Fateh Sultan Mehmed Turbesi - Wikipedia
Fateh Sultan Mehmed türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XV əsrdə inşa olunmuş Fateh külliyəsinə aid türbə.
Haqqında
redaktəİstanbuldakı ilk sultan türbəsi olan Fateh Sultan Mehmed türbəsi, 3 may 1481-ci ildə vəfat edən və öz adına inşa etdirdiyi Fateh məscidinin arxa həyətində dəfn olunan II Mehmedin məzarı üzərində inşa olunmuşdur. Orijinal türbənin kim tərəfindən və nə vaxt inşa olunduğu dəqiq bilinmir. 1765-ci ildə İstanbulda baş verən dəhşətli zəlzələdə türbə, yaxınlığındakı Fateh məscidi ilə birlikdə tamamilə dağılmış, bir il sonra isə dövrün Osmanlı sultanı III Mustafa tərəfindən yenidən inşa olunmuşdur. Bu dəfəki memarı baş memar Mehmed Tahir ağa olan türbə tamamilə XVIII əsrin barokko üslubunda inşa edilmişdir. Türbədə yalnız Fateh Sultan Mehmed dəfn edilmişdir.
Ancaq 1782-ci ildə yenə İstanbulda baş verən güclü yanğın əsnasında giriş qapısı üzərindəki taxta portik, türbənin içindəki qiymətli əşyalar, o cümlədən məzar sandığının bir hissəsi yanmış, dövrün Osmanlı sultanı I Əbdülhəmid tərəfindən türbə ikinci dəfə bərpa edilmişdir. Hal-hazırda türbənin daxilini bəzəyən qırmızı rəngli pərdələr, saatlar və divar bəzəmələri məhz bu bərpa dövrünə aiddir.
Türbə onbucaqlı formada olub, tamamilə mərmərdən inşa edilmişdir. Məzar sandığı üzərindəki gümüş şəbəkə Osmanlı sultanı Sultan Əbdüləziz tərəfindən qoydurulub. Məzar sandığı üzərinə gümüş işləmələrlə bəzəli parça isə Osmanlı sultanı II Mahmud tərəfindən şəxsən hazırlanmışdır.