəşi ilə susdurulmuşdu. Ancaq sonra tankın atacağı mərmi onun nişangahında ilişib qaldı. Qarışıqlıq nəticəsində, İsrail qüvvələri uğur qazanmaq üçün hər şansa sahib olsalar da geri çəkildilər.[10][13] Atəşkəsə qədər israillilər Latrunu iordaniyalıların nəzarəti altında olan əsas əraziyə birləşdirən yeganə yolu atəş altında saxlamaq üçün kifayət qədər irəliləyərək demək olar ki, onu tamamilə mühasirəyə aldılar. Lakin buna baxmayaraq onu ələ keçirə bilmədilər. İsrail tərəfinə mühasirə haqlasını bağlamaq üçün cəmisi üç kilometr çatmadı. Kennet Pollak Latrunun yeni atəşkəs elan edilməsi ilə xilas olduğunu düşünür. Belə ki, onun fikrincə tam mühasirədə və təhcizatın olmaması səbəbindən Latrun gec-tez təslim olacaqdı.[53] David Talın yazdığına görə, israillilər istehkamın özündə də mövqe tutmağı bacardılar, lakin bu, ikinci atəşkəsin başlamasından sonra baş verdi və İordaniya tərəfinin tələbi ilə onlar oranı tərk etməli oldular.[54]
Nəticəsi
redaktəİki atəşkəs arasındakı "on günlük döyüşlər" İsrail dövləti üçün ciddi ərazi əldə etməklə nəticələndi. Lida və Ramla ətrafındakı ərazilərdən əlavə yəhudi dövləti Qalileyada da əlavə torpaqlarla da zənginləşdi. Ümumilikdə yəhudi dövlətinin ərazisi daha 600 km² genişləndi.[6] İyulun 12-nə qədər isə Quş-Dan şəhərləri üçün təhlükə aradan qaldırıldı, İordaniya cəbhəsində təhlükə törədən yer aradan qaldırıldı. Faktiki olaraq yəhudilərin nəzarətində olan ərazi ərəblərin şimal torpaqlarının içərilərinə Latruna qədər daxil oldu.[47] Lidda beynəlxalq hava limanı israillilərin əlinə keçdi, Qüdsə gedən dəmir yolunun bir hissəsinin blokadası qaldırıldı.[55] İordaniya kralı döyüş əməliyyatlarını davam etdirməyə istəkli olmadığını və Qüdsü İsrail ilə bölməyə hazır olduğunu açıq şəkildə bildirdi. Ənənəvi İsrail tarixşünaslığında bu genişmiqyaslı (öz dövrü üçün) və mürəkkəb əməliyyat çox uğurlu iş kimi təsvir edilir. Yeri gəlmişkən, son dövr tədqiqatçılar bu fikri bölüşmürlər. Belə ki, Uri Milşteyn ümumiyyətlə "Dani" əməliyyatının zəruri olduğuna şübhə edir. O, belə hesab edir ki, Lida və Ramlada olan kiçik ərəb qarnizonları birlikdə o dövrdə Quş Dan üçün heç bir təhlükə yaratmırdı. Bütün hallarda, iordaniyalıların Qüdsü bütövlükdə öz nəzarətində saxlamağa gücləri çatmazdı və əməliyyatın başladığı anda şəhərin yəhudi hissəsinin təchizatı "Birman yolu" vasitəsilə maneəsiz təmin olunurdu. Əməliyyatdan sonra "Qəhrəmanlıq Yolu" eyni funksiyanı müvəffəqiyyətlə yerinə yetirirdi. Bu yol hücum istiqamətindən uzaq yerlərdən keçirdi və bu yerlər İsrailin nəzarəti altına təsadüfən düşmüşdü. Milşteyn həmçinin müharibədən sonrakı illərdə "Palmax" ilə əlaqəli İsrail isteblişmenti və tarixçilərin yəhudi birləşmələri arasında koordinasiyanın olmamasını və komandanlığın səhv əmrləri göstərən Latrun bölgəsindəki hərbi əməliyyatların təfərrüatlarının dərc edilməsinin qarşısını ala bildiyini iddia edir.