Ii Dovlet Geray - Wikipedia
II Dövlət Gəray (1648 – iyun 1725, Təkirdağ) — XXX Krım xanı.
II Dövlət Gəray | |
---|---|
5 mart 1699 – 25 dekabr 1702 | |
Əvvəlki | I Səlim Gəray |
Sonrakı | I Səlim Gəray |
6 dekabr 1708 – mart 1713 | |
Əvvəlki | I Qaplan Gəray |
Sonrakı | I Qaplan Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1648 |
Vəfat tarixi | iyun 1725 |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | I Səlim Gəray |
Uşaqları | |
Ailəsi | Gəraylar |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəGənclik illəri
redaktəDoğum tarixi və yeri dəqiq bilinmir. Atası Gəraylar sülaləsindən olan Krım xanı I Səlim Gəraydır. Gənclik illəri haqqında yetərli məlumat yoxdur. Haqqındakı ilk məlumat isə İkinci Vyana mühasirəsinin ardından 1683-cü ildə taxta çıxan II Hacı Gəray tərəfindən kalqay (birinci vəliəhd) elan edilməsidir.[1][2] Nurəddin (ikinci vəliəhd) təyin edilən kiçik qardaşı Əzəmət Gərayla birlikdə Budin əyalətinin mühafizəsiylə vəzifələndirildi.[3] Ancaq onun bu vəzifəsi çox çəkmədi. Cəmi 9 ay sonra yerli əyanlarla münasibətləri pisləşən II Hacı Gəray 1684-cü ilin iyununda paytaxtdan qovuldu.[4] Üstəlik xanın kalqayı Dövlət Gəray və vəziri Bahadır ağa da bu üsyanı yatırmaq əvəzinə səssiz qaldılar. Xan sarayına hücum edən üsyançılar İstanbula elçi göndərərək kalqayın sürgündəki atası Səlim Gərayın yenidən hakimiyyətə gətirilməsini tələb etdilər.[5] Nəticədə Rodosda sürgündə olan atası Səlim Gəray 5 iyul 1684-cü ildə yenidən Krım xanı təyin edildi. Üstəlik oğulları Dövlət Gəray və Əzəmət Gəray da öz vəzifələrində saxlanıldı. Atasının Rodosdan İstanbula, ordan da Bağçasaraya səfəri boyunca atasının əvəzinə vəkil olaraq xanlığı idarə etdi.
İkinci kalqaylıq dövründə həm Osmanlı, həm də Krım ordusunda xidmət edən Dövlət Gəray Avstriya, Reç Pospolita və Rusiya ilə aparılan müharibələrdə mühüm rol oynadı. Bu səbəblə İstanbuldan göndərilən xilatla bir neçə dəfə mükafatlandırıldı.[6] 1690-cı ildə Avstriya üzərinə çıxılan səfərdə atasının səhhətinin pisləşməsi səbəbilə Krım birliklərinə rəhbərlik edən Dövlət Gərayın əmrindəki 20 minlik birliklə Osmanlı ordusuna qatılması orduda sevinclə qarşılandı.[7] Ancaq Krım birliklərinin tez-tez Osmanlı ordusunun tərkibində səfərlərə qatılması yerli əyanların narazılığına səbəb oldu. Səlim Gəray isə bunu bəhanə edərək öz istəyilə 6 mart 1691-ci ildə vəzifədən ayrıldı. Onun vəzifədən ayrılmasının digər səbəbləri isə sevimli oğlu Əzəmət Gərayın vəfatı, həccə getmə arzusu və tutulduğu nikris xəstəliyidir.
Atasının öz istəyilə xanlıqdan çəkilməsinin ardından İstanbulda kalqay Dövlət Gərayın yeni xan seçilməsi müzakirə edilsə də, Səlim Gəray öz oğlunun yerinə əmisi oğlu Səadət Gərayı bu vəzifəyə tövsiyə etdi. Nəticədə sabiq xanın bu təklifi qəbul edildi və 1691-ci ilin martında Səadət Gəray yeni Krım xanı təyin edildi. Dövlət Gəray kalqay ünvanını qorudu və vəfat edən qardaşı Əzəmət Gərayın yerinə yeni xanın oğlu Fateh Gəray nurəddin seçildi.[8]
Ancaq Dövlət Gərayın xanlığın daxilindəki güclü nüfuzundan çəkinən Səadət Gəray çox keçmədən həmin ilin iyununda qardaşı Cahan Gərayı onun yerinə kalqay təyin etdi. Dövlət Gərayın ən güclü dəstəkçisi olan noqaylar isə külli miqdarda rüşvət alaraq bu təyinata göz yumdu. Kalqay ünvanı əlindən alınan Dövlət Gəray İstanbula qayıtdı və Silivridəki mülkündə yaşayan atası Səlim Gərayın yanına sığındı.
