Frezleme - Wikipedia
Frezləmə — metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə frez deyilir. Frez aləti ixtira olunduğu zaman, yəni sənaye inqilabı ərəfəsində Fransada saray əyanlarının paltarlarının boynunda gəzdirdikləri yaxalığa oxşadığından ona bu adı vermişlər. Yəni frez fransızca fraise sözündən olub, mənası yaxalıq deməkdir.
Torna əməliyyatından fərqli olaraq frezləmədə pəstah sərt bərkidilir. Əsas hərəkəti isə alət görür. Alət verilən həndəsəni yaratmaq üçün dəzgahın koordinat sistemində veriş alaraq eyni zamanda bir neçə ox üzrə hərəkət edir. Veriş hərəkətini dəzgahın konstruksiyasından asılı olaraq pəstah da yerinə yetirə bilər.
Frezləməni aşağıdakı əlamətlərinə görə bölürlər:
1. Dəzgahın şpindelinin vəziyyətinə görə, şaquli və üfüqi olurlar. İstehsalda ən çox universallaşdırlmış dəzgahlardan istifadə edilir.
2. Alətin növündən asılı olaraq, barmaq, yan, periferiya üzrə, fasonlu və b. Barmaq frezlər pazların, kanovların, yuvaların açılmasında tətbiq olunurlar. Yan frezlər böyük müstəvi səthlərin emalında tətbiq olunur. Fasonlu frezlər profilləri emal etmək üçündür.
3. Alətin fırlanma hərkətinə görə veriş istiqamətində və əksinə olurlar. Veriş istiqamətində yonqarəmələgəlmə prosesi asan getdiyindən təmiz səth alınır. Verişin əksinə emalda isə səth təmiz olmasa da məhsuldarlığı artırmaq olur. Praktikada bu üsulların hər ikis səthə qoyulan tələbdən asılı olaraq həyata keçirilir.
Prosesin aparılması frez dəgahlarında yerinə yetirilir. Bu dəzgahların aşağıdakı növləri vardır:
- Universal frez dəzgahları
- Portal frez dəzgahları
- Konsol frez dəzgahları
- Köçürmə frez dəzgahları
- Emal mərkəzləri
Müasir frez dəzgahlarının hamısı CNC tipli idarəetmə sistemləri ilə təchiz olunmuşlar. Bu sistemlər emal prosesini bir başa kompyüterdən idarə etməyə imkan verir. Frez dəzgahlarında alətləri bərkitmək üçün Morze birləşməsindən istifadə edilir. Bu sistem bir çox şpindel növlərinə inteqrasiya olunmuşdur. Texnikanın inkişafı nəticəsində frezləmə dəzgahlarında XX əsrin sonundan etibarən yüksək sürətli emal aparmaq mümkündür.
Mənbə
redaktə- Andreas Hirsch: Werkzeugmaschinen Grundlagen, Vieweg, Braunschweig, Wiesbaden 2000, ISBN 3-528-04950-2
- Hans Kurt Tönshoff: Werkzeugmaschinen. Grundlagen, Springer-Lehrbuch 1995.