Estoniyada Tehsil - Wikipedia
Estoniyada təhsil — Şimali Avropanın Baltik regionunda yerləşən Estoniya Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi.
Tarixi
redaktəEstoniya tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar.
ölkənin ən qədim ali təhsil ocağı olan Tartu Universiteti 1632-ci ildə İsveç kralı Qustav II Adolf tərəfindən yaradılmışdır.[1]
Müasir təhsil sistemi
redaktəEstoniyada təhsil sistemi eston xalqının, o cümlədən bu ölkədəki etnik azlıqların qorunması və inkişafı məqsədlərinə xidmət edir. Ölkə təhsili humanizm, demokratiklik və qanunun aliliyi prinsiplərinə əsaslanır. 1992-ci ildə qəbul edilmiş Təhsil aktına görə təhsil savadlı və müasir dünyagörüşlü vətəndaş yetişdirməyə, qanunun aliliyinə hörmətlə yanaşan şəxsiyyət formalaşdırmağa xidmət etməli, həmçinin fasiləsiz təlim üçün imkan yaratmalıdır.
Təhsil sisteminə rəhbərlik Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyi tərəfindən həyata keçirilir. Nazirliyin səlahiyyət sahələrinə bunlar daxildir:
- təhsilin, elmi tədqiqat işlərinin planlaşdırılması;
- dövlətin gənclər və dil siyasətinin həyata keçirilməsi;
- məktəbəqədər təhsilin, ümumi orta təhsilin, texniki peşə təhsilinin, ali təhsilin, əlavə təhsilin təşkili məsələləri.
Ölkənin təhsil sistemi aşağıdakı səviyyələrindən ibarətdir:
- məktəbəqədər təhsil;
- əsas təhsil (təhsilin ilk pilləsi);
- orta təhsil (təhsilin ikinci piləsi);
- ali təhsil (təhsilin üçüncü pilləsi).
Estoniyada uşaqlar 7 yaşdan başlayaraq icbari təhsilə cəlb olunur. İcbari təhsil isə uşaqlar əsas təhsil pilləsini tamamlayana və ya 17 yaşı tamam olana qədər davam edir.
Əsas təhsil pilləsi I–IX sinifləri əhatə edir. Əsas təhsilin VII–IX siniflərində də şagirdlər maraq sahələrinə uyğun olaraq peşə profili üzrə təhsil ala bilərlər. Orta təhsil pilləsi 3 il olmaqla X–XII sinifləri əhatə edir.
Tədris dilindən asılı olmayaraq təhsil bütün pillələrdə ümumi milli kurikulum əsasında təşkil olunur. Məktəblər ümumi milli kurikulum əsasında öz kurikulumlarını hazırlayırlar. Tədris ili ən azı 175 tədris günündən (35 həftə) ibarətdir.
Ölkə üzrə 2008–2009-cu tədris ilində ümumi təhsil məktəblərində oxuyan şagirdlərin sayı təxminən 148000 nəfər təşkil edib. Onların 12426 nəfəri birinci sinif şagirdi olublar.
Ölkədə təhsil təqaüdlərindən bəhrələnmək üçün geniş imkanlar yaradılıb. Bunun üçün şagirdlər, tələbələr və doktorantlar kurikulumda tədris üçün müəyyən olunmuş standart müddətdə müvafiq biliklərə yiyələndiklərini nümayiş etdirməlidirlər. Tədris proqramlarını mənimsəməyən, akademik icazə və məzuniyyət götürmüş tələbələrə təqaüd almaq imkanı verilmir.
Məktəbəqədər təhsil
redaktəMəktəbəqədər təhsil məktəbəqədər təhsil müəssisələrində və ya evdə təşkil olunur. Uşaqların məktəbəqədər təhsilə cəlb olunması valideynlərin istəyindən asılıdır.
Estoniyada 4 növ məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu sıraya uşaqlar üçün nəzərdə tutulan gündüz bağçaları, 1–7 yaşlı uşaqlar üçün bağçalar, xüsusi qayğıya ehtiycı olan uşaqlar üçün nəzərdə tutulan bağçalar və ibtidai məktəb tipli bağçalar daxildir.
