Huquqi Sexs - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Hüquqi şəxs —
Hüquqi şəxs konstruksiyasının genezisi — əmələ gəlməsinin tarixi kökləri qədim zamanlarla bağlıdır. Hələ Roma xüsusi hüququ dövründə əmlak münasibətlərində fiziki şəxslərdən başqa, onların birlikləri və qrupları da subyekt rolunda çıxış edirdilər. Amma hüquqi şəxslərin Romanın iqtisadi həyatındakı əhəmiyyəti böyük deyildi. Hətta Roma təsərüfatının nisbətən inkişaf etdiyi, beynəlxalq ticarətin inkişaf etdiyi, canlandığı bir dövrdə hüquqi şəxslər mühüm rol oynaya bilməmişdir. Əsasən natural xarakter daşıyan təsərüfat şəraitində ayrı cür də ola bilməzdi. Hətta Roma xüsusi hüququna "hüquqi şəxs" termininin özü də məlum deyildi.
Roma hüquqşünasları tərəfindən hüquqi şəxs anlayışı işlənib hazırlanmamışdı. Onlar yalnız hüququn fiziki şəxslərin yaratdıqları birliklərə məxsus olması faktını etiraf etməklə kifayətlənirdilər. Lakin buna baxmayaraq, necə olursa-olsun şəxs ideyasının və konstruksiyasının yaradılması Roma xüsusi hüququnun mühüm xidmətlərindən biridir. Hüquqi şəxs anlayışı ilk dəfə olaraq məhz Roma hüququ tərəfindən yaradılmış və yeni xalqların hüququ tərəfindən qəbul edilmişdi. Latın dilində hüquqi şəxs anlayışı yoxdur. Hüquqi şəxsin ilkin əsası Romada qoyulmuşdur. Hüquqi şəxsin mahiyyəti barədə əsas bir sıra nəzəriyyələr var.
Azərbaycanda
redaktəAzərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar.[1]
Fiziki şəxs anlayışı ilə mülki hüququn insan kateqoriyasına, insan cinsindən olan subyekti əhatə olunur. Hüquqi şəxslər isə bundan fərqli olaraq mülki hüququn psixoloji, bioloji və ictimai varlıq hesab edilməyən subyektlərindəndir. Elə subyektlərdən ki, onlar fiziki şəxslərin malik olduqları nitqdən, iradədən, düşüncədən və şüurdan məhrumdur. Hüquqi şəxslər fiziki şəxslərin birləşməsinə əsaslanan və spesifik qaydada yaradılan xüsusi qurumudur.
Hüquqi şəxs anlayışı iki mənada işlədilir:
- mülki hüquq institutu mənasında
- konstruksiya mənasında
Hüquq institutu mənasında hüquqi şəxs dedikdə, hüquqi şəxslərin hüquq subyektliliyini, bu subyektliyin həyata keçirilməsi üsullarını və qaydasını, hüquqi şəxslərin yaradılmasını, yenidən təşkil olunmasını və ləğv olunmasını, habelə onların ayrı-ayrı təşkilati-hüquqi formalarının xüsusiyyətlərini müəyyənləşdirən mülki hüquq normalarının məcmusu başa düşülür. Bu, Azərbaycan Respublikasının mülki hüququnun əsas və başlıca institutlarından biri hesab olunur. Hüquqi şəxs institutuna daxil olan hüquq normaları əsasən Mülki Məcəllənin 4-cü fəslində (43–119-cu maddələrində) əks olunmuşdur. Həmin maddələrdə hüquqi şəxslərin anlayışı və növləri, onun mülki hüquq subyektliliyi (hüquq qabiliyyəti, fəaliyyət qabiliyyəti və delikt qabiliyyəti), hüquqi şəxsin yaradılması, ləğv edilməsi və yenidən təşkil edilməsi haqqında, habelə digər məsələlər barədə müddəalar ifadə olunmuşdur.
Hüquqi şəxslər barədə normalar digər normativ aktlarda da əks olunmuşdur. Söhbət hər şeydən əvvəl, Azərbaycan Respublikasının qanunlarından gedir. "Dini etiqad azadlığı haqqında"(1992), "Əmtəə birjası haqqında"(1994), "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında"(2003) və digər qanunlarda hüquqi şəxslərə aid edilən kifayət qədər mülki hüquq normaları ifadə olunmuşdur. Hüquqi şəxslərə bilavasitə aid olan normalara qanun qüvvəli aktlara da rast gəlmək olar. Məsələn, prezidentin 19 may 1998-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Əsasnamə hüquqi şəxslərin bir növü olan səhmdar cəmiyyətlərinə aiddir.
Konstruksiya mənasında hüquqi şəxs fiziki şəxslərin mülki dövriyyədə kollektiv surətdə iştirakını təmin edən hüquqi forma başa düşülür. Elə bir hüquqi forma ki, o, fiziki şəxslərə birləşərək öz təsərüfat fəaliyyətini kollektiv surətdə təşkil etməyə imkan verir. Bu baxımdan hüquqi şəxslər fiziki şəxslərin kollektiv qurumlarıdır. Bu qurumlar fiziki şəxslərin həm şəxsi səylərinin, həm də onların əmlakının, maddi vəsaitlərinin və kapitallarının birləşməsini ifadə edir.
Mülki hüququn bu subyektinin nəyə görə "hüquqi şəxs" adlanması sual doğurur. Bu onunla izah olunur ki, onlar təbiət tərəfindən yaradılmır. Yalnız fiziki şəxsləri təbiət yaradır. Hüquqi şəxslər isə qeyri-təbii qurumlar olub, hüquq qaydası, hüquq normaları və hüquqi göstərişlər əsasında xüsusi qaydada əmələ gəlir, yenidən təşkil olunur və ləğv olununur. Onlar hüquq əsasında yaranan konstruksiyadır. Hüquqi şəxslərin qeyri-təbii, suni qurumlar olması bəzi xarici ölkələrin qanunvericiliyində birbaşa göstərilmişdir.
Əsas anlayışlar
redaktəMənbə[2]
- Xarici hüquqi şəxs — Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsdir.
- Hüquqi şəxs statusu almaq istəyən qurum — hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edən şəxs və ya şəxslər qrupudur.
- Nümayəndəlik — Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur.
- Filial — Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur.
- Təsis sənədləri — hüquqi şəxsin və bu Qanunda göstərilən digər müvafiq qurumların yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını təşkil edən sənədlərdir.
Hüquqi şəxslərin dövlət qeydiyyatı — Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin vahid dövlət reyestrinə daxil edilməsidir.
- Hüquqi şəxslərin dövlət reyestri — Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində vahid məlumatlar (qeydlər) məcmusudur.
- Kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri — Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumlardır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Maddə 13.2.2". 2010-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-30.
- ↑ "HÜQUQİ ŞƏXSLƏRİN DÖVLƏT QEYDİYYATI VƏ DÖVLƏT REYESTRİ HAQQINDA"AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU, Maddə 2. Əsas anlayışlar [ölü keçid]