Buna baxmayaraq Səadət Gərayın səltənəti çox çəkmədi. Valaxiya bölgəsində əhalinin mallarını yağmalayan əsgərlərini sərt şəkildə cəzalandırması ilə yerli əyanları[9], Salankamen yaxınlığında Avstriya birlikləriylə qarşı-qarşıya gələn Osmanlı ordusuna yetərli dəstəyi verməyərək isə İstanbul hökumətini özündən narazı saldı. Nəticədə 1691-ci ilin dekabrında vəzifədən alınan Səadət Gəray Rodosa sürgün edildi.[8]
Yeni təyin olunan Krım xanı Səfa Gəray öz əmisi Adil Gərayın oğlu Qara Dövləti kalqay, digər əmisi İslam Gərayın oğlu Şahini isə nurəddin təyin etdi. Ancaq yerli əyanlar tərəfindən dəstəklənməyən Səfa Gəray Avstriya üzərinə tərtiblənən səfər əsnasında öz acizliyini büruzə verdi. Səfər davam edərkən Krım birliklərinin bir hissəsi ordudan ayrılaraq Krıma qayıtdı. Çətin vəziyyətə düşən sədrəzəm Mərzifonlu Əli Paşa dərhal onu vəzifədən aldı və Krım əyanlarının istəyilə İstanbula məktub yazaraq Səlim Gərayı yenidən Krım xanı təyin etdiyini bildirdi. O əsnada Silivridəki mülkündə sakit həyat yaşayan Səlim Gəray oğlu Dövlət Gərayla birlikdə Ədirnəyə yola düşdü və burada 21 oktyabr 1692-ci ildə Sultan Əhməd tərəfindən yenidən Krım xanı təyin olundu. İslam Gərayın oğlu Şahin Gəray nurəddin vəzifəsində saxlanıldı və Dövlət Gəray dördüncü dəfə kalqay ünvanı aldı. Bu dəfəki kalqaylıq dövründə də atasıyla birlikdə Osmanlı ordusunda xidmət edən Dövlət Gəray Avstriya və Rusiya ilə davam edən müharibədə mühüm qələbələr qazandı. Buna baxmayaraq ağır məğlubiyyətlər alan Osmanlı ordusu geri çəkilməyə başladı. Sülhün yeganə çıxış yolu olduğuna inanan atası Səlim Gəray padşahı sülhə razı salmaq məqsədilə Ədirnəyə, kalqay Dövlət Gəray isə rus hücumlarına qarşı tərtib almaq üçün Krıma yollandı.
Birinci səltənəti
redaktə1699-cu ildə bağlanan Karlovitsa müqaviləsi ilə Osmanlılar 2 cəbhədə də məğlub olmuş, buna baxmayaraq sülh təmin edilmişdi. Ardından Səlim Gəray yaşlılığını bəhanə göstərərək oğlu kalqay Dövlət Gərayın lehinə vəzifədən ayrıldı (16 fevral 1699). O əsnada Krımda olan Dövlət Gəraya Qibləlizadə Əli bəy vasitəsilə təyinat xəbəri göndərildi. Ardından yola düşən Dövlət Gəray 5 mart 1699-cu ildə Sultan Mustafanın hüzuruna çıxarıldı və dəyərli hədiyyələr təqdim edilərək rəsmi Krım xanı elan olundu. Qardaşları Şahbaz Gəray kalqay, Qazi Gəray isə nurəddin təyin edildi. 17 martda yeniçəri zabitləri və sədrəzəm Amcazadə Hüseyn Paşanın iştirak etdiyi mərasimlə yola düşən II Dövlət Gəray aldığı icazəylə ilk öncə atasını ziyarət etdi.[10] Ardından yola düşən II Dövlət Gəray Bağçasarayda dövlət xadimləri və şeyxlər tərəfindən sevinclə qarşılandı. Paytaxta gəldikdən sonra yazdığı ilk fərmanla alkoqollu içkini qadağan etdirdi.[11]
II Dövlət Gərayın ilk səltənəti qısa və olduqca çətin keçdi. Bunun ən mühüm səbəbi isə qardaşlarıyla olan taxt mübarizəsi idi. Kalqay təyin edilən qardaşı Şahbaz Gərayın mərkəzi hakimiyyətə tabe olmaması və göndərilən əmrləri yerinə yetirməməsi iki qardaş arasındakı sürtüşmənin əsas səbəbi olaraq göstərilir. Bu sürtüşmələr Şahbaz Gərayın 1699-cu ilin dekabrında sui-qəsd nəticəsində öldürülməsiylə nəticələndi. O dövrün bütün yazılı mənbələrində cinayətin arxasında II Dövlət Gərayın və ya kalqay olmaq niyyətindəki digər qardaşı Səadət Gərayın olduğu qeyd edilir.
