Koln Kurfurstluyu - Wikipedia
Bu məqalə kürfürstlük haqqındadır. Arxiyepiskopluq üçün Köln yeparxiyası səhifəsinə baxın. |
Köln kürfürstlüyü (alm. Kurfürstentum Köln) — X əsrdən XIX əsrin əvvəllərinə qədər mövcud olmuş Müqəddəs Roma İmperiyasının knyaz-arxiyepiskopluğu idi. İmperiyada Köln kürfürstündən başqa iki ruhani kürfürst də var idi: Mayns kürfürstlüyü və Trir kürfürstlüyü. Köln arxiyepiskop-kürfürstü eyni zamanda İtaliya üçün baş kansleri idi (Müqəddəs Roma İmperiyasının üç komponentli titulyar krallığından biri, digər ikisi Almaniya və Burqundiya idi) və buna görə də bütün ruhani və dünyəvi knyazlar arasında ikinci yeri tuturdu.
Kürfürstlük | |||||
Köln kürfürstlüyü | |||||
---|---|---|---|---|---|
alm. Erzstift und Kurfürstentum Köln | |||||
|
|||||
|
|||||
Paytaxt | Köln, Bonn | ||||
Rəsmi dilləri | |||||
Dövlət dini | katolisizm | ||||
İdarəetmə forması | Knyaz-arxiyepiskopluq | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Kürfüstlüyün paytaxtı Köln idi. Köln burjuaziyası ilə münaqişələr kürfürstün Bonna köçməsinə səbəb olmuşdu. Köln 1475-ci ildən sonra Azad İmperiya Şəhəri kimi tanındı və beləliklə, onu hətta kürfürstün nominal dünyəvi səlahiyyətindən də çıxardı. Köln və Bonn 1794-cü ildə Fransa tərəfindən işğal edilmişdi. Kürfürstlüyün sağ sahil əraziləri 1803-cü ildə Alman mediatizasiyası zamanı dünyəviləşdirildi.
Kürfürstlükdən ərazicə daha böyük olan və arxiyepiskopun yalnız kilsə səlahiyyətlərindən istifadə etdiyi Lyej və Münster kimi suffraqan yepiskopluqlarını əhatə edən Köln arxiyepiskopluğu ilə qarışdırmalıdır.
Tarixi
redaktəKöln şəhərinin əsası Roma imperiyasının Aşağı Germaniya əyalətindəki Colonia Agrippinanın qalıqları üzərində qurulmuşdu və Roma dövründən bəri yepiskopun iqamətgahı olmuşdur. 953-cü ildə Köln arxiyepiskopları ilk dəfə ciddi dünyəvi güc əldə etdilər, İmperator I Otto tərəfindən öz qardaşı yepiskop Brunonu həm də hersoq kimi təyin etmişdi. Otto onun hakimiyyətini təhdid edən dünyəvi zadəganları zəiflətmək üçün Bruno və onun xələflərinə həm də yepiskop titulunu vermişdidi. Bununla Köln kürfürstlüyünün başlanğıcı olan knyaz-arxiyepiskopluq qurumu yaradıldı. Arxiyepiskopluğun ərazisinə Yülixdən şərqdə Reynin sol sahili boyunca bir ərazi zolağından Reynin o tayındakı Berq və Markınacan torpaqlar, habelə Vestfaliya hersoqluğu daxil edilmişdi.
XII əsrin sonunda Köln arxiyepiskopu Müqəddəs Roma İmperatorunun yeddi seçicisindən — kürfürstündən biri idi. Kürfürst olmaqla yanaşı, o, texniki cəhətdən 1238-ci ildən və daimi olaraq 1263-cü ildən 1803-cü ilə qədər İtaliyanın baş kansleri idi. Vorringen döyüşündə arxiyepiskop şəhərin əsgərləri tərəfindən əsir düşdü və şəhərə tam muxtariyyət verməyə məcbur oldu. Nəhayət, arxiyepiskop şəhər hökuməti ilə yurisdiksiya münaqişələrindən qaçmaq üçün Bonna köçdü. 1475-ci ildə Köln arxiyepiskopdan müstəqil Azad İmperiya Şəhəri oldu.[1] Şəhərlilərin arxiyepiskopa olan qəzəbinin kökündə 1349-cu ildə, Qara Ölümü gətirdikləri barədə konspirologiyalarla üzərlərinə iftira atılan yəhudilərə qarşı ilk poqrom, yüksək vergilər, dövlət xərcləri, biznesin tənzimlənməsi və bazara nəzarət məsələləri, habelə korporativ muxtariyyətin hüdudlarının azaldılması dururdu.[2]
Həmin dövrdə böyük ticarət şəhərləri Lübekin rəhbərliyi altında Hanza ittifaqında bir araya gəldiyi üçün Baltikyanıda ticarət böyüdü. Bu ittifaqın əsas şəhərləri Reyn çayı üzərində Köln, Şimal dənizində Hamburq və Bremen və Baltik sahilində Lübek idi.[3] Orta əsrlər və erkən müasir Köln şəhərinin iqtisadi strukturları şəhərin əsas limanına, nəqliyyat mərkəzi kimi yerləşməsinə və digər Hanza şəhərlərindəki tacirlərlə əlaqələr quran sahibkar tacirlərinə əsaslanırdı.
