Iv Filip Fransa - Wikipedia
IV Filip Gözəl (fr. Philippe IV le Bel, iyun 1268[1][2][…], Fontenblo – 29 noyabr 1314, Fontenblo)- Kapetinqlər sülaləsinə məxsus 1285–1314-cü illərdə Fransa kralı. Fransa tarixinin görkəmli nümayəndələrindən biri.
IV Filip | |
---|---|
fr. Philippe IV de France | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | iyun 1268[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 29 noyabr 1314 (46 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər |
Atası | III Filip (kral)[3] |
Anası | Araqonlu İzabella (Fransa kraliçası)[3] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Ailəsi | Kapetinqlər sülaləsi |
Dini | xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəIV Gözəl Filipp 1268-ci ildə Fontebloda anadan olmuşdur. Onun atası III Cəsarətli Filipp, anası Araqonlu İzabella olmuşdur. Bu nikahdan III Cəsarətli Filippin üç oğlu: Lüdovik, Gözəl Filipp və Karl Valua doğulmuşdur. İkinci dəfə o, Sisiliya və Yerusəlim şəhərlərinin kraliçası, Flandrsk qrafinyası Mariya Brabantskayaya evlənmişdi.
IV Filippə 17 yaşında ikən Reymsdə tac qoyulur. O, hakimiyyətə atasının Araqoniya üzərinə yürüşü zamanı ölümündən sonra gəlir.
IV Filippin hakimiyyəti orta əsrlər Avropasının tarixində ən mühüm dövrlərdən biri olmuşdur. Onun adı ilə bağlı olan hadisələrdə şəxsi həyatına dair çox az faktlara rast gəlinir. Bir çox tarixçilər onu yaraşıqlı görünüşünün, fleqmatik laqeydliyinin və dindar hissinin arxasında əyilməz, böyük məqsədlər gizləyən uzaqgörən siyasətçi kimi təsvir edirlər. Bu fikir müasir salnaməçilər tərəfindən də təsdiq edilmişdir. Onunla düşmən olmuş Bernard Seysetin fikrincə,"o nə insan, nə də heyvan deyildi, sadəcə heykəl idi. Dünyanın ən yaraşıqlı adamı idi, ancaq heç bir söz demədən diqqətlə insanlara baxmaqdan başqa bir işə yaramırdı." Araqon arxivlərindən tapılmış materiallar (Professor Fink tərəfindən nəşr olunmuş) da Filippin "qəribə" susqunluğu haqqında eyni təəssüratı yaradır; onun müasirləri olan krallar danışdıqları halda, o, hər zaman öz səssizliyini saxlayır və öz əvəzinə əyanlarını danışdırır. Araqon məktublarının bəzilərində o, çox qüdrətli- "papa, kral və imperator gücünə sahib" bir şəxsiyyət kimi təsvir olunmuşdur. Onun əyanlarından olan Gilyam de Nogaret isə onu daha çox "yaltaqcasına" təsvir edərək "Filippin cazibəsini, mərhəmətini, təvazökarlığını, insanlara qarşı xeyirxahlığını və dindarlığını" şişirtmiş və bu təsvir, demək olar ki, eynilə, Müqəddəs Denis kilsəsinin rahibi İves tərəfindən də təkrarlanmışdır.
IV Filipp papalığı özünə boyun əyməyə məcbur etmiş, qüdrətli Templier cəngavərlərinin təriqətini dağıtmağa nail olmuş və ən önəmlisi isə, Fransa milli monarxiyasının əsasını qoymuş bir kral olmuşdur. "Zorakı təşəbbüslər və ya uğursuz nəticələrə gətirib çıxaracaq əməliyyatlar Filipp üçün xarakterik deyildi. O, yaxşı təlimatlanmış, zahirən soyuqqanlı, laqeyd, o cümlədən də dərin zəkaya malik bir şəxsiyyət idi, onun üçün həyatda yalnız bir ideya var idi: dünyəvi güclərə və kilsəyə qarşı mübarizə apararaq Fransa krallığının mümkün olan ən yüksək inkişafını təmin etmək. Dövlətin və özünün şəxsi mənafeyini təhlükəyə atmaq ona xas deyildi. Verdiyi hər bir qərarı sözsüz həyata keçirərdi." (Fink) Bir sözlə, o, "tənbəl kral" deyildi.
