Dilbaziler - Wikipedia
Dilbazilər — Azərbaycan xalqının tanınmış soylarından biri.[1]
Dilbazilər (Dilbazoğulları, Dilbazovlar) | |
---|---|
Titul | Bəy |
Əcdadı | Molla Alı ağa |
Qohum soylar |
Miralayevlər Şıxlinskilər Vəkilovlar Qiyasbəylilər |
Mənşəyi |
Qazax rayonu Xanlıqlar |
Təbəəliyi |
Gəncə xanlığı Rusiya imperiyası |
Torpaqları | Xanlıqlar |
Saytı | dilbazi.az |
Soyun tarixi
redaktəDilbazilər soyadı Nadir şahla bağlıdır. Bu söz Molla Alıya deyilib: əcəb dilbaz əst. Mənası: "əcəb ürəkli adamdır". Molla Alı ocağının oğullarından biri Əbdürrəhman ağa "Şair" təxəllüsü ilə Azərbaycan ədəbiyyatı tarixində iz qoyub.Dilbazoğulları sırf türk əsilli olmaqla, mənşələri Qaray/Qaraylı/Qaraman adı ilə tarixi qaynaqlarda qeyd olunan, XVI yüzilin sonlarında Səfəvi-Osmanlı müharibəsinin başlanmasına qədər Qazax bölgəsində böyük kütlə halında yaşamış çoxsaylı tayfa ilə bağlanır. Həmin müharibə əsnasında Qarayların çoxu bu diyardan Səfəvilər İmperiyasının iç vilayətlərinə köçüb getmişlərsə də, müəyyən hissə əski yurdlarında qalmış, yaxud sonra yenidən qayıdıb gəlmişlər.Dilbazoğullarının söykökü Qazax mahalının Xanlıqlar kəndi ilə lokallaşır. Bu kənd onların nəsillikcə tarixi yurd yerləri olmuş, burada artıb-çoxalmış və yalnız buradan başqa məntəqələrə yayılmışlar.Soykökün keçmişi ilə bağlı rəvayətlərə söykənsək, onların öncəki adı Xanoğulları olmuşdur. Dilbazilər onlara XVIII yüzilin birinci yarısında verilmiş addır.Nəslin ulu əcdadı Allahyarbəy Qaraylı (XVII yüzil) savadlı, qoçaq biradam kimi xatırlanır. Belə bir rəvayət var ki, Allahyar bəy İraqda təhsil almış, mədrəsə yoldaşı Anadolu türkü İbrahim bəy ilə dostluq etmiş. Vətənə qayıdanda onlarda qonaq qalmış və İbrahim bəy ona yola düşərkən bir ürgə və bir qulun bağışlamışdır.Allahyar bəy adının bu soykökdə özündən sonra 7 dəfə təkrarlandığı qeyd olunur. İbrahim bəy adı da bir neçə dəfə təkrarlanır. Nəsil rəvayətlərinə görə, Dilavər Əbdürrəhman ağa adlı şəxs — Molla Alı ağa Dilbazın babası imiş. О da savadlı, natiq və qoçaq bir adam kimi xatırlanır.
F. Köçərlinin "Azərbaycan ədəbiyyatı" kitabında Əbdürrəhman ağa, Hacı Rəhim ağa Vəhidi, ana tərəfi Dilbazilər olan Kazım ağa Salik, Mustafa ağa Arif (Azərbaycan mühacirət ədəbiyyatının ilk nümayəndələrindən biri) haqqında məlumat qələmə alınıb.
Xalq şairi Mirvarid Dilbazi 1994-cü ildə çap olunmuş "Bənövşələr üstə göz yaşları" xatirələr kitabında yazıb: "17, 18 və 19-cu yüzilliklərin axırına qədər nəslimiz ziyalı-mülkədar nəsli təmsil etmişdir.