İlk səltənətində üzləşdiyi digər məsələ isə noqaylar idi. Karlovitsa sülhünün şərtlərinə əsasən tatar axın və hücumlarını dayandırmaq məqsədilə Bucak bölgəsindəki noqaylar başqa bir yerə köçürülməli idi. Ancaq buna tabe olmayan noqay süvari birlikləri bölgəni tərk etməyərək öz hücumlarını davam etdirdi. Nəticədə Krım ordusunu da yanına alan II Dövlət Gəray Akkirman bölgəsinə yürüdü. Ancaq burada onu 80 min nəfərlik noqay birlikləri qarşıladı. Tərəflər arasında baş tutan qısa çatışmanın ardından üləma və dövlət xadimlərinin vasitəçiliyi ilə noqaylar geri çəkidilər. II Dövlət Gəray isə onları bağışlayaraq əsas orduyla birlikdə Bağçasaraya qayıtdı.
Digər yandan kiçik qardaşı nurəddin Qazi Gəray qardaşı Şahbaz Gərayın müəmmalı ölümünün ardından can qorxusuna düşdü. Təyin olunduğu çərkəz bölgəsində apardığı tədqiqatla cinayətin arxasında xan və kalqayın olduğu öyrənən Qazi Gəray Şirin qəbiləsindən Mirzə Canteymur və noqaylarla ittifaq quraraq qardaşına qarşı ayaqlandı. Təslim olması qarşılığında canının bağışlanacağı bildirilsə də, Qazi Gəray bu təklifi qəbul etmədi və müttəfiqləriylə birlikdə İstanbula məktublar yazaraq yeni bir Krım xanının təyin olunmasını istədilər.[12] Buna baxmayaraq Sultan Mustafanın dəstəyini alan II Dövlət Gəray 100 min nəfərlik birliklə 1700-cü ilin sentyabrında noqayları sülhə məcbur etdi. Qaçan Qazi Gəray isə ələ keçirilərək İstanbula göndərildi. Burada bir müddət həbs tutulduqdan sonra Rodosa sürgün edildi.
Çox keçmədən xanın digər qardaşı Qaplan Gəray ayaqlandı. Üsyanın əsas təqsirkarı isə vəzir Hacı Əli ağa idi. Belə ki, vəzir Hacı Əli ağanın bacısı Səlim Gərayın xanımı idi və Qaplan Gəray da bu xanımdan dünyaya gəlmişdi. Xanzadənin dayısı olan Hacı Əli ağa ayaqlanan Qazi Gərayın yerinə nurəddin təyin edilməsi üçün Qaplan Gərayı bir neçə dəfə tövsiyə etsə də, II Dövlət Gəray mərhum Səlamət Gərayın yaşca böyük olan nəvəsi İnayət Gərayı nurəddin təyin etdi. Cəhdlərinin uğursuz olduğunu anlayan Hacı Əli ağa bu dəfə İstanbula məktub yazaraq bacısı oğlunun nurəddin təyin edilməsini istədi. Bundan xəbər tutan II Dövlət Gəray isə vəzirinə hədə-qorxu gəldi və yanından qovdu. Can qorxusuna düşən Hacı Əli ağa isə Qaplan Gərayı da yanına alaraq Kəfəyə qaçdı. Ancaq Kəfəni mühasirəyə alan Krım ordusu qaçaqları ələ keçirə bilmədi. Kəfənin Osmanlı mülkü olması səbəbilə qaçaqlar tatarlara təslim edilmədi və gəmi yoluyla İstanbula göndərildi. Burada alınan qərarla vəzir Hacı Əli ağa Limni adasına, Qaplan Gəray isə öncə Rodos,[13] ardından Geliboluya sürgün edildi. Nəticədə, 1701-ci ilin sonlarında II Dövlət Gəray növbəti üsyanı da yatıraraq Krıma qayıtdı.[14]
