Davud Resulzade - Wikipedia
Davud Rəsulzadə (tam adı: Mirzə Davud Məsim oğlu Rəsulzadə; 1900, Yelizavetpol – 1943, Omçak[d], Olski rayonu[d], Xabarovsk diyarı, SSRİ, Sovet Rusiyası[d]) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan SSR-nin Gürcüstan SSR-də konsulu, "Yeni fikir" qəzetinin baş redaktoru, ADPİ-nin direktoru, repressiya qurbanı.
Davud Rəsulzadə | |
---|---|
Mirzə Davud Məsim oğlu Rəsulzadə | |
26 may 1936 – 31 fevral 1937 | |
Əvvəlki | Mirzə Məmmədov |
Sonrakı | Hüseyn Musayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1900 |
Doğum yeri | |
Vəfat tarixi | 1943 |
Vəfat yeri |
|
Partiya | |
Fəaliyyəti | diplomat, siyasətçi, bürokrat |
Uşağı | Gülnarə Rəsulzadə |
Həyatı
redaktəAtası Molla Məsim Rəsulzadə Gəncədə tanınmış din xadimi idi. Məkkədə ruhani seminariyasında oxumuşdu, ərəb və fars dillərini mükəməl bilirdi. 1900-cı ilin dekabrında tərəqqipərvər əməlinə və maarifçilik fəaliyyətinə görə təqib olunan Axund Molla Məhəmməd Pişnamazzadənin evində polis tərəfindən axtarış aparılır. Bəhanə olaraq səbəb gətirilir ki, guya Türkiyə və İran hökumətləri ilə əlaqə saxlayan axund Qafqazda Rusiyaya qarşı ixtilaf hazırlayır və hökumətə qarşı əks-təbliğat aparır. Bu yersiz günahlar əsasında Axund Məhəmməd Pişnamazzadə və onunla birlikdə 37 nəfər azərbaycanlı ziyalı "qiyama hazırlıq" bəhanəsilə həbs edilir.[2] Həbs edilənlər arasında Molla Məsim Rəsulzadə də var idi.[3]
Davud Rəsulzadə 1908–1914-cü illərdə Gəncə 6 sinifli şəhər məktəbində, 1914–1918-ci illərdə isə Tiflisdəki orta ixtisas texniki məktəbdə təhsil alıb. Orta ixtisas texniki məktəbinin kənd təsərrüfatı bölməsində təhsil alan Davud Rəsulzadə hidrotexnika mühəndisliyi ixtisasına yiyələnib. 1918-ci ildə yenidən Tiflisə qayıdaraq Politexnik İnstitutunun hidromexanika fakültəsinə daxil olur. O, 1921-ci ilə kimi Tiflisdə həm ali təhsil alır, həm də su təsərrüfatı idarəsində (1917–1919) işləyir.[4]
Tələbəlik illərində inqilabçı-demokratik düşüncəli insanlarla əməkdaşdıq edən Davud Rəsulzadə 1920-ci ildə Kommunist Partiyasının üzvlüyünə daxil olur. Təhsilini başa vurduqdan sonra Tiflisdə siyasi işə keçir. Əvvəlcə Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyində missiyasının katibi (1920–1921), Azərbaycan SSR-in Batumda konsulu (1921), Azərbaycan SSR-in Gürcüstanda səlahiyyətli nümayəndəsinin müavini (1921) vəzifələrində çalışır. Daha sonra Azərbaycan SSR-in Türkiyədəki missiyasının katibi (1921–1922) kimi Ankaraya ezam olunur. Tərcümeyi-halında yazır ki, institutda oxuyarkən kursu tam keçib, amma 1921-ci ildə Azərbaycan SSR-in Ankarada səlahiyyətli nümayəndəsinin katibi təyin olunduğundan diplom işini təqdim edə bilməyib.[4]
İki il Türkiyədə çalışdıqdan sonra Tiflisə qayıdan Davud Rəsulzadə jurnalistlik fəaliyyəti başlayır. 1921-ci ildə "Kommunist" adı ilə çıxmağa başlayan qəzet 1922-ci ildə "Yeni fikir" adı ilə nəşrə başlayır. Ayrı-ayrı vaxtlarda "Yeni fikir" (1924), "İşıq yolu" (1927–1928) və "Yeni kənd" (1930) qəzetlərinin redaktoru olub. Həmin illərdə o, həm də "Zarya Vostoka" qəzetinin redaksiya heyətinin üzvü olub. Jurnalistlik fəaliyyəti ilə yanaşı ali məktəbdə biologiya, qeyri-üzvi kimya, partiya quruculuğu, partiya tarixi və leninizm fənlərindən dərs deyib. 1927-ci-ildə Gürcüstan Xalq Maarif Komissarlığının ixtisas komissiyası tərəfindən ona dosent adı verilib. 1931-ci ildə Zaqafqaziya Kommunist Universitetində çalışarkən professor vəzifəsinə seçilib.[4]
Davud Rəsulzadə 1932–1933-cü illərdə Zaqafqaziya Komminist Universitetinin tədris işləri üzrə prorektoru və Partiya quruculuğu və leninizm kafedrasının müdiri olub. Zaqafqaziya Elmi Tədqiqat İnstitutunda direktor müavini vəzifəsində çalışıb. Gürcüstanda yaşayan azərbaycanlılar arasında savadsızlığın ləğvində, latın əlifbasına keçməkdə, Azərbaycan teatrının yaradılmasında (Əli Tağızadə və Məmməd Cəfərli ilə birlikdə)[5] səmərəli fəaliyyət göstərib.[4] Yerli azərbaycanlıların təhsilinə, gürcü dilinin öyrənilməsinə böyük diqqət yetirirdi.[6]