Məktəbəqədər təhsil müəssisələrinin əksəriyyəti regionlarda fəaliyyət göstərən uşaqlar üçün nəzərdə tutulan gündüz bağçalarından ibarətdir. Şəhərlərdəki məktəbəqədər təhsil müəssisələrinə müraciət edənlərin sayı çox olduğuna görə həmin bağçalarda qrupların sayı 12-dən az olmur. Bununla yanaşı, yeni tipli məktəbəqədər təhsil müəssisələrində qrupların maksimum sayı 6-nı keçmir.
Yerli hökumətlər nəzarət etdikləri ərazi dairəsində yaşayan bütün uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmasına imkan yaratmalıdırlar. Bələdiyyələr və ya şəhər hökumətləri fiziki, nitq, görmə və əqli qüsuru olan, eləcə də xüsusi qayğıya ehtiyacı olan digər uşaqların yaşadıqları ərazidəki məktəbəqədər təhsil müəssisələrindəki adaptasiya qruplarında tərbiyə olunmasını təmin edirlər. Məktəbəqədər təhsil müəssisələrində adaptasiya qrupunun yaradılması mümkün olmadığı hallarda bələdiyyələr və şəhər hökumətləri xüsusi qruplar yaradır və ya xüsusi bağçalar təsis edirlər. Uşaqlar adaptasiya və ya xüsusi qruplara valideynin yazılı müraciəti, eləcə də məşvərət komitəsinin qərarı əsasında qəbul edilirlər.
Ölkənin digər regionları ilə müqayisədə iri şəhərlərdə məktəbəqədər təhsil müəssisələrinə daha çox ehtiyac duyulur. Bu baxımdan Tallin, Tartu şəhərlərindəki vəziyyət daha çox diqqəti cəlb edir.
Məktəbəqədər təhsil müəssisələrində oxumayan uşaqlar üçün bağçaların və məktəblərin nəzdində məktəbə hazırlıq qrupları təşkil olunur. Bu qruplarda təhsil pulsuzdur və könüllülük prinsipi əsasındadır.
Əsas təhsil
redaktəEstoniyada uşaqlar 7 yaşından icbari və ya əsas təhsilə cəlb olunur. İcbari təhsil I–IX sinifləri əhatə edir. I–VI siniflər üçün nəzərdə tutulan ibtidai məktəblər əsas təhsilin mühüm bir hissəsidir. VII–IX siniflərində şagirdlər maraq sahələrinə uyğun olaraq təmayüllər üzrə təhsil ala bilərlər.
Əsas təhsil 3 mərhələdə təşkil edilir:
- Birinci mərhələ — I–III siniflər;
- İkinci mərhələ -IV-VI siniflər;
- Üçüncü mərhələ -VII-IX siniflər.
Bələdiyyələr əraziyə uyğun olaraq əsas məktəbləri müəyyən edirlər. Həmin məktəblərdə müvafiq əhatə dairəsində yaşayan hər bir uşaq təhsil ala bilər. Valideynlər məktəbin himayədarlar şurasında təmsil olunmaqla təhsil müəssisələrinin inkişafına mühüm töhfə verirlər.
Əsas təhsil üç milli kurikulum əsasında təşkil olunur. Şagirdlərin həftəlik dərs yükü sinfin səviyyəsindən asılı olaraq dəyişir:
- I sinifdə 20 dərs;
- II sinifdə 23 dərs;
- III–IV siniflərdə 25 dərs;
- V sinifdə 28 dərs;
- VI–VII siniflərdə 30 dərs;
- VIII sinifdə 32 dərs;
- IX sinifdə 34 dərs.
Əsas təhsil pilləsində icbari olaraq bu fənlər tədris edilir:
- eston dili və ədəbiyyatı;
- iki xarici dil;
- riyaziyyat;
- təbiət elmləri;
- coğrafiya;
- biologiya;
- kimya;
- fizika;
- tarix;
- humanitar elmlər;
- ictimai elmlər;
- musiqi;
- təsviri sənət;
- fiziki təhsil;
- əmək təlimi.