Digər yandan 1700-cü ildə bağlanan İstanbul sülhüylə ruslara qarşı hücumları səngiyən tatar birlikləri olduqca çətin vəziyyətdə idi. Yeganə gəlir mənbələri əlindən alınan tatarları sakitləşdirmək məqsədilə II Dövlət Gəray İstanbula elçi göndərərək rusların Azov qalası ətrafındakı hərbi fəaliyyətlərini bildirdi. Ancaq dövrün mühüm dövlət xadimi sədrəzəm Amcazadə Hüseyn Paşa və Sultan Mustafa üzərindəki güclü nüfuz sahibi olan şeyxülislam Feyzullah Əfəndidən yetərli yardım ala bilmədi. 1702-ci ilin sentyabrındakı sədarət dəyişikliyinin ardından II Dövlət Gəray yeni sədrəzəm Mustafa Paşaya məktub yazaraq yardım istədi. Sultan Mustafa üzərindəki nüfuzunu azaltmaq və dövlət işlərindən uzaqlaşdırmaq istədiyi şeyxülislam Feyzullah Əfəndiyə qarşı Krım xanı ilə ittifaqa girən sədrəzəm Mustafa Paşanın bu planı çox keçmədən üzə çıxdı.[15] İlk öncə II Dövlət Gəray 25 dekabr 1702-ci ildə vəzifədən alındı və olduqca yaşlı olan atası Səlim Gəray sonuncu dəfə Krım xanı, oğullarından Qazi Gəray kalqay, Qaplan Gəray isə nurəddin təyin olundu.
Vəzifədən alınan II Dövlət Gərayı təslim alması göndərilən qapıçıbaşı Mehmed ağa isə Bucak bölgəsində 100 min nəfərlik ordu toplayan kalqay Səadət Gəray tərəfindən ələ keçirildi. Birləşən tatar ordusu İstanbula doğru hərəkətə keçdiyi əsnada Sultan Mustafa xanın keçmiş müttəfiqi sədrəzəm Mustafa Paşanı yanına çağıraraq dərhal vəziyyəti yoluna qoymağı əmr etdi. Ancaq yeni təyin olunan Səlim Gərayı görən yerli tatar əyanları ona tabe oldular və cəbhədə tək qalan Səadət Gəray qaçıb xilas oldu.
O əsnada Kəfə yaxınlığında ordu toplamağa çalışan II Dövlət Gəray isə tərəfdarlarının azalmasının ardından öncə çərkəz bölgəsinə qaçaraq gizləndi.[16] Bir müddət qaçaq həyatı yaşayan Dövlət Gəray daha sonra Bağçasaraya gəlib atasına tabe oldu və İstanbuldan göndərilən qapıçıbaşına təslim edilərək 1704-cü ilin yanvarında Çatalcaya aparıldı. Bir müddət burda qaldıqdan sonra isə Rodosa sürgün edildi.
İkinci səltənəti
redaktəSürgün illərində Rodosda yaşayan Dövlət Gəray qısa bir müddət Rumeli və Saqqız adasına aparılsa da, qardaşı Qaplan Gərayın buna qarşı çıxmasının ardından yenidən Rodosa qaytarıldı. Xanlığın daxilində yetərli dəstəyi qazana bilməyən Qaplan Gərayın vəzifədən alınmasıyla Dövlət Gərayın yenidən xan təyin edilməsinə qərar verildi. Baş miraxur Firəng Osman ağa tərəfindən Rodosdan alınaraq İstanbula gətirilən Dövlət Gəray 6 dekabr 1708-ci ildə Sultan Əhmədin hüzuruna çıxarıldı və dəyərli hədiyyələr təqdim edilərək rəsmi Krım xanı elan olundu. Ardından 24 dekabrda Krıma yola düşdü. Yoxluğunda yüksək vəzifələrə təyin edilən qardaşları Qaplan Gəray və Məngli Gəray isə Rumelinin fərqli yerlərinə sürgün edildi. Ancaq ilk səltənətində qardaşlarıyla yaşadığı mübarizədən çəkinən II Dövlət Gəray hər ikisinin Rodosa göndərilməsini təmin etdi.[17]
