Korpulu Fazil Ehmed Pasa - Wikipedia
Köprülü Fazil Əhməd Paşa (1635[1][2][…] – 3 noyabr 1676[2], Ədirnə) — IV Mehmed dönəmində 30 oktyabr 1661 – 3 noyabr 1676 tarixlərində ümumilikdə 15 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Eyni zamanda Körpülülər ailəsinin üzvüdür.[3]
Körpülü Fazil Əhməd Paşa | |
---|---|
كوبرولوزاد فازل أحمد باشا | |
1 noyabr 1661 – 3 noyabr 1676 | |
Əvvəlki | Körpülü Mehmed Paşa |
Sonrakı | Mərzifonlu Qara Mustafa Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Amasiya |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Körpülü Mehmed Paşa |
Anası | Ayşə xanım |
Ailəsi | Körpülülər |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1635-ci ildə Amasiyanın Vəzirkörpü qəsəbəsində dünyaya gəlmişdir. Körpülü Mehmed Paşanın oğludur. Anası isə buranın yerli zadəganlarından Yusif ağanın qızı Ayşə xanımdır. 7 yaşında ikən atası ilə birlikdə İstanbula gəldi və burada dövrün məşhur alimlərindən dərslər alaraq Qaraçələbizadə Əbdüləziz Əfəndidən məzun oldu. 16 yaşından etibarən Qara Əhməd Paşa, Qasım Paşa, Sahn-ı Səman və Sultan Səlim mədrəsələrində "paşazadə" ləqəbi ilə müdərrislik etdi. Ancaq alimlər arasındakı ixtilaf və dedi-qodular səbəbilə 10 ilə yaxın xidmət göstərdiyi bu sahədən ayrıldı. 1659-cu ildən etibarən Ərzurum və Şam bəylərbəyi oldu. Şamda etdiyi bəzi vergi endirimləri səbəbilə xalqın sevgisini qazandı. Ardından Hələb bəylərbəyi olan Əhməd Paşa, yola çıxmadan paytaxta çağırıldı və taxt naibi elan olundu. Ancaq iki ay sonra atasının nasaz olması səbəbilə Ədirnəyə gəldi və burada əvvəlcə sədarət naibi, atasının vəfatından sonra isə sədrəzəm seçildi (1 noyabr 1661).
Atasından daxili məsələləri həll olmuş bir ölkə təslim alan Əhməd Paşa, 15 il davam edən sədarəti dönəmində daha çox xarici məsələlərlə məşğul oldu. Əvvəlcə Ərdəl məsələsini həll etdi. Avstriyalıların və Osmanlıların Ərdəlhakimi seçdiyi iki şəxs aldıqları hərbi qüvvə ilə müharibəyə girişmiş, eyni zamanda Timeşvar bəylərbəyi Kiçik Mehmed Paşa da mərkəzdən gələn əmrlə bura göndərilmişdi. Ardından Avstriyaya qarşı səfər qərarı alındı və ordu Əhməd Paşanın rəhbərliyi ilə 13 aprel 1663 tarixində yola çıxdı. Osmanlı ordusu Belqrada çatanda qarşı tərəfdən sülh təklifi gəldi və müzakirələr başladı. Drava sahilində keçirilən 2 məclisdə Avstriya elçilərinə imperatorlarının Ərdələ gələrək burada iki qalanı işğal edib, Kanija yaxınlığındakı Yeniqala qalasını inşa etdirdiyi deyildi və sülh şərti olaraq bu qalanın dağıdılması, əsir alınan müsəlmanların dərhal azad edilməsi və Sultan Süleyman dövründə olduğu kimi illik 30 min qızıl vergi ödənilməsi tələb olundu. Ancaq bu tələblər qəbul edilmədi. Sülh danışıqları baş tutmadığı üçün irəliləyən Osmanlı ordusu Budinə gəldi və burada I Əhməd dövründə alınaraq Ərdəl krallığına verilən, ancaq daha sonra Avstriya tərəfindən işğal olunan Uyvar qalası hədəf seçildi. Qala qısa müddət sonra mühasirəyə alındı. Bu əsnada Avstriyanın böyük bir ordusu məğlub edilmiş, Krım qüvvələri isə Vyana yaxınlığına qədər irəliləmişdi. Nəhayət, Uyvar qalası 24 sentyabr 1663 tarixində təslim alındı. Bərpa olunan qala 4000 mühafizəçi və döyüş sursatı ilə təhkim edildi. Ardından Arslan Mustafa Paşa və Sarı Hüseyn Paşa Novqorod, Nitra və Levitse qalalarının fəthi ilə vəzifələndirildi, tatar qüvvələri isə Avstriyanın əlindəki Macarıstan torpaqları üzərinə göndərildi. Əhməd Paşa isə Belqrada geri döndü və qışı burada keçirdi.