XVI əsrdə iki Köln arxiyepiskopu protestantlığı qəbul etdilər. Onlardan birincisi, Hermann von Vid, dini dəyişdirmək üçün arxiyepiskopluqdan istefa verdi, lakin 1582-ci ildə Kalvinizmi qəbul edən Qebhard fon Valdburq, arxiyepiskopluğu dünyəviləşdirməyə cəhd etdi. Növbəti fevralda onun evliliyi və ərazini tərk etməkdən imtina etməsi rəqib arxiyepiskop və Vittelsbax sülaləsindən Bavariya hersoqu V Vilhelmin qardaşı Ernstin seçilməsi ilə nəticələndi. Tərəflər arasında baş verən Köln müharibəsində papa italyan və ispan muzdlularını maliyyələşdirdi və katolik bavariyalılar da Ernsti dəstəkləmək üçün ordu göndərdilər, protestant Niderland isə fon Valdburqa dəstək verdi. Müharibə dövlət iqtisadiyyatının çox hissəsini məhv etdi və bir çox kənd və şəhərlər mühasirəyə alındı və dağıdıldı. 1583-cü ilin noyabr-dekabr aylarında Qodesberq mühasirəsi Qodesberq qalasının dağıdılması və sakinlərinin əksəriyyətinin öldürülməsi ilə başa çatdı. Daha bir neçə mühasirədən sonra fon Valdburq kürfürstlük iddiasından əl çəkdi və həyat yoldaşı ilə birlikdə Strasburqa qaçdı. Ernst arxiyepiskop oldu — bu isə Almaniyada əksreformasiyanın ilk böyük uğuru idi. Ernstin rəhbərliyi altında yezuitlər kürfürstlükdə katolikliyin bərpasına nəzarət edirdilər. 1583-cü ildən 1761-ci ilə qədər arxiyepiskop faktiki olaraq Vittelsbax sülaləsinin Bavariya filialının sekundogeniturası idi. Yəni, Bavariya hersoqunun ikinci oğlu adətən kürfürst olurdu. Bu dövrdə arxiyepiskop adətən Münster knyaz-yepiskopluğunu (və çox vaxt Lyej yepiskopluğunu) postunu da tutduğu üçün o, Almaniyanın şimal-qərbinin ən mühüm knyazlarından biri idi.
1597-ci ildən 1794-cü ilə qədər Bonn kürfürstlərin iqamətgahı və paytaxtı olmuşdur. 1795-ci ildən sonra kürfürstlərin Reynin sol sahilindəki əraziləri Fransa tərəfindən işğal edildi və 1801-ci ildə rəsmi olaraq ilhaq edildi. Köln Rur departamentinin, Bonn isə Reyn-Mozel departamentinin bir hissəsi idi. 1803-cü il mediatizasiya arxiyepiskopluğun qalan hissəsini də dünyəviləşdirərək Vestfaliya hersoqluğunu Hessen-Darmştadta və Vest Recklinqhauzeni isə Arenberq hersoqluğuna verdi. Bununla belə, Köln 1824-cü ildə katolik arxiyepiskopunun iqamətgahı kimi yenidən təqdis edildi və indi də yeparxiya mərkəzi olaraq qalmaqdadır.
İstinadlar
redaktə- ↑ Harry de Quetteville. "History of Cologne" Arxivləşdirilib 2011-08-05 at the Wayback Machine. The Catholic Encyclopedia, Nov 28, 2009.
- ↑ David Nicholas, The Growth of the Medieval City: From Late Antiquity to the Early Fourteenth Century (1997) pp 69–72, 133–42, 202–20, 244–45, 300–307
- ↑ James Westfall Thompson, Economic and Social History of Europe in the Later Middle Ages (1300–1530) (1931) pp. 146–79