Furunkul - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Furunkul — tək tük kisəsinin və yaxın piy vəzinin kəskin irinli nekrotik iltihabıdır.
Nekrozlu iltihab genişlənib, ətraf birləşdirici toxumanı əhatə edir. Furunkulun əsas törədicisi qızılı stafilokoklardır. Qadınlara nisbətən kişilərdə dəri tük örtüyü güclü olduğu üçün onlarda furunkul daha çox müşahidə edilir. Furunkul bədənin hər bir tüklü yerində əmələ gələ bilər, lakin daha çox boyunda, kürəkdə, sağrıda, beldə, üzdə törənir. Şəxsi gigiyena tələblərinə əməl olunmaması, alimentar çatışmazlıq, şəkər mübadiləsinin pozulması irintörədici mikrobların inkişafına şərait yaradır. Dəri örtüyünün kobud sürtülməsi, sıyrıntılar, bəzən piy vəzilərinin axarı infeksiya qapısı rolunu oynayır. İnfeksiya qapısından dəriyə daxil olan irintörədici mikroblar furunkulun yaranmasına səbəb olur.
Klinik gedişi
redaktəFurunkulun kliniki gedişi biri digərini əvəz edən 3 mərhələdə gedir:
- infiltrat ocağının yaranması;
- irinli nekrotik közün törənməsi və xaric olması;
- irinli ocağın çapıqlaşması;
İltihabi infiltratın böyük, irinli nekrotik közün isə nisbətən kiçik olması furunkulun kliniki xüsusiyyətidir. Tük kisəsindən mikroblar dərinin məməvari hüceyrələrinə yayıldıqda iltihab infiltratı əmələ gəlir. Yaranmış infltrat nahiyəsində kapillyar və vena damarlarının mənfəzi tromb kütləsi ilə qapandığı üçün yerli qan dövranı pozulur, leykositlərin iltihab zonasına axını və nekrotik irin közünün sabitləşməsi ləngiyir. Tam yetişməmiş nekrotik irinli közün, infiltratlaşmış toxumaların mexaniki təzyiqlə sıxılması infeksiyalaşmış tromb kütləsinin yerdəyişməsinə və iltihabın daha da genişlənməsinə səbəb olur.
İnfiltrat ocağının yaranması
redaktəTük ətrafında dəridə qızartı və ağrılı qabarcığın əmələ gəlməsi ilə başlayır. 24–48 saatdan sonra follikulun ağzı (tük xaric olan yer) ətrafında sarı ləkə — irinli suluq əmələ gəlir. Bu dəyişikliklə iltihabı proses sönə də bilər, bəzi hallarda isə iltihab güclənib ikinci mərhələyə keçir. Xəstələr narahatlıq keçirir, hərarət yüksəlir, dərin toxumalara yaxın nahiyələrdə (ənsə, başın tüklü hissəsi, barmaqların arxa səthi) güclü ağrılar başlayır.
İrinli nekrotik közün törənməsi və xaric olması
redaktəİltihabi proses davam edən tük kisəsi və piy vəzi əriyib irinə çevrilir. Onun ətrafında olan infiltrat və qızartının hüdudları daha da genişlənir, infiltratın mərkəzində nazikləşmiş dəri altından sarı-yaşıl kütlə (irin közü) görünməyə başlayır. İnfiltratın hüdudları böyüdükcə ödem və ağrı güclənir. Dəriyə baxarkən furunkul mərkəzindən limfa damarları istiqamətində qızartı (limfangit), məhəlli limfatik düyünlərin böyüməsi, əllə yoxladıqda isə ağrılı olması (limfadenit) qeyd edilir. Üst dodaqda, burunda, yanaqda, qaşüstü nahiyədə yerləşən furunkul üz venası şaxələrində tromboflebit və bununla əlaqədar, güclü başağrılarına, hərarətin xeyli yüksəlməsinə (38 °C — 40 °C) səbəb olur. İnfiltratın mərkəzində irinli nekrotik ocağın üzərini örtən nazik dəri örtüyü nekrozlaşır və irinli möhtəviyyat infiltratlaşmış və qızarmış dəri üzərinə axır. Bu dövrdə hərarətin dəyişkənliyi (38 °C — 40 °C) titrəmə, tərləmə, huşun alaqaranlıq olması, dəri örtüyünün avazıması, irinli intoksikasiyanın güclənməsi sepsisin gələcək inkişafını göstərir.