[10] Kennet Pollak "on günlük döyüşlər" ərzində İsrail ordusu və ərəb legionunun hərəkətlərinin səmərəliliyini müqayisə edərkən, əsgər hazırlığında və kiçik komandirlərin əməliyyat qərarlarında İordaniya qüvvələrinin üstünlüyü haqqında yazır. Fələstinlilərin müvəqqəti ordu birləşmələrinə qarşı olduqca təsirli olan yəhudi ordusunun zəif silahlanmış birləşmələri Fələstində döyüşən beş ərəb ordusunun ən yaxşısı olan ərəb legionu üzərində əhəmiyyətli heç bir qələbə qazana bilmədi.[56] Maraqlıdır ki, ta müharibənin sonuna qədər (1949) israillilər Latruna bir də basqın etmək üçün heç bir cəhd göstərmədilər.[10]
"Dani' əməliyyatnın vacib nəticələrindən biri Lida, Ramla və ətraf kəndlərin ərəb əhalisinin kütləvi surətdə deportasiyası idi. Əməliyyat zamanı Yaffa və əvvəllər yəhudilərin ələ keçirdikləri digər yaşayış məntəqələrini tərk edənlərin hesabına qaçqın sayı demək olar ki, iki qat artdı[6] və təxminən 50 min nəfərə çatdı. Deportasiyanın sonuna qədər Lidada mindən az sakin qalmışdı və təxminən eyni sayda da Ramlada mülki əhali qalırdı.[38] Əhalinin zorla qovulduğuna şübhə olmasa da, tarixçilər deportasiyanın əvvəlcədən planlaşdırıldığı barədə yekdil fikirə sahib deyillər. Ərəb tarixşünaslığında, eləcə də bəzi “yeni tarixçilərin” (yəhudi) əsərlərində Lidada qan tökülməsi planlı bir hərəkət və deportasiya üçün açıq bir əmr verilmədən əhalinin itaətini təmin edən bir vasitə kimi görülür.[38][57][58] Hərbçilərin əhali arasında çaxnaşmanı artırmağa yönəlmiş hərəkətlərinə dair nöqteyi-nəzəri əsaslandırmaq üçün, əməliyyat qərargahından döyüşlərin qızğın vaxtında, iyulun 10-da briqadalardan birinə göndərilən teleqram da Ramladan qadınların, qocaların və uşaqların getməsinin hər cür dəstəklənməsinin lazım olduğu misal çəkilir.[36] Digər tədqiqatçılar həm mülki itkilərin, həm də sonradan deportasiyanın məcburi bir addım olduğu fikrindədilər. Onlara bunun səbəbinin ərəb qüvvələrinin Lidada yeni müqavimət ocağını yaratmasında görürlər. Bu iddianı dəstəkləyən David Tal əməliyyat komandanlığı və İsrail ordusu Baş Qərargahı arasında olan teleqram mübadiləsinə istinad edir. Efraim Karş isə o günlərdə tutulan Nazaretdən və müqavimət göstərmədən təslim olan digər qonşu kəndlərdən ərəb əhalisinin qovulmadığını mial göstərir.[10][59][60] Müharibədən sonrakı illərdə ərəb sakinlərinin qovulmasından sonra tərk edilmiş Lida və Ramla yəhudi köçkünlər tərəfindən məskunlaşdırıldı. Liddə (müasir adı Lod) Məğrib, Hindistan və Türkiyədən gələn mühacirlər, 1970-ci illərdən bəri isə SSRİ-dən əsasən də Gürcüstandan olan çox sayda yəhudi yerləşdirilmişdi. Ramla isə Yaxın Şərq ölkələrindən köç edənlərin məskunlaşdığı bir məkana çevrildi.[61] Amerikalı şərqşünas Syuzan Şlemoviç 1948-ci ildə İsrailin nəzarəti altına keçən Ramla ətrafındakı 58 ərəb kəndi haqqında yazır. Yerli əhali bütün kəndlərdən qovulmuşdu və coğrafiyaşünas Qazi Falahın yazdığına görə 30 kənd tamamilə və ya əsasən məhv edilmişdi.[62]
