Dilsuz Dunyamaliyev - Wikipedia
Dilsuz Dünyamalıyev (d. 2 noyabr 1945) — yazıçı-publisist; Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Dilsuz Dünyamalıyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şahbuz rayonu, Keçili (Şahbuz) |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Əməkdar müəllim Yazıçı-Publisist |
Həyatı
redaktəHacı Dilsuz Dünyamalıyev 1945-ci ildə Şahbuz rayonunun Keçili kəndində anadan olub. 1959-cu ildə Keçili kənd yeddiillik məktəbini, 1962-ci ildə Şahbuz qəsəbəsində XI sinfi bitirib. Həmin il Naxçıvan şəhərindəki birillik pedaqoji kursa daxil olub. Həmin il pedaqoji kursu bitirəndən sonra Külüs və Keçili kəndlərində müəllim işləyib. 1964-cü ildə V.İ.Lenin adına APİ-nin (indiki N.Tusi adına APU) dil-ədəbiyyat fakültəsinə daxil olub və təhsilini qiyabi yolla başa vurub. 1970–1980-ci illərdə Keçili kənd orta məktəbində direktor, 1980–1995-ci illərdə Keçili və Külüs kəndlərində sovet sədri, 1995–2006-cı illərdə Keçili kənd orta məktəbində müəllim işləmişdir.
Ailəlidir. İki övladı, beş nəvəsi, iki nəticəsi var.
Fəaliyyəti
redaktəBədii yaradıcılığa şeirlə başlamışdır. Şeir və hekayələri, «Qabaqcıl» (indiki «Oğuz səsi»), «Azərbaycan müəllimi», «Azərbaycan gəncləri», «Şərq qapısı» qəzetlərində, «Arazın işıqları», «Zor bulağın zümzüməsi», «Şahbuzlu şəhidlər», «Uşaqlar və günəş», «El məhəbbəti», «Haqqın var yaşamağa», «Bu da belə bir ömürdü» almanaxlarında, «Naxçıvan» jurnalında çap olunmuşdur. Topladığı nağılların bir qismi Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin nəşr etdiyi «Azərbaycan nağılları» kitabında, topladığı folklor nümunələri isə «Naxçıvan folklor antologiyası» kitabında dərc edilmişdir. Şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması və tədqiqi ilə məşğul olmuş, metodiki, elmi mövzuda yazıları dövri mətbuatda dərc edilmişdir. Sevimli şagirdlərindən şair-hüquqşünas Fikrət Qəribov nəşr etdirdiyi «Bu da belə bir ömürdü» (2002-ci il, Bakı), «Nurlan» kitabındakı «Müəllim ömrü» poemasını Dilsuz müəllimə həsr etmişdir. 2011-ci ildə nəşr edilən «XX–XXI əsrin yaradıcı və ziyalı insanları» (VII hissə), eləcə də 2015-ci ildə nəşr edilən həmin seriyanın XII hissəsində, «Azərbaycan yazıçıları» kitablarında müəllifin həyatı və yaradıcılığı haqda məqalələr dərc edilmişdir. 2014-cü ildə nəşr edilən «Uşaq ədəbiyyatı» almanaxında, Əbülfəz Muxtaroğlunun «Deyimlərim, yozumlarım», Hacı Tofiq Seyidzadənin «Azərbaycanın şair və yazıçılarının fəaliyyətləri barədə» (2007–2014) müəllifin yazıları dərc edilmişdir. «Qağayı nəğməsi», «Ömrün payızı», «Hikmət çələngi», «Tale yollarında», «Gecikmiş etiraf», «Sənli günlərim», «Meteorit ömrü», «Mərhəmət işığı» və «Söz gülüstanı» kitablarının müəllifidir. 2002-ci ildə Bakı şəhərində keçirilən «İlin müəllimi» müsabiqəsinin qaliblərindən biri olmuş və III dərəcəli diplomla, 2015-ci ildə isə «Qızıl qələm» media mükafatı laureatı adı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.