Kanija qalasının mühasirəsi, ətrafdakı Yeniqala və Nitra qalalarının Avstriyanın əlinə keçməsi ilə Əhməd Paşa yeni bir səfərə çıxdı. Uyvar qalasının fəthi Avropada böyük səs-küyə səbəb olmuşdu. Papalıq, İspaniya, Saksoniya və Brandenburqdan başqa Fransa kralı XIV Lüdovik də 5 min nəfərlik könüllü dəstə yollamış, bütün Avropa ölkələri müqəddəs ittifaq qurmuşdu. Əhməd Paşanın rəhbərlik etdiyi Osmanlı ordusu bir neçə qala fəth edərək Raba çayı sahillərinə çatdı. Məqsədi Yeniqala qalasını ələ keçirməkdi. O əsnada Avstriya qüvvələrinin Kanija mühasirəsi uğursuzluqla nəticələnmiş, Kanija bəylərbəyi Yansur Həsən Paşa qalanı qəhrəmanca müdafiə etmişdir. Geri dönən müttəfiq orduları 1 avqust 1664 tarixində Osmanlı ordusu ilə qarşı-qarşıya gəldi. Cümə günü səhər saatlarında başlayan döyüş Osmanlıların əleyhinə irəliləsə də, burada Osmanlı ordusu tam şəkildə məhv edilmədi. Osmanlı qaynaqlarında bu döyüş kiçik bir çarpışma olaraq qeyd olunsa da, Avropa mənşəli tarixi qaynaqlarda bu döyüş Osmanlılar üzərindəki böyük qələbə olaraq qələmə verilir (Sentqothard döyüşü). Bu məğlubiyyətə baxmayaraq Əhməd Paşa 10 avqustda Avstriya elçisiylə Vasvar sülhünü imzaladı. 10 maddədən ibarət bu sülhlə Osmanlıların bütün tələbləri yerinə yetirildi. Varat və ətrafdakı qalalar birləşdirilərək əyalətə çevrildi. Bir müddət İstolnı Belqrad düzündə qışlayan Osmanlı ordusu Avstriyalıların Uyvar qalasını mühasirəyə almaq istəməsilə qalanın önlərinə irəlilədi. Qalanın ətrafında kiçik çatışmalar baş versə də, Vasvar sülhü ləğv edilmədi. Əhməd Paşa da 1665-ci ilin ortalarında Ədirnəyə geri döndü. Həmin il IV Mehmedlə birlikdə Çanaqqala boğazındakı qalaların təhkim olunmasına nəzarət etdi. O illərdə gündəmdə olan əsas məsələlərdən biri də Krit məsələsi idi. Xüsusilə də, illərdir mühasirədə saxlanılan Kandiye qalası alınmalı idi. Nəhayət, 15 may 1666 tarixində Əhməd Paşa Krit səfərinə çıxdı. Kandiye qalası önlərində toplanan Osmanlı ordusunun sayı 70 minə çatdı. Bu əsnada Misirdən gələn 20 döyüş gəmisiylə Arslan Mustafa Paşa idarəsindəki Osmanlı donanması da səfərə qatıldı. Mühasirə 26 may 1667 tarixində başladı. Venesiya admiralı Morosininin qalanın müdafiəsinə qatılmasıyla, çatışmalar şiddətləndi. Venesiyalılara Papa və Malta donanmaları da dəstək verirdi. Bütün il davam edən mühasirə qış aylarında qaldırıldı. Növbəti ilin yazında Misirdən gələn gəmilərin də yardımıyla 1668-ci ilin iyununda mühasirə yenidən başladı. Bu əsnada venesiyalılar padşaha elçi göndərərək sülh istədiklərini bildirdilər. IV Mehmed isə sədrəzəmə yolladığı fərmanda mühasirənin bu il nəticə verməsini əmr etmiş, növbəti il mühasirənin mümkün olmadığını yazmışdır. Əhməd Paşa isə cavab məktubunda bu il mühasirənin uğurla başa çatacağını müjdələmişdir. Padşahla yanaşı, padşahın müsahibi Mustafa Paşaya, bacısının əri Mərzifonlu Mustafa Paşaya, Şeyxülislam Minkarizadə Yəhya Əfəndiyə və padşahın lələsi Vanlı Mehmed Əfəndiyə məktublar yazaraq padşahı təskin etmələrini buyurmuşdur.