Ərəb legionunun Lida və Ramlanı müdafiə etməkdən boyun qaçırması və əhalinin qovulmasının qarşısını almaq üçün cəhdlərin olmaması Fələstinin ərəb əhalisinin qəzəbinə səbəb oldu. Ramallahda legionun əsgərləri daşqalaq edilir və küçələrdə təhqirlərə məruz qalırdılar.[63] Amman, Es Salt və Nablusda kütləvi nümayişlər oldu. Hətta qəzəblənmiş xalq İordaniya qubernatorunu belə qovdu. Lakin nümayişlər İraq hərbi qüvvələri tərəfindən dağıdıldı. Həm nümayişçilər, həm də digər ərəb ölkələrinin nümayəndələri iyulun 12-si və 13-də baş tutan Ərəb Birliyinin iclasında Con Qlabbı xəyanətdə günahlandırdılar. İngilis sui-qəsdinə dair eyni nöqteyi-nəzər, Qlabb və israillilər arasında legionun komandanlığının xəyanəti şəklində olmasını Qüdsün iordaniyalı hərbi komendantı Abdullah Tal da xatirələrində bölüşür.[17] Lakin komandanın özü isə göstərdiyi səylərə görə nankorluqla mükafatlandırıldığını düşünürdü: "Kampaniya başlayandan bəri, İordan çayını keçən ərəb legionunun hissələrinin hər dördüncü əsgəri öldürülmüş və ya yaralanmışdı".[64] İyulun 13-də I Abdulla Qlabbı hökumət iclasına çağırdı və ona istefa verməyi təkilsını təklif etdi. Ancaq bir saat sonra İordaniyanın Baş naziri kamandana istefa tələbinin ləğv olunduğunu bildirdi.[65] Milşteyn müttəfiqlərin kütləvi nümayişləri və təzyiqləri Kral Abdullanı daha fəal hərəkət etməyə məcbur etdiyini və bunun "Dani" əməliyyatın sonrakı inkişafının israillilər üçün başlanğıc qədər uğurlu olmadığına səbəb olduğu fikrini söyləyirdi.[10]
Qalereya
redaktə-
8-ci Moto briqada Lida aeroportunda (1948)
-
Lida və Ramlaya hücumdan əvvəl İsrail ordusu, 1948
-
Lida mərkəzi meydanı
-
"Dani" əməliyyatı tankı
-
Lida şəhəri
-
İqal Alon
İstinadlar
redaktə- ↑ Karsh E. Shattered Dreams // Palestine Betrayed. — Yale University Press, 2010. — P. pp=210—211. — ISBN 978-0-300-12727-0.
- ↑ Golani M., and Manna A. The Central Front: Lydda, Ramla and Jerusalem // Two Sides of the Coin: Independence and Nakba, 1948. — Dordrecht: Institute for Historical Justice and Reconciliation, 2011. — P. 103—105. — ISBN 9789089790811.
- ↑ Karsh E. Shattered Dreams // Palestine Betrayed. — Yale University Press, 2010. — P. 214—215. — ISBN 978-0-300-12727-0.
- ↑ Golani M., and Manna A. The Central Front: Lydda, Ramla and Jerusalem // Two Sides of the Coin: Independence and Nakba, 1948. — Dordrecht: Institute for Historical Justice and Reconciliation, 2011. — P. 105—106. — ISBN 9789089790811.
- ↑ 1 2 3 Morris B. The "Ten Days" and After // 1948: A History of the First Arab-Israeli War. — Yale University Press, 2008. — P. 286. — ISBN 978-0-300-12696-9.
