Kerem Kerimov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kərimov Kərəm Təbriz oğlu — tibb elmləri doktoru.
Kərəm Kərimov | |
---|---|
Kərimov Kərəm Təbriz oğlu | |
Doğum tarixi | |
Vətəndaşlığı | Azərbaycan SSR |
Elmi dərəcəsi | tibb elmləri dоktоru |
Həyatı
redaktəKərimov Kərəm Təbriz oğlu 1947-ci ildə anadan olub.
1974-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət tibb institutunu bitirmişdir, 1974–1975-ci illərdə Azərbaycan Elmi-Tədqiqat oftalmologiya institutunda internatura kursunu keçmişdir, 1975–1977-ci illərdə Naxçıvan Respublika göz xəstəxanasında həkim-okulist işləmişdir, 1977–1979-cu illərdə Azərbaycan Elmi-Tədqiqat göz xəstəlikləri institutunda kliniki ordinaturada hazırlıq keçdikdən sonra, 1979-cu ildə bu instituta baş laborant vəzifəsinə qəbul edilmişdir və sonralar ardıcıl şəkildə həmin institutun təşkilati-metodik şöbəsinin müdiri, görmə üzrə əlillərin reabilitasiyası şöbəsinin müdiri, qlaukoma şöbəsinin müdiri, əlillərin reabilitasiyası və qlaukoma üzrə Respublika Mərkəzinin rəhbəri vəzifəsində çalışmışdır. 1998-ci ilin iyun ayından K. T. Kərimov Z. Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri institutunun direktoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda refraksiya cərrahiyyəsi şöbəsinin elmi rəhbəridir.
1985-ci ildə K. T. Kərimov "Azərbaycan Respublikasında görmə üzrə ilkin əlillik və korların və zəifgörənlərin reabilitasiyası" mövzusunda namizədlik dissertasiyasını, 1997-ci ildə isə "Azərbaycan Respublikasında görmə üzvünün patologiyası nəticəsində korluğun və əlilliyin sosial-gigiyenik, kliniki-oftalmoloji, ekspert-reabilitasiya problemləri və tibbi-sosial reabilitasiyanın yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
1986-cı ildə K. T. Kərimovun təşəbbüsü ilə institutda təşkil edilmiş əlillərin tibbi-sosial reabilitasiyası şöbəsinin əsasında 1993-cü ildə xüsusi elmi-metodik və praktik reabilitasiya Mərkəzi yaradılmışdır. Bu strukturlarda uzun illər ərzində K. T. Kərimovun rəhbərliyi altında respublikada görmə üzvünün müxtəlif xəstəlikləri nəticəsində görmə üzrə əlilliyin və korluğun yayılması, strukturu, səbəbləri, profilaktikası, mübarizə tədbirləri, əlillərin erqonomik göstəricilərinin yaxşılaşdırılması yollarının axtarışı, tibbi və sosial reabilitasiyasının imkanları, əlillərdə süni büllurun implantasiyasının xüsusiyyətləri kimi problemlər işlənilir. Bundan əlavə, axırıncı illərdə K. T. Kərimov qlaukoma və şəkərli diabet nəticəsində gözün tor qişasının zədələnmələrinin lazer müalicəsi, gözün optik qüsurları olan miopiyanın, hiprmetropiyanın, astiqmatizmin eksimer-lazer korreksiyası problemlərinin işlənilməsi ilə də yaxından məşğuldur. K. T. Kərimov 132 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın və 8 metodik tövsiyənin müəllifidir, bir neçə onluq elmi əsəri xarici ölkələrdə çap olunub. K. T. Kərimovun elmi işlənmələri tələbələrinin işlərində öz davamını tapmışdır: K. T. Kərimovun rəhbərliyi altında 5 namizədlik dissertasiya müvəffəqiyyətlə müdafiə olunub, hal-hazırda rəhbərliyi altında oftalmologiyanın müxtəlif problemlərinə həsr olunmuş 7 namizədlik dissertasiya hazırlanır. K. T. Kərimov oftalmoloqlar cəmiyyətində böyük hörmət qazanmışdır, Türkiyə, İran, Rusiya, Ukrayna, ABŞ, Fransa, Almaniya, Belçika, Hollandiya, İsrail, Qazağıstan, Qırqızıstan və s. ölkələrin oftalmoloqları ilə elmi əlaqələri yaranıb, Nyuport Akademiyasının, Avropa Oftalmoloqlar Assosiasiyasının, Rusiya Refraksiya Cərrahiyyəsi Cəmiyyətinin üzvü, Rusiya Keyfiyyət Problemləri Akademiyasının üzvü seçilmişdir.
