Kesikcidag Monastir Kompleksi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Keşikçidağ məbədi (həmçinin Qaraca məbədi, David Qareci məbədi) — Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədi. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir.
Keşikçidağ monastırı | |
---|---|
დავითგარეჯა | |
41°26′51″ şm. e. 45°22′34″ ş. u.HGYO | |
Ölkə |
Azərbaycan Gürcüstan |
Şəhər |
Ağstafa Saqareco |
Yerləşir | Azərbaycan-Gürcüstan sərhəddi |
Aidiyyatı | Qafqaz Albaniya Kilsəsi |
Sifarişçi | David Qareci |
Tikilmə tarixi | VI əsr |
Vəziyyəti | fəaliyyət göstərir |
Rəsmi sayt | “Keşikçidağ” Dövlət qoruğu |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Keşikçi məbədinin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər.
Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089–1125) ziyarət edilməyə başlanmış, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184–1207) gürcü kilsəsinin təsiri altına düşmüşdür. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərmişdir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir.
Məbədə gürcü iddiasının arqumentləri
redaktəTarixçi-alim Altay Göyüşovun sözlərinə görə, "David Qareci" həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib. Yalnız gürcü tarixinin ən parlaq dövrü olan "Qurucu David" və daha sonra Tamaranın hakimiyyəti dönəmində monastır gürcü kilsəsinin təsiri altına düşüb. Bundan sonra məbəd gürcüləşdirilir: "Monastır 11-ci əsrdə siyasi amillər səbəbindən gürcülərin təsiri altına keçib. Oxşar taleni Qarabağdakı alban kilsəsi də yaşayır. Rus işğalına qədər alban kilsəsi müstəqil idi. Çünki albanlar pravoslav, ermənilər isə monofizit təriqətinə mənsub idilər. Bu isə faktiki olaraq onların birləşməsini əngəlləyirdi. Amma rus işğalından sonra çar hakimiyyəti alban kilsəsinin ermənilərə qarışmasını tələb etdi. O zaman buna qarşı müqavimət də vardı. Qarabağ xristianları çara məktubda özlərinin erməni yox, aqvanlar, utilər olduqlarını bildirirdilər. Amma az sonra İran və Türkiyədən gəlmə ermənilərin sayının ərazidə artması nəticəsində xristian albanlar ermənilər içərisində əridildi.
"David Qareci" də 11–12-ci əsrə qədər alban kilsəsi olub. Bu zaman monastır ərazisi alban dövlətinin varisi olan Sünik knyazlığının tərkibində idi. Amma orta əsrlərdə məbəd gürcü kilsəsinin təsiri altına düşür. Bunu Lord Kipianidze də etiraf edir ki, alban monastırı olan "David Qareci" Şirvanşahlar və Atabəylərin hakimiyyəti dövründə gürcülərin ixtiyarına keçib. O zaman Şirvanşahlar gürcülərlə dostluq edir, Atabəylər isə vuruşurdu. Amma onların heç biri monastıra maraq göstərmirdi. Çünki müsəlman hakimlər üçün alban xristian məbədi maraqlı deyildi. Beləliklə, məbəd tamamən gürcüləşdirilir. Monqol işğalı dövründə digər xristian məbədləri kimi "David Qareci" monastırı xalq müqavimətinin mərkəzi idi". Ekspertin fikrincə, məhz bu amilə görə "David Qareci" gürcülər üçün müqəddəs ərazidir. Məlum olduğu kimi, sonrakı illərdə Gürcüstan ərazisində iki gürcü knyazlığı – İmeretiya və Kolxida çarlığı vardı. Hətta Şah Abbasın hakimiyyəti dönəmində mübahisəli monastırın yerləşdiyi ərazi Səfəvilər dövlətinə məxsus olub. A. Göyüşovun sözlərinə görə, monastır kompleksinin sərhəd əraziyə düşməsi Qafqazın Rusiya tərəfindən işğalı dövrünə təsadüf edir:
"Rusiya işğalından sonra monastır kompleksi Gəncə və Tiflis quberniyasının arasındakı sərhəd əraziyə düşüb. Sovet dönəmində bu bölgü qüvvədə olub. Müstəqillik əldə olunduqdan sonra sərhəd müəyyənləşdiriləndə Gəncə və Tiflis quberniyası arasındakı sərhəd əsas götürülüb. Sərhədlər indi dəqiqləşdirilir. Bu da mübahisə obyektinə çevrilib. Əslində söhbət ərazidən çox, abidənin taleyindən gedir. Bu, Azərbaycan üçün prinsipial məsələdir. Alban irsindən imtina ermənilərin əlinə üstünlük verəcək. Sonradan ermənilər digər alban abidələrinə iddia edə bilərlər. Bu, ağrılı məsələdir".
