Ii Yezid Ibn Ebdulmelik - Wikipedia
II Yezid ibn Əbdülməlik (684-724) — doqquzuncu Əməvi xəlifəsi
II Yezid ibn Əbdülməlik | |
---|---|
II Yezid ibn Əbdülməlik | |
Doğum tarixi | 687 |
Doğum yeri | |
Vəfat tarixi | 28 yanvar 724 |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Uşaqları | |
Fəaliyyəti | siyasətçi, qubernator, Xəlifə |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəÖmər ibn Əbdüləziz vəfat etdikdən sonra II Yezid ibn Əbdülməlik taxt-taca yiyələnərək doqquzuncu Əməvi xəlifəsi olmuşdur. Onun xəlifəliyi dövründə İslam aləmi üçün dəyərli tarixi hadisə baş verməmişdir. Əksinə, bu dövrdə xəlifə Ömər ibn Əbdüləzizin həyata keçirdiyi islahatların üzərindən xətt çəkilmiş və Əməvilər sülaləsinin süqutunun əsası qoyulmuşdur.
II Yezid ibn Əbdülməlik xəlifə seçildikdən sonra ilk işi Yezid ibn Mühəllibin qaldırdığı qiyamı yatırmaq olmuşdur. İbn Mühəllib Ömər ibn Əbdüləzizin xəlifəliyi zamanı Bəsrə valisi vəzifəsindən kənarlaşdırılaraq həbs edilmişdi. Ömər vəfat etdikdən sonra həbsxanadan qaçaraq ətrafına ordu toplamış, hakimiyyətə qarşı silahlı müqavimət təşkil etmişdir. Xəlifə ordusu ilə ilk döyüşdən qalib ayrılan Mühəllib Bəsrəni ələ keçirərək, xəlifəyə tabe olmadığını elan etmişdir. Bəsrə əhalisindən toplanan vergiləri ordusu arasında paylamış, bununla kifayətlənməyərək Əməvi sülaləsini Peyğəmbər (s) ailəsinin qatilləri elan edərək əhalini onlara qarşı cihada çağırmışdır.
Onun özbaşınalığına son qoymaq məqsədilə II Yezid Suriyadakı ordunu Xorasan valisi Məsləmə ibn Əbdülməlikin başçılığı altında Bəsrəyə göndərmişdir. 720-ci ilin avqust ayında üz-üzə gələr ordu hissələri yeddi gün gözləmə mövqeyində olmuşlar. Bu müddətdə Mühəllibin ordusunda çaxnaşma baş qaldırmış, qorxuya düşənlər hərbi düşərgəni tərk etmişlər. Buna baxmayaraq o, təslimçiliyi və ya qaçmağı özünə sığışdırmamış, döyüşərək həlak olmağı üstün tutmuşdur. Nəticədə, baş vermiş döyüşdə Mühəllib öldürülmüş, üç minə yaxın silahdaşı isə əsir götürülmüşdür. Xəlifə əsir alınan bütün qiyamçıların öldürülməsi barədə göstəriş vermişdir.
Doqquzuncu xəlifənin hakimiyyəti zamanı mərkəzdən uzaq olan Afrika və Əndəlüsdə vəziyyət daha da pisləşmişdi. Onun İfraqiyyə əyalətinə (Afrikaya) təyin etdiyi vali yerli əhali ilə ərəblər arasında ayrı-seçkilik salmağa başlamışdı. Məvaliyə (ərəb olmayan müsəlmanlara) qoyulan ağır vergilərin nəticəsində üsyan qalxmış və vali öldürülmüşdür. Ondan əvvəl vali olmuş Məhəmməd ibn Yezid isə hakimiyyəti ələ keçirmişdir. Xəlifə də Afrikanın şimalında əhalinin sakitləşməsinə nail olan Məhəmmədin valiliyini sonradan rəsmiləşdirmişdir.
VIII əsrin otuzuncu illərinin əvvəlində İfraqiyyə əyalətinə tabe olan Əndəlüsdə vəziyyət yenidən ağırlaşmışdır. Xilafətin ən ucqar nöqtəsi olan indiki İspaniya ərazisində, əsasən, hərbçi müsəlmanlar yaşayırdı. Buradan Avropanın müxtəlif şəhərlərinə hücumlar təşkil olunur, qənimətlər ələ keçirilirdi. Lakin özündən əvvəlki xəlifənin vaxtında Fransada fəth edilən bir neçə şəhər II Yezidin dövründə hersoq Akvitanski tərəfindən geri alınmışdır.
Bu dövrdə İslam ordusu Xəzər ətrafındakı yaşayış məskənlərinə türkdilli qıpçaq və xəzərlərlə savaşlarda məğlubiyyətə uğramışdır. Məğlubiyyətlərdən məyus olan II Yezid Kür və Araz vadilərinə Cərrah ibn Abdullahın başçılığı altında böyük bir ordu göndərmişdir. Xilafət ordusu 722-ci ildə Bələncər yaxınlığında baş verən döyüşlərdə qələbə qazanmışdır almışdır. 723-cü ildə Bələncər şəhərini ələ keçirən xilafət ordusu Azərbaycanın bir neçə digər şəhərini yenidən fəth etmişdir.
II Yezid təxminən dörd illik xəlifəlikdən sonra 40 yaşında vəfat etmişdir.
Tarixçilərin əksəriyyətinin qeyd etdiklərinə görə, qadın və içki düşkünü olan bu şəxs özündən əvvəlki xəlifənin islahatlarını pozaraq İslam dövlətinin əsaslarını laxlatmışdır. Rəvayətə görə, vərəm xəstəsi olan xəlifə Həbəbə adlı zövcəsinə həddindən artıq bağlı imiş. Qadın vəfat edərkən onun dəfn olunmasına icazə verməmişdir. Beş gün sonra isə xanımının iylənmiş cənazəsi önündə özü də dünyasını dəyişmişdir.