Kafir Qala Doyusu - Wikipedia
Kafir Qala döyüşü — Herat yürüşünün nəticəsini müəyyən edən toqquşmalar seriyasıdır. Bəzi xüsusiyyətlərinə görə Səngan döyüşünə bənzəyən Kafir Qala döyüşü Abdali əfqanlarla Nadir xanın rəhbərlik etdiyi Səfəvi ordusu arasında baş tutmuş və Səfəvi ordusunun qələbəsi ilə nəticələnmişdir.[3]
Kafir Qala döyüşü | |||
---|---|---|---|
Nadirin yürüşləri və ya Herat yürüşü | |||
| |||
Tarix | 4 may - 1 iyul 1729 | ||
Yeri | Xorasan, Herat yaxınlığı | ||
Səbəbi | II Təhmasibin və Nadir xanın Səfəvi hakimiyyətini Xorasanda bərpa etmək istəmələri | ||
Nəticəsi | Səfəvi dövləti qələbə qazandı.[1] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Arxa plan
redaktəNadir xanın bundan əvvəlki yürüşü Sənganın yağmalanması və Abdali əfqanlar üzərində taktiki qələbə ilə nəticələnmişdi. Lakin Nadir xan bu yürüşündə heç bir yeni ərazi əldə edə bilməmiş və kiçik qələbədən sonra Məşhədə geri dönməyə məcbur olmuşdu. Onun planlarını pozan Səfəvi şahı II Təhmasib olmuşdu. Beləki II Təhmasib onu xain elan etmiş və bu Nadiri geri dönməyə məcbur etmişdi. Geri dönüb şah üzərində qələbə qazanan və onu özündən asılı vəziyyətə salan Nadir, bütün daxili problemləri həll etdikdən sonra çoxdan gözlənilən Herat yürüşünə başladı.
Döyüş
redaktəİlk toqquşmalar
redaktə"Tarix-e Cahanqoşa-ye Naderi"də olan məlumata görə, Nadir qoşunu ilə 1729-cu ilin Novruz bayramından 46 gün sonra Abdali əfqanları ilə döyüşə yola düşdü. Kafir qala ətrafında düşərgə salandan sonra Niyazqulu bəy Qacarın rəhbərliyi altında 500 nəfərdən ibarət qarovul dəstəsi yaratdı və qoşunun mühafizəsini bu dəstəyə tapşırdı.[4]
Nadir yürüşünə cavab vermək üçün Abdali əfqanların rəhbəri olan Allahyar xan Heratın 80 km qərbində olan Kafir Qala adlanan yerdə onu qarşıladı. O, Səfəvi ordusunu xətt boyunca düzülmüş, hər bir tərəfinə səhra topları və tüfəngçilərlə əhatələnmiş şəkildə gördü. Nadir xan Allahyar xanı tez bir zamanda döyüşə cəlb etmək üçün ordunun önündə kiçik süvari dəstələr yerləşdirmişdi. Bu dəstələr Allahyar xana hücum etməli və onu yekun döyüşə cəlb etməli idi. Bu zaman isə, qızılbaş ordusunun topları və tüfəngləri hər bir tərəfdən əfqanları atəşə tutmalı idi.
Əfqanlar Kafir Qala ətrafında düşərgə salıb onun divarları yaxınlığında səngərləndilər. Əfqanların münasib mövqe seçmələri Nadirin nəzərindən qaçmadı və həyata keçirdiyi döyüşqabağı manevrlə onları bu üstünlükdən məhrum etdi. O, qoşununu əfqan mövqelərinə doğru deyil, həmin mövqelərdən aralı olan bir sahəyə çıxardı və bununla əfqanları da açıq döyüşə cəlb etdi. Əfqanlarla döyüşdə uğur qazanmaq üçün Nadir yeni toplara və tüfənglərə böyük üstünlük verdi və ilk zərbənin də məhz atəşlə vurulmasını qərarlaşdırdı. Atəş zərbəsinin ardınca nizə atanlar döyüşə qoşulmalı idilər. Çevik müdafiənin təşkili və düşmənə sürətli zərbənin vurulması üçün süvarilərə də aydın tapşırıqlar verildi. Qoşun dəstəsinin sol cinahı Hacıxan bəy Əfşarın rəhbərliyi altında olan süvari dəstəsinə tapşırıldı. Sağ cinahın kimə tapşırıldığını söyləmək çətindir. Amma məlumdur ki, Nadir özü qvardiyası ilə birlikdə sağ cinahın arxasında mövqe tutmuşdu. Çox güman ki, Nadir əfqanların əsas zərbəsinin məhz bu cinaha yönələ biləcəyini hiss edirdi və ona görə qvardiyası ilə həmin cinahı daha da möhkəmləndirdi. Əfqanlara gəlincə isə Kafir Qala yaxınlığına çıxmış qoşunlar 4 dəstəyə bölünmüş 12 min nəfərlik süvaridən, 4 min piyadadan və 20 ədəd topdan ibarət idi. Əfqanların 25 min nəfərdən ibarət ikinci qoşun dəstəsi isə Fərəhdən hərəkətə başlayıb Kafir