Ferrux Rustemov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Fərrux Abbas oğlu Rüstəmov (1 yanvar 1961, Cil, Krasnoselsk rayonu) — pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı.
Fərrux Rüstəmov | |
---|---|
Doğum tarixi | 1 yanvar 1961 (63 yaş) |
Doğum yeri | |
Elm sahələri | pedaqogika nəzəriyyəsi və tarixi |
Elmi rəhbəri | Hüseyn Mustafa oğlu Əhmədov |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
redaktəFərrux Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olmuşdur. 1978-ci ildə Cil kənd orta məktəbini əla qiymətlərlə başa vurmuş, həmin ildə V. İ. Lenin adına (indiki ADPU) APİ-nin pedaqoji fakültəsinə qəbul olunmuşdur. Tələbəlik illərində fakültə əlaçılar şurasının və tələbə elmi cəmiyyətinin sədri kimi fakültənin və institutun ictimai-pedaqoji həyatında fəal iştirak etmiş, "Əla təhsilə görə", "Əla təhsilə və ictimai işə görə" SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, ÜİLKGİ-nin döş nişanları, Azərbaycan Ali və Orta İxtisas Təhsili Nazirliyinin I–II dərəcəli diplomları (tələbə elmi tədqiqat işinə görə), ÜİLKGİ-nin və institut rektorluğunun Fəxri Fərmanları ilə təltif olunmuşdur. Təhsil əlaçısı, bacarıqlı tədqiqatçı və ictimaiyyətçi tələbə kimi təhsil illərində ən yüksək təqaüdə — Lenin təqaüdünə layiq bilinmiş, Lenin təqaüdü ilə oxuyan ali məktəb tələbələrinin 1982-ci ildə Bakıda keçirilən Ümumittifaq konfransında iştirak (həm də çıxış) etmişdir. 1982-ci ildə institutu fərqlənmə diplomu ilə başa vurmuş, təyinatla Quba rayonunun Rəngdar kəndindəki səkkizillik məktəbdə 1982–1985-ci illərdə müəllim və məktəb direktoru işləmişdir.
1985-ci ildə elmi işə maraq onu yenidən V. İ. Lenin adına APİ-yə gətirmiş, o, pedaqogikanın nəzəriyyəsi və tarixi üzrə əyani aspiranturaya qəbul olunmuşdur. 1985–1987-ci illərdə sovet ordusu sıralarında Qazaxıstanın Leninski şəhərində xidmət etmişdir. Hərbi xidmətdən sonra aspirantura təhsilini davam etdirmiş, akademik Hüseyn Əhmədovun elmi rəhbərliyi altında "Azərbaycan sovet pedaqoji elminin inkişafı (1961–1981-ci illər)" mövzusunda elmi axtarışlarını başa çatdırmış, vaxtından xeyli əvvəl, 1989-cu ildə müdafiə edərək pedaqoji elmlər namizədi, 2003-cü ildə "Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920–1991-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. ADPU-nin Ümumi pedaqogika kafedrasının nəzdindəki "Şagirdlərin peşəyönümü" problem elmi laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan F. Rüstəmov, az sonra kafedrada müəllim kimi əmək fəaliyyətini davam etdirmişdir. "Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasının "Pedaqogika, psixologiya, fəlsəfə" bölməsinin rəhbəri olmuşdur. 1998–2006-cı illərdə Bakı Qızlar Universitetinin pedaqogika kafedrasının müdiri olmuşdur. 22 aprel 1998-ci ildə Beynəlxalq pedaqoji Akademiyanın (Moskva) həqiqi üzvü (akademiki) seçilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Akademik Mehdi Mehdizadə", "Gənc alimlər" və "Qızıl qələm" mükafatları laureatıdır. ADPU-nun "Xəbərlər" nin pedaqoji-psixoloji elmlər seriyasının redaktorudur. 2007-ci ildə ADPU-nun pedaqoji fakültəsinin dekanı, böyük Elmi şuranın üzvü və pedaqoji fakültənin Elmi Şurasının sədri seçilmişdir. ADPU -nun Elmi şurasının qərarı ilə " İlin müəllimi və İlin alimi" muüsabiqəsinin qalibi olmuşdur. 2007–2012-ci illərdə ADPU-nun ibtidai təhsilin pedaqogikası kafedrasının müdiri olmuşdur. 2004-cü ildən professordur. ADPU-də fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının sədr müavinidir. 2010-cu ildə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur. 2010-cu ilin aprelində Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir. Təhsildə və elmdə qazandığı uğurlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi medalı" (2006) ilə təltif olunmuş , "Əməkdar Elm Xadimi" (2012) fəxri adı verilmişdir.
