Flamenqo Ik - Wikipedia
Flamenqo İdman Klubu və ya sadəcə Flamenqo — Braziliyanın Rio-de-Janeyro şəhərinin Qavea məhəlləsini təmsil edən multi-idman klubu. Flamenqo məhəlləsinin adını daşıyan klub ən çox peşəkar futbol komandası, Flamenqo FK ilə tanınır. "Flamenqo" "San-Paulu" ilə birlikdə heç vaxt Seriya A-dan, Braziliya top liqasından aşağı liqaya düşməmiş iki klubdan biridir. "Flamenqo" həmçinin 46,9 milyondan çox azarkeşlə Braziliyanın ən populyar futbol komandasıdır ki, bu da Braziliyada hər hansı bir futbol komandasını dəstəkləyən əhalinin 21,9%-i deməkdir.[3]
Flamenqo İK | |
---|---|
Clube de Regatas do Flamengo | |
Ölkə | |
Yaranma tarixi | 15 noyabr 1895[1] |
Stadionu | Marakana stadionu |
Baş məşqçisi | |
Liqa | Seria A (Braziliya)[d] |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Klub ilk dəfə 1895-ci ildə Flamenqo məhəlləsində avarçəkmə klubu kimi yaradılıb və ilk rəsmi futbol matçlarını 1912-ci ildə oynayıblar. "Flamenqo"nun ənənəvi forması ağ şort, qırmızı və qara zolaqlı köynək və qırmızı və qara zolaqlı corablardan ibarətdir. Komanda son illərdə bəzi hallar istisna olmaqla, 1950-ci ildən bəri ev oyunlarını adətən Marakana stadionunda (Braziliya milli komandasının da stadionudur) oynayır. 1969-cu ildən bəri klubun maskotu kərkəsdir (portuqalca:urubu).
1959-cu ildə futbol üzrə ilk Braziliya milli çempionatının yaradılmasına qədər, yəni Braziliya ştat liqaları dövründə "Flamenqo" ölkənin ən uğurlu idman klublarından biri idi və bir neçə Karioka Liqası (Rio de Janeyronun ştat liqası) titulu qazanmışdılar. Klub o vaxtdan bəri hələ də Braziliya futbolundakı uğurunu qoruyub-saxlayır və onlar 7 dəfə Seriya A-nın, 5 dəfə Braziliya Kubokunun və rekord sayda, 38 dəfə Karioka Liqasının qalibi olublar. Cənubi Amerikada və dünya miqyasında keçirilən turnirlərdə klubun ən böyük nailiyyətləri 1981, 2019 və 2022-ci illərdə Libertadores Kubokunu və 1981-ci ildə klubun ən məşhur oyunçusu olan Zikonun rəhbərliyi ilə "Liverpul"u məğlub edərək Qitələrarası kuboku qazanmalarıdır.
"Flamenqo" illik 1,2 milyard R$ (218 milyon avro)[4] gəliri və 3,8 milyard R$ (691 milyon avro) dəyəri ilə Braziliyanın ən zəngin və ən yüksək dəyərli futbol klubudur.[5] Flamenqo 18 iyun 2023-cü il tarixinə olan məlumata əsasən bütün platformalarda ümumilikdə 49 milyon izləyicisi ilə sosial mediada ən çox izləyicisi olan qeyri-Avropa futbol klubu olmuşdur.[6]
Klub Braziliya milli futbol komandasında da yaxşı təmsil olunub. 1938 FİFA Dünya Kubokunda o dövrdə "Flamenqo"nun futbolçusu olan hücumçu Leonidas 7 qolla həm Qızıl butsun, həm də Qızıl Topun sahibi olaraq bu iki mükafatı qazanan ilk braziliyalı oyunçu oldu. On iki il sonra 1950 FİFA Dünya Kubokunda "Flamenqo"nun yarımmüdafiəçisi olan Zizinyo da ən yaxşı oyunçu seçiulib və daha sonra "Qızıl top"u qazanıb. Braziliya milli futbol komandasının 10 bombardirindən 4-ü karyerasının bir nöqtəsində "Flamenqo"nun futbolçusu olub, yeddi futbolçu klubda çıxış etdiyi müddətdə Dünya Kubokunu qazanıb və "Flamenqo"nun futbolçusu Mario Zaqallo 1958-ci il Dünya Kubokunun finalında Braziliyanın üçüncü qolunun müəllifi olub.
Klubun gənclər akademiyası Braziliyada və dünyada ən məhsuldar futbol akademiyalarından biridir və Ziko, Zizinyo, Vinisius Junior, Lukas Paketa, Culio Sezar, Adriano, Mario Zaqallo, Junior və Leonardo kimi bir sıra braziliyalı futbolçunu yetişdirmişdir.
İstinadlar
redaktə- ↑ https://pt.wikipedia.org/?q=Clube_de_Regatas_do_Flamengo.
- ↑ https://www.transfermarkt.us/-/mitarbeiterhistorie/verein/614.
- ↑ "Qual é a maior torcida do Brasil em 2024". Agenda Bafafá. 7 Mar 2024. 17 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 12, 2024.
- ↑ "Flamengo arrecada R$ 1,2 bi como europeu, mas só atinge elite com Liga". www.uol.com.br (portuqal). 2 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2023.
- ↑ "Estudo aponta os clubes mais valiosos do Brasil; veja o ranking". exame.com. January 30, 2023. 30 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2023.
- ↑ "Flamengo is the non-European club with the most followers on social media". June 17, 2023. December 25, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 12, 2025.