Tədris rus və digər əcnəbi dillərdə təşkil olunan məktəblərdə eston dilinin ayrıca fənn kimi keçirilməsi icbaridir. Həmçinin ana dili eston dili olmayan şagirdlərin oxuduğu məktəblərdə eston dili ikinci xarici dil kimi tədris olunur.
Əsas təhsil pilləsini başa vurmaq üçün şagirdlərdən müvafiq kurikulumu tamamlamaq və təyin olunmuş 3 imtahanı (eston dili və ədəbiyyatı, riyaziyyat və şagirdin seçdiyi hər hansı digər bir fənn) uğurla vermək tələb olunur. Əsas təhsil pilləsini tamamlaya bilməyən və ən azı 17 yaşı tamam olmuş şagirdlər ya əsas təhsil pilləsini başa vurmaq haqqında sənəd tələb edilməyən peşə təhsili üzrə peşələrə yiyələnə və ya yaşlılar üçün nəzərdə tutulan orta ümumi təhsil müəssisələrində əsas təhsil ala bilərlər.
Əsas təhsil pilləsini uğurla başa vuran şagirdlər 3 illik ümumi orta və ya 3 illik peşə yönümlü orta təhsil müəssisələrində təhsillərini davam etdirmək imkanı qazanırlar. Həmçinin onların 3 illik ümumi orta təhsil verən peşə məktəblərində və ya ümumi orta təhsil verməyən, ancaq peşə bacarıqları aşılayan peşə təhsili müəssisələrində oxuması mümkündür.
Orta təhsil
redaktəOrta təhsil müddəti 3 il olmaqla X–XII sinifləri əhatə edir. Orta təhsil milli kurikuluma uyğun olaraq həyata keçirilir. Hər bir məktəb milli kurikuluma əsasən öz kurikulumunu hazırlayır. Orta təhsil pilləsində bir tədris ili 35 həftə, bir tədris həftəsi isə ən azı 32 dərs saatından ibarətdir.
Bu pillədə şagirdlər seçmə fənlərlə yanaşı, müvafiq sahə, o cümlədən təbiət elmləri, humanitar elmlər və digər sahələr üzrə dərin biliklərə və ya peşə məktəblərində oxumaqla hər hansı peşəyə yiyələnə bilərlər. Orta təhsil pilləsinin sonunda şagirdlər 5 fəndən imtahan verir. Bu imtahanlardan ən azı 3-ü dövlət imtahanıdır.
2008–2009-cu tədris ilində Estoniyanın orta məktəblərində təhsil alan şagirdlərin sayı 31265 nəfər olub. 2011–2012-ci tədris ilindən başlayaraq Estoniyada rus dilində tədris aparılan bütün orta təhsil müəssisələrində tədris eston dilində təşkil olunur.
Orta təhsil pilləsini tamamladıqdan sonra şagirdlər aşağıdakı istiqamətlər üzrə təhsillərini davam etdirə bilərlər:
- Peşə təhsili müəssisələrində peşə təhsili (0,5–3 il);
- Kolleclər və ya universitetlərdə ali peşə təhsili (3–4,5 il);
- Universitet və ya digər ali təhsil müəssisələrində bakalavriatura təhsili (3 il), magistratura təhsili (2 il) və ya doktorantura təhsili (3–4 il).
Texniki peşə təhsili
redaktəHəm əsas, həm də orta təhsil pilləsində təmayüllər üzrə texniki peşə təhsili proqramları peşə biliklərinin və bacarıqlarının inkişaf etdirilməsinə əlverişli zəmin yaradır. Əsas təhsil pilləsini başa vurmaq tələb olunmayan peşə təhsili proqramlarında əsas təhsil pilləsini başa vura bilməyən və 17 yaşı tamam olmuş şəxslər yalnız müvafiq peşələrə yiyələnir. Bu zaman təhsil müddəti 0,5–2,5 ildir. Həmin proqramları seçən şəxslər peşə təhsilini tamamladıqdan sonra da icbari əsas təhsillərini davam etdirə bilərlər.