Ziyalı nəsli təmsil edənlərin ölümündən sonra nəsildə bir boşluq əmələ gəlib.
Hacı Rəhim ağa Vəhidi təxəllüsün oğlanları, qızı bu boşluğu doldursalar da, yenə də azlıq edib.
Nəslimizdə müdrik, xalq hörməti qazanmış, Tiflisdə, Gəncədə mötəbər sayılan, çoxsaylı ziyalı dostları olan Böyük ağa, Çingiz ağa, Əbdürrəhim ağa, Baba Hüseyn ağa, İsmayıl ağa və adlarını unutduğum adlı-sanlı, səxavətli, xeyirxah yaşlı nəsli təmsil edən kişilər də yetişmişdi. Cavan atam da əmizadələrinin xeyirxah duyğuları ilə tərbiyələnib, inkişafa can atırdı.
Sinfi mənsubiyyətlərinə görə, rast gəldikləri məhrumiyyətlərə, maneələrə baxmayaraq nəslimizdən üç kənd təsərrüfatı elmləri namizədi — Hacı Dilbazi, Xanım Dilbazi (millət vəkili Arif Rəhimzadənin anası), Rəşid Osman ağa oğlu Dilbazi Kənd təsərrüfatı elmləri namizədi (1930,iyul),tibb elmləri doktoru Nəcməddin Hacıyev (Dilbazi), bir xalq aktrisası — Əminə Dilbazi, ömürlərini xalq maarifinə həsr etmiş iki qocaman pedaqoq: Vəli Dilbazi, "Məhəbbət qocalmır", "Ağ yasəmənlər" povestlərinin müəllifi Yaqut Dilbazi çıxmışdır. Bunların da hərəsinin faciəli bir həyatı olmuşdur". (İqtisad elmləri doktoru, professor Əsəd Dilbazov, tanınmış təhsil işçiləri Fərhad Dilbazov, Ağalar Dilbazov da bu sıraya aiddir)[2].
Dilbazi Ağalarının torpaq mülkiyyəti
redaktəBöyük və Kiçik Xanlıqlar kəndlərinin torpaqları 1920-ci ilə qədər Dilbazi ağalarının mülkiyyətində olduğundan bunun bəzi məqamlarının aydınlaşdırılması vacibdir. Tarixdən bəllidir ki, bütün XVIII yüzil ərzində Qazax mahalı kəndləri ağalarının, о cümlədən Dilbazi ağalarının torpaq mülkiyyət hüququ Səfəvilər dönəmindəki torpaq münasibətləri ilə tənzimlənirdi, Qazax mahalının daxil edildiyi və dövlətin tərkib hissəsi olmaqla, Tiflis vilayətində də həmin münasibətlər ha¬kim idi. Tiflis vilayətinin valisi II İrakli hakimiyyətdə olduğu dönəmdə (1746–1798) Qazax ağalarının torpaq hüquqlarını tanıyır və onların hər hansı şəkildə özündən narazı düşməsinə yol verməməyə çalışırdı. Bu münasibət II İraklinin 1783-cü ildə Georgiyevsk traktatını imzalamaqla, İrandan üz döndərib Rusiyanın himayəsinə keçərək, Gürcüstanın çarı statusuna qalxmasından sonra da saxlanırdı. Tarixdən о da bəllidir ki, II İrakli 1798-ci il yanvarın 11-də vəfat etdikdən sonra onun yerinə oğlu XII Georgi Davud (Qazax-Borçalı camaatının təbirincə — "Gurgin xan" keçdikdə, yeni çarın Qazax ağalarının hüquqlarına necə yanaşacağına dair məsələ qarşıya çıxır və XII Georgi Davud Qazax ağalarının bu məqsədlə Tiflisə göndərdikləri Murad Ələmdaradlı elçi ilə onlara, atasının goruna and içməklə, belə bir məzmunda məktub göndərmişdi ki, Qazax ağalarının bu vaxtadək mövcud olmuş və gözlənmiş hüquqlarına toxunmayacaqdır. 