1709-cu ilin yanvarında Bağçasaraya gələn II Dövlət Gəray sevimli qardaşı Səadət Gərayı kalqay, oğlu Bəxt Gərayı isə nurəddin təyin etdi. İlk səltənət dövründə olduğu kimi rus təhlükəsindən çəkinən II Dövlət Gəray İstanbula yazdığı məktublarla rusların Qara dəniz sahillərində gücləndiyini, əsas hədəfin İstanbul olduğunu bildirərək Sultan Əhmədi ruslarla müharibəyə təhrik etdi. 3 noyabr 1710-cu ildə İstanbula dəvət edilən II Dövlət Gəray Sofa köşkündə qarşılandı və Sultan Əhmədlə aparılan danışıqların ardından ruslara qarşı müharibə elan etməyə razı saldı. 20 noyabr 1710-cu ildə başlayan və qəti Osmanlı qələbəsiylə davam edən Rusiya-Osmanlı müharibəsi bilinməyən bir səbəblə anidən sülh bağlanaraq sonlandı.[18][19] Bu sülhə qarşı çıxan II Dövlət Gəray isə sülh danışıqlarını davam etdirən sədrəzəm Baltaçı Mehmed Paşa tərəfindən dinlənilmədi. Çox keçmədən İstanbuldakı müxalifləri sədrəzəm Mehmed Paşaya qarşı fəaliyyətə başladı. Bu müxalif cəbhəyə qoşulan II Dövlət Gəray İstanbula doğru yola düşdü və yolda ikən Sultan Əhmədə ünvanladığı məktublarında sülh danışıqlarında iştirak etmədiyini, sədrəzəmin özbaşına qərarla verdiyini, səfər tamamlanmadan əsgərlərin maaşlarının paylandığını və s. bildirərək sədrəzəmi şikayət etdi. Nəticədə ordunun Ədirnəyə gəlməsini gözləyən Sultan Əhməd 20 noyabr 1711-ci ildə paşanı vəzifədən alaraq ömürlük sürgün etdi.[20]
Prut sülhü əsnasında Osmanlılara sığınan İsveç kralı XII Çarlzın ölkəsinə geri göndərilməsinə qərar verilsə də, sədrəzəm Mehmed Paşanın anidən vəzifədən alınaraq sürgün edilməsi bu prosesi gecikdirdi. Digər tərəfdən ölkəsinə döndüyü təqdirdə ruslarla mübarizədə tək qalmaqdan çəkinən XII Çarlz da Ədirnədən çıxmaq istəmirdi. Qaçaq kralın dərhal ölkəsinə göndərilməsini istəyən Sultan Əhməd isə Bəndər qalası mühafizi İzmirli İsmayıl Paşa və II Dövlət Gərayı bu iş üzrə vəzifələndirdi. Ancaq kralın iğtişaşlar törətməsi və məsələnin beynəlxalq arenada duyulması Osmanlı hökumətini çətin vəziyyətə saldı. Nəticədə bütün təqsir İzmirli İsmayıl Paşa və II Dövlət Gərayın üstünə atıldı. Qaçması və ya yenidən üsyan etməsi ehtimalına qarşı, II Dövlət Gəray müzakirə aparmaq bəhanəsiylə 1713-cü ilin martında Ədirnəyə dəvət olundu. Ancaq Ədirnə yaxınlığında həbs edilən Dövlət Gəray Saqqız adasına sürgün edildi. Yerinə isə qardaşı Qaplan Gəray yenidən Krım xanı təyin olundu. Yeni təyin olunan qardaşı isə onun yenidən üsyan etməsindən çəkinirdi və bu məqsədlə 1715-ci ilin oktyabrında onun Rodosa göndərilməsinə nail oldu. Ancaq çox keçmədən vəzifədən alınan Qaplan Gərayın da Rodosa göndərilməsinin ardından Dövlət Gəray 1716-cı ilin dekabrında yenidən Saqqız adasına aparıldı.