Əsas təhsil əsaslı peşə təhsili elə bir təhsil növüdür ki, burada yalnız peşə təhsili ilə əlaqəsi olan ümumi təhsil fənləri tədris edilir. Bu təhsil proqramlarını başa vuran şagirdlər müəyyən peşəyə yiyələnməklə yanaşı, əsas təhsil pilləsini də bitirmiş hesab olunurlar.
Orta peşə təhsilinə əsas təhsil pilləsində təhsil almış şagirdlər müraciət edə bilərlər. Orta peşə təhsilini başa vuran şagirdlər orta təhsil sertifikatına və müəyyən peşəyə yiyələnir. Orta peşə təhsilinin müddəti minimum 3 il təşkil edir. Peşə məktəblərində orta peşə təhsili kurikulumunu tamamlamış şagirdlər öz seçimlərinə əsasən əlavə olaraq 1 illik ümumi təhsil fənn proqramlarını da öyrənə və müvafiq dövlət imtahanları verə bilərlər. Bu, həmin peşə məktəblərini bitirən məzunların təhsillərini ali məktəblərdə davam etdirmələrinə imkan verir.
Orta təhsil əsaslı peşə təhsilinə isə orta təhsil pilləsini tamamladıqdan sonra yiyələnmək mümkündür. Həmin tədris ocaqları 0,5–2,5 il müddətdə peşə bacarıqlarına yiyələnmək imkanı yaradır.
Əsas və orta məktəblərdə təşkil olunan peşə təhsili ümumi təhsil məktəblərinin şagirdləri üçün nəzərdə tutulur və peşə təhsili müəssisələri tərəfindən həyata keçirilir. Tədris ayrıca bir kurikulum əsasında ən azı 15 tədris həftəsi müddətində təşkil olunur. Təhsili başa vurduqdan sonra şagirdlər seçdikləri peşə üzrə əsas bilik və bacarıqlara, həmçinin peşə təhsilinin tamamlanmasına dair sertifikata yiyələnirlər.
2008–2009-cu tədris ilində Estoniyada 45 peşə təhsili müəssisəsi fəaliyyət göstərmişdir ki, onların da 31-i dövlət, 3-ü bələdiyyə və 11 özəl əsaslı peşə təhsili müəssisələri idi. Həmin təhsil müəssisələrində oxuyan 27239 şagirdin 11456 nəfəri dövlət sifarişli ixtisasları seçmişdir.
Ali təhsil
redaktəEstoniyada orta təhsil pilləsini uğurla başa vuran bütün şagirdlər ali təhsil pilləsində oxumaq hüququ qazanır. Ali təhsil proqramları universitetlərdə və ali peşə təhsili müəssisələrində tədris edilir.
Tələbələr həm dövlət sifarişli, həm də ödənişli ixtisaslara qəbul ola bilərlər.
Ali peşə təhsili proqramı üzrə tədrisin müddəti 3–4,5 il, bakalavr proqramı üzrə isə 3–4 ildir.
Ali peşə və bakalavr təhsili proqramını başa vuran tələbələr magistratura səviyyəsində təhsillərini davam etdirə bilərlər.
Magistratura təhsili üzrə tədrisin müddəti 1 və ya 2 ildir. Bakalavriatura və magistratura səviyyəsində təhsilin müddəti ümumilikdə 5 ildir.
Tibb ixtisası üzrə təhsilin müddəti 6 ildir.
Stomatologiya, əczaçılıq, tikinti mühəndisliyi və müəllimlik ixtisası üzrə təhsil müddəti isə 5 ildir.
Təhsilin ən yüksək səviyyəsi olan fəlsəfə doktoru proqramı üzrə təhsil müddəti 3–4 il davam edir.