İlk kitabını 1990-cı ildə nəşr etdirən F. Rüstəmovun qısa bir dövr ərzində 30-dan artıq monoqrafiya, kitab və kitabçanın, 31 tədris proqramının, 200 elmi məqalə və tezisin, 250-yə qədər elmi-pedaqoji və publisistik yazının müəllifidir. 10 kitabın tərtibçisidir. 40-a yaxın kitabın elmi redaktoru olub. Rəhbərliyi ilə 8 nəfər pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib. 3 nəfərin doktorluq , 20 nəfərin namizədlik dissertasiyasının rəsmi opponenti olub. Təhsil haqqında qanunu hazırlayan işçi qrupunun üzvü olmuşdur.
"Pedaqoji tədqiqatlar" elmi məqalələr məcmuəsinin redaktorudur. Elmi — pedaqoji fəaliyyəti ilə bağlı "Professor Fərrux Rüstəmov 50" kitabı (2011, 576 səh.) nəşr olunmuşdur.
Əsərləri Bakı, İstanbul , Tbilisi, Moskva, Çeboksarı, Səmərqənd, Təbriz şəhərlərində nəşr olunmuşdur.
Prof. F. Rüstəmov akademik Hüseyn Əhmədovun əsərlərinin biblioqarfik göstəricisinin (1996, 2001, 2006), həm də 5 cildlik "Seçilmiş pedaqoji əsərləri"nin tərtibçilərindən biridir.
Əsərləri
redaktə- Prof. H. Əhmədovun əsərlərinin izahlı biblioqrafiyası (1990). 120 s.
- Azərbaycanda pedaqoji eln inkişaf tarixindən (1992). 112 s.
- Günüuzadılmış qruplarda tərbiyə məsələləri (A. İsmayılovla birlikdə) (1993). 130 s.
- M. V. Vidadinin, M. P. Vaqifin, Q. Zakirin təlim-tərbiyə haqqında fikirləri (İ. İsayevlə). (1994), 112 s.
- Azərbaycan pedaqoji biblioqrafiyası: məktəb və pedaqogika tarixinə aid ədəbiyyat (1995). 96 s.
- Görkəmli pedaqogika tarixçisi Əyyub Tağıyev (1996). 32 s.
- Azərbaycanda pedaqogikanın nəzəriyyəsi və tarixi üzrə tədris planları, proqramları, dərslik və dərs vəsaitlərinin hazırlanması və təkmilləşdirilməsi tarixi (1997). 26 s.
- Azərbaycanda pedaqoji terminalogiyanın inkişaf tarixindən (1997). 108 s.
- Azərbaycanda pedaqoji elm: təşəkkülü, inkişafı və problemləri (1998). 486 s.
- Pedaqogika kafedrasının tarixi: sələflər və xələflər (1999). 136 s.
- Pedaqogika. Yeni kurs (Ə. Paşayevlə birlikdə) (2002). 512 s.
- Ümumtürk pedaqoji fikrində əxlaqi-mənəvi dəyərlər (2002). 112 s.
- Şərqdə pedaqogika tarixi. I kitab (2003). 256 s.
- Qərb pedaqogika tarixi. II kitab (2003). 256 s.
- Yeni dövrün pedaqogika tarixi. III kitab (2004) 320 s.
- Ən yeni dövrün pedaqogika tarixi. IV kitab (2005). 204 s.
- Akademik Hüseyn Əhmədov və onun yetirmələri (2004). 248 s.
- Pedaqogika tarixi (Xarici ölkələrdə təhsil və pedaqoji fikir tarixi) (2006). 752 s.
- Ali məktəb pedaqogikası (2007). 435 s.
- Pedaqoji oçerklər: sələflərim və xələflərim (2010). 342 s.
- Pedaqoji fakültə −50 (2009). 84səh.
- Pedaqoji (təlim və tərbiyə) tarixi Şərqdə. Tehran (2010) 317 s.
- Pedaqoji qeydlər, resenziyalar, müsahibələr. Bakı(2010) 320 s.
- Azərbaycanda ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə elmi-pedaqoji kard hazırlığı. Bakı (2010) 96 s.
- Azərbaycanda təhsil və tərbiyə nəzəriyyəsinin inkişafı 1961–81-ci illər. Bakı (2011) 136s. və s.
- İrəvan müəllimlər seminariyası və onun məzunları. Bakı, "Elm və təhsil", 2022, 240 s.
Məqalələri
redaktə- "Türk xalqlarının məktəb tarixinə dair qiymətli əsər", Xalq qəzeti.- 2012.- 24 iyun.- S. 6. (Həsən Bayramoğlu və Şamil Vəliyev ilə birgə)
Təltifləri
redaktə- "Tərəqqi" medalı — 2006
- Azərbaycan Respublikasının qanaqcıl təhsil işçisi — 2010
- Azərbaycan Respublikasının əməkdar elm xadimi — 2012
- 3-cü dərəcəli "Əmək" ordeni — 2021
- "Qızıl qələm" mükafatı
İstinadlar
redaktəMənbə
redaktə- "Tələbəlik illərinin uğurlarından ruhlananda…". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. — səh. 117.