Kuveytin Isgali - Wikipedia
Küveytin işğalı — 2 avqust 1990-cı il tarixində İraq tərəfindən qonşu dövlət olan Küveytin ərazisini işğal etmək məqsədilə həyata keçirilmiş iki günlük əməliyyata verilən addır. İraq tərəfindən həyata keçirilmiş bu əməliyyat nəticəsində Küveyt ərazisi yeddi ay boyunca işğal altında qalmışdır. İraqın öz işğalçı qoşunlarını BMT tərəfindən müəyyənləşdirilmiş vaxt ərzində Küveytdən geri çəkməkdən imtina etməsi ABŞ-nin rəhbərliyi altında təşkil olunmuş koalisiya qüvvələrinin işğal olunmuş əraziyə hərbi müdaxiləsi ilə nəticələnmişdir. Bu hadisələr tarixə birinci Körfəz müharibəsi adı ilə daxil olmuş və koalisiya qüvvələrinin hücumu nəticəsində işğalçı İraq qoşunları Küveyt ərazisini tərk etmiş, həmçinin geri çəkilərkən Küveytə məxsus 600-ə yaxın neft buruğunu yandırmışdır.
Küveytin işğalı | |||
---|---|---|---|
Körfəz müharibəsi | |||
| |||
Tarix | 2 avqust 1990 – 26 fevral 1991 | ||
Yeri | Küveyt | ||
Nəticəsi |
İraq qələbə qazandı
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
1990-cı ilin əvvəllərində İraq hökuməti Küveyti neft oğurlamaqda ittiham etdi. Digər tərəfdən, bəzi İraq mənbələrinin verdiyi məlumata görə İraq prezidenti Səddam Hüseynin Küveytə hücum etmək barədə planı hələ aylar əvvəldən qərara alınmışdı. Bəziləri isə İraqın İran-İraq müharibəsi ərzində xaricdən aldığı 14 milyard ABŞ dollarından çox məbləğdə olan borcunu ödəyə bilmədiyi və Küveytin tədarük etdiyi neftin çox olmasının İraq neftinin dəyərini düşürməsi kimi səbəblərin hücumu tətiklədiyini bildirmişdir. 2 avqust 1990-cı ildə başlayan hücum nəticəsində iki gün ərzində Küveyt Silahlı Qüvvələrinin şəxsi heyətinin çox hissəsi ya iraqlılarla döyüşdə dağıdıldı, ya da qonşu Səudiyyə Ərəbistanı və Bəhreyn kimi ölkələrə çəkildi. İşğaldan sonra İraq tərəfindən burada "kukla dövlət" yaradıldı və bir neçə gündən sonra Səddam Hüseyn Küveyti İraqın 19-cu vilayəti olaraq adlandırdı.
Maliyyə borcu üzərində münaqişə
redaktəİran-İraq müharibəsi başladıqda Küveyt müharibənin əvvəllərində neytral mövqe nümayiş etdirmiş, hətta İran və İraq arasındakı danışıqlarda vasitəçi olmağa cəhd göstərmişdir. 1982-ci ildə Fars körfəzinin ərəb ölkələri ilə birlikdə Küveyt də İran inqilabı hökumətini cilovlamaq məqsədilə İraqa dəstək nümayiş etdirməyə başlamışdır. Küveyt müharibənin davam etdiyi 1982-1983-cü illərdə İraqa böyük miqdarda maliyyə yardımı etmişdir. Küveytin İraqa göstərdiyi genişmiqyaslı yardım İranı Küveyt əleyhinə fəaliyyətə təhrik edirdi. İran 1984-cü ildə Küveytə məxsus neft tankerlərini dəfələrlə hədəf almış və 1988-ci ildə Bubiyan adasında dislokasiya olunan Küveyt təhlükəsizlik qüvvələrinin əməkdaşlarına atəş açmışdır. Küveytin müharibə ərzində İraqa böyük dəstək nümayiş etdirməsinə baxmayaraq, müharibə başa çatdıqdan sonra iki qonşu ərəb ölkəsi arasındakı münasibətlər bir çox iqtisadi və diplomatik səbəblərə görə getdikcə pisləşmiş və İraqın Küveyti işğal etməsi ilə özünün kulminasiya nöqtəsinə çatmışdır.[6]
İran-İraq müharibəsi başa çatdıqdan sonra İraq müharibə ərzində Küveytdən aldığı 14 milyard dollar dəyərindəki maliyyə borcunu geri qaytarmaq gücündə deyildi və buna görə də Küveytə bu borcu bağlaması ilə əlaqədar təklif verdi.[7] İraq hökuməti qeyd edirdi ki, müharibə Küveytdə İran hegemoniyasının yüksəlməsinə imkan vermədi. Lakin, Küveytin borcu geri istəməsi ilə iki ölkə arasındakı münasibətlər pisləşdi. 1989-cu ilin sonlarında Küveyt və İraq dövlətlərinin liderləri arasında bir neçə dəfə danışıqlar baş tutsa da, bu danışıqlardan heç bir nəticə əldə olunmadı.
