Les Yeyen Ve Kicik Qiz - Wikipedia
Leş yeyən və kiçik qız (ing. The vulture and the little girl) - Cənubi Afrikalı fotoqraf Kevin Karter tərəfindən Sudanın (indiki Cənubi Sudan) Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunmuş Ayod qidalanma düşərgəsi yaxılığında çəkdiyi foto. Şəklin 1993-cü ilin mart ayında çəkildiyi təxmin olunur. Bu şəkilə görə Kevin Karter 1994-cü ildə Pulitser mükafatına layiq görülmüşdür.
“Bang-Bang Club”un keçmiş üzvü olmuş hərbi fotoqraf Joao Silvanın xatirələrinə görə, Kevin Sudana olan səfərində ilk dəfə kütləvi aclığın şahidi olmuş və rast gəldiyi səhnələrdən heyrətə gəlmişdir. Şəkili çəkilmiş qızın valideynləri həmin anda Ayod şəhərində humanitar yardım təyyarəsinin boşaldılması ilə məşğul idilər. Qısa müddətdə olsa onlar uşaqlarını tək qoymalı olurlar. Bu zaman qızın yanına leşcil ağqartal uçub gəlir.
Həm qızın, həm də leşcil ağqartalın hər ikisinin fokusa düşməsi üçün Karter sakitcə qıza yaxınlaşaraq quşu hürkütmədən 10 m məsafədən bir sıra şəkillər çəkmişdir. Bundan sonra o, leşcil ağqartalı qovmuşdur. Fotojurnalistlərə xəstəliyin yayılmaması üçün aclıqdan ölənlərə toxunmamaq tapşırıldığından Karter qıza toxunmamışdır. Həmçinin, Karter insanların qidanın yanında olsalar da, hər 20 dəqiqədən bir ölmələrinin şahidi olmuşdur.
İspaniyadan olan Xose Mariya Luis Arenzana və Luis Davilla adlı fotoqraflar isə Karterin çəkdiyi fotodan xəbəri olmadan həmin ərazidə oxşar kadrlar çəkmişdilər. Onlar fərziyyəsinə görə bu çox da xüsusi zəhmət tələb etməmişdir. Beləki burada leşcil ağqartalların kifayət qədər geniş yayılması ilə yanaşı, uşaqların da aclıqdan əldən düşməsi onların cəsəddən fərqləndirmirdi.
“Belə ki siz teleobyektivi əlinizə alıb uşağı leşcil ağqartalın fonunda çəkirsiniz. Əslində isə onlar arasındakı məsafə 20 m-ə bərabərdir. Lakin şəkildə isə sizə sanki leşcil ağqartalın uşağı dimdikləməyə başlayacağı görsənəcək”. |