Duhalar - Wikipedia
Duhalar — Monqolustanın şimalında yaşayan Monqolustan əhalisini təşkil edən 24 tayfadan biri[2]. Duha tayfası Monqolustandakı dörd türk tayfasından biridir. Digərləri Kazak, Hoton və Tıvadır. 2010-cu ilin məlumatlarına əsasən duhaların sayı cəmi 282 nəfər idi[1].
Ümumi sayı | |||
---|---|---|---|
282 (2010)[1] | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Etnonimi
redaktəMonqol mənbələrində duhaları uranhay, tayqa uranhay, taigin irged (azərb. tayqa xalqı), oin irged (azərb. meşə xalqı), soyat, tsaatan (azərb. şimal maralının sahibləri - "tsaa" – şimal maralı və isimdən isim düzəldən "-tan" şəkilçisi) olaraq adlandırıblar. Hazırda isə monqollar rəsmi olaraq duhaları və həmçinin Monqolustandakı müsəlman olmayan digər türk xalqlarını ümumilikdə uyğur adlandırırlar[2].
Bəzi türkoloq və tarixçilərin fikrincə "tuva/tuba" etnoniminə sahib xalqlar əslən samoyed və yeniseyli olub tarixin müxtəlif dövrlərində türkləşiblər ki, duhalar da onlardan biridir[2].
"Du-bo", "Tu-po" etnonimi ilk olaraq VII yüzilliyin əvvəllərində 581-618-ci illəri əhatə edən Çin Sui-Şu təqvimində qeyd edilib. Duhaların adı ilk dəfə 618-907-ci illərdə Çində hakimiyyətdə olmuş Tan sülaləsi dövrünün salnamələrində göstərilmişdir. 618-906-cı illərə aid olan Çin Tang-Shu kitabəsində duhalar, uyğurlar və bir qism Oğuz boylarının da mənsub olduğu xalqlar "T ieh-le" boylar birliyində göstərilmişdir[2].
Bu mənbələrə görə "Tu-po" xalqı 551-744-cü illərdə olmuş Birinci ilə İkinci Göytürk xaqanlıqları və 744-840-cı illərdə olmuş Uyğur Xaqanlığı dövrlərində qırğızların və "kiçik göl"ün cənubunda (böyük ehtimalla Baykal gölü hesab olunur), uyğurlardan isə şimalda yaşayırdılar. Bu coğrafiya bugünkü Tıva və cənub Hövsgölü ərazisini əhatə edir. Mütəxəssislərə görə əslən samoyed və yeniseyli, ya da digər qeyri-türkdilli xalqlardan olduqları ehtimal edilir ki, onları Uyğur Xaqanlığının tabeliyində ikən türkləşdikləri bildirilir. Bir çox arxeoloji qazıntılar və runik yazılı uyğur dilində olan abidələr də bu fikirləri təsdiqləyir[3].
XIII əsrdən etibarən bu bölgə Monqol İmperatorluğunun hakimimiyyəti altına düşmüşdür. 1240-cı ildə yazılmış, Çingiz xanın şəxsiyyəti, yürüşləri, bir sıra ölkələri, o cümlədən Türküstanı istila etməsilə bağlı "Monqolların gizli tarixi" adlı əsərində Tubas və Tuqas ("-s" monqol dilində cəm şəkilçisidir) adlı xalqlardan bəhs edilmişdir. Hansı ki, həmin mənbədə duhaların Çingiz xanın oğlu Cuçiyə tabe olan şimaldakı orman toplumlarından olduğu göstərilir. Duhaların ən məşhur tədqiqatçısı Elizabeta Ragagnin belə hesab edir ki, kitabda adı keçən tuqaların indiki duhalar olması ehtimalı böyükdür:
"Tuqa sözündəki içsəs q-nın – h- < *p və *q səsini təmsil etdiyi açıq göründüyündən duhaların bunlarla bağlılığı ehtimal oluna bilinər. XIII əsrdə tuqa və tuba xalqlarının ayrı xalqlar olduğu söylənilir. Bəzi boyların monqollaşması və bəzilərinin də bəlkə monqollaşdıqdan sonra türkləşmələrinin bu dövr və ya bu dövrdən qısa bir vaxt əvvəl var olduğu düşünülür."[4]
XIX əsrdə Sayan bölgəsində ekspedisiyada olan fin dilçisi Matias Aleksandr Kastren türkləşmiş samoyed boylarından bəhs etmiş, onların qədim dillərini hələ də unutmadıqlarını qeyd etmişdir[2].
1732-ci ildən 1911-1912-ci illərə qədər monqollar və Tıva Çinin hakimiyyəti altında idi. 1911-1912-ci illərdə hər iki ölkə müstəqilliklərini elan edirlər[2].
