Hesen Mecidzade Savalan - Wikipedia
Həsən Məcidzadə Savalan — şair, tənqidçi, ədəbiyyatşünas [1]; Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü[2].
Həsən Məcidzadə | |
---|---|
Həsən Məcidzadə | |
Fayl:Həsən Məcidzadə Savalan.jpeg | |
Təxəllüsü | Savalan |
Doğum tarixi | |
Doğum yeri | Nir Ərdəbil |
Fəaliyyəti | ədəbiyyat nəzəriyyəçisi |
Həyatı
redaktəHəsən Məcidzadə 1947-ci ildə Ərdəbil şəhəri yaxınlığında, Savalan dağının ətəklərindəki Nir qəsəbəsində dünyaya göz açıb. Şairin doğulduğu 40-cı illərdə İranda mürəkkəb ictimai-siyasi hadisələr baş verməkdə idi. Rza şah Pəhləvi hakimiyyətinin zülmünə, hakim üsuli-idarənin qanunsuzluqlarına, çinovnik və ərbabların özbaşınalıqlarına dözə bilməyən zəhmətkeş əhali mövcud rejimə qarşı etiraz səsini qaldırır, milli haqq və hüquqları uğrunda mübarizəyə qalxır. Bütün bu hadisələrin şahidi olan balaca Həsən də məhrumiyyətlərə, sıxıntı və ehtiyaclara məruz qalırdı. Atası hərəkatın fəallarından biri kimi təqib olunduğundan ev-eşiyindən didərgin düşmüşdü. Ailənin başçısı qanlı hadisələr zamanı həlak olduqdan sonra babası Baratəli kişi külfəti Tehrana köçürmək məcburiyyəti qarşısında qalır. Çünki Təbriz qan gölündə üzürdü. Həsən də erkən yaşlarından işləməyə, başsız qalmış ailəyə çörək pulu qazanmağa məcbur olur. Elektromexanika emalatxanasında şagirdlik edir və qısa müddətdə çilingərlik sənətini öyrənir[3].
Fəaliyyəti
redaktəAğır iş rejimi onun ədəbiyyata, Azərbaycan dilinin tarixinə, türkcənin incəliklərinə olan tükənməz həvəsini boğa bilmir. O, yeni şeirlər qələmə alır, eyni zamanda, soydaşları arasında ədəbiyyatı təbliğ edir, ədəbiyyatşünaslığa dair məqalələr yazır. S.Ə.Şirvani, M.H.Rüşdiyyə, M.Müşfiq, Nəbi Xəzri kimi sənətkarların həyat və yaradıcılığına yeni ədəbi dəyərlər prizmasından yanaşaraq qələmə aldığı məqalələri “Varlıq” jurnalında dərc etdirir. 1979-cu il islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli və Tehranda nəşr olunan Varlıq (jurnal)ının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur. Tehran, Təbriz, Ərdəbil radiolarında, Rudəki salonlarında, şeir-sənət məclislərində ardıcıl olaraq çıxışlar edir. Başı qarlı Savalan dağına, ana Vətənə uca məhəbbətinin ifadəsi kimi, şeirlərini “Savalan” təxəllüsü ilə yazmağa başlayır[3].
1945-1946-cı illər milli-azadlıq hərəkatının yatırılması, milli hökumətin məğlub edilməsi, inqilab fədailərinə divan tutulması onun yaddaşında tarixin qanlı səhifəsi kimi yazılmışdır. Savalan “Ana” poemasında məhz Milli Demokratik hökumət məğlub edildikdən sonra Cənubi Azərbaycanda baş verən hadisələri, canlı şahidi olduğu və ağrısını illər uzunu qəlbində yaşatdığı faciələrdən birini, qəhrəman ananın öz idealı uğrunda canını fəda etməsini qələmə almışdır.
