Ermitaj - Wikipedia
Ermitaj — dünyanın ən zəngin muzeylərindən biri. Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajı. Dünyanın ən iri muzeylərindən olan Ermitajın 350 zalında 3 milyonadək eksponat var. Muzey 5 binadan ibarətdir: Qış sarayı, Kiçik Ermitaj, Köhnə Ermitaj, Yeni Ermitaj, Ermitaj Teatrı. Bu binalar bir-birilə əlaqəli tikilib. İlk vaxtlar eksponatlar Qış sarayının otaqlarında yerləşdirilib.
Dövlət Ermitajı | |
---|---|
rus. Государственный Эрмитаж | |
Əsası qoyulub | 1764 |
Açılış tarixi | 1764 |
Təsisçi | |
Mövzu | İncəsənət, tarix, arxeologiya |
Ölkə | |
Yerləşir | Rusiya, Sankt-Peterburq |
Kolleksiyası | 3 000 000 |
Ziyarətçi sayı |
|
Telefon | +7 (812) 710-90-79, (812) 710-96-25 |
İş rejimi | iş günləri 10.30-18.00, bazar 10.30-17.00 |
Bilet | 20 $ |
59°56′26″ şm. e. 30°18′49″ ş. u.HGYO | |
http://www.hermitagemuseum.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Yaranma tarixi
redaktə"Ermitaj" fransız sözüdür, mənası tənhalıq, tənha yer deməkdir. Ermitaj muzeyinin yaranma tarixi 1764-cü ildən hesablanır. Həmin il Sankt-Peterburqa Qərbi Avropa rəssamlarının əsərlərinin böyük kolleksiyası gətirilir. Berlinli tacir Qoçkovski 225 rəsmdən ibarət bu kolleksiyanı Prussiya kralı II Fridrix üçün alıb yığmışdı. Ancaq o ərəfədə ağır müharibələr Prussiyanın kral xəzinəsini elə boşaltmışdı ki, II Fridrix kolleksiyanı almaqdan imtina edir.
Kolleksiyanı rus çariçası II Yekaterina alır. Muzeyin indiki kimi eksponatlarla zəngin olmasında II Yekaterina xüsusi rol oynayıb. O bu məsələdə çox əliaçıq idi və eksponatlar üçün istənilən qiyməti ödəyirdi. 1772-ci ildə Kronştadt limanına Fransadan 17 yeşikdən ibarət yük daxil olur. Bu məşhur filosof Deni Didronun II Yekaterina üçün qraf Jozef Antuan və baron De Tyerin məşhur kolleksiyalarından aldığı rəsm əsərləri idi. Bunların içində Rembrandtın "Danaya", "Müqəddəs ailə", Rafaelin "Saqqalsız İosiflə Madonna", Van Deykin rəsmləri və digər nümunələr vardı. Rembrandtın 30-dək əsəri Ermitajda ayrıca zalda nümayiş olunur. Muzeydə fransız filosofu Volterin 6500 cilddən və 37 əlyazmasından ibarət şəxsi kitabxanası da saxlanılır. II Yekaterina zamanında alınan kitablar öz əvvəlki görkəmini saxlayıblar, sanki onlara heç kim toxunmayıb.
Zalları haqqında
redaktəErmitajda I Pyotra həsr olunmuş xüsusi zal fəaliyyət göstərir. Burada I Pyotrun şəxsi əşyaları, portretləri, qızıl suyu ilə yazılmış qanunları, onlara bərkidilmiş tac və ikibaşlı qartal nümayiş olunur. Zalda italyan rəssamı Amikoni tərəfindən çəkilmiş portret xüsusi diqqət çəkir. Şəkildə I Pyotr dəniz və gəmilərin fonunda, qədim Romanın müharibə və müdriklik ilahəsi Minervanın müşayiətilə təsvir olunub.
Ermitajda Rusiyada ən böyük vaza hesab olunan Kolıvan vazası saxlanılır. 19 ton ağırlığı olan bu vaza Kolıvan cilalama fabrikində 14 ilə hazırlanıb. Onu uzaq Altay vilayətindən Peterburqa çatdırmaq üçün 160 atdan istifadə olunub. Vaza qiymətli daş hesab olunan yaşmadan hazırlanıb, ölçüləri isə 5x3,25 metrdir.
Ermitajın Şərq incəsənəti şöbəsində İran, türk, çin, yapon və ərəb xalqlarının maddi-mədəniyyəti ilə yanaşı, Azərbaycan xalqının da əsrlər boyu yaratdığı bir çox nadir sənət nümunələri nümayiş etdirilir. Muzeyin zallarında ən qədim dövrlərdən tutmuş XX əsrin əvvəlinədək Azərbaycan ustaları tərəfindən düzəldilmiş zərgərlik, saxsı, daş, taxta üzərində oyulmuş sənət əsərləri və müxtəlif növlü toxuculuq nümunələri var. Burada nümayiş etdirilən e.ə. II minilliyə aid abidələrimiz içərisində öz orijinal forması və dəqiq işləməsi ilə Dağlıq Qarabağda aparılan qazıntı işləri zamanı tapılmış bürünc öküz başı fiquru xüsusilə diqqəti cəlb edir.
