Fatih Kerimi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Fatih Kərimi (tatar. محمد فاتح کریمی, Фатих Кәрими; 30 mart 1870 – 27 sentyabr 1937, Moskva) — tatar yazıçısı, jurnalist, pedaqoq, ictimai-siyasi və maarif xadimi.
Fatih Kərimi | |
---|---|
tatar. Фатих Кәрими | |
Doğum tarixi | 30 mart 1870 |
Vəfat tarixi | 27 sentyabr 1937 (67 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Stalin repressiyaları |
Fəaliyyəti | yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFatih Kərimi kimi məşhurlaşmış ictimai-siyasi xadimin uşaqlıqda adı və soyadı sənədlərdə Məhəmməd Fatih Qılman oğlu Kərimov kimi yazılıb. Onun atası və anası bölgənin məşhur ailələrindəndir. Anası Məsumə Rizaəddin bin Fəxrəddinin (1859–1936) böyük bacısıdır. Bu ailə məşhur sufi şeyxi Zakir İşan Kamalova bağlıdır.
Fatih Kərimi Rusiya İmperiyası Samara quberniyası Buqulminski qəzasının Minnibayev kəndində doğulub. Bu kənd indi Minlibayev adlanır və Almetev rayonuna daxildir. 1870-ci il martın 17-də anadan olan Məhəmməd Fatih ilk təhsilini atasının işlədiyi Aşağı Çerşil kəndindəki ibtidai məktəbdə alıb.
Sonra onu Çistopoldakı Kamaliyə mədrəsəsinə oxumağa göndəriblər. O, Mədrəsənin əlaçı şagirdlərindən olan və həmin mədrəsənin siniflərində dərs deyən Məhəmməd Fatih Ufada imtahan verərək imam və müdərris dərəcəsi almaqla yanaşı, rəsmi hökumət təhsil ocağının, yəni Xalq Təhsili Nazirliyi Məktəbinin ikinci kursunu eksterni bitirdiyi haqqında diplom alıb.
Formalaşması
redaktəRusiyadakı təhsillə kifayətlənməyən Fatih Kərimi 1892-ci ildə isə İstanbula gedərək oradakı ali təhsilli dövlət məmurları hazırlayan "Məktəbi-mülküyəyi-şahanə"də 1896-cı ilədək oxuyub. İstanbul mühiti onun biliyinin artmasına, dünyagörüşünün zənginləşməsinə müsbət təsir göstərib. O İstanbuldan geri dönəndə, artıq ərəb, fars, türk, fransız dillərində sərbəst yazıb oxumağı bacarırdı.
Fatih Kərimi 1896-cı ildə İstanbulda təhsilini başa vurduqdan sonra, nədənsə, işləmək üçün valideynlərinin yanına gəlmir. O dövrdəki Tavriya quberniyası Yalta qəzasının Dərəköy kəndindəki mədrəsədə müəllim işləməyə başlayır. Onun ailəsinin Krımla, İsmayıl Qaspıralı ilə sıx əlaqəsi vardı.[1] Dayısı R. Fəxrəddin də Kırıma gəlir, İsmayıl Qaspıralı ilə görüşüb-məsləhətləşirdi.
1898-ci ilədək orada müəllim işləyən Fatih Kərimi 1899-cu ilin fevral-may aylarında Avropanı işgüzar səyahətə çıxan qızıl sənayeçisi Məhəmməd Şakir Ramiyevi müşiyyət edib. Geri döndükdə isə Moskva və Peterburqda qalaraq mətbəə və mühasibatlıq işlərini, alman dilini öyrənib. Atası Qılman Kərimov Orenburq dini işlər idarəsinə göndərildikdə ailələri 1899-cu ilin iyulunda Orenburq şəhərinə köçüb.
İlk Tatar dilli mətbəənin yaradıcısı
redaktəFatih Kərimi yeni üsulla dərs deyən müəllimlərin, yəni cədidçi müəllimlərin yay kursunda dərs deyib. Sonra da mətbəə işlərini daha yaxşı öyrənmək üçün Sankt-Peterburq şəhərinə gedərək Boraqanskinin mətbəəsində işləyib. 1902-ci ildə atası haqq dünyasına qovuşduqda geri dönərək atasının açmış olduğu "Kərimov, Xusainov və Ko mətbəəsi"ni işlətməyə başlayıb.
O, Orenburqda ilk tatardilli mətbəəni açmaqla, mətbəəyə ərəb şriftləri gətirərək kitab, qəzet-jurnal nəşrinə nail olmaqla kifayətlənməyib. Kitab satışı məsələlərini də sistemə salıb. Beləcə rəhbərlik etdiyi mətbəə 1917-ci ilədək ərəb əlifbası ilə 384 kitab nəşr edir ki, bunun da ümumi tirajı bir milyonu keçir.
Əsərləri
redaktəÇoxsahəli yaradıcılıqla məşğul olan Fatih Kərimi 1897-ci ildə "Saleh babanın evlənməsi" hekayəsini, 1899-cu ildə "Müxtəsər coğrafiya" dərsliyini və "Bir şagird ilə bir student" povestini, 1901-ci ildə "Mirzə qızı Fatimə" povestini, 1902-ci ildə "Müəllim və tərbiyəçilər üçün rahnamə" tədris vəsaitini, 1911-ci ildə "Qısa ümumdünya tarixi" dərsliyini və b. kitablarını nəşr etdirib.
Rusiyada yaşayan türk-tatar xalqları arasında 20-ci yüzilliyin başlarında ana dilində ən şirin səyyahət oçerkləri yazan müəllif Fatih Kərimi olub. Onun 1902-ci ildə Sankt Peterburqda "Avropaya səyahət", Orenburqda 1904-cü ildə "Kırıma səyahət", 1913-cü ildə "İstanbul məktubları" kitabları nəşr olunub.
