Ii Ilyas Xelife - Wikipedia
II İlyas xəlifə (?-1611) — Toxmaqlı oymağının məşhur simalarından biri. Dizmar mahalının hakimi və xəlifəsi.
İlyas xəlifə | |
---|---|
İlyas xəlifə Şəmsəddin xəlifə oğlu | |
? – 1611 | |
Əvvəlki | I Şəmsəddin xəlifə |
Sonrakı | Bürhanəddin xəlifə |
Şəxsi məlumatlar | |
Doğum yeri | Duzal kəndi, Dizmar mahalı, Qaradağ vilayəti |
Atası | I Şəmsəddin xəlifə |
Uşağı | Bürhanəddin xəlifə |
Dini | Şiə İslam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Səfəvilər dövləti |
I Şəmsəddin xəlifənin oğlu, Bürhanəddin xəlifənin atası. Dizmar mahalının Duzal kəndində doğulub. Mədrəsə təhsili alıb. 1585-ci ildə Qızılbaş ordusunun tərkibində Osmanlılara qarşı savaşda iştirak edib. Bu haqda Osmanlı dövlətinin şəşhur sənədlər məcmuəsi olan "Mühimmə"də yazı var ("Mühimmə", LXIII, 59). 1606-cı ildə Şah Abbas Qaradağda olarkən Duzal kəndində II İlyas xəlifənin qonağı olmuşdu. Şaha qoşulub Ordubada gedib, daha sonra Urmiya səfərində iştirak edib. Urmiya yörəsindəki Dumdum qalasını kürdlərin Mükri əşirəti möhkəmləndirib qızılbaşlara asi olmuşdu. 1610-cu ildə II İlyas xəlifə qoşunla Dumdum qalası ətrafına gəlib Mükri əşirətini qorxuya salmışdı. Mükrilərin böyükləri (başda Xan Abdal Mükri olmaqla) II İlyas xəlifənin yanına gəlir. Xan Abdalın qardaşı Məhəmməd bəy xəncərlə II İlyas xəlifəni öz çadırında xaincəsinə yaralayır və xəlifə bir neçə gündən sonra dünyasını dəyişir. Çadırına qonaq gələn mükriləri şirin-şərbətlə qarşılayan II İlyas xəlifə qəfil hücuma məruz qalmışdı. "Qonaqlar" düz əqidəli sufi ilə birgə iki qohumunu da öldürmüşlər. Çadırdan bir qədər kənarda olan II İlyas xəlifənin oğlu Bürhanəddin atasının yaralandığını eşidib çadıra qaçaraq "qonaqları" qılıncdan keçirib doğrayır.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |