Hurmelek Tepesi - Wikipedia
Aslanbəyli (əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Aslanbəyli | |
---|---|
41°13′57″ şm. e. 45°10′13″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 373 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 3513 |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
redaktəKəndin adı tayfa başçısının (Aslan bəy) adından yaranmışdır. Keçmiş adı da Aslanbəyli olmuşdur. Sovet vaxtı yaşayış məntəqəsi inqilabçı Əli Bayramovun adı ilə adlandırılmışdır.[2]
Tarixi
redaktə- Kəndin çox qədim tarixi var. Kənddə tunc dövrünə məxsus 5 ədəd kurqan yerləşir. Qədimdə incə dərəsində İncu (Aslanbəyli kəndi), Kimer (Kəmərli kəndi) və Qamak (Qaymaqlı kəndi) tayfaları yaşamışdır.Bunlardan ən qədimi "İncu" (Aslanbəyli) tayfasıdır.[mənbə göstərin]
- 1982-ci ildə kənd ərazisinin bir hissəsi Sov. İKP Mərkəzi Komitəsinin qərarı ilə Ermənistan SSR-yə verilmişdir.[3]
- Sovet dövründə kənd bolşevik inqilabçısı Əli Bayramovun adı ilə "Əli Bayramlı" adlandırılmışdır.[4] 29 may 1996-cı ildə ad dəyişdirilərək "Aslanbəyli" adı bərpa edilmişdir.[5]
- Qarabağ müharibəsi zamanı kənd sakinləri Barana rayonu (Noyemberyan) tərəfdəki erməni həmləsinin qarşısını layiqincə aldılar. Qonşu Qaymaqlı və Kəmərli kəndliləri ilə birləşərək arvad-uşaq yalın əllə, quş tüfəngi, tapança ilə döyüşə girdilər. Kəndlilər vətən məhəbbəti, qeyrət adlı silahları ilə mənfur düşmənin layiqli cavabını verərək, Qazaxın İncə dərəsi torpaqlarını qorumuşlar. Aslanbəyli kəndi Qarabağ müharibəsi ve Qazax tərəflərdə döyüşlər zamanı 24, 2016-ci ilin aprelində Dördgünlük müharibədə isə 1 şəhid vermişdir
- Hal-hazırda kənddə 400-500 illik tarixi olan qəbir daşları var. 1977-ci ildə kəndin qurtaracağında olan şiş təpədə olan daşları çıxardarkən məqbərə aşkar edilir. Məqbəri qırmızı daşdan düzəldilib. Qazax rayonunda belə daşlardan qırmızı körpünün tikilişində istifadə edilmişdir. Məqbərənin girəcəyi şah saraylarının qapısındakı ornamentlərə oxşayır. Məqbərə Gəncə şəhərində olan sərdabəyə çox bənzəyir. Məqbərədəki tabutda boyu 2 metrdən qısa olmayan bir kişi və 150 metr boyda qadın yanaşı qoyulmuşdu. Onların saçı, əl və üzlərinin rəngi, paltarları olduğu kimi qalırdı. Bir çoxları belə güman etdilər ki, tabutdakı cəsəd kəndin adını daşıyan Aslanbəydir. Kəndin adını daşıyan Aslanbəy 400-500 il bundan əvvəl yaşamışdır.
Coğrafiyası və iqlimi
redaktəAslanbəyli kəndi Qazax rayonunun qərbində, İncə dərəsində, İncəsu çayının (Kürün qolu) vadisində, düzənlikdə yerləşir. İncə dərəsində yerləşən üç kənddən biridir. Rayonun mərkəzi olan Qazax şəhərindən 30 kilometr şimal-qərbdə, Bakı - Gürcüstan magistral yolundan 7 kilometr aralıda yerləşir. Kəndin ərazisi qərbdən Qaymaqlı kəndiylə, İncə dərəsinə gedən əsas yoldan şərq istiqamətində Yuxarı Salahlı kəndiylə, çöllük ərazilərdən cənub və cənub-şərqdən Avey dağı və Daş Salahlı kəndiylə, şimaldan Birinci Şıxlı kəndiylə, cənub-qərbdən Qərbi Azərbaycanın Barana rayonu (Noyemberyan) rayonunun Qurumsu kəndiylə qonşudur. Vadidə yerləşən Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərinin yerləşdiyi əraziyə İncə dərəsi deyilir.[4] Aslanbəyli kəndi, əhalisinin və ərazisinin böyüklüyünə görə dərədə ən böyük kənddir.
İqlimi mülayim qış və isti yayla xarakterizə olunur. Qışı quraq keçir.