IV Filipp on altı yaşında ikən cəngavər olmuş və Navarralı Coanna ilə evləndikdən sonra 1284–1305-ci illər ərzində onunla birlikdə Navarra krallığını idarə etmişdir. 1285-ci ildə atası III Filippin ölümündən sonra Fransa taxt-tacına sahib olan IV Filipp hakimiyyətinin ilk illərindən Araqon məsələsinin həllini və özündən əvvəlki kralların başlatmış olduğu islahatlar proqramını sürətləndirdi. 1292-ci ildə Taraskonda çağırılmış beynəlxalq konqresdə papalığın, İngiltərə, Fransa və Araqon krallıqlarının nümayəndələri iştirak etmiş, ümumavropa işləri müzakirə edilmiş, o cümlədən, Siciliya və Araqon məsələləri diplomatik yolla öz həllini tapmışdır.
1294-cü ildə İngiltərə ilə başlanan on illik müharibə Fransaya heç bir ərazi qazandırmasa da, 1303-cü ildə iki ölkə arasında imzalanan müqavilə ölkə üçün bəzi önəmli nəticələrə gətirib çıxardı. Belə ki, müqavilənin şərtlərinə əsasən Filippin qızı İzabellanın 1308-ci ildə İngiltərənin gələcək kralı II Eduardla ailə qurması iki krallıq arasındakı sülhün uzun müddət davam etməsinə səbəb oldu. Digər tərəfdən isə Filippin vassalı olan Flandriya qrafı Dampierin müharibə vaxtı I Eduard ilə ittifaq yaratması səbəbilə Fransa ilə Flandriya arasında IV Filippin ölümündən sonra da davam edəcək bir düşmənlik münasibətləri başladı. Filipp İngiltərə ilə müharibənin başa çatmasından dərhal sonra Flandriyaya hücuma keçdi. O, 1302-ci ildə Kortreydə məğlubiyyətə uğrasa da, iki il sonra Mons-en Peveldə böyük bir qələbə qazandı və 1305-ci ildə imzalanan sülh müqaviləsi ilə Flandriya ağır təzminat ödəmək məcburiyyətində qaldı. Filippin Mons-en Pevel döyüşündə göstərdiyi şücaət hər kəsi- nəinki dostlarını, hətta düşmənlərini də heyrətə gətirmişdi.
Filipp Orta Şərqdə Monqol dövləti ilə müxtəlif əlaqələrə malik idi. O, türk/monqol rahibi Rabban Bar Saumanın səfirliyini qəbul etmişdi. Bar Sauma Arqun xanın Fransa-Monqol ittifaqı yaratmaq, onların ümumi düşmənləri olan müsəlman məmlüklərə qarşı qüvvələri birləşdirmək, əvəzində isə müsəlmanların işğal altında olan Yerusəlimi xristianlara qaytarmaq təklifini Filippə təqdim etdikdə, Filipp səfirin təklifini müsbət qarşılamış və öz əyanlarından biri- Qobert de Hellevilli monqol səfirini müşayiət etməsi üçün onunla birlikdə göndərmişdir. Arqun və Filipp arasında 1288–1289-cu illərdə də potensial hərbi əməkdaşlıq haqqında danışıqlar olmuşdur. Buna baxmayaraq, Filipp heç vaxt bu hərbi planları gerçəkləşdirməmişdir.
1305-ci ildə yeni monqol xanı Olcaytu IV Filippə, Roma papasına və İngiltərə kralı I Eduarda məktub göndərərək yenidən Avropanın xristian xalqları ilə , məmlüklərə qarşı hərbi əməkdaşlıq yaratmağı təklif etdi. Avropa xalqları daha bir Səlib yürüşünə cəhd etdilərsə də, bu, təxirə salındı, sonra isə heç vaxt baş vermədi.