Ölkədə dövlət əsaslı universitetlər və ali peşə təhsili müəssisələri ilə yanaşı, özəl universitetlər, ali peşə təhsili müəssisələri və peşə kollecləri də kifayət qədərdir. Ölkədə 6 dövlət, 4 özəl universitet və 10 dövlət, 11 özəl ali peşə təhsili müəssisəsi olub. Həmçinin 2 dövlət və 1 özəl peşə kolleci fəaliyyət göstərir. 2009-cu ilin statistik məlumatına görə, ali təhsil müəssisələrində oxuyan tələbələrin sayı təxminən 68000 nəfər olub.
Əlavə təhsil
redaktəYaşlıların təhsilinin təşkili üçün Estoniyada çevik sistem və geniş imkanlar yaradılıb. Yaşlıların təhsili proqramları formal, peşə təhsili və qeyri-formal peşə təhsili formalarında həyata keçirilir.
Yaşlıların formal təhsilinə əsas və orta təhsil pilləsində təhsil almaq üçün distant təhsil, axşam kursları vasitəsilə yaşlıların təhsili aiddir.
Peşə təhsili və ali təhsil müəssisələrində fasiləsiz təhsil və yenidən hazırlanma kursları təşkil olunur. Bu kurslar yaşlıların peşə və ixtisas biliklərini, bacarıqlarını, eləcə də təcrübələrini təkmilləşdirməyə və dərinləşdirməyə xidmət edir. Peşə təhsili və ali təhsil müəssisələrində yaşlıların təhsili qiyabi təhsil formasında təklif olunur.
Qeyri-formal təlim kursları tələbələrin yaradıcılığının, istedadının və sosial fəallığının inkişaf etdirilməsinə imkan yaradır. Yaşlıların qeyri-formal təhsili bir çox qeyri-formal təhsil mərkəzlərində, xalq universitetlərində (qeyri-formal təhsil müəssisələrində) və mədəniyyət mərkəzlərində təşkil olunur.
Yaşlıların əsas, orta və orta peşə təhsili pulsuz olduğu halda, qiyabi ali təhsildə ödəniş tələb edilir. Dövlət sifarişli yerlərə müraciət etmək üçün əyani təhsil formasını seçmək lazımdır. Milli prioritet hesab edilən ixtisaslar üzrə yaşlıların qiyabi ali təhsili dövlət tərəfindən maliyyələşdirilir.
Müvafiq qaydalara görə pedaqoji sahədə çalışanlar 5 ildə 160 saat fasiləsiz təhsilə cəlb olunmalıdırlar. Yaşlıların təhsili haqqında qanunvericilik aktlarına əsasən müəllimlərin fasiləsiz təhsili dövlət büdcəsi hesabına maliyyələşir.
Xüsusi təhsil
redaktəXüsusi ehtiyaclı uşaqların təhsili üçün dövlət mühüm öhdəliyə malikdir. Qanunvericiliyə uyğun olaraq xüsusi ehtiyaclı uşaqlar öz yaşadıqları ərazidəki məktəbdə oxumaq hüququna malikdir.
Dövlət və bələdiyyə məktəblərində xüsusi ehtiyaclı uşaqların təhsili üçün siniflər aşağıdakı şəkildə qruplaşdırılır:
- fiziki, nitq, görmə və əqli qüsurlu uşaqlar üçün siniflər;
- digər təlim çətinlikləri olan uşaqlar üçün motivasiya sinifləri;
- yüngül təlim çətinlikləri olan uşaqlar üçün siniflər;
- orta səviyyəli təlim çətinlikləri olan uşaqlar üçün siniflər;
- ciddi təlim çətinlikləri olan uşaqlar üçün siniflər.
Siniflərin qruplaşdırılmasında əsas məqsəd tədrisin təşkilində fərdi xüsusiyyətlər nəzərə alınmaqla uşaqların şəxsi inkişafını təmin etməkdir.
Xüsusi məktəblərdə uşaqlar üçün aşağıdakı yardımçı sistemlər təklif olunur:
- fərdi kurikulum;
- korrektiv qruplar;
- nitq terapiyası;
- uzunmüddətli qruplar;
- ev təhsili;
- davranış problemləri olan uşaqlar üçün siniflər;
- sosial problemləri olan uşaqlar üçün internat tipli məktəblər.