Fazil Əhməd Paşa 1668-ci ilin qışını da səngərdə keçirdi və növbəti ilin iyununda Kandiye qalası üçüncü dəfə mühasirəyə alındı. Nəhayət, venesiyalılar qalanı təslim etməyə məcbur oldular. Bir neçə gün davam edən müzakirələrin ardından 6 sentyabr 1669 tarixində 18 maddəlik təslim şərtləri müəyyən olundu. Bəzi kiçik qalalar istisna olmaqla, Kandiye qalası ilə birlikdə bütün Krit adası təslim edildi, venesiyalılar xərac ödəməyi və əsirləri geri qaytarmağı qəbul etdi. 3 həftə davam edən danışıqların ardından qalanın açarları Əhməd Paşaya göndərildi. Beləliklə, təxminən 50 ildir davam edən Krit məsələsi başa çatdı və ada ələ keçirildi. Əhməd Paşa başda Morosini olmaqla, işğalçı qüvvələrə və adanın sakinlərinə bütün əmlaklarını alaraq adanı tərk etmələri üçün icazə verdi. Burada öz adına məscid inşa etdirib, o qışı Kritdə keçirən Əhməd Paşa 3 il qaldığı adadan ayrılaraq 1 iyul 1670 tarixində Ədirnəyə gəldi.
IV Mehmed indiki Yunanıstanın Teselya əyalətində ikən Ukrayna kazaklarının rəhbəri olan Doroneşko bir elçi göndərərək Leh kralı və Krım tatarlarından şikayət etdi. Bu vəziyyətdən narahat olan Adil Gəray isə Ukrayna kazaklarına rəhbər olaraq başqa birini seçdi və ona hərbi qüvvə təsis edərək Doroneşkonun üzərinə yolladı. Bundan istifadə edən Leh kralı isə kazakların bəzi qalalarını ələ keçirdi. Nəticədə Krım xanını dəyişən Osmanlı hökuməti Leh kralına məktub yazaraq qalaların təslim edilməsini əmr etdi. Ancaq Leh kralından cavab gəlmədi və şəxsən padşahın da iştirakıyla Fazil Əhməd Paşa 4 iyun 1672 tarixində Lehistana səfər elan etdi. Səfər əsnasında bir neçə önəmli qala ələ keçirildi. Nəticədə 18 oktyabr 1672 tarixində Bucaş sülhü imzalandı. Sülh şərtlərinə görə, Lehistan Podolya bölgəsini itirdi, Ukrayna Osmanlıların təyinatıyla Doroneşkoya verildi və Lehistan Krımdan başqa Osmanlılara da illik 220 min dukat qızıl vergi verməli idi. Ancaq kral tərəfindən təsdiq olunan bu sülh kral məclisində qəbul edilmədi və buna görə də, sülhün şərtləri də yerinə yetirilmədi. Bu səbəbdən sonrakı illərdə də bu bölgəyə səfərlər tərtib olunmuş, hətta bunlardan ilk ikisinə Əhməd Paşa rəhbərlik etmişdir.
Bir müddət sonra İstanbula gələn Fazil Əhməd Paşanın səhhəti pisləşdi, hətta divan məclislərində iştirak edə bilmədi. İstanbuldan Silivriyə qədər dəniz yoluyla, oradan da Ədirnəyə gedərkən, Çorlu yaxınlığında 3 noyabr 1676 gecəsi vəfat etdi. Cənazə namazı burada qılındıqdan sonra İstanbula gətirildi və atasının Çəmbərlidaşdakı türbəsinə dəfn olundu. Ölüm səbəbi olaraq seyroz xəstəliyi göstərilir. Vəfatının ardından Əhməd Paşanın 1000 kisə qızıl axcası dövlət xəzinəsinə alındı.