IV Filippin papalıqla olan əlaqələri hələ İngiltərə ilə müharibə sırasında pozulmağa başlamışdı. Papalığın xaç yürüşü ilə bağlı planlarına maneə törədən bu müharibəni sona çatdırmaq üçün bəzi təcavüzkar cəhdlər göstərən Papa VIII Bonifasi 1296-cı ildə papanın razılığı olmadan ruhani sinfi üzərinə vergi qoyulmasını qadağan edən fərman qəbul etdi, lakin o, I Eduard və IV Filippin təzyiqləri qarşısında, qoyduğu qanunu ləğv etmək məcburiyyətində qaldı. Filippin 1301-ci ildə yepiskop Bernard Seyseti vətənə xəyanət səbəbilə həbs etdirməsi papalıqla əlaqələrin yenidən gərginləşməsinə səbəb oldu. Bunun əvəzində isə Bonifasi Fransa krallığının idarəsi və fransız kilsəsinin vəziyyətini müzakirə etmək səbəbilə fransız ruhanilərini Romaya çağırdı. Filipp Seysetin Romaya getməsinə icazə versə də, papalığın bir fərmanını yandırdı və 1302-ci ilin aprelində böyük bir məclis düzənləyərək xalqın dəstəyini qazandı. Filippin adamlarından Nogeret İtalyanın Anagni şəhərində Bonifasini yaxalayaraq həbsə aldı. İki gün sonra şəhərin əhalisi tərəfindən azad edilən Bonifasi bir aydan sonra vəfat etdi. Onun yerinə keçən Papa XI Benedik və daha sonra papa seçilən V Klemens IV Filipplə yaxşı əlaqələr yaratdılar. Klemensin 1309-cu ildə papa məclisini Romadan Aveniona köçürməsi və 1311-ci ildə Bonifasinin qəbul etdiyi bütün fərmanları ləğv etməsi Filipp üçün tam bir qələbə oldu. O, 1306-cı ildə bütün yəhudiləri Fransadan köçürüb mülklərini ələ keçirdi. Daha sonra isə əxlaqsızlıqla günahlandırdığı Templier təriqətinə qarşı hərəkətə keçdi. 1312-ci ildə Papa Klemensin də razılığı ilə təriqəti dağıdıb mallarına əl qoydu. O, digər tərəfdən də, Lion şəhərini və Burqundiya hersoqluğunu nəzarət altına alaraq ölkənin şərq sərhədlərini gücləndirdi. Müqəddəs Roma İmperatorluğu üzərində nəzarəti ələ keçirmək cəhdlərində isə eyni dərəcədə uğur qazana bilmədi. 1308-ci ildə qardaşı Çarlesi, 1313-cü ildə isə ikinci oğlu Filippi imperator seçdirmək üçün cəhdlər etsə də, bir nəticə əldə etmədi. 1313-cü ildə sülh müqaviləsinin şərtlərini yerinə yetirmədikləri üçün flandriyalılar üzərinə oğullarının başçılığı ilə ordu göndərərək özünə təslim edən Filipp, sonrakı ildə müxtəlif problemlərlə qarşı-qarşıya qaldı. 1314-cü ildə Papa Klemensin ölümü ilə ən mühüm dəstəyini itirən Filipp üçün, Flandriyada ilkindən daha böyük bir qiyamın başlanması ikinci zərbə oldu. O, Flandriyaya yeni səfər üçün hazırlaşsa da, atəşkəs görüşmələrində çətinliklərlə üzləşdi. Digər tərəfdən isə yaxın adamlarından biri ilə bağlı xəyanət söz-söhbətlərinin çıxması və müharibə üçün yığılan bütün pulların geri qaytarılması ilə əlaqədar tələblərin çoxalması onun vəziyyətini daha da çətinləşdirdi. Maddi çətinlikləri olan Filipp pulların qaytarılmasını gecikdirdikdə, müxalifət ona qarşı hərəkətə keçdi. Bu zaman yarım iflic keçirən Filipp ölümündən bir gün əvvəl qoyduğu son verginin ləğv olunması və öz adına səlib yürüşü təşkil edilməsi barədə əmr verdi. Ölümündən sonra oğulları X Lüdovik və V Filipp ard-arda hakimiyyətə gəldi.
İstinadlar
redaktə- ↑ 1 2 King of France Philip IV // Faceted Application of Subject Terminology.
- ↑ 1 2 Felipe I de Navarra y IV de Francia. // Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
- ↑ 1 2 3 4 5 6 7 8 Kindred Britain.