Estoniyada 48 xüsusi məktəb fəaliyyət göstərir. Onların 3-ü eşitmə qüsurlu, 1-i fiziki qüsurlu, 1-i görmə qüsurlu, 3-ü ümumi qüsurlu, 5-i davranış qüsurlu, qalanları isə digər təlim çətinlikləri olan uşaqlar üçün nəzərdə tutulub.
Əqli qüsuru olan uşaqlar üçün tədris sadələşdirilmiş milli kurikulum əsasında təşkil edilir. Bundan əlavə, orta səviyyəli və ciddi təlim çətinlikləri olan uşaqların tədrisi üçün də milli kurikulum mövcuddur. Fiziki qüsurlu uşaqların tədrisi və inkişafı ilə bağlı bütün məsələlərdə valideynin razılığı tələb edilir.
Səhhəti ağır olan uşaqlar valideynin razılığı ilə evdə də icbari təhsil ala bilərlər. Uzun müddət müalicə alması tələb olunan uşaqların təhsili isə xəstəxanada təşkil edilir.
Elmi tədqiqatlar
redaktəEstoniyada elmi-tədqiqat sahəsinin müasir tələblər səviyyəsində inkişafına xüsusi diqqət yetirilir. Hökumət elmi tədqiqat və inkişaf planını hazırlayır, parlamentə təqdim edir, müvafiq proqramları təsdiq edir, nazirliklərarası əlaqələndirməni tənzimləyir.
Tədqiqat və İnkişaf Şurası elmi tədqiqat və inkişaf məsələləri ilə bağlı hökumətə tövsiyələr verir. Təhsil və Tədqiqat Nazirliyi isə milli tədqiqat strategiyasını həyata keçirir, elmi-tədqiqat və inkişaf müəssisələrini maliyyələşdirir, onların fəaliyyətini dəyərləndirir, beynəlxalq əməkdaşlığın genişləndirilməsini təmin edir.
Ölkənin elmi-tədqiqat və inkişaf siyasətinin əsas məqsədləri "Bilikyönümlü Estoniya 2007–2015" adlı tədqiqat, inkişaf və innovasiya strategiyasında dolğun şəkildə əks olunub. Strategiyada üç əsas məqsəd bəyan edilib:
- Keyfiyyətin rəqabət əsasında yüksəldilməsi, elmi-tədqiqat və inkişaf fəaliyyətinin məhsuldarlığının artırılması;
- Qlobal iqtisadiyyata töhfə verən innovativ biznes fəaliyyətinin yaradılması;
- Uzunmüddətli davamlı inkişafı təmin edəcək innovativ cəmiyyətin formalaşdırılması.
Estoniyada 18 elmi-tədqiqat müəssisəsi fəaliyyət göstərir ki, onların da 6-sı dövlət universitetlərinin nəzdindədir. Ən böyük elmi-tədqiqat müəssisələri Tartu Universiteti, Tallin Texniki Universiteti və Tallin Universitetinin nəzdində fəaliyyət göstərir. Universitetlərdən kənarda fəaliyyət göstərən ən böyük dövlət elmi-tədqiqat müəssisələri Estoniya Biomərkəzi, Tartu Rəsədxanası, Estoniya Ədəbiyyat Muzeyi hesab edilir. Müstəqil fəaliyyət göstərən tədqiqat müəssisəsinə isə Milli Kimya və Biofizika İnstitutunu aid etmək olar.
Maliyyələşməsi
redaktəÖlkə üzrə 582 ümumi təhsil məktəbindən 517-si bələdiyyə, 31-i dövlət, 34-ü isə özəl məktəblərdir. 31 dövlət məktəbinin 27-si xüsusi ehtiyaclı uşaqlar üçün nəzərdə tutulan, digərləri isə adi təhsil müəssisələridir. Ümumi təhsil məktəbləri əsasən yerli hökumətin büdcəsi hesabına maliyyələşir.