1926-1927-ci illərdə Monqolustan və Tıva arasında şərti sərhədlər müəyyən edilir. Nəticədə bu sərhədlər duhaların köçəri yaşadıqları əraziləri iki hissəyə ayırır. 1947-ci ildən isə Tıva SSRİ-nin tərkibinə daxil olur və Monqolustan ərazisində yaşayan duhalarla onların əqrabaları arasında əlaqələr kəsilir. 1947-ci ildə duhaların Tıvada qalan yaşlı insanlarının çoxu Monqolustana qaçırlar. Lakin onlar yalnız 1956-cı ildə Monqolustan vətəndaşı olurlar[2].
Sayları
redaktəStatistik göstəricilər duhaların sayının ilbəil azaldığını göstərir[2].
2000-ci ildəki siyahıyaalmada onların sayı 303 nəfər olmuşdur[2].
2010-cu ilin məlumatına görə isə təqribən 44 ailədən ibarət olan duhaların saylı cəmi 282 nəfər idi[2].
Yaşayış yerləri
redaktəKöçəri həyat sürən duhalar əsasən Monqolustanın Hövsgöl elinin şimalında, Tsagaannur qəsəbəsində və tayqalarda yaşayırlar. Bu bölgə şimal-şərqdə Rusiya Federasiyasının subyektlərindən biri olan Buryatiya, şimal-qərbdə isə Rusiya Federasiyasının digər bir subyekti olan Tıva ilə qonşudur. Duhalar üç fərqli bölgədə yaşamaqdadırlar[2]:
- Qərbi və Şərqi Tayqa olaraq ayrılan yüksək tayqalarda;
- Harmay və Hogrok çayları bölgəsində;
- Tsagaannuur qəsəbəsində.
Duhalar öz dillərində "alajə öy" (azərb. "dirək evi") deyilən çadırlarda yaşayırlar ki, bu çadırları həm də çum adlandırırlar. Oval şəkildə tikilən monqol çadırlarından fərqli olaraq, Duhaların çumları şişucludur[2].
Məşğuliyyətləri
redaktəKöçəri həyat sürən duhaların əsas ənənəvi məşğuliyyətləri maralçılıqdır. Onlar maralın südü ilə qidalanır, dərisindən geyim kimi istifadə edir, buynuzundan və sümüyündən müxtəlif əşyalar hazırlayırlar. Ancaq onlar, xüsusi zərurət olmasa, maral ətini yeməzlər. Nadir hallarda balıq və ov əti ilə, dağdan topladıqları bitki və yabanı meyvələrlə, giləmeyvələrlə qidalanarlar[2].
Onların məşğuliyyətləri yaşadıqları bölgələrə görə də fərqlənir. Məsələn:
- Tayqa bölgəsində yaşayan duhalar köçəri həyat tərzi sürür, şimal maralı bəsləyir, ovçuluq edir, meşədən meyvə və giləmeyvə toplayır, bəzən isə balıq tutmaqla məşğul olurlar.
- Tsagaannuur qəsəbəsində və çay yaxınlığında yaşayanlar isə monqolların həyat tərzinə oxşar bir həyat tərzi sürürlər. Onlar əsasən heyvandarlıqla məşğul olub sığır, at, dəvə, qoyun, keçi bəsləyirlər[2].
Duhalar bundan 2 min il əvvəl necə yaşayırdılarsa, indi də həmin şəkildə yaşayırlar. Belə ki, onların toplum içində başçı və ya liderləri yoxdur, ovdan əldə etdiklər qidanı, ova qatıldı-qatılmadı, bütün ailələr arasında bölürlər, qadınlar kişilərdən və yaxud da kişilər qadınlardan heç nə ilə üstün sayılmırlar, təbiəti öz çumlarından da təmiz saxlayırlar, çayda əllərini yumurlar ki, çay çirklənməsin, evlilik olmadan da uşaq dünyaya gətirilə bilər, bütün canlılara və cansızlara sayğı duyur, hörmət edirlər. Duhalara görə, canlı, ya cansız, hər şeyin ruhu var[2].
Onlar ovladıqlar ovun ruhundan üzr istəyirlər[2].
Mədəniyyətləri
redaktəDilləri
redaktəDanışdıqları dil türk dillərinin Sibir qolunun Sayan qrupuna aid olan tayqa altqrupuna mənsub duha dilidir[2].
Duha dilində əsas sözlərin əksəriyyəti türk kökənlidir. Məsələn, "gis" - "qız", "hün" - "gün", "utə-" - "uyu-", "per-" - "ver" və sair[2].