Bədii-publisistik yaradıcılığı
redaktəŞərq və Avropanı yaxşı tanıyan, bədii-publisistik yaradıcılığı ilə xalqının sevimlisinə çevrilən, ictimai-siyasi işlərdə fəal olan Fatih Kərimə qızıl sənayeçisi Məhəmməd Şakir Ramiyev "Vəqt" adlı ictimai-siyasi qəzet çıxarmağa köməklik edib. O, qəzetinə redaktor müavini vəzifəsinə Ufada Dini İşlər İdarəsində qazı işləyən dayısı, R. Fəxrəddini dəvət edib.
1906-cı ildə tatar dilində nəşrə başlayan 1913-cü ilədək həftədə üç dəfə, ondan sonra gündəlik çıxan bu qəzet nəinki Rusiya türkləri arasında, xarici ölkələrdə də özünə çoxlu oxucu tapıb. İki il sonra Məhəmməd Şakir Ramiyev "Şura" jurnalını nəşrinə də vəsait ayırıb. Beləcə Rızatdin Faxretdin 10 il, yəni "Şura" jurnalı bağlanana kimi onun redaktoru olub.
Siyasi Fəaliyyət
redaktə1905–1906-cı illərdə keçirilən Ümumrusiya Müsəlmanları Qurultayında fəal iştirak edən Fatih Kərimi 1905-ci ilin dekabrı ilə 1906-cı ilin martı arasında Orenburqda müsəlmanların beş toplantısını təşkil edə bilib. Qızğın müzakirələrlə keçən bu toplantılara yekdilliklə Fatih Kərimi sədr seçilib.
İki dəfə Orenburq şəhər dumasına üzv seçilən Fatih Kərimi 1907-ci ildə keçirilən II Dövlət Dumasına seçkilərdə də iştirak edib. O, sadəcə tatarların, başqırdların mənafei uğrunda mübarizə aparmır, onun mübarizəsi Rusiya əsarətində olan türk-müsəlman xalqlarını azadlığa çıxarmaq mübarizəsi idi.
1906-cı ildə yaradılan "İttifaq əl-müsəlman" Partiyası Mərkəzi Komitəsinin üzvü olan Fatih Kərimi 1914-cü ildə keçirilən Ümumrusiya Müsəlmanları Qurultayında da fəal iştirak edib.
Xarici güclər Balkan xalqlarını Osmanlı dövlətinə qarşı qaldıranda Fatih Kərimi oraya gedib. İkinci Balkan savaşından "Vəqt" qəzeti oxucuları üçün məqalələr yazıb. Bu məqalələrdə yalnız savaşın təsvirini verməyib. Bölgənin iqtisadi, siyasi, mədəni, hərbi vəziyyətini təhlil edir, təhsilin durumundan, tarixdən geniş söz açıb.
Fatih Kərimi fəal ictimai-siyasi iş aparmaqla, bədii, pedaqoji mövzuda kitablar nəşr etməklə, mətbəəsində çap olunan kitabların redaktəsini öz üzərinə götürməklə kifayətlənməyib, ardıcıl şəkildə tərcüməçilik də edib. Rus, fransız, türk dillərindən elmi kütləvi kitabları çevirərək nəşr edib.
1917-ci ilin may ayında keçirilən I Ümumrusiya Müsəlmanları Qurultayında Məhəmmədəmin Rəsulzadə ilə eyni mövqedə duran Fatih Kərimi federasiya layihəsinin tərəfdarlarından olub. Həmin qurultayın Milli Şurasına seçilən Fatih Kərimi 1917–1920-ci illərin qarışıq dövründə xalqının xilasını sosialistlərlə bir cəbhədə olmaqda görüb.
1917-ci il noyabrın 1-də "Yeni dünya" adlı qəzetin nəşrinə başlayıb. Qarışıq zamanda 1917–1924-cü illərdə Orenburqdakı təhsil müəssisəsində dərs deyən, 1919-cu ildə "Gənclər dünyası" və "Yol" qəzetləri ilə əməkdaşlıq edən, redkollegiyasına seçilən Fatih Kərim bolşeviklərin təqibindən yaxa qurtararaq Moskvaya gedib.
Həyatın sonu
redaktəKeçmiş dostlarının köməyi ilə Moskvadakı SSRİ Xalqlarının Mərkəzi Nəşriyyatının Tatar şöbəsində işləməyə başlayıb. Ciddi ictimai-siyasi fəaliyyətlə məşğul olmasa da, keçmiş fəaliyyətinə görə daim təqib və təzyiqlə üzləşib. Şərqşünaslıq İnstitutunda türk dilindən dərs deyir, "İşçi" qəzeti ilə əməkdaşlıq edib.
1937-ci ilin avqustunda onu həbs ediblər. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası onu "Türkiyə xeyrinə casusluqda" ittiham edərək ölüm hökmü verib. Bəzi qaynaqlarda Fatih Kərimininn 1937-ci il sentyabrın 27-də güllələndiyi yazılsa da, bəzi qaynaqlar ölüm hökmünün həbs cəzası ilə əvəzləndiyi göstərilib.
SSRİ dağıldıqdan sonra Fatih Kəriminin həyat və yaradıcılığına maraq artıb. Gənclər onun həyat və yaradıcılığına böyük maraq göstərib. İndi onun əsərləri yalnız Tatarıstanda deyil, türk dünyasının hər yerində maraqla öyrənilir.
İstinadlar
redaktə- ↑ "trtazerbaycan.com". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-21.