Konfliktin tarixi
redaktə18 iyul 1990-cı ildə Səddam Hüseyn Küveyti son 10 ildə sərhadyanı ərazidən İraq neftini qeyri-qanuni olaraq hasil etməkdə ittiham etdi. Bunun əvəzində İraq Küveytdən 14 milyard dollarlıq borcu bağışlamağı və üstəlik 2.5 milyard dollar tələb etdi. Küveyt əmiri şeyx Cabir-əl-Əhməd əl Cabir əs-Sabah tələbləri yerinə yetirməkdən imtina etdi. Bir neçə gün sonra İraq ordusu Küveyt sərhədlərinə doğru getsə də Səddam Hüseyn o zaman danışıqlar arasında vasitəçi rolunu oynayan Hüsnü Mübarəkə konflikti sülh yolu ilə həll etməyə razı olduğunu bildirir. 1 avqust 1990-cı ildə Küveyt deliqasiyası ilə yenicə başlanan danışıqlar İraq tərəfindən kəsilir. İraq tərəfinin tələbləri Küveytdən qarşılıqsız maddi kömək və ərazi güzəştləri olur. Deyilənlərə görə, həmin gün günortadan sonra Səddam Hüseyn Küveyt əmirinə telefonla zəng vurur: "İşlərin necədir, şeyx Cabir?" "Allaha şükür, özümü yaxşı hiss edirəm, artıq nahar etmişəm"- şeyx cavab verir. "Allaha and olsun ki, sən Küveytdə səhər yeməyini yeməyəcəksən"- Səddam şeyxə cavab verir.
Daxil olma
redaktə2 avqust 1990-cı ildə İraq ordusunun 120 min əsgəri və 350 tankı Küveyt ərazisinə daxil oldu. Hücum iki istiqamətdə aparılırdı: Əl-Küveytə gedən əsas şose boyunca və paytaxtı ölkənin cənub hissəsindən ayırmaq məqsədilə Küveyt-Sitydən cənub istiqamətdə. İraq dəniz qüvvələrinin piyadaları isə Əl-Küveytə sahil zonasından hücuma keçdilər. Küveyt ərazisinə ilk olaraq İraqın xüsusi dəstələri daxil oldu. Əsas qüvvələrə gedən yolda iraqlılar ciddi müqavimətə rast gəlmədilər, yalnız ayrı-ayrı hissələr onlara qarşı mübarizə aparırdı. Küveyt ərazisinə daxil olmaqdan yarım saat öncə-01:30da İraq xüsusi dəstələri Küveyt şeyxini ələ keçirmək məqsədilə helikopteri Dasman sarayı üzərində endirmək istəsələr də, M-84 tankları ilə qorunan saray bu hücumun qarşısını alaraq İraq qüvvələrinə ciddi zərbə vurur. Bu Küveyt şeyxinə Səudiyyə Ərəbistanınaa qaçmaq üçün vaxt verir və o, 05:00da helikopterlə qonşu ölkəyə qaçır. Saray uğrunda döyüşlər günün sonuna qədər davam edir. Bu döyüşlərdə əmirin kiçik qardaşı Fəhad əl-Əhməd əl-Cabir dünyasını dəyişir. Damas sarayı uğrunda döyüşlə yanaşı bir neçə irimiqyaslı döyüşlərdə baş verir. Saat 04:30da Küveytin 35-ci tank briqadası İraq ordusunun qarşısını almaq üçün Əl-Cəhrə rayonuna çıxmaq əmrini alsa da, sonradan 35-ci briqada yanacaq çatışmazlığından döyüşü tərk etməli olur. Avqustun 4-ü Küveyt ordusu tamamilə darmadağın edilir, ölkənin ərazisi tamamilə İraq hərbçilərinin nəzarəti altına keçir.