Dövlət Ermitajında tunc dövrə aid edilən sənət abidələri içərisində kəmər, bilərzik, müxtəlif formalı və rəngli muncuq kimi zərgərlik sənəti nümunələrinə də rast gəlinir. Vaxtı ilə Qarabağın Xocalı kəndində aparılan qazıntı işləri zamanı tapılmış 3 min illik tarixi olan bu zərgərlik sənəti nümunələri öz orijinal forması və texniki icrası ilə diqqəti cəlb edir. Qeyd etmək lazımdır ki, hazırda Dövlət Ermitajında tunc dövrünə aid edilən bəzi qızıl zərgərlik sənəti nümunələri də elə buradan tapılıb.
Ermitajda Azərbaycana aid eksponatlar
redaktəErmitajda orta əsrlərə aid olan metal sənəti nümunələrimiz də çoxdur. Bu sırada V–VIII əsrlərə aid bürüncdən tökülmüş quş, heyvan və insan fiqurlarını qeyd etmək olar. Qafqaz Albaniyasının tarixi və incəsənəti ilə məşğul olan görkəmli akademik K.Trever bu fiqurları Mingəçevirdən tapılmış bu tipli saxsı məmulatların davamı kimi qələmə verir. Qeyd olunan fiqurlardan biri alimlərin diqqətini çoxdan özünə cəlb edir. VII əsrə aid edilən bu fiqur hələ XIX əsrin axırlarında Naxçıvandan tapılıb. 35,6 sm hündürlükdə olan bu fiqur, alimlərin fikrincə, Qafqaz Albaniyasının hökmdarı Cavanşiri (638–670) təsvir edir. Metaldan düzəldilmiş plastik sənət nümunələrimiz içərisində 1206-cı ilə aid edilən Şirvan lüləyi Ermitajın ən maraqlı eksponatlarından sayılır.
Ermitajda metaldan düzəldilmiş plastik sənət nümunələri ilə yanaşı, bir çox orijinal formalı, bəzəkli məişət əşyalarımız da nümayiş etdirilir. Belə sənət nümunələri sırasına ilk növbədə VI–VIII əsrlərə aid edilən bürünc məcməyiləri daxil etmək lazımdır. Ermitajda ilk orta əsrlərə aid edilən üç məcməyimiz vardır. Bunların ikisi süjet xarakterli təsvirlərlə bəzədilmiş, üçüncü isə sırf ornamental bəzəklidir. Metaldan düzəldilmiş məişət əşyaları sırasına XIII–XIV əsrlərə aid edilən müxtəlif forma və bəzəkli bürünc qazanları da, eyni zamanda şirəsiz qablar, çıraq lampanı da aid etmək olar.
Ermitajda nümayiş etdirilən qazanlarımız XIII–XIV əsrlərə aid olub öz həcmi, forması və bəzəkləri ilə diqqəti cəlb edirlər. Bu qazanlardan biri xüsusilə maraqlıdır. Məlum olduğu kimi, orta əsr Azərbaycan bədii sənətkarlığının ən inkişaf etmiş növlərindən biri keramika sənəti idi. Ermitajda bu xalq sənətimizin də bir çox gözəl nümunələri var. Burada saxlanılan keramika sənəti nümunələrimiz həm istifadə edilməsinə, həm də bir çox bədii xüsusiyyətlərinə görə iki böyük qrupa bölünür.
Bunlardan birincisi məişətdə istifadə edilən saxsı məmulatları, ikincisi isə memarlıqda tətbiq olunan kaşılardır. Məişətdə istifadə edilən saxsı məmulatlarımızı vaxtı ilə Örənqalada (Goranboy rayonu) aparılan qazıntı işləri zamanı tapılmış bir neçə nümunəvi küp-nimçə, kasa və sürahilər təmsil edir. Ermitajda keçmiş dövr memarlıq abidələrimizin bəzəyi sayılan kaşı nümunələri də nümayiş etdirilir. Bunların içərisində Hacıqabul rayonunda Pirsaatçay üzərindəki Pirhüseyn xanəgahının kaşıları əsas yer tutur. Pirhüseyn xanəgahının 500-ə yaxın müxtəlif forma və bəzəkləri olan kaşıları vardır. Ermitajda saxlanılan toxuculuq sənətimizin əksəriyyətini xovlu xalçalar təşkil edir. Burada XVI əsrdən tutmuş XIX əsrə qədər Azərbaycanın məşhur xalça məntəqələrində toxunmuş xalçalarımız saxlanılır.
Təbriz, Şirvan, Gəncə, Qazaxda toxunmuş nümunəvi Azərbaycan xalçaları muzeyin qiymətli incilərindən sayılır. Qubanın Pirəbədil, Şamaxının Mərəzə kəndlərində toxunmuş xalçalarımız rəngi və zəngin bəzək ünsürləri ilə diqqəti çox cəlb edir. Şamaxı xalçasının üzərində onun 1881–1885-ci illərdə toxunduğunu bildirən yazı var.
Bundan əlavə, Ermitajda dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"sinin 1430-cu illərdə üzü köçürülmüş nadir nüsxəsi mühafizə olunur.[3]
İstinadlar
redaktə- ↑ https://www.britannica.com/topic/Hermitage-museum-Saint-Petersburg-Russia.
- ↑ Art's most popular (ing.): Exhibition and museum visitor figures 2021. // The Art Newspaper 2022. ISSN 0960-6556
- ↑ "Dünya muzeyləri - Ermitaj". 2010-12-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-06.
Xarici keçidlər
redaktə- Rəsmi saytı
- Ermitaj, şəkillər Arxivləşdirilib 2010-02-16 at the Wayback Machine
- Sank-Peterburq ensiklopediyası
- Ermitajın zalları Arxivləşdirilib 2010-09-08 at the Wayback Machine