Estoniyada ümumi dövlət xərclərinin 14–15 faizi təhsilə sərf olunur. Ümumi təhsil sisteminə ayrılmış xərclər ümumilikdə təhsil sisteminə yönəldilən vəsaitin yarıdan çox hissəsinə bərabərdir. Ümumi təhsil xərclərinin 11 faizi peşə təhsilinə, 21 faizi isə ali təhsilə yönəldilir. Dövlət təhsil xərclərinin 15 faizi isə məktəbəqədər təhsil və digər təhsil xidmətləri, layihələr üçün nəzərdə tutulur.
Ali təhsilə ayrılmış xərclərə nəinki dövlət sifarişi üzrə təhsil xərcləri, həmçinin investisiya, təqaüdlər və digər xərclər daxildir.
Estoniyada elmi tədqiqat layihələri dövlət büdcəsi, bələdiyyə və şəhər büdcəsi, ünvanlı yardımlar, qrantlar, milli tədqiqat və inkişaf proqramları, elmi-tədqiqat müəssisələrinin iqtisadi fəaliyyət nəticəsində əldə etdiyi qazanc və digər mənbələr hesabına maliyyələşir. 2007-ci ildə Estoniyada elmi tədqiqat və inkişafa ayrılmış vəsaitin miqdarı ÜDM-un 1,14 faizini təşkil edib ki, bu da Avropa İttifaqı üzrə nəzərdə tutulmuş 1,84 faizlik orta göstəricidən aşağıdır.
Təhsil xərclərinin ödənilməsi üçün nəzərdə tutulan vəsait dövlət büdcəsindən bələdiyyə və şəhər büdcələrinə köçürülür. Əməkhaqqı, fasiləsiz təhsil, investisiya, dərslik və əyani vəsaitlər ilə bağlı xərclər məktəb üçün ayrılan vəsaitin böyük hissəsini təşkil edir. Eyni qayda ilə özəl ümumi təhsil müəssisələrinə də vəsait ayrılır.
Estoniyada son illər ərzində müəllimlərin minimum əməkhaqlarının artırılaraq orta əməkhaqqı səviyyəsinə çatdırılması təhsilin yüksək inkişaf ahəngi ilə irəliləməsinə zəmin yaradıb. Məsələn, 2012-ci il ərzində Estoniyada br neçə dəfə əməkhaqqının artması tələbi ilə təhsil işçilərinin tətili keçirilib[3]. Həmkarlar ittifaqının nümayəndələri və Estoniya Təhsil Nazirliyinin rəsmiləri arasında aparılan danışıqlardan sonra qurum rəhbərliyi müəllimlərin maaşlarının artması ilə bağlı qərar qəbul edib[3]. Nəticədə 2013-cü ilin əvvəlindən Estoniyada təhsil işçilərinin maaşları 715 avroyadək artırılıb. Lakin həmin artımın stajlı müəllimlərə heç bir aidiyyəti yox idi və yalnız fəaliyyətə təzə başlayan müəllimlərə aid edilib[3].
İdarə olunması
redaktəEstoniyada təhsillə bağlı qanunlar və strategiyalar ölkə parlamenti tərəfindən qəbul edilir. Parlament, həmçinin təhsil haqqının həcmini müəyyən edir. Təhsil və Tədqiqat Nazirliyi bütövlükdə təhsil siyasəti və strategiyasının həyata keçirilməsini əlaqələndirir. 15 dairə hökumətinin tabeliyindəki təhsil idarələri yerli təhsilin idarə olunmasına cavabdehlik daşıyır. Yerli təhsil idarələri dairə üzrə təhsilin inkişaf planını hazırlayır, məktəbəqədər və ümumi təhsil məktəblərinin fəaliyyətinə nəzarət edir, eləcə də bələdiyyələrə təhsil məsələləri ilə bağlı tövsiyələr verir.