- ↑ 1 2 3 Karsh E. Shattered Dreams // Palestine Betrayed. — Yale University Press, 2010. — P. 215. — ISBN 978-0-300-12727-0.
- ↑ Герцог Х. Ко второму перемирию. Центральный фронт и Иерусалим // Арабо-израильские войны / пер. Израиль Шамир. — London: Nina Karsov, 1986. — Т. 1. — С. 125. — ISBN 0-907652-19-0.
- ↑ Friedman N. "What primary sources tell us about Lydda 1948". The Jerusalem Post (ingilis). 2014-02-17. 2019-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-04.
- ↑ Tal D. Ten Days of Fighting: The Israeli-Jordanian Front: The Decisive Campaigns // War in Palestine, 1948: Israeli and Arab Strategy and Diplomacy. — Routledge, 2004. — P. 304. — ISBN 0-203-49954-9
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Мильштейн У. "Возвращаясь к операции «Дани»: можно ли было избежать кровопролития?". Маарив (ivrit). 2018-06-30. 2019-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
- ↑ Golani M., and Manna A. The Central Front: Lydda, Ramla and Jerusalem // Two Sides of the Coin: Independence and Nakba, 1948. — Dordrecht: Institute for Historical Justice and Reconciliation, 2011. — P. 108. — ISBN 9789089790811.
- ↑ 1 2 3 Munayyer S. The Fall of Lydda // Journal of Palestine Studies . 27 (ingilis) (4). 1998. doi:10.2307/2538132.
- ↑ 1 2 3 4 5 Кохен И. Операция «Дани» // Всегда в строю. Записки израильского офицера / Перевела с иврита Г. Гинзбург. — Иерусалим: Библиотека-Алия, 1987.
- ↑ Jevon G. The 1948 War // Glubb Pasha and the Arab Legion: Britain, Jordan and the End of Empire in the Middle East. Cambridge University Press. 2017. 103. ISBN 978-1-107-17783-3.
- ↑ Jevon, 2017. səh. 104
- ↑ 1 2 Pollack K. M.. Jordan. The War of Israeli Independence, 1948 // Arabs at War: Military Effectiveness, 1948-1991. — University of Nebraska Press, 2002. — P. 279. — ISBN 0-8032-3733-2.
- ↑ 1 2 3 Tal D. Ten Days of Fighting: The Israeli-Jordanian Front: The Decisive Campaigns // War in Palestine, 1948: Israeli and Arab Strategy and Diplomacy. — Routledge, 2004. — P. 310. — ISBN 0-203-49954-9.
- ↑ Morris B. The "Ten Days" and After // 1948: A History of the First Arab-Israeli War. — Yale University Press, 2008. — P. 286-287. — ISBN 978-0-300-12696-9.
- ↑ Pollack K. M.. Jordan. The War of Israeli Independence, 1948 // Arabs at War: Military Effectiveness, 1948-1991. — University of Nebraska Press, 2002. — P. 280. — ISBN 0-8032-3733-2.
- ↑ 1 2 Morris B. The "Ten Days" and After // 1948: A History of the First Arab-Israeli War. — Yale University Press, 2008. — P. 287. — ISBN 978-0-300-12696-9.
- ↑ 1 2 Герцог Х. Ко второму перемирию. Центральный фронт и Иерусалим // Арабо-израильские войны / пер. Израиль Шамир. — London: Nina Karsov, 1986. — Т. 1. — С. 126. — ISBN 0-907652-19-0.
- ↑ Morris B. The "Ten Days" and After // 1948: A History of the First Arab-Israeli War. — Yale University Press, 2008. — P. 288—289. — ISBN 978-0-300-12696-9.
- ↑ Shavit A. Lydda, 1948 // My Promised Land: The Triumph and Tragedy of Israel. — New York: Spiegel & Grau, 2013. — P. 107. — ISBN 978-0-8129-8464-4.