Mənbə
redaktə- Mehmed Necati, Târîh-i Feth-i Yanık, TSMK, Revan Köşkü, nr. 1308;
- Mustafa Zühdî, Târîh-i Uyvâr, İÜ Ktp., TY, nr. 2488;
- Hacı Ali Efendi, Târîh-i Kamaniçe (haz. İbrahim Özcan, mezuniyet tezi, 1970), İÜ Ed. Fak.;
- Evliya Çelebi, Seyahatnâme, VI, 303 vd.;
- Behcetî, Silsiletü’l-Âsafiyye, Köprülü Ktp., Ahmed Paşa, nr. 212, vr. 76a vd.;
- Fahri Çetin Derin, Abdurrahman Abdi Paşa Vekâyinâme’si (doktora tezi, 1993), İÜ Sosyal Bilimler Enstitüsü, tür.yer.;
- Hezârfen Hüseyin Efendi, Telhîsü’l-beyân fî Kavânîn-i Âl-i Osmân (haz. Sevim İlgürel), Ankara 1998, s. 52, 191, 237;
- Müneccimbaşı, Sahâifü’l-ahbâr, III, 735–748;
- Muhibbî, Ħulâśatü’l-eŝer, I, 352–356;
- Nâbî, Târîh-i Kamaniçe, İstanbul 1281;
- Montecuccoli, Fenn-i Harb, İÜ Ktp., TY, nr. 3890;
- Osman Dede, Cevâhirü’t-tevârîh, Köprülü Ktp., Ahmed Paşa, nr. 231;
- Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekāyiât (haz. Abdülkadir Özcan), Ankara 1995, tür.yer.;
- Silâhdar, Târih, I, 221 vd., 393 vd., 490 vd., 565 vd., 615, 659–660;
- D. Kantemir, Osmanlı İmparatorluğu’nun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1979–80, III, 170 vd.;
- Hadîkatü’l-vüzerâ, s. 106–109;
- Îsâzâde Târihi (haz. Ziya Yılmazer), İstanbul 1996, tür.yer.;
- Şeyhî, Vekāyiu’l-fuzalâ, I–III, tür.yer.;
- Râşid, Târih, I, tür.yer.;
- Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 13;
- a.mlf., Mecmûa-i Tevârîh (haz. Fahri Ç. Derin — Vahid Çabuk), İstanbul 1985, s. 185, 347;
- Müstakimzâde, Tuhfe, s. 82–83;
- Ferâizîzâde Mehmed Said, Gülşen-i Maârif, İstanbul 1252, II, 893–939;
- Hammer (Atâ Bey), XI, 82 vd., 297;
- A. Vandal, Les voyages du Marquis de Nointel (1670–1680), Paris 1900, tür.yer.;
- Ahmed Muhtar, Sen Gotar’da Osmanlı Ordusu, İstanbul 1326;
- Ahmed Refik [Altınay], Köprülüler, İstanbul 1331, tür.yer.;
- a.mlf., Yirmibeş Sene Siper Kavgası, İstanbul 1333, s. 54–67;
- a.mlf., "Köprülüzâde Fâzıl Ahmed Paşa ile Mülâkat", Edebiyyât-ı Umûmiyye Mecmuası, sy. 913, İstanbul 13 Kasım 1324;
- Raif — Ekrem, Sen Gotar Seferi (1662–1664), İstanbul 1934;
- Uzunçarşılı, Osmanlı Tarihi, III/1, s. 401–428;
- Levend, Gazavatnâmeler, s. 119–128;
- G. Wagner, Turkenjahr 1664, Eine Europaische, Eisenstadt 1964, s. 5 vd.;
- Ekkehard Eickhoff, "Denizcilik Tarihinde Kandiye Muharebesi", Atatürk Konferansları II: 1964–68, Ankara 1970, s. 157–161;
- Danişmend, Kronoloji2, III, 429–445;
- Suna Arı, Fazıl Ahmed Paşa Zamanında Girit Meselesi (lisans tezi, 1971), İÜ Ed. Fak. Tarih Seminer Kitaplığı, nr. 1621;
- Rycaut, s. 71, 198, 206–210; Erünsal, Türk Kütüphaneleri Tarihi II, s. 61–62, 82;
- Vahid Çabuk, Köprülüler, İstanbul 1988, s. 70 vd.;
- Orhan Köprülü, "Kandiye’de Köprülüler’e Ait Kitabeler", İsmail Hakkı Uzunçarşılı’ya Armağan, Ankara 1988, s. 487–494;
- Antoine Galland, İstanbul’a Ait Günlük Hatıralar (nşr. Charles Schefer, trc. Nahit Sırrı Örik), Ankara 1998, I, 3, 7 vd., 196–197;
- Josef Blaşkoviç, "Sadrazam Köprülüzâde Fazıl Ahmed Paşa’nın Ersekujvar Bölgesindeki Vakıfları", TED, sy. 9 (1978), s. 293–342;
- Tayyib Gökbilgin, "Köprülüler", İA, VI, 897–903;
- a.mlf. — R. C. Repp, "Köprülü", EI² (Fr.), V, 257–259.
İstinadlar
redaktə- ↑ Köprülü Fazıl Ahmed Paşa // Faceted Application of Subject Terminology.
- ↑ 1 2 Koprulu Fazil Ahmed Pasa // Encyclopædia Britannica (ing.).
- ↑ 100 böyük türk. Bakı, 1991. səh.59.