Davud Rəsulzadə 1920-ci ildən ömrünün sonuna kimi partiya işində çalışıb. Ayrı-ayrı vaxtlarda Zaqafqaziya Diyar Partiya Komitəsinin Kəndlərlə iş şöbəsinin müdiri, Təbliğat-təşviqat şöbəsinin müdir müavini və Gürcüstan K(b)P MK-nın üzvü olub (1928). Axalkalakidə Qəza İcraiyyə Komitəsinin sədr müavini (1924–1925), Borçalıda İcraiyyə Komitəsinin sədri (1925–1926), Azərbaycan SSR Naxçıvan Vilayət Partiya Komitəsinin məsul katibi (1931–1932) olub. 9 fevral 1933-cü ildə Zaqafqaziya Diyar Komitəsi tərəfindən Azərbaycan K(b)P MK-nın sərəncamına göndərilib. Həmin ildə Azərbaycan K(b)P-nin Salyan rayon komitəsinin katibi seçilib.[4] O, 1933-1934-cü illərdə Azərbaycan K(b)P-nin Salyan rayon komitəsinin məsul katibi olub. Daha sonra İncəsənət məsələləri üzrə Komitəsinə rəhbərlik edib və "Azərbaycan incəsənəti" jurnalının baş redaktoru olub.[7] 1934-cü ildə Azərbaycan Partiya Nəşriyyatının direktoru təyin edilib.[4]
14 may 1936-cı ildə Azərbaycan K(b)P MK-nın 127 saylı qərarı ilə ADPİ-nin direktoru Mirzə Məmmədov institut partiya komitəsinin katibi seçildiyinə görə, Azərbaycan Partiya Nəşriyyatının direktoru vəzifəsində çalışan Davud Rəsulzadə instituta direktor təyin edilir. O, həmin vəzifədə 31 fevral 1937-ci ilə kimi çalışır.[4]
Həbsi
redaktəAzərbaycan SSR Xalq Komissarları Sovetinin İncəsənət işləri komitəsinin sədri vəzifəsində çalışan Davud Rəsulzadə 22 dekabr 1937-ci ildə əmlakı müsadirə olunmaqla həbs edilir. İttihamnamədə ona qarşı "silahlı yolla Azərbaycanı SSRİ-dən ayırmağa çalışan əks-inqilabi təşkilatın üzvü olmaqda, millətçilikdə, ziyankarlıqda, casusluqda, partiya və hökumət rəhbərlərinə qarşı terror hazırlamaqda günahkar" olduğu bildirilir. Rəsulzadə istintaqın ilk aylarında əks-inqilabi fəaliyyəti ilə bağlı verilən bütün sualların həqiqətəuyğun olmadığını bildirir. Lakin sonralar verilən işgəncələrə dözməyərək hər şeyi könüllü "boynuna alır".
Davud Rəsulzadə 8 il həbs cəzasına məhkum edilərək Maqadana sürgün edilib. Şəxsi məktublarında günahsız olduğuna inandığını və etirazlarını dayandırmayacağını bildirirdi. Stalinə məktub göndərərək yanlışlıqla həbs olunduğunu bildirmək istədiyini məktublarında yazmışdı.[6] Mirzə Davud Rəsulzadə (2964 Nə-li məhbus) 1943-cü ildə Xabarovsk diyarının Olski rayonunun Omçak qəsəbəsifdəi həbs düşərgəsində ürək tutmasından vəfat edib.[4]
Azərbaycan SSR Ali Məhkəməsinin Hərbi Kollegiyasının 3 oktyabr 1956-cı il tarixli qərarı ilə Mirzə Davud Rəsulzadəyə bəraət verilib.[4]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2015-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-26.
- ↑ Nəbi, Ceyhun. "Axund Molla Məhəmməd Pişnamazzadə Azərbaycan mübarizəsində". teleqraf.az. 2015-05-18. 2024-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-15.
- ↑ "რასუმ ზადე მოლლა მასუმი" [Rəsulzadə Molla Məsim]. საქართველოს ეროვნული არქივი [Gürcüstan Milli Arxivi] (gürcü). Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivi, fond 153, siyahı 3, iş 3924.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Rüstəmov, Fərrux. Mirzə Davud Məsim oğlu Rəsulzadə // Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları. Bakı: ADPU. 2021. 121–126. ISBN 978-9952-8427-0-8.
- ↑ Бабаева, Джамиля. "Надеюсь, что азербайджанские историки помогут мне доказать, что я родственница Мамед Эмина Расулзаде". vesti.az. 2012-05-28. 2024-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-21.
- ↑ 1 2 "დავით რასულ-ზადე". Gürcüstan Milli Parlament Kitabxanası (gürcü). 2012. 2024-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-15.
- ↑ Babayeva, Cəmilə. "Məhəmməd Əmin Rəsulzadənin Gürcüstandakı qohumları - Azərbaycanla qırılmayan bağlar". Report İnformasiya Agentliyi. 2021-05-21. 2024-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-15.