Hürmələk təpəsi
redaktəYuxarı Salahlı-Aslanbəyli yolunun qırağında bir təpə yerləşir. Bu təpə XİX əsrdə yaşamış Hürmələk nənənin adı ilə tanılır.
Müqəddəs adətinə bir dəfə də olsun naxələflik etməyən Hürmələk nənə hər cümə günü Aslanbəyli kəndinə gedib cümə namazlarını Hacı Mahmud Əfəndi həzrətlərinin evində qılar, bu ulu Övlüyanın camalından nur payını götürərdi. Günorta namazını isə həmişə olduğu kimi həmin təpənin üstündə qılıb Salahlıya - evlərinə tələsərdi. Bir gün namaz üstündə dünyasını dəyişən Hürmələk nənə elə bu təpədə torpağa tapşırılmışdır. Buna görə də camaat həmin təpəni "Hürmələk təpəsi" adlandırmışdır.
Uzun illər ötüşdü, tək məzar adlanan həmin yer ocaq yerinə cevrildi. Kimi ehsanat kimi həmin məzarın ətrafını hördurdü, kimi başdaşı qoydu, kimi isə məzarı ziyarət etmək üçün təpənin üstünə qədər pilləkən saldırdı. Hər yoldan keçən təpənin qarşısında ayaq saxlayır, Allahdan Hürmələk nənəyə rəhmət diləyir.
Bələdiyyə
redaktəAslanbəyli bələdiyyəsi Aslanbəyli kəndini əhatə edir.[6]
Əhalisi
redaktə939 təsərrüfatı olan kənddə 4,165 nəfər əhali yaşayır. Aslanbəyli kəndi əhalisinin sayına görə, rayonun inzibati mərkəzi olan Qazax şəhəri başda olmaqla, Daş Salahlı və Çaylı kəndlərindən sonra rayonda 3-cü böyük kənddir.
Tanınmış soyları
redaktə- Seyidovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Hacı Mahmud Əfəndinin nəslindəndirlər. Şeyx nəsli və ziyalı nəsildir. Soyun 2 qolu var: Molla Seyid törəmələri və Hacı Mahmud Əfəndi törəmələri. Hacı Mahmud Əfəndi və Molla Seyidin yaşayış evləri Aslanbəyli məscidinin ətrafındadır. Molla Seyidin törəmələri Azərbaycanda yaşayırlar və Molla Seyidlilər kimi tanınırlar. Bir çox ziyalıları, Müxtəlif sahələrdə nüfuz qazanmış nümayəndələri ilə tanınırlar. Hacı Mahmud Əfəndinin törəmələri isə əksəriyyəti Türkiyədə, digərləri isə Azərbaycanda yaşayırlar. Türkiyədə yaşayanların böyük qismi Amasya ilində və Amasya şəhərində yaşayırlar. Onların arasında Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatları, bir çox ziyalılar, İlahiyyat alimləri və müxtəlif sahələrdə nüfuz qazanmış şəxslərdə var. Bu nəsil siyasi xadimləri, Professor, Fəlsəfə doktoru, Elmlər namizədi elmi dərəcələrini almış bir çox ziyalı nümayəndələri, idmançı və pəhləvanları, igid və qəhrəman oğulları ilə tanınmışdır. Qaranilər soyunun davamçı nəsillərindən biridir. Qaranilər Osman Türk mənşəli Yəmən tayfalarından biridir (6-cı əsr). Qaranilər soyunun qədim kökü Məhəmməd Peyğəmbər dövründə yaşamış, Yəmənli və Osman Türk əsilli bir Müsəlman, Övliya, mistik və Filosof olan Veysəl Qaraninin soyundan (Qaranilər) gəlir.
- Nəcəflilər — Aslanbəyli kəndinə mənsub məşhur bəy və qaçaq nəsli. Qaçaq Kərəmin soyundandırlar. Soyun ulu babası Qaçaq Nəcəf Qaçaq Kərəmin babası (ata babası) Molla Zalın qardaşıdır. Bu nəslin nümayəndələri igidlikdə şan-söhrət qazanmışlar. Bir çox idmançı və pəhləvanları, igid və qəhrəman oğulları ilə tanınmışdır. Nəcəfin ulu babaları 18-ci əsrin əvvəllərində qaçaqlıq edərək Qazax Sultanlığının Kəsəmən kəndindən (indiki Ağstafa rayonu Qıraq Kəsəmən ərazisindən) Cənubi Azərbaycanın Xoy ərazisinə köçmüşlər. 100-120 il orada məşkunlaşmış və ad-san qazanmışlar. Bir çox düşmənləri olan Nəcəf və 5 qardaşı babaları İskəndərin məsləhəti ilə 19-cu əsrin 30-cu illərində öz ata-baba yurdları olan Qazax elinə qayıdırlar.[7]
Tanınmış şəxsləri
redaktə- Hacı Mahmud Əfəndi (1835-1896) — şeyx, tanınmış din xadimi.
