Elmira Huseynova Heykeltaras - Wikipedia
Elmira Mehralı qızı Hüseynova (9 fevral 1933, Bakı – 23 yanvar 1995, Bakı) — heykəltaraş, Azərbaycanın əməkdar rəssamı (1967).[1]
Elmira Hüseynova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
|
Janr | heykəltaraşlıq |
Mükafatları |
Həyatı
redaktəElmira Mehralı qızı Hüseynova 1933-cü ildə Bakıda anadan olmuşdur. Erkən yaşlarından rəsm çəkməyə maraq göstərən Elmira xanım daha sonra rəssamlıq təhsili almaq üçün ciddi çalışmış, beləliklə, 1954-cü ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini, 1960-cı ildə isə İ. Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunu bitirmişdir. O, 1957-ci ildən ölkəmizdə və ittifaq respublikalarında təşkil olunan sərgilərdə iştirak etmiş, heykəltaraşlığın məişət və portret janrlarında çalışmışdır.
Heykəltaraş Elmira Hüseynova 1995-ci il yanvar ayının 23-də Bakı şəhərində vəfat etmişdir.
Yaradıcılığı
redaktəElmira xanım eyni zamanda monumental heykəltaraşlıq sahəsində də fəaliyyət göstərib və özünəməxsus dəst-xət nümayiş etdirib. Onun 1967-ci ildə görkəmli dramaturq Cəfər Cabbarlıya həsr olunmuş sərgidə təqdim etdiyi xatirə lövhəsi (1968) kompozisiya və bədii keyfiyyətləri ilə tamaşaçıların marağına səbəb olmuşdur. Müəllif əsərdə böyük ədibin görkəmini dəqiq, dinamik, işıq və kölgə effektlərini harmonik şəkildə bütövləşdirmişdir.
Heykəltaraşın müxtəlif illərdə ərsəyə gətirdiyi bir-birindən maraqlı nümunələr ideya-sənətkarlıq cəhətdən mükəmməlliyi ilə seçilir. Müəllif əsərlərini əsasən tunc, daş, mərmər, keramika, gips, ağac və epoksid qatrandan hazırlamış, daha çox ağac üzərində işləmişdir. Onun "Kolxozçu qız" (1957), "Fəhlə" (1958), "Ailə" (1960) kompozisiyası, "Rəsul Rza" (1970), "Cəfər Cabbarlı", "Taxılçı", "Qızımın portreti", "Polşalı tələbə qız", "Sevgi obrazı", "Hər şey cəbhə üçün", "Neftçilər", "Əsmərin portreti", "Rejissor Tofiq Kazımovun xatirəsinə", "Akademik M. Cəfərovun portreti" və s. əsərləri Azərbaycan heykəltaraşlığına verdiyi töhfələrdir.[2]
Elmira Hüseynovanın yaradıcılığında ana, övlad, ümumilikdə ailə sevgisi əsas yer tutur. Müəllif 1963-cü ildə hazırladığı "Ailə" kompozisiyasında ata və anasının başını özünə tərəf çəkib, öz başını da anasının başına söykəyən qızcığaz təsvir olunub. Əsərdə müəllifin bir ömrün yaşantılarını canlandıra bilmək bacarığını müşahidə edirik.
Sənətkarın yaradıcılığında Azərbaycan elminə, təhsilinə, mədəniyyətinə, incəsənətinə böyük töhfələr verən görkəmli şəxsiyyətlərə sonsuz rəğbətini müşahidə etmək mümkündür. Bu cəhətdən müəllifin diqqətəlayiq əsərlərindən biri də görkəmli maarifçi, təbiətşünas alim Həsən bəy Zərdabinin Azərbaycan Milli Ensiklopediyasının binası qarşısında ucaldılan abidəsidir. Tunc qranitdən hazırlanmış bitkin kompozisiya obrazın xarakter keyfiyyətlərinin ustalıqla açılmasının sənət nümunəsidir.
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlulzadəyə həsr etdiyi portretdə obrazın qabarıq təqdimatı, səciyyəvi üz cizgilərinin yaddaqalan tərzdə göstərilməsi xüsusilə maraq doğurur. Sənətkar şəxsiyyətinin bütövlüyü, daxili dünyasının zənginliyi dolğun şəkildə təsvir olunur.
Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun büstü də Elmira Hüseynovanın yaratdığı ən uğurlu əsərlərdən biri hesab edilir. Burada teatr sənətimizə böyük töhfələr verən rejissorun sənətkar imici ilə nümunəvi şəxsiyyəti vəhdət təşkil edir. Qeyd edək ki, Elmira xanım xüsusilə bu əsərin materiala köçürülməsini çox arzulamışdır.
Mükafatları
redaktə1967-ci ildə Hüseynova Elmira Mehralı qızına Azərbaycanın Əməkdar rəssamı adı verilmişdir. Günümzdə onun əsərləri Bakı və Sumqayıt şəhərlərində küçə və meydanlarda qərar tutub, həmçinin Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında və şəxsi kolleksiyalarda saxlanılır.
İstinadlar
redaktə- ↑ Elmira Məsimli. "Elmira Hüseynova heykəltaraşlıq sənətinə böyük töhfələr verib". 19 noyabr 2019 tarixində arxivləşdirilib.
- ↑ Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 22.