Keyreki Palciq Vulkani - Wikipedia
Keyrəki palçıq vulkanı — Abşeron yarımadasında, Bakıdan 12 km şimalda, Binəqədi qəsəbəsindən bir qədər aralıda yerləşir. Vulkanın şimal yamacı dik, cənub yamacı isə az meylli olan kəsik konus şəklindədir. Krater bəndi üzərində hazırda qaz və maye çıxışlar müşahidə edilir. Tektonik cəhətdən vulkan eninə, Binəqədi antiklinalının cənub qanadının tağətrafı hissəsində yerləşmişdir. Sahənin geoloji quruluşunda Oliqosen-Miosen və Pliosen kompleksi çöküntüləri iştirak edirlər.
Keyrəki palçıq vulkanı | |
---|---|
| |
Ümumi məlumatlar | |
Növü | Palçıq vulkanı |
İlk püskürmə | 1824 |
Son püskürmə | 2017 |
Mütləq hündürlüyü | 146 m |
Yerləşməsi | |
40°27′54″ şm. e. 49°47′25″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Binəqədi |
Ada | Abşeron yarımadası |
|
|
|
Sopka brekçiyası tərkibinin öyrənilməsi və onun dillərinin yerləşməsi 1885-1968-ci illərdə baş vermiş son səkkiz püskürmənin sərhədlərini ayırmağa imkan verir. Azərbaycanın tez-tez püskürən palçıq vulkanlarındandır. Morfologiyasına görə kiçik kraterli gümbəzşəkilli olub, mütləq hündürlüyü 146 m, nisbi hündürlüyü isə 116 m-dir. İlk dəfə vulkan 1824-cü ildə püskürmüşdür. Vulkan cəmi 17 dəfə püskürmüşdür ki, onlardan 5-i keçən əsrdə olmuşdur. Bütün püskürmələr yeraltı uğultu, partlayış, 15–40 m-dək qalxan brekçiya tullantıları, 1830-cu il püskürməsi istisna olmaqla, qazların yanmaması və alov sütununun olmaması ilə müşayiət edilmişdir.
Daha intensiv püskürmə 1952-ci ildə baş vermiş, bir neçə saat ərzində 30 ha yerin səthi 375 m 3 lava ilə örtülmüşdür. Yeni minilliyin başlanması Keyrəki vulkanının aktivləşməsi ilə yadda qaldı – 2001-ci ilin iyun ayında onillik sakitlikdən sonra güclü püskürmə baş verdi. Püskürmə saat 20.42-də başlayaraq müəyyən fasilələrlə 2.5 saat davam etdi. Vulkan böyük brekçiya kütləsi (180 min m³) ilə 15 ha sahəni 2 m qalınlıqda palçıq təbəqəsi ilə örtdü. Onun yamaclarında (xüsusilə şərq yamacında) uzunluğu 200–250 m-ə çatan qəribə "dillər" əmələ gəldi. Qərb yamacının ayağındakı çatdan çıxan qaz yarım ildən artıq müddətdə yandı. 2002-ci ilin fevralın 28-də gecə, növbəti nisbətən zəif püskürmə oldu. Vulkan brekçiyasının axını qərb və şərq yamaclarında qeydə alındı.
12 oktyabr 2014-cü il, saat 12:30 radələrində partlayışla müşahidə edilən püskürmə nəticəsində xaric olan vulkan kütlələri 200 metrə qədər uzanıb.[1][2] 12 iyun 2017-ci il tarixində saat 07:00 radələrində Keyrəki palçıq vulkanında püskürmə baş vermişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə vulkanın püskürməsi ümumən 15 dəqiqəyə yaxın çəkmişdir. Vulkanın püskürmə məhsulları şimal, şimal-şərq və şərq istiqamətlərində iki dil vasitəsilə 3,5 hektara yaxın əraziyə yayılmışdır. Püskürmə zamanı xaric olmuş püskürmə məhsullarının qalınlığı vulkan krateri zonasında 3 metrə yaxın, kənarlarında isə 0,2-0,3 metr təşkil edmişdir[3]
İstinadlar
redaktə- ↑ Son xəbər: Bakıda güclü VULKAN PÜSKÜRMƏSİ Arxivləşdirilib 2014-10-12 at the Wayback Machine. lent.az, 12.10.2014. (az.)
- ↑ Bakıda vulkan püsgürdü Arxivləşdirilib 2014-10-13 at the Wayback Machine. publika.az, 12.10.2014. (az.)
- ↑ "KEYRƏKİ PALÇIQ VULKANI". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-12.
Mənbə
redaktə- Keyrəki palçıq vulkanı Arxivləşdirilib 2011-07-15 at the Wayback Machine
- KEYRƏKİ PALÇIQ VULKANI[ölü keçid]