- ↑ Tal D. Ten Days of Fighting: The Israeli-Jordanian Front: The Decisive Campaigns // War in Palestine, 1948: Israeli and Arab Strategy and Diplomacy. — Routledge, 2004. — P. 308. — ISBN 0-203-49954-9.
- ↑ 1 2 3 4 Morris B. The "Ten Days" and After // 1948: A History of the First Arab-Israeli War. — Yale University Press, 2008. — P. 289. — ISBN 978-0-300-12696-9.
- ↑ Tal D. Ten Days of Fighting: The Israeli-Jordanian Front: The Decisive Campaigns // War in Palestine, 1948: Israeli and Arab Strategy and Diplomacy. — Routledge, 2004. — P. 307—309. — ISBN 0-203-49954-9.
- ↑ Tal D. Ten Days of Fighting: The Israeli-Jordanian Front: The Decisive Campaigns // War in Palestine, 1948: Israeli and Arab Strategy and Diplomacy. — Routledge, 2004. — P. 309. — ISBN 0-203-49954-9.
- ↑ Tal D. Ten Days of Fighting: The Israeli-Jordanian Front: The Decisive Campaigns // War in Palestine, 1948: Israeli and Arab Strategy and Diplomacy. — Routledge, 2004. — P. 309—310. — ISBN 0-203-49954-9.
- ↑ Golani M., and Manna A. The Central Front: Lydda, Ramla and Jerusalem // Two Sides of the Coin: Independence and Nakba, 1948. — Dordrecht: Institute for Historical Justice and Reconciliation, 2011. — P. 106. — ISBN 9789089790811.
- ↑ 1 2 Tal D. Ten Days of Fighting: The Israeli-Jordanian Front: The Decisive Campaigns // War in Palestine, 1948: Israeli and Arab Strategy and Diplomacy. — Routledge, 2004. — P. 311. — ISBN 0-203-49954-9.
- ↑ Shavit A. Lydda, 1948 // My Promised Land: The Triumph and Tragedy of Israel. — New York: Spiegel & Grau, 2013. — P. 108. — ISBN 978-0-8129-8464-4.
- ↑ 1 2 Karsh E. Shattered Dreams // Palestine Betrayed. — Yale University Press, 2010. — P. 217. — ISBN 978-0-300-12727-0.
- ↑ Karsh E. New Bottles — Sour Wine // Fabricating Israeli History: The 'New Historians' (Second Revised Edition). Frank Cass. 2000. 24. ISBN 0-7146-5011-0.
- ↑ Tal D. Ten Days of Fighting: The Israeli-Jordanian Front: The Decisive Campaigns // War in Palestine, 1948: Israeli and Arab Strategy and Diplomacy. — Routledge, 2004. — P. 311—312. — ISBN 0-203-49954-9.
- ↑ Karsh E. Shattered Dreams // Palestine Betrayed. — Yale University Press, 2010. — P. 218. — ISBN 978-0-300-12727-0.
- ↑ 1 2 Downes A. B. Lydda and Ramle // Targeting Civilians in War. Cornell University Press. 2008. 200–202. ISBN 978-0-8014-4634-4.
- ↑ 1 2 Shipler D. K. "Israel Bars Rabin From Relating '48 Eviction of Arabs". The New York Times (ingilis). 1979-10-23. 2012-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-04.
- ↑ 1 2 3 4 Golani M., and Manna A. The Central Front: Lydda, Ramla and Jerusalem // Two Sides of the Coin: Independence and Nakba, 1948. — Dordrecht: Institute for Historical Justice and Reconciliation, 2011. — P. 107. — ISBN 9789089790811.
- ↑ 1 2 Neff D. "Expulsion of the Palestinians—Lydda and Ramleh in 1948". Washington Report on Middle East Affairs (ingilis). July–August 1994. 2019-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-04.
- ↑ Karsh E. Shattered Dreams // Palestine Betrayed. — Yale University Press, 2010. — P. 210—229. — ISBN 978-0-300-12727-0.