İrinli ocağın çapıqlaşması
redaktəNekrotik irinli ocaq tam boşaldıqdan sonra yerində dənəvər toxuma ilə örtülmüş boşluq qalır, sonra dənəvər toxuma birləşdirici toxuma ilə əvəz olunur, çapıqlaşır, dəri isə epitellə örtülür.
Müalicə
redaktəMüalicəsi — iki üsulla: konservativ və cərrahi əməliyyatla aparılır.
Fəsadlaşmamış furunkullar konservativ müalicə ilə sağalır. Furunkulun üzərinə isidicilər qoymaq məsləhət deyil, çünki isti toxumaların qan damarlarının genişlənməsinə və infeksiyanın yayılmasına köməklik edir. Bütün infiltrasiya sahəsi spirtlə silinməli, irinli kisə isə 5%-li yod məhlulu ilə yandırılmalıdır. Lazerlə şüalandırılma və fiziki müalicədən istifadə edilməlidir. İnfiltratın ətrafına 2–3 nöqtədən antibiotik-novokain məhlulu yeridilməlidir. Nekrotik-irinli ocaq təzahür etdikdə isə irinlik tez boşaldılmalıdır. Bunun üçün nekrozlaşmış dəri səthinə salisil turşusu tozu səpilir. Bir neçə saat sonra salisil tozu nazikləşmiş dərini əridir və irinli- nekrotik köz qopub xaric olmağa başlayır. İnfiltratlaşmış dəri səthi antiseptiklə işləndikdən sonra nekrotik irinli köz mexaniki sürətdə pinsetlə xaric edilməlidir. Nekrotik irinli kütlə xaric edildikdən sonra boşluq antiseptiklərlə yuyulur və oraya ötürücü rezin parçası yeridilir. Ertəsi gün infiltratın xeyli azalması və infeksiyanın sönməsi müşahidə edilir. Qalıq yara səthi təkrari antiseptiklərlə və məlhəmlərlə işlənilərək aseptik sarğı ilə örtülür. Ümumi müalicəyə ehtiyac yoxdur. Sifətdə olan, fəsadlaşmış (limfangit, limfadenit) və ağır yanaşı gedən xəstəliklər (şəkərli diabet, immun çatışmazlıq) zəmnində yaranmış furunkulların müalicəsi antibiotiklərlə, iltihab əleyhinə və immun preparatların təyini və qanın ultrabənövşəyi şüalanması ilə icra edilməlidir. Sifətdə, xüsusən üst dodaqda, burun-dodaq bucağında törənən furunkullar xəstələrin həyatı üçün çox təhlükəli olur. İltihab prosesi ön sifət venasının şaxələndiyi toxumalara çox sirayət etdikdə, bu venalarla infiltrat nahiyəsindən infeksiyalaşmış tromb kütlələri venoz cibə asanlıqla keçib irinli meningitin əmələ gəlməsinə, nəticədə 80–100% ölümə səbəb olur. Ona görə də sifətdə yerləşən furunkulların mexaniki sıxılmasına cəhd göstərmək lazım deyil. Bununla əlaqədar, sifətdə furunkul törənmiş xəstələr xəstəxana şəraitində həkim nəzarəti altında müalicə olunmalıdır. Bu xəstələrə yerli müalicə ilə yanaşı, antibiotiklər, iltihab əleyhinə və qanın reologiyasını yaxşılaşdıran dərmanlar (aspirin, trental) vermək, yataqda uzanmaq, danışmamaq, sulu qida qəbulu məsləhət görülməlidir.
Absesləşmiş böyük furunkullar cərrahi kəsiklər aparmaqla boşaldılmalıdır. Furunkul təkrarlana bilər. Bunun qarşısını almaq üçün xəstələrə stafilokok anatoksini yeridilməlidir. Furunkulun yaranmasının qarşısını almaq üçün, ilk növbədə, şəxsi gigiyena tələblərinə riayət olunmalıdır. Keyfiyyətli və vitaminlərlə zəngin qida qəbul edilməlidir.