Burada sürgündə ikən Heyman və Egmont adlı iki səyyah tərəfindən ziyarət edilən Dövlət Gərayın o əsnada 60 yaşlarında olduğu bilinir.[21] Səhhətinin pisləşməsi və dəyişkən hava şəraiti səbəbilə 1724-cü ildə sürgün yeri Təkirdağın Vizesaray bölgəsi olaraq dəyişdirildi. Ancaq çox keçmədən 1725-ci ilin iyununda Dövlət Gəray vəfat etdi. Cənazəsi Təkirdağda Ayaz Paşa məscidinin həyətinə dəfn olundu.[22][23]
İstinadlar
redaktə- ↑ Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekayiât, Hazırlayan: Abdülkadir Özcan, Ankara, 1995, s. 162
- ↑ Halil İnalcık, Kırım Hanlığı Tarihi Üzerine Araştırmalar (1441-1700), İstanbul, 2017, s. 238
- ↑ Umdetü’t Tevârih, (Necib Asım Neşri), s. 123
- ↑ V.D.Simirnov, Osmanlı Dönemi Kırım Hanlığı, Çeviren: Ahsen Batur, İstanbul, 2016, s. 378
- ↑ Silahdâr Mehmed Ağa, Silahdâr Tarihi, C. II, İstanbul, 1928, s. 131
- ↑ Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekayiât, Hazırlayan: Abdülkadir Özcan, Ankara, 1995
- ↑ Muzaffer Fehmi Şakar, 1101/1102 (1690/1691) Tarihli 100 Numaralı Mühimme Defteri Transkripsiyon ve Değerlendirmesi, (Yayınlanmamış Yüksek Lisans Tezi), Marmara Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü, İstanbul, 2007, s. 85-86
- ↑ 1 2 Halim Giray, Gülbün-i Hanan, (Osman Cudi Neşri), İstanbul, 1327
- ↑ Kırımî Elhac Abdulgaffar, Umdetü’t Tevârih, (Necib Asım Neşri), İstanbul, 1343
- ↑ Söylemez Yavuz, Es-seb’ü’s-Seyyâr Fi Ahbâr-ı Mülûki’t-Tatar (Tenkitli metin neşri, inceleme), (Yayınlanmamış Doktora Tezi), Ege Üniversitesi Sosyal Bilimler Enstitüsü, İzmir, 2016
- ↑ Demir Uğur, Tarih-i Mehmed Giray, (Yayınlanmamış Yüksek Lisans Tezi), Marmara Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü, İstanbul, 2006
- ↑ Recep Temel, 111 Numaralı Mühimme Defterinin 168.-337. Sayfalarının Transkripsiyonu ve Değerlendirilmesi, (Yayınlanmamış Yüksek Lisans Tezi), Artvin Çoruh Üniversitesi Sosyal Bilimler Fakültesi, Artvin, 2019
- ↑ Özlem Seçkin, 111 Numaralı Mühimme Defterinin 508-709. Sayfalarının Transkripsiyonu ve Değerlendirilmesi, (Yayınlanmamış Yüksek Lisans Tezi), Artvin Çoruh Üniversitesi Sosyal Bilimler Fakültesi, Artvin, 2020
- ↑ HOWORTH Henry H. History of the Mongols, Part II, Division I, London, 1880
- ↑ Gülser Oğuz, “Daltaban Mustafa Paşa’nın Hayatına Dair İzler: Tereke Kaydından Hareketle”, Türk Tarihine Dair Yazılar, Ed: Alparslan Demir- Tuba Kalkan- Eralp Erdoğan, C. 2, Ankara, 2017, s. 409
- ↑ Topal Mehmet, Nusretname (Tahlil ve metin), (Yayınlanmamış doktora tezi), Marmara Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü, İstanbul, 2001
- ↑ Göynüklü Ahmed Efendi, Tarih-i Göynüklü, Haz. Songül Çolak ve Metin Aydar, İstanbul, 2019
- ↑ Erhan Afyoncu, Baltacı ve Katerina, 2015, İstanbul, s. 62-64
- ↑ Merve Karaçay Türkal, “Baltacı Mehmed Paşa’nın Azil Süreci ve Valide Gülnuş Sultan’a Gönderdiği Mektuplar”, USAD, S. 15, Güz 2021, ss. 161-194
- ↑ Zübeyde Güneş Yağcı, “Çorum’dan Bir Vezir-i Azam: Baltacı Mehmet Paşa”, Baltacı Mehmed Paşa Sempozyum Bildirileri, Der. Kemal Çiçek, 2007, s. 47-49
- ↑ J. Egmont – J. Heyman, Travels Through Part of Europe, Asia Minor, The Islands of the Archipelago, C: 1, London, 1759
- ↑ Hakan Kırımlı, Geraylar ve Osmanlılar, İstanbul, 2022, s. 679
- ↑ Tarih-i Çelebizade Efendi (Matbaa-i Âmire), s. 269
Mənbə
redaktə- Kırım Hanlığı’nda II. Devlet Giray Han Dönemi (1699-1702, 1709-1713). Yüksek Lisans Tezi. Alper Yücel. İzmir 2023.