Haqqixliq Nekropolu - Wikipedia
Haqqıxlıq nekropolu — Şahbuz rayonunun Külüs kəndi yaxınlığında, Külüs çayının sol sahilində, hündür təpənin üzərində yerləşir. Nekropolda 1979-cu ildə V.H.Əliyev və A.Q.Seyidov tərəfindən kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Nekropoldakı qəbirlər daş qutu tiplidir. Qəbirlərin divarları müxtəlif tikinti texnikası ilə inşa edilmişdir. Onların bəzisinin divarları sal daşlarla qurulmuş, bəzisininki isə iri qaya parçalarından hörülərək, üzəri böyük sal daşlarla qapadılmışdır. Qəbirlər, başlıca olaraq, yamacda yerləşdiyindən təbii aşınma nəticəsində üzə çıxmış və dağılmışdır.
1990-cı ildə bu nekropoldakı qəbirlərin ikisi V.B.Baxşəliyev tərəfindən tədqiq edilmiş və dağıdılmış qəbirlərin materialları toplanmışdır. Tədqiq edilmiş qəbirlərdə kollektiv dəfn adəti qeydə alınmışdır. Aşkar edilən gil məmulatı Xocalı-Gədəbəy mədəniyyətinin xarakterik xüsusiyyətlərini özündə əks etdirir. Arxeoloji materiallara əsasən, nekropolu e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərinə aid etmək olar.
İstinadlar
redaktəMənbə
redaktə- Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007