- ↑ Tal D. Ten Days of Fighting: The Israeli-Jordanian Front: The Decisive Campaigns // War in Palestine, 1948: Israeli and Arab Strategy and Diplomacy. — Routledge, 2004. — P. 312. — ISBN 0-203-49954-9.
- ↑ Tal D. Ten Days of Fighting: The Israeli-Jordanian Front: The Decisive Campaigns // War in Palestine, 1948: Israeli and Arab Strategy and Diplomacy. — Routledge, 2004. — P. 319. — ISBN 0-203-49954-9.
- ↑ Tal D. Ten Days of Fighting: The Israeli-Jordanian Front: The Decisive Campaigns // War in Palestine, 1948: Israeli and Arab Strategy and Diplomacy. — Routledge, 2004. — P. 320. — ISBN 0-203-49954-9.
- ↑ Morris B. The "Ten Days" and After // 1948: A History of the First Arab-Israeli War. — Yale University Press, 2008. — P. 293 ISBN 978-0-300-12696-9.
- ↑ Tal D. Ten Days of Fighting: The Israeli-Jordanian Front: The Decisive Campaigns // War in Palestine, 1948: Israeli and Arab Strategy and Diplomacy. — Routledge, 2004. — P. 320-321. — ISBN 0-203-49954-9.
- ↑ Tal D. Ten Days of Fighting: The Israeli-Jordanian Front: The Decisive Campaigns // War in Palestine, 1948: Israeli and Arab Strategy and Diplomacy. — Routledge, 2004. — P. 321. — ISBN 0-203-49954-9.
- ↑ 1 2 Pollack K. M.. Jordan. The War of Israeli Independence, 1948 // Arabs at War: Military Effectiveness, 1948-1991. — University of Nebraska Press, 2002. — P. 280—281. — ISBN 0-8032-3733-2.
- ↑ 1 2 3 Morris B. The "Ten Days" and After // 1948: A History of the First Arab-Israeli War. — Yale University Press, 2008. — P. 293. — ISBN 978-0-300-12696-9.
- ↑ Герцог Х. Ко второму перемирию. Центральный фронт и Иерусалим // Арабо-израильские войны / пер. Израиль Шамир. — London: Nina Karsov, 1986. — Т. 1. — С. 128—129. — ISBN 0-907652-19-0.
- ↑ Morris B. The "Ten Days" and After // 1948: A History of the First Arab-Israeli War. — Yale University Press, 2008. — P. 295. — ISBN 978-0-300-12696-9.
- ↑ 1 2 Tal D. Ten Days of Fighting: The Israeli-Jordanian Front: The Decisive Campaigns // War in Palestine, 1948: Israeli and Arab Strategy and Diplomacy. — Routledge, 2004. — P. 318. — ISBN 0-203-49954-9.
- ↑ Герцог Х. Ко второму перемирию. Центральный фронт и Иерусалим // Арабо-израильские войны / пер. Израиль Шамир. — London: Nina Karsov, 1986. — Т. 1. — С. 130. — ISBN 0-907652-19-0.
- ↑ Pollack K. M.. Jordan. The War of Israeli Independence, 1948 // Arabs at War: Military Effectiveness, 1948-1991. — University of Nebraska Press, 2002. — P. 281—282. — ISBN 0-8032-3733-2.
- ↑ Tal D. Ten Days of Fighting: The Israeli-Jordanian Front: The Decisive Campaigns // War in Palestine, 1948: Israeli and Arab Strategy and Diplomacy. — Routledge, 2004. — P. 325. — ISBN 0-203-49954-9.
- ↑ Герцог Х. Ко второму перемирию. Центральный фронт и Иерусалим // Арабо-израильские войны / пер. Израиль Шамир. — London: Nina Karsov, 1986. — Т. 1. — С. 130-131. — ISBN 0-907652-19-0.