Qalaya doğru istiqamət götürmüşdü. Nadirlə əfqanlar arasında Kafir Qala yaxınlığındakı döyüş 1729-cu il mayın 28-də baş verdi. İstər "Tarix-e Cahanqoşa-ye Naderi"də, istərsə də "Aləm Ara-ye Naderi"də bu döyüşün ilkin mərhələsinin təsvirində oxşarlıq vardır. Amma döyüşün gedişi haqqında fərqli məlumatlar da mövcuddur. Nadir şah tarixinin tədqiqatçıları daha çox "Tarix-e Cahanqoşa-ye Naderi"yə istinad etmişlər. Həmin mənbəyə əsasən, döyüş əfqanlar tərəfindən başlandı. Çox güman ki, Nadir özü də əfqanların ilkin olaraq hücuma keçməsinə imkan verə bilərdi. Bununla Nadir əfqanların hansı taktika işlətməsini qiymətləndirə və öz qoşununu da bu taktikaya uyğun olaraq istiqamətləndirməyə fürsət tapardı. Tarixi ədəbiyyata görə, Nadirin qoşunlarının sağ cinahında başlanan döyüşün ilk anlarında piyadalara güclü zərbə endirildi. Sonradan Nadir süvarilərinin döyüşə atılması ilə vəziyyətin düzəldiyi bildirilir.[5][6]
Həlledici döyüş
redaktəƏfqanlar Kafir Qala ətrafındakı düşərgəyə çəkilməklə ilk günün döyüşünü başa vurdular. Tamam başqa ümidlərlə yaşasalar da, Nadirin müqavimətini qıra bilməmələri və digər tərəfdən də ağır itkilərlə rastlaşmaları əfqanların vəziyyətini xeyli ağırlaşdırdı. Kafir Qala ətrafında su ehtiyatlarının olmaması əfqanların qüvvələrinin bərpasını daha da çətinləşdirdi. Onda əfqanlar bir qədər geri çəkilməyi qərarlaşdırdılar. Gecə ikən onlar hərəkət edib Heratın yaxınlığında düşərgə saldılar. Tarix-e Cahanqoşa-ye Naderi"yə görə əfqanlar növbəti toqquşmalar üçün həm toplardan istifadəyə diqqəti artırdılar, həm də qüvvələrini iki dəstəyə böldülər. "Aləm Ara-ye Naderi"yə görə isə əfqanlar öz qüvvələrini dörd dəstədə qruplaşdırdılar. 12 min nəfərlik birinci dəstəyə Allahyar xan, 12 min nəfərlik ikinci dəstəyə Zülfüqar xan, üçüncü dəstəyə Əman bəylə Yaqub xan Səgəzay, 10–12 min nəfərlik piyada dəstəyə isə Musa xan rəhbərlik edirdi. Eyni zamanda Musa xanın tabeliyinə bir ehtiyat dəstə də verilmişdi ki, zərurət yarandığı halda bu və ya digər istiqamətlərdə döyüşə atılsın.[7]
Qarşıdakı döyüş hər iki tərəf üçün həlledici əhəmiyyət kəsb edirdi. Hansı taktikanı seçməmişdən əvvəl Nadir düşmənin döyüşqabağı mövqelərini öyrəndi. Bunun üçün tanınmış sərkərdələrindən olan Niyazqulu bəy Qacarı, Səlim bəy Mərvini, Allahqulu bəy Əfşarı, Canəli bəyi və yüz nəfərlik bir dəstəni özü ilə götürüb əfqanlara yaxın olan bir nöqtəyə yollandı, oradan əfqanların qüvvələrini və döyüş mövqelərini müşahidə etdi. Nadir əfqanların döyüşqabağı düzülüşünə əsasən hansı taktikaya əl ata biləcəklərini müəyyənləşdirdi. O, topçuları, zənburəkçiləri və tüfəngdarları dörd dəstəyə böldü və hər dəstəni bir istiqamətdə yerləşdirərək qoşunun dörd tərəfdən atəş müdafiəsini təmin etdi. Əfqanlar hansı istiqamətdən hücum edərdilərsə, həmin istiqamətdən Nadir qoşununun atəş zərbəsi ilə qarşılaşmalı olacaqdılar. O, üç min nəfərlik xüsusi bir dəstə yaradıb qoşunların mərkəzində yerləşdirdi və həmin dəstəyə tapşırıq verdi ki, əfqan süvariləri hansı istiqamətdən tüfəngdarların üstünə hücum edərsə, o istiqamətdən əfqanlara qarşı döyüşə qoşulsun. Bütünlükdə isə, Nadir öz qoşununu beş xətt üzrə eşelonlaşdırdı. Ön sırada toplar, ikinci sırada zənburəklər, üçüncü sırada cəzayirçilər (ağır tüfənglərlə silahlananlar), dördüncü sırada tüfəngdarlar (yüngül tüfənglərlə silahlananlar) və nəhayət beşinci sırada isə piyadalar mövqe tutdular.[7]