K. T. Kərimov yüksəkixtisaslı cərrah və klinisistdir. İnstitutda işlədiyi illər ərzində o, katarakta, qlaukoma, gözün zədəsi və iltihab xəstəlikləri, anadangəlmə patologiyası ilə əlaqədar olaraq, göz almasında minlərlə cərrahi əməliyyatlar, o cümlədən optik-rekonstruktiv müdaxilələr aparmışdır, görmə üzvünün müxtəlif növ optik qüsurları zamanı fotorefraksion cərrahiyyəsi üsullarını tətbiq etmişdir.
K. T. Kərimov çox qabiliyyətli, təşkilatçıdır, ona həvalə edilmiş elmi mərkəzini abadlaşdırılması və imkanlarının artırılması K. T. Kərimovun diqqətinin mərkəzindədir. 1985-ci ildə K. T. Kərimovun təşəbbüsü ilə institutda akademik S. N. Fyodorovun kəşf etdiyi süni büllurun köçürülməsi cərrahi əməliyyatı tətbiq olunmuşdur. 2000-ci ildə onun təşəbbüsü ilə refraksion cərrahiyyəsinin əsası qoyulmuşdur, institutda "Eckulap" Lazer Cərrahiyyəsi Mərkəzi yaradılmışdır. Burada ən müasir diaqnostik və lazer avadanlıqlarının vasitəsilə görmə üzvünün optik qüsurlarının MEL-70 eksimer-lazer aparatı ilə fotorefraksion cərrahiyyəsi, o cümlədən LASİC əməliyyatı, tətbiq edilir, arqon lazer ilə göz dibinin diabetik və digər zədələnmələrinin müalicəsi aparılır və s.
K. T. Kərimov elmi və praktiki oftalmoloji kadrların hazırlanmasına böyük diqqət yetirir, hər cür şərait yaradır, institutda internlərin, kliniki ordinatorların, aspirant və dissertantların, institutun iş yerlərində çalışan respublikanın digər oftalmoloji müəssisələrdən və rayon xəstəxanalarından gələn həkimlərin, institutun bütün gənc kadrlarının elmi və təcrübi hazırlığında yaxından iştirak edir, mühazirələr oxuyur, nümunə cərrahi əməliyyatlar keçirir və s.
Azərbaycan Respublikasının Baş oftalmoloqu olaraq, K. T. Kərimov respublika oftalmoloji mərkəzləri işinin koordinasiyasına, rayon oftalmoloji xəstəxanaların, kabinet və məntəqələrin hami yardımına, qaçqın, məcburi köçkün və əhalinin digər sosial müdafiəsiz qalan təbəqələrinə oftalmoloji yardımına, oftalmoloji dəstələrin qaçqınlar şəhərciklərinə müntəzəm şəkildə getməsinin təşkilinə də böyük diqqət yetirir.
K. T. Kərimov oftalmologiya sahəsində xidmətlərinə görə dövlətin və respublika cəmiyyətinin tərəfindən bir neçə mükafata layiq olmuşdur, onların arasında Respublika Həmkarlar İttifaqının və Səhiyyə Nazirliyinin Fəxri Fərmanı, Azərbaycan Bayrağı Diplomu, "İti qələm" Respublika Ədəbi Birliyinin Zərifə Əliyeva adına Fəxri Diplomu və s.