Koreya Hemkarlar Ittifaqlari Konfederasiyasi - Wikipedia
Koreya Həmkarlar İttifaqları Konfederasiyası (kor. 민주노총) — Koreya Respublikasının ən böyük milli həmkarlar ittifaqları birliyi.[1] Mərkəzi ofisi Seul şəhərində yerləşir.
Koreya Həmkarlar İttifaqları Konfederasiyası KCTU | |
---|---|
kor. 민주노총 | |
Növü | Həmkarlar ittifaqı |
Yaranma tarixi | 13 yanvar 1993 |
Mərkəzi | Seul |
kctu.org |
Tarixi
redaktə13 yanvar 1993-cü ildə yaranmışdır.
Təşkilatın yaranması zamanı qarşıya bir sıra çətinliklər çıxmışdır. Belə ki, Koreya Həmkarlar İttifaqları Konfederasiyasının yaranma tarixçəsi geyim əşyalarının istehsalı edən müəssisə işçilərinin mübarizəsi və onlardan birinin – Cun Tae-ilinin 13 noyabr 1970-ci ildə bu mübarizədə özünü qurban verməsi ilə bağlıdır. Bu müəssisənin qadın işçilərinin əzmkar mübarizəsi isə ölkədə müasir əmək hərəkatının əsasını qoymuşdur.[1]
1980-ci illərdən etibarən ağır sənayenin inkişafı bu mübarizəyə irimiqyaslı sənaye işçi qüvvələrini cəlb edir. Nəticədə 1987-ci ildə İşçilərin Böyük Mübarizə Mərkəzinin yaranır. Bu mərkəz yalnız iri sənaye müəssisələrini və korporasiyaları deyil, bütün cəmiyyəti silkələyir.[1]
1988-ci ildə Əmək Hüquqlarının İslahatları naminə yaradılmış Milli Qərargahın şüarları altında birgə mübarizə və 1989-cu ildə Regional və Sənaye Həmkarlar İttifaqlarının Milli Şurasının rəhbərliyi altında aparılan mübarizə ölkədə ümummilli birliyin ifadəsi və demokratik həmkarlar hərəkatının ilk həmrəyliyi olmuşdur.[1]
Şura 1989-cu ildə ilk dəfə olaraq 1 May Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik günündə işçilərin nümayişini təşkil edir. Bu aksiya bir il sonra baş tutmuş daha genişmiqyaslı nümayişin təminatçısı olur. Elə həmin ilin oktyabr ayında Beynəlxalq Əmək Təşkilatına üzv olmaq üçün Beynəlxalq Əmək Təşkilatının Əsas Konvensiyasını və Əmək Hüququ İslahatlarını ratifikasiya etmək məqsədilə 4 əsas milli qurum vahid komitədə birləşdilər. Bu və digər səylər nəticəsində 1993-cü ildə ölkədə bütün demokratik həmkarlar ittifaqı liderlərini bir araya gətirən Koreya Həmkarlar İttifaqı Nümayəndələri Şurası yaradılır.[1]
Koreya Həmkarlar İttifaqları Konfederasiyası gələcək fəaliyyətini qurmaq üçün 13 noyabr 1993-cü ildə işə başlamışdır. Həmin vaxt onun qarşısında duran ən mühüm məsələ individual birliklər təşkil etmək və Konfederasiyanı formalaşdırmaqdan ibarət idi.[1]
Bir il sonra, 1994-cü ilin noyabr ayının 11-də Konfederasiya rəsmi olaraq təsis edildi. Konfederasiya yarandıqdan iki il sonra o, təkcə Koreya işçilərinin təşkilat nümayəndəliyi və həmkarlar ittifaqı fəalları kimi deyil, həm də cəmiyyətin demokratikləşməsində aparıcı bir qüvvəyə çevrildi.[1]
Məqsədi
redaktəKonfederasiyanın birlik və mübarizəsinin əsaslarını bunlar təşkil edir[1]:
- Demokratiya uğrunda sosial hərəkat — Konfederasiya həqiqətən demokratik və ədalətli cəmiyyətin qurulması uğrunda mübarizə aparır. Konfederasiya "Milli təhlükəsizlik haqqında" qanunun və demokratik hüquqları məhdudlaşdıran bu kimi digər repressiv qanunların ləğvi və ya yenidən qəbul edilməsinə çalışır. Konfederasiya sübut etdi ki, əmək hüquqları və sərbəst birləşmə azadlığı fundamental azadlıqlar olsa da, işçilərin iqtisadi, sosial və siyasi məsələlərdə fəal iştirakı mühüm şərtdir.