Bələdiyyələr isə öz səlahiyyətləri dairəsində məktəbəqədər, əsas, orta təhsil müəssisələrinin, axşam məktəblərinin, mədəniyyət mərkəzlərinin fəaliyyətini tənzimləyir və icbari təhsil yaşlı uşaqların sayını müəyyən edir. Bələdiyyələr təhsil müəssisələrinin rəhbərlərini təyin edir, məktəblərin tibb, təminat və təchizat xidmətlərini yerinə yetirir. Bələdiyyələr, həmçinin ümumi təhsil məktəblərinin təsis edilməsi, təkrar təşkili, bağlanması və şagirdlərin nəqliyyatla təmin edilməsi məsələlərinə cavabdehdir.
Təhsil müəssisələrinin fəaliyyətinin gündəlik təşkili və idarə olunması isə direktor, məktəbin Nəzarət Şurası və Təhsil Şurası tərəfindən yerinə yetirilir. Özəl məktəblərin fəaliyyətinə Təhsil və Tədqiqat Nazirliyinin müəyyən etdiyi qaydalara uyğun nəzarət olunur.
Universitetlər və ali peşə təhsili müəssisələri isə tədris heyətini, təşkilati strukturu, tədris və tədqiqat proqramlarının məzmununu, kurikulumu, tədris planını, qəbul meyarlarını müəyyən etməkdə sərbəstdirlər.
Beynəlxalq əlaqələr
redaktəÖlkə təhsil, elm və texnologiya sahəsində uzunmüddətli beynəlxalq əməkdaşlıq ənənələrinə malikdir. Estoniya elm və texnologiya sahəsində 40-dan artıq ölkə ilə əməkdaşlığa dair çərçivə müqaviləsi imzalamışdır ki, bu sıraya ABŞ, Çin, Hindistan, Meksika, Ukrayna və digər ölkələr daxildir.
Estoniya Avropa İttifaqının dəstəklədiyi bir çox proqramlar çərçivəsində müxtəlif ölkələr ilə əməkdaşlıq edir.
Qohum Millətlər Proqramı çərçivəsində Estoniya Finlandiya və Macarıstan ilə təhsil, tədqiqat, mədəniyyət, informasiya mübadiləsi sahəsində geniş əməkdaşlıq edir. Proqram çərçivəsində estonlara qohum olan millətlərin nümayəndələrinin Estoniyada ali təhsil almasına imkan yaradılır, onların beynəlxalq tədqiqat və mədəni tədbirlərdə iştirakı maliyyələşdirilir.
2004-cü ildən bəri Avropa İttifaqı Avropa Sosial Fondu və Avropa Regional İnkişaf Fondu vasitəsilə Estoniyada təhsil, elmi tədqiqat və inkişaf layihələrinə dəstək verir. Avropa İttifaqının qeyd olunan layihələri maliyyələşdirməsinin əsas məqsədi ictimai rifah və iqtisadi inkişafı bütün üzv ölkələrdə bərabər səviyyəyə çatdırmaqdan ibarətdir.
Mənbə
redaktə- Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Estoniyanın təhsil sistemi (Yazının hazırlanmasında Estoniyanın Təhsil və Tədqiqat Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 02.11.2012, № 43. (az.)
- Sevinc Qarayeva. Elmin və təhsilin inkişafında Estoniya təcrübəsi. "525-ci qəzet", 13.04.2013 səh. 14–15. anl.az (az.)
İstinadlar
redaktə- ↑ Bakı Dövlət Universiteti ilə Estoniyanın Tartu Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. 04.11.2013, azertag.az (az.)
- ↑ "New Estonian government assumes office". ERR. 9 April 2015. 3 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 April 2015.
- ↑ 1 2 3 Estoniya…Müəllimlərin maaşı 715 avroyadək artırıldı[ölü keçid]. ulfet-az.com, 11.01.13 (az.)
Xarici keçidlər
redaktə- Information on education in Estonia, OECD — Contains indicators and information about Estonia and how it compares to other OECD and non-OECD countries
- Diagram of Estonian education system, OECD — Using 1997 ISCED classification of programmes and typical ages. Also in country language
- Estoniyada təhsil Arxivləşdirilib 2016-04-08 at the Wayback Machine. telebe.az (az.)