- Veys Əfəndi (1865-?) — Türkiyənin ilahiyyatçı alimi.
- Həmid Əfəndi (1875-?) — din xadimi.
- Məhəmməd Əfəndi (1871-1961) — Türkiyənin ilahiyyat alimi, Amasyada təsərrüfat sahibi.
- Əhməd Seyidov (1892-1977) — alim, Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi.
- Nəsib Əliyev (1908-1943) — jurnalist, "Gənc işçi" qəzetinin redaktoru, İkinci Dünya Müharibəsi qəhrəmanı.
- Fikrət Seyidov (1930-2011) — alim, pedaqoji elmlər doktoru, professor.
- Xəlil Yusifli (1935) — alim, filologiya üzrə elmlər doktoru, Gəncə Dövlət Universitetinin professoru.
- Zəkəriyyə Mehman (1938-1999) — yaradıcı aşıq.
- Fərhad Seyidov (1940) — alim, dosent, AMEA Fizika İnstitunun fəlsəfə doktoru.
- Aşıq Kərəm İncəli (1945-1997) — ifaçı aşıq, Azərbaycan Aşıqlar Birliyinin üzvü.
- Qüdrət İsaqov (1950) — alim, fizika–riyaziyyat elmləri doktoru, professor.
- Zakir Nəcəfov (1952) — alim, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitunun baş elmi işçisi.
- Nayma Qəhrəmanova (1961) - Azərbaycan Elm və Təhsil Nazirliyinin orta ümumtəhsil məktəblər üçün qəbul etdiyi Riyaziyyat fənni üzrə dərsliklərin və elmi-metodiki vəsaitlərin Müəllifi
- Vahid Əhmədoğlu (1956) — jurnalist, yazıçı, filoloq.
- Oktay Seyidov (1959-2003) — Gəncə şəhərinin və Goranboy, Tovuz, Culfa, Babək, Göygöl, Daşkəsən rayonlarının hərbi komissarı, Polkovnik-leytenant
- Akif Səməd (1959-2004) — şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
- İsmayıl Nəsibov — kimya üzrə elmlər doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru.
- İbrahim İlyaslı (1963) — şair, Prezident təqaüdçüsü (1999), Azərbaycan Yazıçılar Birliyinin üzvü.
- Zəminə Xınalı (1964) — şairə, Əməkdar mədəniyyət işçisi, qadın hərbçi.
- Məhəmməd Həsənov (1966) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-mayoru.
- Elnur Astanbəyli (1980) — şair, publisist.
- Tural Əliyev (1986) — sərbəst güləşçi, Zorxana və pəhləvan güləşi üzrə dünya və Avropa çempionu.
- Orxan Əliyev (1995-2016) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.
- Firdovsi Umudov (1977) — sərbəst güləş üzrə gənclər arasında Avropa birinciliyinin, tələbələr arasında dünya çempionatlarının mükafatçısı
Din
redaktəKənddə Məhəmməd Peyğəmbər dövründə yaşamış, Yəmənli və Osman Türk əsilli bir müsəlman, övliya, mistik və filosof olan Veysəl Qaraninin qəbri var və bu soydan törəyən nəsillərə Qaranallılar (Qaranilər) deyirlər. Kənddəki nəsillərin əksəriyyətinin soyu Qaranilərdən gəlir.Seyidovlar nəslidə bu soyun qollarından biridir.
Müridizm baxış bucağından burası qutsal bir məkandır. Hər kənd məşhur bir şəxsiyyəti ilə daha çox tanındığı kimi Aslanbəyli də hər şeydən öncə bu kənddə yaşayıb torpağa tapşırılan böyük nəkşibəndi övliyası Hacı Mahmud Əfəndinin adı, onun inanclıların ziyarət etdiyi Türbəsi ilə tanınır. Elə bundan dolayıdır ki, kənd sazın, sözün beşiyi olmaqdan öncə, eyni zamanda ruhani bir məkan - İslam dininin pərvəriş tapdığı inanclı insanların yurdu kimi bilinir
Mədəniyyət və incəsənət
redaktə- Səma rəqsi.
- Qım–qıma.
Aşıq sənəti
redaktəAslanbəyli qədim vaxtlardan sazın, sözün beşiyidir. Aşıq sənəti çox böyük tarixə malikdir. İncə dərəsi elindən çox ustad, istedadlı aşıqlar çıxmışdır və indi də bu sənəti layiqincə davam etdirirlər.