- Qadın işçilər — Konfederasiya əlavə işçi qüvvəsi kimi qadınların əməyindən istifadə ilə bağlı yaradılmış sistemin əleyhinə çıxır və qadınların əmək hüquqlarının qorunmasına çalışır. Konfederasiya kollektiv danışıqlar vasitəsilə "Bərabər məşğulluq imkanları haqqında" qanunda dəyişikliklər edilməsi yolu ilə gender bərabərliyinə nail olmaq, əməkhaqqı və layiqli iş şəraiti üçün konkret səylər göstərir. KHİK inanır ki, qadın işçilər məşğulluğun stabilliyinə zəmanət verən qüvvədir. Nəticə etibarilə Konfederasiya şirkətlərin qadın işçiləri hədəfə almasının qarşısını alır. Qurum kollektiv danışıqlarda analar üçün müntəzəm tibbi müayinələrin verilməsi, 90 günlük analıq məzuniyyəti, iş yerlərində uşaqların sosial təminatı və təhlükəli iş şəraitinin aradan qaldırılmasını prioritet hesab edir. Konfederasiya hesab edir ki, qarşıda duran bu və ya digər məsələlər qadınların həmkərlar ittifaqının işində yaxından iştirakı ilə öz həllini tapır. Məhz bu məqsədlə Konfederasiya daxili iş sistemində və həmkarlar ittifaqlarının strukturu çərçivəsində qadın birliklərin artırılmasını, qadınların ittifaq üzvlüyünə daha çox cəlb olunmasını məqsədyönlü hesab edir. Konfederasiya həmkarlar ittifaqları fəaliyyətinin bütün sahələrində, xüsusilə liderlik sahəsində qadın üzvlərin iştirakının təmin olunmasını mühüm öhdəlik kimi öz üzərinə götürmüşdür.
- Əməkhaqqı — Konfederasiya layiqli əməkhaqqı bölgüsünü əsas tutaraq minimum yaşayış xərclərinin ədalətli şəkildə təmin olunması siyasətini dəstəkləyir. Böyük və kiçik müəssisələr, qadın və kişi işçilər, eyni zamanda daimi və qeyri-daimi işçilər arasında olan əməkhaqqı fərqlərinin azaldılmasına çalışır. Həmrəylik prinsiplərinə əsaslanaraq qurumun əməkhaqqı siyasətində işəgötürən tərəfindən az maaş uğrunda mübarizədə işçilər arasında nifaq yaratmaq səylərinə qarşı kəskin mübarizə aparır.
- İş saatı — Koreyada son əməkhaqqı artımının başlıca səbəbi iş saatının çoxluğu ilə bağlıdır. Uzun iş saatları sənayedə istehsal qəzalarının yaranmasının başlıca amilləridir. İstehsalatda çalışan bir işçi orta hesabla həftədə 54 saat çalışır və işçilərə bundan 10 saat artıq işləmək hüququ da verilir. İş saatının azaldılması əmək hüquqları islahatlarında başlıca amil olduğu halda, həmkarlar ittifaqı təşkilatları bu məsələnin kollektiv danışıqlar yolu ilə həllinə çalışır.[1]
Tərkibi
redaktəKonfederasiya həm özəl, həm də dövlət sektorunda fəaliyyət göstərən işçilərin daha çox təmsil olunduğu bir təşkilat kimi tanınıb.
Təsis edildiyi zaman 862 müəssisə ittifaqlarından olan 418.000 üzvü var idi. Artıq 1997-ci ilin iyun ayında onun 526.300 ittifaq üzvü var idi.[1]
Rəhbəri
redaktəKonfederasiyanın hazırkı prezidenti Kim Yunq-Hundur.
Xarici əlaqələri
redaktəKonfederasiya ölkədə mühüm fəaliyyət sahələrini əhatə edən digər həmkarlar ittifaqları konfederasiyaları ilə əlaqələrini səmərəli və məqsədyönlü şəkildə qurur.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- kctu.org — Rəsmi saytı