Küveytin ilhaqı
redaktəKüveytə daxil olmanı İraq guya Küveytdə inqilab edən hərbçilərə kömək məqsədilə qələmə vermiş və marionet Küveyt Respublikasını elan edir. "Küveytin müvəqqəti azad hökuməti" başlarında Alaa Hüseyn Əlinin durduğu 9 Küveyt hərbçisindən ibarət idi. 8 avqust tarixində İraq hökuməti Küveytlə birləşməni elan etdi. İraq hərbi komandanlığı elan etdi: "Küveytin müvəqqəti azad hökuməti prezident feldmarşal Səddam Hüseyn tərəfindən idarə olunan İraqda yaşayan həmyerlilərindən kömək istəmiş, onları öz oğulları kimi qəbul etməsini və İraq-Küveyt birliyini yaratmağı xahiş etmişlər." 28 avqust tarixində Küveyt İraqın 19-cu əyaləti elan olunur və oranın qubernatoru Əli Həsən əl-Məcid təyin olunur.
Beynəlxalq reaksiya
redaktə2 avqust 1990-cı ildə BMT-nin Təhlükəsizlik Şurası № 660 qətnaməni qəbul edərək İraq qoşunlarının dərhal Küveyt ərazisini tərk etməsini tələb etdi. ABŞ, Böyük Britaniya və Fransa banklarındakı İraq hesablarını dondurmuş və İraqa silah idxalına embarqo qoymuşdu.
2 avqust 1990-cı ildə Təhlükəsizlik Şurasının Vaşinqtondakı iclasında ABŞ prezidenti Corc Uoker Buş İran körfəzi sahilinə öz ordusunu göndərmək qərarını verir.
3 avqust tarixində SSRİ də embarqoya qoşulur.
4 avqustda Çin də İraqa silah idxalını dayandırır.
8 avqust 1990-cı ildə Corc Buş Səddam Hüseyndən heç bir danışıqlarsız və şərtsiz Küveyt ərazisini tərk etməyi tələb edir. Amerika qoşunları 8 avqust tarixində Səudiyyə-Ərəbistanına "Səhra qalxanı" əməliyyatı üçün daxil olurlar.
Nəticələri
redaktəKüveytin İraq tərəfindən işğalı 7 ay davam etdi. 1991-ci ilin fevralının sonlarında ABŞ-nin başçılıq etdiyi koalisiyanın qoşunları tərəfindən Küveyt İraq qoşunlarından azad edildi.
2002-ci ildə Səddam Hüseyn Küveytdən rəsmi surətdə üzr istəsə də, Küveyt tərəfi onu qəbul etmədi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "1990: Iraq invades Kuwait". BBC On This Day. BBC. 2 avqust 1990. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2018.
- ↑ Johns, Dave. "1990 The Invasion of Kuwait". Frontline/World. Public Broadcasting Service. 24 yanvar 2006. 2016-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2018.
- ↑ "Kuwait Organization and Mission of the Forces". Country Studies. Library of Congress. 1993. 2013-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2018.
- ↑ John Pike. "Kuwait – Army Equipment". 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2018.
- ↑ "Kuwaiti casualties". kkackm. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-13.
- ↑ Stork, Joe; Lesch, Ann M. "Background to the Crisis: Why War?". Middle East Report. 167 (November–December). 1990: 11–18. JSTOR 3012998.
- ↑ Cooper, Tom; Sadik, Ahmad. "Iraqi Invasion of Kuwait; 1990". Air Combat Information Group Journal. 6 avqust 2007. 2013-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2018.