Mədəniyyət və Təhsil müəssisələri
redaktə19-cu əsrin ortalarında Hacı Mahmud Əfəndi elmi bilikləri tədris etmək üçün hücrə tikdirir. Onun ətrafına yaxın və uzaq yerlərdən çoxlu sayda tələbələr toplaşır.
Aslanbəylidə ilk oğlan və qız məktəbini professor, əməkdar elm xadimi Əhməd Seyidov təşkil etmişdir. Kənddə elm və maarifin inkişafında, həmin dövrdə savadlı kadrların yetişməsində Əhməd müəllimin böyük rolu olmuşdur.
- Aslanbəyli kənd tam orta məktəb
- Aslanbəyli kənd folklor evi
- Aslanbəyli kənd kitabxana filialı
Maddi-mədəni irsi
redaktə- Hacı Mahmud Əfəndi türbəsi (Göy türbə) — 1896-cı ildə inşa edilmişdir. Yerli Əhəmiyyətli Tarixi Abidədir.
- Hacı Mahmud əfəndinin yaşayış evi və müsafirxanası — yaşayış evi və müsafirxana. Hacı Mahmud əfəndinin yaşayış evi Aslanbəyli kəndinin qərb qurtaracağında yerləşir.
- Aslanbəyli məscidi.[8] — Hacı Mahmud Əfəndinin xatirəsinə ucaldılan məscid onun adını daşıyır. Məsciddə yerli dindar və möminlər ibadət edirlər. Məscid yerli əhəmiyyətli abidələr siyahısına daxildir.
- Beş kurqan (Tunc dövrü) — Aslanbəyli kəndinə gedən yolun sol tərəfində yerləşir. Ölkə əhəmiyyətli arxeoloji abidədir.
- Hürmələk təpəsi.[9] (Ziyarətgah) — Yuxarı Salahlı-Aslanbəyli yolunun qırağında bir təpə yerləşir. Bu təpə XİX əsrdə yaşamış Hürmələk nənənin adı ilə tanılır.
Kənd təsərrüfatı
redaktəKənd təsərrüfatının əsasını əkinçilik, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, bağçılıq, üzümçülük və narçılıq təşkil edir. Əsas kənd-təsərrüfat bitkiləri taxıl, yonca, kartof və başqalarıdır. Kənddə böyük otlaq sahələri var. Aslanbəyli kənd sakinlərinin 1720 hektar əkin sahəsi var ki, bunun da 800 hektara yaxını taxıl, 290 hektarı yonca sahəsi, 700 hektara yaxını, digər əkin sahələridir.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ 1 2 http://qazax-ih.gov.az/page/43.html.
- ↑ Aslanbəyli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ "Erməni işğalının nəticələri" (PDF). 2010-07-03 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-06-21.
- ↑ 1 2 "Qazax rayonunun kəndləri" (az.). Qazax.net. Archived from the original on 2015-10-17. İstifadə tarixi: 2015-10-17..
- ↑ "Azərbaycan Respublikası Qazax rayonunun bəzi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikasının 29 may 1996-cı il tarixli, 91-IQ nömrəli Qanunu Arxivləşdirilib 30 noyabr 2018 at the Wayback Machine (az.)
- ↑ ""Bələdiyyələrin əraziləri torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nın yeni redaksiyada verilməsi barədə Azərbaycan Respublikası № 827-IIIQ saylı Qanunu" (az.). e-qanun.az. 29.05.2009. Archived from the original on 2015-06-28. İstifadə tarixi: 2015-06-29..
- ↑ . [*Telman Qəhrəmanov. Qaçaq İsmayıl. Bakı. Şəms: 2006, 192 səh. ] (az.)
- ↑ "Aslanbəyli kəndindəki məscid" (az.). Qazax.net. Archived from the original on 2015-10-22. İstifadə tarixi: 2015-10-22..
- ↑ "Hürmələk təpəsi" (az.). Qazax.net. Archived from the original on 2015-10-22. İstifadə tarixi: 2015-10-22..
Mənbə
redaktə- Fikrət Seyidov. Aslanbəylidən başlanan xatirələr. Bakı: 2000, 350 səh.
- Telman Qəhrəmanov. Qaçaq İsmayıl. Bakı. Şəms: 2006, 192 səh.
Xarici keçidlər
redaktə- "İncə dərəsi (film)" — YouTube platformasında
- "Qazax, Aslanbeyli kəndi (2015)" — YouTube platformasında
- https://www.youtube.com/watch?v=nYbwWMPPZ8w | title= "Hacı Mahmud Əfəndi Türbəsi" }}
- https://www.youtube.com/watch?v=MQPw0lruqK0 | title= "Hacı Mahmud Əfəndi Türbəsi 2" }}
- https://www.youtube.com/watch?v=HYWVxGafxLE%7C title= "Hacı Mahmud Əfəndi Məscidi" }}