“Dinlə, gəlin qayası” poemasının, adından da göründüyü kimi, mövzusunu Azərbaycanın xalq əfsanəsindən alsa da, şair əsərdə orijinal bir sevgi hekayəti qurmuş, qəhrəmanlarının simasında oxucusunu saf və əbədi məhəbbətin varlığına inandırmağa çalışmışdır. “Bahar bayramı” poemasında bütün yaradıcılığının baş mövzusu Vətən, ana dili, xalqının azadlıq, istiqlal duyğularının tərənnümü olan Savalan Azərbaycan xalqının qədim adət-ənənələrinə, tarixən yurdumuzda xüsusi məhəbbət və coşğunluqla qeyd olunan bahar bayramının özəlliklərindən və gözəlliklərindən bədii dilin qüdrətilə söz açmışdır. Min bir rəngli, min naxışlı ana təbiətin ecazkarlığından, gözəlliyindən söz açdığı poemada mövzunu yenə də ümummilli məsələlərin üstündə, ictimai məzmunda kökləyir. Haqqı söylədiyinə, həqiqəti yazdığına görə böyük Sabirə rəhmət oxuyur, ancaq bir xalq mahnısından iqtibas verərək “Sən deyən olmayıb hələ, Arxa su dolmayıb hələ, Köhnəlikdən çox şey durur, Rəngi də solmayıb hələ” yazır və oxucuya sətiraltı mənada çatdırır ki, Güney xalqı qolundakı buxovlardan hələ də qurtulmayıb, arzuladığı istiqlala qovuşmayıb[3].
“Apardı sellər Saranı” poemasını şair bu məşhur poemanı hələ islam inqilabından əvvəl, 1966-cı ildə yazıb. Lakin o, poemanı 12 il nəşr etdirə bilmir. Səbəb isə aydın idi: Əsərdəki milli-ictimai motivlər, xalq ruhunun inikası və ən başlıcası, Azərbaycan dilində qələmə alınması... Savalanın döymədiyi nəşriyyat qapısı qalmır, əsəri heç olmasa folklor nümunəsi kimi çap etdirmək istəyir, lakin heç bir naşir bu məsuliyyəti boynuna götürmür. Poemanın üçüncü çapına Gəncəli Səbahinin yazdığı ön sözdən məlum olur ki, “Apardı sellər Saranı” Savalanın 1967-cı ildən qabaq yazdığı üçüncü poemasıdır. Savalanın əli hər yerdən üzülür, çıxış yolu tapmaq üçün türkoloq-alim, şair Həmid Nitqiyə müraciət edir. Əsəri oxuyub redaktə edən doktor H.Nitqi “Ruzən” nəşriyyatının sahibi İbrahim Gülüstana yazır: ”Öz türkcəmizdə son illər bu gözəllikdə əsər oxumamışam. Hər necə olursa-olsun çap elə”. Və məsləhət görür ki, əsər fars dilinə tərcümə edilsin və hər iki dildə çap olunsun.
Şair poemanı fars dilinə çevirir, lakin yenə də nəşrinə nail ola bilmir. Yalnız 1978-1979-cu illər islam inqilabından sonra poema işıq üzü görür. “Apardı sellər Saranı” poemasının əsas məziyyətlərindən biri və ən başlıcası əsərin doğma dildə, Azərbaycan türkcəsində yazılması, güclü milli ruha malik olması idi. Xalqımızın şanlı-şövkətli keçmişinin, milli mədəniyyətinin, çoxəsrlik zəngin ədəbi irsinin, milli-mənəvi sərvətlərinin inkar edilərək dilinin unutdurulduğu bir dövrdə bu səpkili əsərlərin araya-ərsəyə gətirilməsi böyük önəm daşıyırdı[3].
Yaradıcılığı
redaktəAna dilini milli varlığın əsası sayan şair yazır:
Ey böyük ulusun anası anam!
Oğuz ellərindən qalan nişanam.
Eşqinlə yaşıyam, eşqinlə yanam
Sənsən bu bağrımda çırpınan, dilim.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə- ↑ "Varlığın səsi". 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-12.
- ↑ "Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvləri". 2020-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-12.
- ↑ 1 2 3 4 ""Aç gözlərini, elmü maarif çağıdır..."". 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-30.