- ↑ Pollack K. M.. Jordan. The War of Israeli Independence, 1948 // Arabs at War: Military Effectiveness, 1948-1991. — University of Nebraska Press, 2002. — P. 282—283. — ISBN 0-8032-3733-2.
- ↑ Shavit A. Lydda, 1948 // My Promised Land: The Triumph and Tragedy of Israel. — New York: Spiegel & Grau, 2013. — P. 123-124. — ISBN 978-0-8129-8464-4.
- ↑ Kramer M. "What Happened at Lydda" (PDF). Mosaic: Advancing Jewish Thought (ingilis). July 2014. 2020-09-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-07-06.
- ↑ Karsh E. Shattered Dreams // Palestine Betrayed. — Yale University Press, 2010. — P. 219—220. — ISBN 978-0-300-12727-0.
- ↑ Tal D. Ten Days of Fighting: The Israeli-Jordanian Front: The Decisive Campaigns // War in Palestine, 1948: Israeli and Arab Strategy and Diplomacy. — Routledge, 2004. — P. 313—312. — ISBN 0-203-49954-9.
- ↑ ЭЕЭ|12489|Лод
ЭЕЭ|13433|Рамла - ↑ Shlyomovics S. The Rape of Qula, a Destroyed Palestinian Village // Nakba: Palestine, 1948, and the Claims of Memory. New York: Columbia University Press. Edited by Ahmad H. Sa'di & Lila Abu-Lughod. 2007. 37. ISBN 0-231-50970-7.
- ↑ Герцог Х. Ко второму перемирию. Центральный фронт и Иерусалим // Арабо-израильские войны / пер. Израиль Шамир. — London: Nina Karsov, 1986. — Т. 1. — С. 131. — ISBN 0-907652-19-0.
- ↑ Morris B. The "Ten Days" and After // 1948: A History of the First Arab-Israeli War. — Yale University Press, 2008. — P. 291. — ISBN 978-0-300-12696-9
- ↑ Jevon G. The 1948 War // Glubb Pasha and the Arab Legion: Britain, Jordan and the End of Empire in the Middle East. — Cambridge University Press, 2017. — P. 105. — ISBN 978-1-107-17783-3.
Ədəbiyyat
redaktə- Golani M., and Manna A. The Central Front: Lydda, Ramla and Jerusalem // Two Sides of the Coin: Independence and Nakba, 1948. — Dordrecht: Institute for Historical Justice and Reconciliation, 2011. — P. 106—108. — ISBN 9789089790811.
- Karsh E. Shattered Dreams // Palestine Betrayed. — Yale University Press, 2010. — P. 210—229. — ISBN 978-0-300-12727-0.
- Morris B. The "Ten Days" and After // 1948: A History of the First Arab-Israeli War. — Yale University Press, 2008. — P. 273—319. — ISBN 978-0-300-12696-9.
- Pollack K. M.. Jordan. The War of Israeli Independence, 1948 // Arabs at War: Military Effectiveness, 1948-1991. — University of Nebraska Press, 2002. — P. 278—282. — ISBN 0-8032-3733-2.
- Shavit A. Lydda, 1948 // My Promised Land: The Triumph and Tragedy of Israel. — New York: Spiegel & Grau, 2013. — P. 99—134. — ISBN 978-0-8129-8464-4.
- Tal D. Ten Days of Fighting: The Israeli-Jordanian Front: The Decisive Campaigns // War in Palestine, 1948: Israeli and Arab Strategy and Diplomacy. — Routledge, 2004. — P. 303—332. — ISBN 0-203-49954-9.
- Герцог Х. Ко второму перемирию. Центральный фронт и Иерусалим // Арабо-израильские войны / пер. Израиль Шамир. — London: Nina Karsov, 1986. — Т. 1. — С. 125—131. — ISBN 0-907652-19-0.
- Кохен И. Операция «Дани» // Всегда в строю. Записки израильского офицера / Перевела с иврита Г. Гинзбург. — Иерусалим: Библиотека-Алия, 1987.