Ix Mixail Imperator - Wikipedia
IX Mixail Paleoloq (yun. Μιχαήλ Δούκας Ἄγγελος Κομνηνός Παλαιολόγος, Mikhaēl Doukas Angelos Komnēnos Palaiologos; 17 aprel 1277, Konstantinopol, Bizans imperiyası – 12 oktyabr 1320, Saloniki, Bizans imperiyası) — Bizans imperatoru.[1] Atası II Androniklə birlikdə ortaq imperator olaraq hökm sürmüşdür.[2]
IX Mixail | |
---|---|
yun. Μιχαήλ Δούκας Ἄγγελος Κομνηνός Παλαιολόγος | |
21 may 1294 – 12 oktyabr 1320 | |
Əvvəlki | II Andronik Paleoloq |
Sonrakı | II Andronik Paleoloq |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 aprel 1277 |
Doğum yeri | |
Vəfat tarixi | 12 oktyabr 1320 (43 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | monarx |
Atası | II Andronik Paleoloq |
Həyat yoldaşı | |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə12 aprel 1277-ci. ildə Pasxa bayramı günü Konstantinopolda (indiki İstanbul) dünyaya gəldi.[3] Atası dövrün Bizans imperatoru II Andronik, anası isə Macarıstan kralı V Stefanın qızı Anna idi. Hələ 5 yaşında ikən 1282-ci ildə taxtın varisi, 21 may 1294-cü ildə Ayasofiyada keçirilən tacqoyma mərasimiylə isə ortaq imperator elan olundu.
İlk hərbi fəaliyyətə isə 1302-ci ilin baharında Osmanlılar üzərinə tərtiblənən yürüşlə başladı. Əmri altında toplanan 16 minlik ordunun böyük qismi alan tayfasına mənsub muzdlu əsgərlər idi. Bu isə ordu daxilindəki nizam-intizamın pozulmasına səbəb oldu. Belə ki, muzdlu alan əsgərləri türklərlə yanaşı, yerli yunan əhalisinə də hücum edir, ordu sıralarını özbaşına tərk edərək ətraf bölgələri talan edirdilər. Nəhayət yaxınlaşan Osmanlı ordusundan qorxan əsgərlərin döyüş meydanından qaçması ilə Bizans birlikləri döyüşmədən geri çəkildilər. Digər yandan Nikomediya yaxınlığında olan digər Bizans birlikləri də 27 iyul 1302-ci ildə Qoyunhisar döyüşündə Osmanlı ordusuna məğlub edildi. Ard-arda gələn məğlubiyyət xəbərləri ilə səhhəti pisləşən IX Mixail 1303-cü ilin sonlarında ağır xəstələndi və bir neçə aylıq ağır xəstəliyin ardından 1304-cü ilin yanvarında sağalaraq xanımıyla birlikdə Konstantinopola geri döndü.
Bizans birliklərinin şərq cəbhəsindəki məğlubiyyətindən istifadə edən Bulqar çarı Fyodor Svetoslav 1303-1304-cü illərdə şərqi Frakiya bölgəsini işğal etdi. Yenidən ordunun idarəsini ələ alan IX Mixail qısa zamanda bölgəyə gələrək bulqarların işğal etdiyi bir çox qalanı geri aldı. Onun qısa zamanda əldə etdiyi bu hərbi uğur Konstantinopolda coşquyla qarşılandı.[4] 1304-cü ilin payızında tərəflər Skafida çayı sahilində qarşı-qarşıya gəldilər. Döyüşün ilk saatlarında IX Mixail cəsarətlə vuruşdu və bulqarları geri çəkilməyə məcbur etdi. Ancaq qaçan bulqarları təqib edən Bizans əsgərləri çayı keçərkən körpü çökdü və əsgərlərin çoxu çayda boğularaq həlak oldu. Bizans ordusunda yaraşanan qarışıqlıqdan istifadə edən bulqarlar geri dönərək döyüşün nəticəsini dəyişdilər. Yüzlərlə Bizans əsgəri əsir alındı. Əsirləri geri qaytarmaq üçün imperatorlar IX Mixail və atası II Andronik şəxsi zinyət əşyalarını satmağa məcbur oldular. 1307-ci ilədək davam edən danışıqların nəticəsində tərəflər sülh bağladılar və beləcə, növbəti 15 il ərzində Bizans-Bulqar münasibətləri stabil hal aldı. Sülhün bir digər şərtinə görə isə, IX Mixail qızlarından Teodoranı Bulqar çarı Fyodor Svetoslavla evləndirdi.