Tarixçi alimin sözlərinə görə, hazırkı bölgüyə əsasən "David Qareci" monastır kompleksinin böyük hissəsi Gürcüstan ərazisindədir. Azərbaycan tərəfdə bir monastır və bir neçə hücrə var. Onu da qeyd etdi ki, monastır Sovet dövründə fəaliyyət göstərməyib. Ekspertin fikrincə, hazırda gürcülərin bu məsələdə daha çox canfəşanlıq göstərməsinin arxasında siyasi maraqlar dayanır:
"Gürcülər milliyyətçilik amilini qabardır, bu məsələdən bilə-bilə problem yaradırlar. Müxalifət ölkədəki demokratik ab-havadan istifadə edərək bundan siyasi kart kimi hakimiyyətə qarşı istifadə etməyə çalışır. Amma anlamırlar ki, bu, bizim üçün taleyüklü məsələdir. Təəssüf ki, Azərbaycan xalqı daha heç nəyə reaksiya vermək iqtidarında deyil. Ancaq məsələ uzansaydı, yəqin ki, alimlər, tarixçilər səviyyəsində reaksiya olacaqdı. Digər tərəfdən, hiss olunur ki, Azərbaycan müttəfiqliyi qoruyub saxlamaqda daha maraqlı görünür.
Amma gürcülər millətçilik, tarixinə, dininə münasibətdə bizdən daha üstündür. Buna görə də azərbaycanlılarla gürcüləri müqayisə edə bilmirik. Əslində Bakıda olan abidələri qoruya bilmirik. Bakıda qala divarını sökürlər. Amma gürcü fəhləsi heç vaxt öz tarixinə aid divarı sökməzdi"[1].
2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə həmin ərazidə Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu yaradılmışdır. Qoruğa 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri daxildir.
Qoruq yaradıldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası burada araşdırmalara başlamışdır. Ərazidə yerləşən Keşikçi qalanın ilkin orta əsrlərdə müdafiə məqsədilə tikildiyi, buranın qədim alban yaşayış məskəni olduğu, həmçinin təbii mağaraların eramızın əvvəllərinə, ərazilərdəki süni mağaraların isə VIII–XV əsrlərə təsadüf etdiyi məlum olmuşdur. Son araşdırmalarda mağaraların birindən daha üç qəbir aşkarlanmışdır.
Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu ərazisində bir əsrdən çox hərbi poliqon olmuşdur (XIX əsrdə). Yəni qapalı bir yer olduğundan alimlər tərəfindən tam araşdırılmamışdır. Qoruqda tapılan nadir ilkin yaşayış məskəninin izləri, ocaq yerləri, məişət əşyaları, küp qırıqları, saxsı qablar oradakı mağaraların birində saxlanır. Burada qoruqda tapılmış əşyalardan ibarət muzey yaradılması nəzərdə tutulmuşdur.
14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin "Keşikçi qala" sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib. Keşikçi Dağı Məbəd-Kompleksində bələdçi çalışan vətəndaş azərbaycanlı sərhədçilərin kilsədən ikonaları icazəsiz götürdüklərini iddia edib. Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.[2][3]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Altay Göyüşov: "Gürcülər anlamır ki, bu, bizim üçün taleyüklü məsələdir" [ölü keçid]
- ↑ "Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.
- ↑ "dağ"-da Gürcüstan vətəndaşları Azərbaycanın sərhəd naryadına qarşı insident törədib". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə Məbəd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |