Kerim Ramazanov - Wikipedia
Kərim Nəzir oğlu Ramazanov (1 mart 1947, İlisu, Qax rayonu – 29 yanvar 2012, Bakı) — texnika elmləri doktoru (1991), AMEA-nın müxbir üzvü (2001), iqtisadi inkişaf nazirinin energetika məsələləri üzrə baş müşaviri, Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı.[1][2]
Kərim Ramazanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 mart 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 29 yanvar 2012 (64 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | texnika elmləri doktoru (1991) |
Elmi adı | professor (1996) |
Həyatı
redaktəKərim Ramazanov 1 mart 1947-ci ildə Azərbaycan Respublikası Qax rayonunun İlisu kəndində anadan olub. 1963-cü ildə İlisu kənd orta məktəbini bitirib. 1969-cu ildə Mühəndis elektromexanik ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsini bitirib. Universiteti bitirdikdən sonra ordu sıralarında xidmət edib.[1][2]
Əmək fəaliyyəti
redaktəKərim Ramazanov 1970-ci ildə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda əmək fəaliyyətinə başlayıb və müxtəlif vəzifələrdə çalışıb. O, 1980-ci ildə laboratoriya müdiri, 1981–1993-cü illərdə institutun elmi işlər üzrə direktor müavini, 1993–2002-ci illərdə isə direktor vəzifəsini icra edib.[1][2]
1995-ci ildə birinci çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 60 saylı Qax-Zaqatala Seçki Dairəsindən deputat seçilib. Parlamentin Büdcə Komissiyasının və İntizam Komissiyasının üzvü olub. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya daimi komissiyasının da üzvü olan Kərim Ramazanov ölkənin energetika sahəsinin fəaliyyətinə dair mühüm qanunların hazırlanmasında və qəbul olunmasında yaxından iştirak edib. K. Ramazanovun deputat kimi qanunvericililik sahəsində aktiv fəaliyyəti dövrün mətbuatının da diqqətindən qaçmayıb. O, mətbuatda daim aktiv deputat kimi xarakterizə olunub.[1][2]
Kərim Ramazanov 2002-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin enerji məsələləri üzrə baş müşaviri vəzifəsində çalışıb. Habelə AMEA Fizika İnstitutunda elmi, Azərbaycan Dövlət Neft Akademiyasında pedaqoji fəaliyyətini davam etdirib, "Energetikanın problemləri" jurnalının baş redaktoru olub. AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Büro üzvü, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının "Energetikanın kompleks problemləri" Problem Şurasının sədri olub.[1][2]
"Azərbaycan Respublikasının Yanacaq-Enerji Kompleksinin 2004–2015-ci illər ərzində perspektiv inkişafı üzrə Dövlət Proqramı"nın tərtib edilməsi məqsədilə hökumət tərəfindən təşkil edilmiş "İşçi qrupu"nun sədri və proqramın elmi rəhbəri olub. Azərbaycan işçi qrupunun üzvü və eksperti kimi beynəlxalq qurumlarda enerji sahəsində aparılan danışıqlarda iştirak edib. YAP Siyasi Şurasının üzvü olub.[1][2]
Akademik fəaliyyəti
redaktəKərim Ramazanov 1978-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1991-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1996-cı ildə professor elmi adını alıb. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib. 1996–2002-ci illərdə Ali Attestasiya Komissiyası yanında Doktorluq Dissertasiyası üzrə İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri kimi 50-dən artıq namizədlik və doktorluq dissertasiyalarının müdafiəsini təşkil edib.[1][2]
Alimin elmi əsərləri enerji sistemlərinin optimal idarə olunması, enerji resurslarına olan tələbatın proqnozlaşdırılması, yanacaq-enerji balansının optimallaşdırılması məsələlərinə həsr olunub. Kərim Ramazanov ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya, Niderland, Avstriya, İrlandiya, Çexiya, Türkiyə, İran, Pakistan və başqa ölkələrdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda Azərbaycan energetika elminin inkişafında əldə edilən nailiyyətlərlə bağlı məruzələrlə çıxış edib. 100-ə qədər elmi əsərin, 3 ixtiranın müəllifidir.[1][2]
Ailəsi
redaktəKərim Ramazanovun 3 övladı var.
Vəfatı
redaktəKərim Ramazanov 29 yanvar 2012-ci ildə Bakı şəhərində vəfat etmiş və Qaxda dəfn edilmişdir.[1][2]
Təltif və mükafatları
redaktəKərim Ramazanov xidmətlərinə görə çoxsaylı mükafatlara və dövlət təltiflərinə layiq görülüb. Belə ki, alim Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif olunub.[1][2]