1803-cü ildə ruslar Gürcüstanda İraklinin xələflərinin hakimiyyətinə qəti son qoyub, öz hakimiyyətlərini bərqərar etdikdən sonra da Qazax ağalarının torpaq mülkiyyət hüququ ilk vaxtlar dəyişilməz qalırdı. Yəni ağaların/bəylərin övladları xanlıq dönəmindəki kimi kəndləri idarə etməkdə davam edir, kənd əhalisi onların xeyrinə vergilər ödəyir və müəyyən mükəlləfiyyətləri icra edirdilər. Güney Qafqazda torpaq məsələsinə fərqli baxış çar I Aleksandrin dövründə (1801–1825) meydana çıxdı. Torpaqlar xanların, ağaların/bəylərin istifadəsində saxlanılmaqla, dövlət mülkiyyətinə keçirildi ki, bu da müəyyən narazılıqlar doğurdu. Lakin az sonra bu qaydaya düzəliş vermək lüzumu ortaya çıxdı. Digərtərəfdən İran və Osmanlı ilə Qafqaz məsələsində hərbi-siyasi münasibətlər aydınlaşmışdı və çar hökuməti yerlərdə özünə möhkəm və etibarlı siyasi dayaq yaratmaq məqsədilətorpaqları yenidən xanların, sultanların, ağaların və bəylərin mülkiyyətinə qaytarmaq qərarına gəldi. Və beləliklə, xanların, ağaların/bəylərirı, sultanların hüquq və imtiyazlarının müəyyən edildiyi 1818-ci il Nizamnaməsi qəbul edildi ki, burada sair məsələlərlə yanaşı onların torpaq mülkiyyət hüquqları da əksini tapırdı. Çar I Nikolayın 28 may 1841-ci il tarixli fərmanı ilə xanlar, bəylər və ağalar kəndliləri idarə etməkdən kənarlaşdırıIdılar və onlara kəndlilərdən aldıqları vergilər müqabilində daimi maaş təyin edildi. Ardınca çar I Nikolay məşhur 6 dekabr 1846-cı il reskriptini verdi. Qafqaz canişininin həmin reskript əsasında verdiyi qərarla Xanlıqlar Qazax Böyük Xanlıqlar və Kiçik Xanlıqlar torpaqları yenidən Dilbazi ağalarına təhkim edildi və onların mülkiyyətinə çevrildi. Bu о demək idi ki, kənd əhalisi mülkədarlara tabe edilir, torpaqdan istifadəyə görə mülkədara müxtəlif vergilər ödəyirdi. Kəndlərdə asayişin qorunması mülkədarlara həvalə edilir və onlar birinci çağırışda çar ordusu sıralarında yer tutmağa hazır olmalı idilər. Bu fərman da kifayət etmədi və ardırıca 20 aprel 1847-ci il fərmanı verildi ki, bunun əsasında torpaq sahibi həmin torpaq üzərində yaşayan, 15 yaşından yuxarı və kişi cinsindən olan hər bir əkinçi üçün 5 desyatin əkinə yararlı torpaq ayırmalı idi. Bunun müqabilində əkinçilər mülkədarlara bu vergiləri və mükəlləfiyyətləri ödəməli idilər: malcəhət (məhsulun onda biri həcmində; hərgah əkin mülkədarın qoşqu heyvanı, cütü və toxumu ilə becərilirdisə, onda məhsulun beşdə biri), hər 10 ailə mülkədar evinə bir kişi və hər 15 ailə bir qadın xidmətçi verməli idi. Hərailə ildə 18 gün öz iş heyvanı ilə mülkədara əvəzi ödənilmədən işləməli, onun əkin-biçin işlərini yerinə yetirməli idilər. Kəndli işləmədiyi hər gün üçün mülkədara 20 qəpik pul da ödəyə bilərdi və s. Dilbazi ağalarının Kiçik Xanlıqlar kəndi üzrə torpaq mülkiyyətçiliyinə dair "Şəhadətnamə"nin Süleyman ağa Nəsib ağa oğlu Dilbazovun adına 5 iyul 1895-ci il tarixdə verilmiş, birtərəfi rusca və о biri tərəfi Azərbaycan türkcəsində yazılmış surətində ağaların mülkiyyət hüququ bu sayaq əks olunur.
