Ermenistan Turkiye Muharibesi 1920 - Wikipedia
Ermənistan-Türkiyə müharibəsi (1920) — Rusiya imperiyasının dağılmasından sonra yaranmış erməni-daşnak hökumətinin işğalçılıq siyasəti nəticəsində baş vermiş müharibə.
Müharibənin başlanmasında böyük dövlətlərin antitürkiyə siyasəti də az rol oynamamışdı. Versal-Vaşinqton sisteminin tərkib hissəsi kimi Paris sülh konfransında (1919-20) hazırlanmış Sevr sülh müqaviləsi (1920) Osmanlı imperiyasının bölüşdürülməsini nəzərdə tuturdu. Müqavilənin imzalanmasına Birinci dünya müharibəsinin (1914-18) qalib dövlətləri ilə yanaşı, Ermənistan (Ararat) Respublikası da cəlb edilmişdi. Müqaviləyə görə Türkiyənin Van, Bitlis, Ərzurum və Trabzon vilayətlərinin bir hissəsi erməni-daşnak hökumətinə verilməli idi. Türkiyə Böyük Millət Məclisi ölkənin ərazisini bölüşdürən bu müqaviləni rədd etmiş, sultan da onu ratifikasiya etməmişdi. Ermənistan isə Türkiyəyə qarşı əsassız ərazi iddialarını həyata keçirmək üçün müharibəyə başladı. 1920-ci il iyunun 18-də daşnaklar Oltu şəhərini tutdular. Rusiya hökuməti Ermənistanla may-iyun və Türkiyə ilə iyul-avqust aylarında Moskvada keçirilən konfranslarda hadisələrə müdaxilə etməyə çalışdı. Lakin hər iki tərəf onun təkliflərini qəbul etmədi. Türk ordusu işğal olunmuş torpaqların azad edilməsinə başladı; sentyabrın 29-da Sarıqamışı, sonra Ərdəhanı azad etdi. Çıxılmaz vəziyyətə düşdüyünü görən erməni-daşnak hökuməti türklərin azadlıq yürüşünü da-yandırmaq üçün Qərb dövlətlərinə, "bütün sivilizasiyalı dünyaya", müttəfiqlərə müraciət etdi, lakin türklərin uğurlu, ədalətli mübarizəsi bu cür "müraciətləri" cavabsız qoydu. Oktyabrın 30-da türklər Qarsa daxil olaraq, Aleksandropol (Gümrü) istiqamətində hücumu davam etdirdilər. Ermənistanın ABŞ, B.Britaniya, Fransa və İtaliyaya yeni müraciətləri də cavabsız qaldı. Gürcüstan Respublikası isə noyabrın 6-da neytrallığını elan etmişdi. Sovet Rusiyası bu müharibədən istifadə edərək, Ermənistanda möhkəmlənməyə çalışırdı. Lakin erməni-daşnak hökumətinin onun hərbi kömək təklifini rədd etməsi bu niyyəti boşa çıxartdı. Türklər uğurlu hərbi əməliyyatlar nəticəsində noyabrın 7-də Aleksandropolu azad etdilər. İrəvan üzərinə yürüş başlandı. Noyabrın 18-də Ermənistan barışıq imzalamağa məcbur oldu. Noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti quruldu. Sovet Rusiyasının hərbi əməliyyatları nəticəsində devrilmiş daşnak hökuməti qüvvələrini sovet hakimiyyətinə qarşı səfərbər etmək üçün dekabrın 2-də Gümrü müqaviləsini (1920) imzaladı. Türkiyənin müharibədəki qələbəsi onun nüfuzunu xeyli möhkəmləndirdi və 1921 il Moskva və Qars müqavilələrinin bağlanmasını sürətləndirdi (bax Qars müqaviləsi(1921) və Moskva müqaviləsi (1921)).
Həmçinin bax
redaktəİstinadlar
redaktə- Hüseynov Q.H., Atatürk dövründə Türkiyənin xarici siyasətinə dair, B., 1970
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı, “Lider nəşriyyat”, 2004, səh. 345