Döyüşqabağı mövqelərdə möhkəmləndikdən sonra Nadir iki gün əvvəlki döyüşlərdə xüsusi fərqlənmiş Niyazqulu bəyə tapşırıq verdi ki, bir dəstə ilə döyüş meydanına atılsın və əfqanları döyüşə girməyə sövq etsin. Niyazqulu bəyin irəli çıxması ilə əfqanlar tərəfindən də İsfəndiyar bəyin rəhbərliyi altında bir dəstə qabağa atıldı və bu dəstələr arasında döyüş başladı. Həmin dəstələr arasında döyüş bir saat davam etdi. Göstərilən vaxt ərzində əfqanların sayı artmağa başladı. Qarşı tərəfin sayının artmasının Niyazqulu bəyin dəstəsi üçün təhlükəli ola biləcəyini görən Nadir bu dəstəni geriyə çağırdı. Niyazqulu bəyin geri çəkilən dəstəsi əfqanlar tərəfindən təqib olundu. Bunun ardınca əfqanların əsas qüvvələri də döyüşə qoşulub Nadir qoşunlarının üzərinə hücuma keçdilər.[8]
Hər xətdə baş verən gərgin döyüşlər əfqanların müqavimətini qırmağa bəs etmədi. Nadirin bəlkə də gözləmədiyi halda əfqanlar tüfəngdarların da mövqelərini arxada qoyub qoşunların mərkəzinə qədər irəliləyə bildilər. Başlıcası isə əfqanlar bir neçə döyüş xəttini adlayaraq hələ də güclü döyüş aparmaqda davam edirdilər. Malik olduqları say üstünlüyü isə əfqanlara əldə edilən uğurları genişləndirməyə imkan verirdi. Döyüşün gedişində dəyişiklik yaradılmayacağı təqdirdə daha ağır nəticələr qarşıya çıxa bilərdi. Nadir üç minlik süvari dəstəsi ilə döyüş meydanının ən həssas nöqtəsinə atılıb əvvəlcə əfqanların qarşısını aldı, onlara ağır zərbə endirdi. Əfqanların təsəvvür edə bilmədiyi sürət və çeviklik qısa müddət ərzində uğurları daha da genişləndirməyə yol açdı. Nadirin döyüşə qoşulması ilə əfqanların qarşılaşdıqları müqavimət az sonra xeyli gücləndi. əfqanların az bir hissəsi döyüşdən salamat çıxıb geri qaçmağa başladı. Nadirin əmri ilə onun sərkərdələri qaçan əfqanları təqib etdilər və onlara daha çox itkilər yetirdilər.[9]
Nəticə
redaktəDöyüşdə Nadirin qüvvələrinin itkisi əfqanlara nisbətdə daha az idi. Lakin Nadirin sevimli sərkərdələrindən olan və döyüşlərdə böyük şücaət göstərən Niyazqulu bəy Qacar həyatını itirdi. Nadirin əmri ilə o, Məşhəddə İmam Rzanın məqbərəsinin yanında dəfn edildi və ailəsinə müavinət kəsildi.[10]
Əfqanlar üzərində qazanılan bu qələbə həm Nadir üçün, həm də Şah Təhmasib üçün əhəmiyyətli bir qələbə idi. Həmin qələbə ilə Abdali əfqanlarına güclü zərbə endirildi və onların iradəsi qırıldı. Bu qələbənin əldə edilməsi ilə bağlı bütün Xorasan vilayətinə xəbərlər göndərildi, Nadirin qoşunlarının qələbəsi üç gün bayram edildi. Bu üç gün ərzində həm də Nadirin qoşunlarının sıraları bərpa edildi. Çünki əfqanların əsas qüvvələrinə güclü zərbə vurulsa da, Herat hələ də onların əlində idi və bu şəhər ələ keçirilməyincə döyüşü də bitmiş hesab etmək olmazdı.[11][10]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Perry, J. R. ALLĀHYĀR KHAN ABDĀLĪ // Encyclopaedia Iranica, Vol. I, Fasc. 8. 1985. səh. 893. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-04.
Allāhyār Khan lost battles at Kāfer Qaḷʿa (present-day Eslām Qaḷʿa) and Rebāṭ-e Parīān, fell back on Herat, and was soon obliged to surrender.
- ↑ "To the Departure of Nadir Shah". www.ibiblio.org. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 avqust 2022.
- ↑ Axworthy, 2018. səh. 174
- ↑ Süleymanov, 2001. səh. 146
- ↑ Süleymanov, 2001. səh. 147
- ↑ Axworthy, 2018. səh. 175
- ↑ 1 2 Süleymanov, 2001. səh. 150
- ↑ Süleymanov, 2001. səh. 151
- ↑ Süleymanov, 2001. səh. 151-152
- ↑ 1 2 Süleymanov, 2001. səh. 152
- ↑ Axworthy, 2018. səh. 178
Mənbə
redaktə- Mehman Süleymanov. Nadir şah (PDF). Pərvin Darabadi (elmi redaktor). 741.
- Michael Axworthy. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant. I. B. Tauris. 2009. 348. ISBN 978-1-84511-982-9.