Kicik Cille - Wikipedia
az.-əski. کیچیک چیلله | |
Daxil olan dövrlər | 3 kiçik çillə |
Keçirilən mərasimlər |
|
Əvvəlki dövr | Böyük Çillə |
Sonrakı dövr | Boz ay |
Digər adları | qışın oğlan çağı, qışın zəlo-zəlo vaxtı, girəvəli qış |
Müddəti | 1-20 fevral |
Qidalar | qovut |
Milli qeydiyyat nömrəsi | DB0204010004[1] |
Kiçik Çillə (az.-əski. کیچیک چیلله) – Azərbaycan xalq təqviminə görə qışın ikinci ayı. Bu dövrdə Səddə və Xızır Nəbi bayramları keçirilir.
Müddəti
redaktəKiçik Çillə Böyük Çillədən sonrakı, Boz aydan əvvəlki qış ayıdır. 20 gün davam edir, fevralın 1-dən 20-nə qədərdir.[2]
Təsviri
redaktəKiçik Çillə qışın ən sərt keçdiyi dövrdür. Buna görə də bu dövr "qışın oğlan çağı", "qışın zəlo-zəlo vaxtı", "girəvəli qış" da adlandırılır. Kiçik Çillənin "yalquzaq zamanı" adlanan ilk 10 günü daha şiddətli keçir.[3] Kiçik Çillə xalq inanclarında əsəbi oğlan kimi təsvir edilir, bu dövr dəqiq olmamasına görə xaos dövrüdür.[4]
Kiçik Çillənin ilk günündən Xıdır Nəbi bayramına hazırlıqlar gedir. Qovrulmuş buğdadan qovut hazırlanır, günəşi və yazı simvolizə etməsi üçün yumurtalar qırmızı və yaşıl rənglərə boyanır. Xıdır Nəbi bayramında qovut və yumurta görünməyən yerə qoyulur ki, Xıdır Nəbi gecə gəlib əlini qovuta bassın və beləliklə də evə bərəkət gəlsin. Süfrə açılması, təndir bişirilməsi və nişanlı qızlara pay aparılması da bu dövrün adətlərindəndir.[3]
Kiçik Çillə öz dövrünün axırında tufan qoparır. Bu müddət keçəndən sonra hamı sevinir. Kiçik Çillənin soyuğu və küləkləri qışın özündən 1 ay sonra da davam edir. Kiçik Çillə bir dəfə Böyük Çilləyə deyib ki, əgər onun ömrünə sahib olsa idi, gəlinlərin əllərini xəmir təknəsində, atların balalarını qarınlarında dondurardı.[3] Bu ayın bitməsi ilə qış qurtarır.[3]
Qışın çillələri başa çatandan, yazın gəlişinə qədərki dövrdə təzə evlənənlərin otağını bəzəmək üçün və gərdəklik üçün toxunulan xalçaya "çillə şəddəsi" deyirlər.[5]
Daxil olan mərasimlər
redaktə- Səddə bayramı. Böyük və Kiçik Çillənin sərhədində, Novruza 50 gün qalmış keçirilən bayramdır. İnsanlar böyük tonqal yandırıb, şənlik və tamaşalar keçirir.[6]
- Yalquzaq zamanı. Kiçik Çillənin ilk 10 günlüyüdür. "Xıdır Nəbi günləri" də adlandırılır. Bu sərt soyuq vaxtlar Xıdır Nəbi ilə əlaqələndirilir və "Xıdır girdi qış girdi, Xıdır çıxdı qış çıxdı" deyilir.[7]
- Xıdır Nəbi bayramı. Yaşıllıq və su kultu ilə əlaqələndirilən Xıdır Nəbinin şərəfinə qeyd edilən mövsümi bayramdır. Xıdır boz at minən qoruyucudur.[8]
- Üzük falı. Qisməti təyin etməyin bir üsulu Xızır Nəbi bayramında icra edilən üzük falıdır.[9][10]
- Xıdır Nəbi bayramı. Yaşıllıq və su kultu ilə əlaqələndirilən Xıdır Nəbinin şərəfinə qeyd edilən mövsümi bayramdır. Xıdır boz at minən qoruyucudur.[8]
- Çərşənbələr. Təbiətdə canlanmanın baş verdiyi tarixlərdir. Bu üç çərşənbə "oğru çərşənbə", "oğru buğ", "oğru üskü" adlandılır. Bu çərşənbələrdə Boz ayın çərşənbələrindəki (Yel, Od, Su, Torpaq) kimi canlanma baş verməsə də, torpağa az-çox istilik gedir. İnsanlar lopa yandırıb evin ətrafında 3 dəfə fırladaraq şər qüvvələrdən qorunacaqlarına inanırlar.[11]
Müxtəlif peşələr üzrə adətlər
redaktə- Əkinçilik. "Çillə suyu" taxıl əkinlərinə fevral ayında verilir. Bu su torpağın rütubətliliyinə və şumun ziyanvericilərdən təmizlənməsinə səbəb olaraq xeyir verir.[12]
- Dəvəçilik. Dəvələrin cütləşmə vaxtı mövsumi olub, qışa, Kiçik Çillə və Boz ay dövrünə düşür.[13]
- Ağacişləmə sənəti. Bu sənətlə məşğul olanlar payızda soyuqlar düşəndən Kiçik Çilləyə qədərki dövrdə ağacları kəsirlər. Çünki bu dövrdə ağaclardan "su çəkilir".[14]
İstinadlar
redaktə- ↑ "Kiçik çillə" (az.). Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. 2024-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 438
- ↑ 1 2 3 4 Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 441-442
- ↑ Albaliyev, 2022. səh. 1086
- ↑ Novruz bayramı ensiklopediyası, Bakı, 2008 , "Şərq Qərb", 208 səh. səh 57.
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 11
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 16
- ↑ Albaliyev, 2022. səh. 1082
- ↑ Kalafat, 1998. səh. 75
- ↑ Kalafat, 1998. səh. 118
- ↑ Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 19-20
- ↑ Azərbaycan etnoqrafiyası, I cild, 2007. səh. 146
- ↑ Azərbaycan etnoqrafiyası, I cild, 2007. səh. 280
- ↑ Azərbaycan etnoqrafiyası, I cild, 2007. səh. 366
Ədəbiyyat
redaktə- Albaliyev, Shakir Alif oglu. 2022. "The Ritual-Mythological Semantics of the Azerbaijan Khidir Nabi Holiday". Etnoantropološki Problemi / Issues in Ethnology and Anthropology 17 (3):1081–1100. https://doi.org/10.21301/eap.v17i3.13.
- Azərbaycan etnoqrafiyası, Üç cilddə I cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
- Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
- Kalafat, Yaşar. Eski Türk Dini İzleri (türk). 1998.