Ekoloji Faktorlar - Wikipedia
Ekoloji faktorlar — canlıya təsir edən mühit komponentlərinin cəmi. Ətraf mühitin ekoloji faktorları orqanizimdə gedən biokimyəvi və fizioloji proseslərə-qidalanma, tənəffüs, fotosintez və s. proseslərə, elə cə də onun yayılmasına, inkişafına, məhsuldarlığına, ömrünə, sutkalıq və illik fəaliyyətinə təsir edir. Faktorların orqanizmə təsiri müxanizminə görə xüsusi hallar ilə yanaşı müəyyən ümumilik də mövcuddur. Hansı faktor olursa olsun, onun canlıya təsiri optimal (ən əlverişli) hissədən kənarlaşdıqca zəiflədici, lap kənarda isə öldürücü olur.
Ekoloji faktorlar 3 böyük qrupa ayrılırlar:
Abiotik faktorlar-Ətraf mühitdən canlılara təsir edən cansız komponentlər- işıq, temperatur, hava, rütubət, təzyiq, sıxlıq, kimyəvi tərkib və s.
Biotik faktorlar-ətraf mühitdən canlıya təsir edən digər canlılar. Canlıların bir-birinə təsiri növdaxili və növlərarası olur. Biotik faktorlar 3 əsas istiqamətdə inkişaf edir və ya 3 əsas səbəbdən əmələ gəlir: 1.qida əlaqəsi, 2. sahə əlaqəsi, 3. reproduktiv (nəsil vermək) əlaqə. Qida əlaqəsi növlər arasında, sahə və reproduktiv əlaqələr isə növ daxilində, yəni növün fərdləri arasında olur.
Antropogen faktorlar-insanın başqa canlılara təsiri deməkdir. Antropogen faktorlar öz növbəsində 2 qrupa ayrılırlar:
- İnsanın digər canlılara birbaşa təsiri. Məsələn, ov etmək, balıq tutmaq və s.
- İnsanın başqa canlılara dolayı təsiri-onların yaşama şəraitini dəyişdirməklə etdiyi təsir. Canlılnın yaşama şəraitini dəyişdirmək ona ətraf mühitdən təsir edən faktorları dəyişdirmək deməkdir. Deməli insan faktorların faktorudur. Unutmaq olmaz ki, orqanizmlərin mühitə uyğunlaşması nisbi xarakter daşıyır. İnsan ətraf mühiti dəyişdirməklə, orqanizimləri yeni-yeni uyğunlaşmalar qazanmağa məcbur edir. Hər bir yeni uyğunlaşma orqanizmin davranışında görünən dəyişikliklərlə başlayır(etoloji uyğunlaşma), sonra onun həyat tərzinə keçir (ekoloji uyğunlaşma), ən axırda morfoloji əlamətlər dəyişir. Budur təkamülün ümumi yolu.
Mənbə
redaktə- Mustafayev Q. T. Ekologiyadan konspekt. Bakı, Şərq-Qərb,1993, 184 s