Karavay - Wikipedia
Karavay — ruslarda toy mərasimi zamanı istifadə olunan çörəklərdən ən məşhurudur. Şərqi slavyanların toy mərasimləri zamanı hazırlanan dairəvi şirin mayadan hazırlanmış çörəkdir. Adətən üstü mahiranə şəkildə bəzədilir.
Toyda
redaktəToy mərasimləri zamanı gənclərə bayram çörəyi vermək Qədim Misir sivilizasiyasına gedib çıxır. Sonralar bunlar Qədim Elladaya və Romaya keçmiş, xristianlığın gəlişi ilə bütün dünyaya yayılmışdır. Bütpərəst Rusiyada yaşayan əhalinin xristianlıqdan bixəbər olmasına baxmayaraq, artıq toy mərasimlərində xüsusi çörək- günəşi simvolizə edən karavayın nümuməsi yaradılmışdır. Qədim slavyanlarda Günəş tanrısı yeni ailələrin əsas himayədarı idi. Karavay sözü slavyan mənşəlidir. Bu söz bu günə qədər də şərqi slavyan xalqlarının arasında qalmışdır: rus və belaruslar – karavay, ukraynalılar – korovay adlandırırlar.
Qədim Rusiyada karavayı toy üçün hazırlayırdılar və bunun üçün çoxlu mərasim qaydalarına riayət edilirdi. Karavayın bişirilməsi bir neçə gün davam edirdi və bunun bişirilməsində xüsusi kahinlər iştirak edirdilər. Hazırlanması üçün müxtəlif arxaik ləvazimatlardan istifadə olunurdu, məsələn, un dəyirman daşında döyülürdü. Karavayın hazırlanmasında xüsusi dəvət edilmiş qadınlar iştirak edirdi. Bu qadınlar evli, çox uşaqlı və möhkəm ailə düyününə malik olmalı idi ki, onlar tərəfindən hazırlanan karavay yeni evlənənlərə xoşbəxt ailə həyatı bəxş etsin. Karavayı sobaya qoymağı da evli qadın etməli idi, iş zamanı mahnı oxuyur və dua edirdilər.
Toy mərasimləri zamanı fallik işarələrlə bəzədilmiş karavay nişanlı oğlanı, karavayın iki hissəsi və ya iki karavay isə nişanlı oğlanla gəlini simvolizə edirdi. Karavayın üstünə Günəş və Ay işarələri qoyulurdu. Karavayın simvolikası Dünya ağacı ilə bağlıdır. Məsələn, günəş və ay Dünya ağacının başındadır. Dünya ağacındakı öküz və inək karavayın üstündə xəmirdən hazırlanan heyvan fiqurları ilə əlaqələndirilir. Bundan başqa karavayın üstündə 2 cüt üzük və ya qu quşu görmək olardı ki, bu da sevgini simvolizə edirdi. Karavay xoşbəxtlik, bolluğun rəmzi hesab edilirdi.
Qonaqların qarşılanması zamanı
redaktəRus adətlərinə görə, evə dəyərli qonaq gələrdisə onun qarşısına naxışlı dəsmalda çovdardan hazırlanmış karavayla çıxırdılar. Karavay həmçinin, Qədim Rusiyada dəfn mərasimi zamanı da istifadə olunurdu. Dəfn günü üçün toy karavayı hazırlayır, onu tabut qapağı üstünə qoyur və qəbiristanlıqda olan qohumlarına paylayırdılar.