Soyun tanınmış nümayəndələri
redaktəAdı | Doğum tarixi | Vəfat tarixi | Fəaliyyəti |
---|---|---|---|
Əbdürrəhman ağa Dilbaz oğlu | XVIII əsr | XIX əsr | "Şair" – Azərbaycanın ilk istiqlal şairi. XVIII əsrin II yarısı, XIX əsrin əvvəllərində yaşamışdır. |
Mirvarid Dilbazi | 1912 | 2001 | Azərbaycanın ilk qadın xalq şairi |
Yaqut Dilbazi | 1910 | 1994 | Azərbaycanlı yazıçı |
Əminə Dilbazi | 1919 | 2010 | Azərbaycanın xalq artisti (Milli rəqsimizin şahzadəsi) |
Nəcməddin Ələddin oğlu Hacıyev (Dilbazi) | 1926 | 1980 | Professor, Sovet Kosmik Tərabətinə öz töhfəsini vermiş ilk Azərbaycanlı, SSRİ idman ustası. |
Hacı Allahyar ağa Dilbazov | 1799 | 1866 | 1827–28 ci il Rus-İran müharibəsində Qazax Süvari Alayının tərkibində iranlılara qarşı döyüşlərdə iştrak etmişdir.3 sentyabr 1826-ci il tarixdə baş vermiş Şamxor döyüşündə şəxsi igidlik göstərdiyi üçün Anna lenti üzərində gümüş medala layiq görülmüşdür. |
Hacı Rəhim ağa Dilbazov | 1822 | 1874 | Azərbaycan şairi |
Camal ağa Dilbazi | 1860 | 1945 | Azərbaycan şairi,Sufi və təriqət şairi, filosof |
Kornet Rəhim ağa Dilbazov | 1842 | 1895 | Əlahəzrət İmperatorun şəxsi konvoyda Kornet rütbəsində xidmət etmişdir.("Əlahəzrət imperatorun konvoyunda xidmətə görə" medalı almışdır) |
Əbdürrəhman ağa Dilbazov | 1859 | 1917 | Tanınmış şəxsiyyət (Bəy) |
Osman ağa Dilbazov | 1893 | 1938 | Repressiya qurbanı (Bəy) |
Əsəd Dilbazov | 1926 | 2003 | İqtisad elmləri doktoru, professor,alim |
Müseyib Dilbazi | 1923 | 2011 | Böyük vətən müharibəsi iştirakçısı |
Əli Ömər oğlu Ömərov (Dilbazi) | 1947 | Azərbaycan Respublikasının sabiq Baş Prokuroru | |
Yusifov Yusif Niftalı ağa oğlu (Dilbazi) | 1906 | 1995 | Dövlət xadimi, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru |
Qalereya
redaktə-
Əbdürrəhman ağa Dilbazov (ortada)
Şəkil 1890-ci ildə Batumda çəkilmişdir.
İstinadlar
redaktə- ↑ dilbazi.az saytı[ölü keçid]
- ↑ Şamxəlil Məmmədov. Sənəti ilə ürəklərdə yaşayan şair. "Azərbaycan müəllimi", 15 oktyabr 2010, № 40
Mənbə
redaktə- Umudlu, İsmayıl Balı oğlu. Dilbazilər: tarixi-bioqrafik araşdırma. Bakı: Əbilov, Zeynalov və oğulları NPE, 2007, 392 səh.