Kursengi Kup Qebirleri Nekropolu - Wikipedia
Kürsəngi küp qəbirləri nekropolu — Salyan rayonu, Kürsəngi kəndi ərazisində yerləşən arxeoloji abidə.
Kürsəngi küp qəbirləri nekropolu | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Salyan |
Yerləşir | Kürsəngi |
Aidiyyatı | E.ə. II - e. III əsrlər |
Kateqoriya | Arxeoloji abidə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Ümumi məlumat
redaktəSalyan şəhərindən 30 km şimal-şərqdə yerləşən, "Kürün səngidiyi yer" mənasını verən və hündürlüyü 77 metrə çatan Kürsəngi palçıq vulkanı Cənub-Şərqi Şirvan düzündə ən iri palçıq vulkanıdır. Vaxtı ilə Kür çayının bu təpənin yaxınlığından keçməsi burada insanların məskunlaşmasına səbəb olub. Vulkanın şərqində və cənubunda torpağın üzərində çox sayda qalaqlanmış kərpic qırıqları və müxtəlif ölçülü qırmızı və açıq sarı rəngli bişmiş kərpicdən tikilən diametri 5–6 metrə çatan tikililərin qalıqları mövcuddur. Ərazidə şirli və şirsiz qab parçalarına da rast gəlinir.
Kürsəngi nekropolunda e.ə. II–III əsrlərə aid küp qəbirləri aşkar edilmişdir. Əhəng daşından hazırlanan qəbir daşlarının parçaları günümüzə qədər gəlib çıxıb. Daş parçalarının üzərində süls xətti ilə ərəbcə yazılar və nəbati ornamentlər həkk olunub. Hazırda təpənin üstündə kənd qəbiristanlığı yerləşir. Qəbiristanlıqda XVIII, XIX, XX əsrlərə aid olan qəbirlərin başdaşı və sənduqələri üzərindəki kitabələr kənd əhalisinin tarixi keçmişini, adət-ənənəsini özündə əks etdirir. Kənd əhalisinin bildirdiyinə görə bu ərazidə qəbir qazılarkən qədim məzarlar üzə çıxır. Nəticə olaraq məlum olub ki, həmən dövrdə ölənlər tuncdan hazırlanan bəzək əşyaları ilə birgə dəfn olunublar. Aşkarlanan tapıntılar onu göstərir ki, bu ərazidə eramızdan əvvəl də yaşayış olub.[1] Ümumilikdə Kürsəngi abidəsində bir neçə dövrün tarixi artefaktları cəmləşmişdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Tarixi abidələr". salyan-ih.gov.az. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-23.