Duha dilinə monqol dilindən də çox sayda alınma söz toplanıb. XX əsrin ikinci yarısından etibarən duha dilinə monqol dilinin təsiri daha aydın şəkildə görünməkdədir. Bunun da əsas səbəbi duhalı uşaqların monqol məktəblərində və monqol dilində tədris almasıdır. Demək olar ki, hazırda uşaqlar və gənc nəsil duha dilini bilmir. Duhalar yeni nəsillərin duha dili bilməməklərini məktəbdə monqol dilində təhsil almaqları ilə əsaslandırırlar[2].
Duha dilində indi yalnız yaşlı adamlar öz aralarında danışırlar və bu da yaşlı nəsil dünyanı tərk etdikdən sonra bu dili də öləcəyi ehtimalını və təhlükəsini yaradır. Ona görə də duha dili YUNESKO-nun yayımladığı təhlükə altında olan dillər atlasında "ciddi şəkildə təhlükə altında olan dil" kimi göstərilmişdir[5].
İnancları
redaktəDuhalar şamanizmə tapınırlar. Lakin uzun müddət şamanizm Monqolustanda qadağan edilib və şamanlar sürgün olunublar[2].
Duha mədəniyyətində dil və şamanizm bir-biri ilə sıx surətdə bağlıdır. Duha şamanları ruhlarla duha dilində danışırlar. Onlar belə hesab edirlər ki, çağırdıqlar qüvvələr, ruhlar başqa dilləri bilmirlər. Ona görə də yeni nəsil duha dilini bilmədiyi üçün şamanlıq edə, ruhlarla anlaşa bilməzlər. Həm də hesab olunur ki, gənc nəsil dili bilmədikcə, öyrənmədikcə ayinlərdə deyilən dualar, xüsusi sözlər də işlədilmədiyi üçün unudulacaq[2].
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Жуковская Н. Л. Дархаты // Народы и религии мира / Глав. ред. В. А. Тишков. М.: Большая Российская Энциклопедия, 1999. P. 432.
- Lattimore O. Rev.: Mongolia: Unknown Land. by Jorgen Bisch by Reginald Spink. Pacific Affairs 37, 1965. P. 455—456.
İstinadlar
redaktə- ↑ 1 2 "Хүн Ам, Орон Сууцны 2010 Оны Улсын Тооллогын Үр Дүн" (PDF). 2013-10-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-25.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 Şahnaz Kamalova. Türkdilli Duhalar – yox olmaq təhlükəsilə üz-üzə Arxivləşdirilib 2023-07-07 at the Wayback Machine. 525-ci qəzet. 8 fevral 2013, səh. 7 (az.)
- ↑ Ragagnin 2011. 13-21.
- ↑ Elizabeta Ragagnin. "Kayıp olmayan bir türkofon halk". (türk.)
- ↑ "Endangered Languages of Indigenous Peoples of Siberia: The Soyot Language". 2014-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-25.
Xarici keçidlər
redaktə- Жуковская Н. Л. Вокруг Света: Цаатаны — имеющие оленей Arxivləşdirilib 2020-09-27 at the Wayback Machine Вокруг Света. (rus.)
- «The tiny tribe where work is life» — Обзорная статья BBC (ing.)
- Kayıp Türkler Duhalar (türk.)
- Kayıp Türkler-Dukhalar (türk.)
- KayıpTürkler hakkında GazeteBilkentyazısı Arxivləşdirilib 2014-12-25 at the Wayback Machine (türk.)
- National Geographic News "Reindeer People" Resort to Eating Their Herds", 2004
- Mongolia: Reindeer Culture Hangs On In The Far North, By Pearly Jacob, September 22, 2011
- National Geographic News: Pictures of Mongolia's Reindeer People
- Photos of Dukha family and their lifestyle Arxivləşdirilib 2017-11-14 at the Wayback Machine By Hamid Sardar
- Brief Photo Introduction about Dukha/ Tsaatan Tribe in Northern Mongolia Arxivləşdirilib 2015-03-25 at the Wayback Machine
- NBC News: Short video about Tsaatan way of life
- Reindeer Portal, Source of Information about Reindeer Husbandry Worldwide "Tsaatan/Dukha"
- Business Insider: Meet Mongolian Reindeer Herders Fighting to Save Their Way of Life By Harrison Jacobs, May 23, 2014.
- The UB Post Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine: “Reindeer People” to receive monthly allocation, May 14, 2013.
- BBC : A precarious life in Mongolia’s north Travel story by Anna Kaminski, June 10, 2014.
- We are Dukha: This is the Way of Our People; The Totem People's Preservation Project