Digər yandan katalan kondottiyeri Rojer de Florun 30 aprel 1305-ci ildə Adrianapolda (indiki Ədirnə) şübhəli şəkildə öldürülməsinin ardından, başsız qalan və pullarını ala bilməyən katalan muzdlu əsgərləri ayaqlandılar və Frakiya-Fessaliya bölgələrinə hücum edərək yerli əhalini talan etdilər. Üstəlik, IX Mixailin rəhbərlik etdiyi 6 minlik Bizans ordusunu da məğlub edən katalanlar növbəti 2 il boyunca bölgəni yağmaladıqdan sonra Avropaya qaçdılar. IX Mixail isə döyüş meydanında ölümdən son anda xilas edilərək Konstantinopola qaçdı. Onun qatıldığı hərbi yürüşlərdə uğur qazana bilməməsinin səbəbi isə atası II Andronik tərəfindən aparılan hərbi islahatlar idi. Belə ki, xəzinə xərclərinin azaldılması məqsədilə II Andronik imperiya ordularını ləğv etmiş, yerinə muzdlu əsgərlərdən ibarət hərbi birliklər tərtibləmişdi.[5] Qorxaq, acgöz və itaətsiz muzdlu əsgərlərin üzərində nəzarət isə demək olar ki, mümkün deyildi.
1319-cu ilin oktyabrında atasının istəyilə xanımını da yanına alaraq Salonikiyə göndərildi və bölgənin idarəsiylə vəzifələndirildi. Ancaq çox keçmədən 12 oktyabr 1320-ci ildə burada vəfat etdi. Ölüm səbəbi olaraq, həmin ilin əvvəlində qızı Anna və oğlu Manuelin gənc yaşda vəfat etməsi göstərilir.
Ailəsi
redaktə16 yanvar 1294-cü ildə Ayasofiyada keçirilən mərasimlə Erməni-Kilikiya çarı II Levonun qızı Ritayla evləndirildi. Mərasimin ardından gəlinin adı Mariya Dukan Paleoloq olaraq dəyişdirildi və 21 may 1294-cü ildə baş tutan tacqoyma mərasimində ortaq imperator elan edilən ərinin yanında imperatriça elan edildi. Ancaq o əsnada ortaq imperator olan qaynatası II Andronikin xanımı İrina həyatda idi və bu səbəblə, Montferratlı İrinanın öldüyü 1317-ci ilədək kiçik imperatriça olaraq anımağa başlandı. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.
- III Andronik (1297-1341), Bizans imperatoru
- Manuel Paleoloq – qardaşı III Andronikin əmriylə 1320-ci ildə öldürüldü.[6]
- Anna Paleoloq (ö. 1320) – İlk evliliyi 1307-ci ildə Epir çarı I Tomas Komnini ilə, ikinci evliliyi isə 1318-ci ildə Epir çarı Nikolay Orsini ilə baş tutdu.
- Teodora Paleoloq (ö. 1330'dan sonra) – İlk evliliyi 1308-ci ildə Bulqar çarı Fyodor Svetoslavla, ikinci evliliyi isə 1324-cü ildə digər Bulqar çarı III Mixaillə baş tutdu.
Mənbə
redaktə- Fine, John Van Antwerp (1994). The Late Medieval Balkans: A Critical Survey from the Late Twelfth Century to the Ottoman Conquest. University of Michigan Press. ISBN 0472082604
- Nicol, Donald M. (1993). The Last Centuries of Byzantium, 1261-1453. Cambridge: Cambridge University Press. ISBN 9780521439916
İstinadlar
redaktə- ↑ Nicephorus Gregoras. Byzantine History. Vol. 1. Saint Petersburg. 1862
- ↑ Grierson, Philip (1999). Catalogue of the Byzantine Coins in the Dumbarton Oaks Collection and in the Whittemore Collection: Michael VIII to Constantine XI, 1258-1453. Dumbarton Oaks. p. 95. ISBN 978-0-88402-261-9
- ↑ A. Failler. "Sur un passage mutile de la Chronique breve de 1352" Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine pp. 61–62
- ↑ A. Talbot, ed. (1975). The Correspondence of Athanasius I, Patriarch of Constantinople: Letters to the Emperor Andronicus II, Members of the Imperial Family, and Officials. Dumbarton Oaks Center for Byzantine Studies. pp. 30–32. ISBN 978-0-884-02040-0
- ↑ K. V. Ryzhov (2002). Все монархи мира // Андроник II Палеолог // Михаил IX Палеолог [All the monarchs of the world // Andronicus II Palaeologus // Michael IX Palaeologus] (in Russian). Moscow: Veche. ISBN 5-7838-0528-9
- ↑ S.B. Dashkov. "Императоры Византии // Андроник III Палеолог [Emperors of Byzantium // Andronicus III Palaeologus]". Церковно-Научный Центр "Православная Энциклопедия" Arxivləşdirilib 2012-04-27 at the Wayback Machine (in Russian)