Hind Reqsleri - Wikipedia
Hind rəqsləri хаlqın həyаtı, dini dünyagörüşü, yеrli аdət-ənənələri ilə sıх bаğlıdır.[1] Cəmiyyətin mahiyyətində duran mühafizəkarlıq rəqslərə də sirayət etmişdir, belə ki, qədim və müasir hind rəqsləri ciddi şəkildə fərqlənməmişdir. [2]
Hind rəqslərinin qədimliyi bir sıra maddi mədəniyyət nümunələri ilə təsdiqlənir.[3]. Mohenco-Daro arxeoloji qazıntıları zamanı tapılan rəqs edən qız heykəlinin e.ə.II minilliyə aid olduğu ehtimal edilir. Madhya-Pradeş ştatında Bhimabetaka mağaralarındakı qaya rəsmlərində rəqs edənlərin təsviri, Sanchinin girişində rəqs edən “Apsaralar”ın təsviri, Acanta və Ellora divar rəsmləri, Khacuraho daşişləmələrində rəqqasların heykəlləri, Hoysala sülaləsinə aid məbədlərdəki divar rəsmləri Hindistanda rəqslərin qədimdən populyar olduğunu göstərir.[4][5][6]
Hind rəqsləri daim qaynağını toplumun dini dünyagörüşündən almışdır. Məsələn, rəqs edən tanrı Şiva (Nataraca) heykəli hind rəqsinin ən məşhur simvoludur. Onun başının üstündəki ay duyğulara nəzarətin, bədəninə dolanmış ilanlar həyat verən yaşam gücləri üzərində hökmün, şeytanın üzərinə doğru qalxmış ayağı isə eqonu məhv etməsinin göstəricisidir.
Hind rəqsləri bədən hərəkətlərinin dinamikliyi, dramatikliyi ilə diqqəti cəlb edir. Bu rəqslərin əksəriyyəti haqqında qədim “Bharatanatyaşastra” traktatında məlumat verilmiş, boyun, göz, baş, gövdə və s. ilə bağlı rəqs hərəkətləri izah olunmuşdur. “Natyaşastra”da isə rəqs zamanı başın 10, gözün 36, əlin 37, bədənin 10 vəziyyəti təsvir edilmişdir.
Hind rəqsləri zamanı əllər, qollar ilə bağlı çoxsaylı hərəkətlər təkcə hər hansı hissi ifadə etmir, hansısa tanrının, müqəddəs qurunun, müqəddəs heyvanın, çiçəyin, ağacın və s. simvolu sayılır. Belə bir sənət uzun illər hazırlığı tələb etdiyindən qədimdən rəqslə professionallar məşğul olmuş, hətta rəqqas “cati”ləri yaranmışdır. Hindlilərin teatr tamaşalarına, musiqi və rəqslərə böyük sevgisinə baxmayaraq, rəqqas “catiləri” statuslarına görə aşağı kastalara aid edilmişlər.
Hind dini əfsanələrindən məlumdur ki, rəqslə şahzadələr, eləcə də yuxarı kastanın digər nümayəndələri də məşğul olmuşlar. “Kamasutra”da qeyd olunur ki, rəqs etməyi bacarmaq mədəni, tərbiyəli şəxsin vacib xüsusiyyətidir.
Hind rəqslərinin 3 fərqli növü vardır: “Nritta” bədən, qol və ayaqların hərəkətlərindən ibarət sadə rəqs; “Nritya” smvolik vücud duruşları və əl hərəkətlərini üz ifadələri ilə əlaqələndirən rəqs; “Natya” dram elementlərinə malik, söz, şeirdən istifadə olunan rəqs. Bütün bu rəqs növlərində “mudras”, yəni, rəqs zamanı əl-qol hərəkətlərindən istifadə edilir, rəqqaslar tamaşaçılarla əlaqə qurmaq üçün bədən hərəkətlərindən istifadə edirlər.
Ən məşhur hind rəqsləri “bharata natyam”, “kathakali”, “kathak”, “manipuri”, “kuchipudi”, “odissi”, “mohini attam”dır. Bunlarla yanaşı ölkədə çoxsaylı tayfa rəqsləri də vardır.
“Bharata natyam” rəqsində əl, qol hərəkətləri, üz ifadələri rəqsin ən əhəmiyyətli xüsusiyyətləridir. Əvvəllər məbəd rəqsi sayılan bu rəqs, indi səhnədə tək rəqqas tərəfində sərgilənir. “Katha” Hindistanın şimalına xas klassik rəqs növüdür, bu rəqsdə, sürətli ayaq hərəkətləri, dönmələr və əl hərəkətləri əsas yer tutur. Hər rəqs bir əfsanəni izah edir. Qədimdən “Kathakas” adlandırılan mifik hekayələr rəqs hərəkətlərinin müşayiəti ilə tamaşaçılara çatdırılmışdır. Bu rəqs-hekayə ənənəsindən indiyədək istifadə olunur.
Əsrlər boyu Hindistanda rəqs bir növ ibadət üsulu, çoşğunluğun ifadəsi kimi qəbul edilmişdir. Məbəd rəqqasları (Devasis) tanrıları məmnun edə bilmək üçün müqəddəs rəqslər etmiş, ağır bir həyatı qəbul etmişlər və klassik rəqsin mərkəzi məbədlər olmuşdur.
İstinadlar
redaktə- ↑ Don Rubin; Chua Soo Pong; Ravi Chaturvedi. The World Encyclopedia of Contemporary Theatre: Asia/Pacific. Routledge. 2001. 130–139. ISBN 978-0-415-26087-9. 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-15.
- ↑ McCormick, Charlie T.; White, Kim Kennedy. Folklore: An Encyclopedia of Beliefs, Customs, Tales, Music, and Art. ABC-CLIO. 13 December 2010. səh. 705. ISBN 978-1-59884-241-8. 29 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 February 2012.
- ↑ Bishnupriya Dutt; Urmimala Sarkar Munsi. Engendering Performance: Indian Women Performers in Search of an Identity. SAGE Publications. 2010. səh. 216. ISBN 978-81-321-0612-8. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-15.
- ↑ Julius Lipner. Hindus: Their Religious Beliefs and Practices. Routledge. 2012. səh. 206. ISBN 978-1-135-24061-5. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-15., Quote: "It would be appropriate here to comment on Hindu classical dance. This developed in a religious context and was given high profile as part of temple worship. There are a number of regional and other styles as well as source texts, but the point we wish to stress is the participative nature of such dance. In form and content, the heart of dance as worship in Hinduism has always been 'expression' (abhinaya), i.e. the enacting of various themes".
- ↑ Jean Holm; John Bowker. Worship. Bloomsbury Academic. 1994. səh. 85. ISBN 978-1-85567-111-9. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-15., Quote: Hindu classical dance-forms, like Hindu music, are associated with worship. References to dance and music are found in the vedic literature, (...)".
- ↑ Frank Burch Brown. The Oxford Handbook of Religion and the Arts. Oxford University Press. 2013. 195–196. ISBN 978-0-19-972103-0. 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-15., Quote: All of the dances considered to be part of the Indian classical canon (Bharata Natyam, Chhau, Kathak, Kathakali, Kuchipudi, Manipuri, Mohiniattam, Odissi, Sattriya and Yakshagana) trace their roots to religious practices (...) the Indian diaspora has led to the translocation of Hindu dances to Europe, North America and to the world."