Li Ka Sinq - Wikipedia
Li Ka-şinq (çin. 李嘉誠爵士; d. 29 iyul 1928, Çaojou, Çin[1][2]) — Çin milyonçusu, dünyanın ən zəngin adamlarından biri. "Cheung Kong Group" və "Hutchison Whampoa" şirkətlərinin sahibi.
Li Ka-şinq | |
---|---|
çin. 李嘉誠爵士 | |
| |
Doğum tarixi | |
Doğum yeri | Çaojou, Çin |
Vətəndaşlığı | ÇXR |
Uşaqları |
2 oğlu var: Viktor Li Riçard Li |
Milliyyəti | çinli |
Fəaliyyəti | sahibkar, icraçı direktor |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəLi Ka-şinq 29 iyul 1928-ci ildə Çinin Çaojou şəhərində kasıb müəllim ailəsində anadan olmuşdur. Valideynləri ilk olaraq ona Li Ka-li Çzyaçen adı veriblər. Lakin sonradan yapon ordusundan qorunmaq üçün ailəsi Honkonqa köç edəndə adını dəyişiblər. Gələcək milyarderin ailəsi kasıb olsa da, adlı-sanlı olub. Belə ki, Çində müəllimlik peşəsi ən prestijli, şərəfli peşə hesab olunurdu. Bu səbəbdən də Şinqin atasına hər kəs hörmət edirmiş. Atası onun alim olmasını istəyirmiş. Arzusunun reallaşması üçün oğluna ancaq "oxu" deyərmiş. Li Ka-şinq özü bu haqda belə deyir:
"Atam məndə öyrənmək və həyatda nəyin əsas olduğunu bilmək arzusu yaratdı. Həyatımda proseslərin necə inkişaf etməsindən asılı olmayaraq, atamın mənimlə fəxr etməsi üçün hər şey edəcəkdim."
Li Ka-şinqin uşaqlığı müharibə illərinə təsadüf etdiyindən çox ağrılı və səfalət içində keçib. Belə ki, onun 8 yaşı olanda Yaponiya Çinə qarşı hərbi əməliyyatlara başlayır. Ailə daimi yaşayış yerindən ingilislərin nəzarətində olan Honkonqa üz tutur. Atası özü ilə ancaq ən dəyərli əşyalarını - şagirdlərinin hədiyyə etdiyi kitabları götürür. Honkonqda yaşayan varlı tacir qardaşının onlara dəstək olacağını düşünür. Lakin qardaşı onu və ailəsini evinin yaxınlığına belə buraxmır. Ailə günlərlə küçədə yaşadıqdan sonra bir balıqçının komasına yerləşir. Bir il sonra Linin atası vərəmdən vəfat edir. Qardaşı ailəni dolandırmaq üçün əmisinin qapısında fəhlə işləyir. Sonradan həmin günləri xatırlayan Li Ka-şinq belə deyir:
"Mən həyatla üz-üzə gəldim. Həyatı necə varsa, elə də gördüm. On iki yaşım var idi, amma özümü 20 yaşında, hətta daha böyük hiss edirdim".
Təhsili və fəaliyyəti
redaktəndə məzunlara diplomların təqdim edilməsi mərasimində]]
Sosial, maddi çətinliklərə baxmayaraq, Honkonqa yerləşdikdən sonra təhsilini davam etdirməsi üçün valideynləri onu məktəbə qoyurlar. Çətinliklər fonunda Li Ka-şinq təhsil almaqda davam edir. Amma atası vəfat etdikdən sonra təhsilini yarımçıq buraxmaq məcburiyyətində qalır.
Ailəsini dolandırmaq üçün əmisinə üz tutur və iş istəyir. Əmisi onu kəmər satıcısı kimi işə götürür. Əslində vəziyyət elə imiş ki, Li ən ağır işlərə də razı olmağa hazır olub.
Bir qədər sonra o, daha perspektivli iş tapır. Dəmir qapılar istehsal edilən zavodda möhür vuran işləyir. Qazandığı pulun anasını dolandırmağa çatdığını görəndə isə təhsilini davam etdirməyi qərara alır. Zavoddakı növbəsindən sonra gecə məktəbinə gedir. Məhz həmin ərəfədə nəyin bahasına olursa-olsun, uğur əldə edəcəyinə dair özünə söz verir.
1940-cı illərin sonunda plastik əşyalar istehsal edən şirkətə işə düzəlir. Müharibədən sonra plastik əşyalardan gündəlik həyatda daha çox istifadə edilməyə başlanılır, bu da böyük tələbat yaradır. Li günün 16 saatını durmadan işləyir. Onun öz işini qurması isə sırf təsadüf nəticəsində baş verir. Dediyinə görə, bir dəfə işlədiyi şirkətin rəhbəri xəstələnir. Həmin ərəfədə isə təcili işgüzar məktub hazırlanmalı imiş. Li kömək etməyi qərara alır. Yazdığı məktub o qədər savadlı, səhvsiz olur ki, şirkətin direktoru ona departament rəhbərliyi vəzifəsini təklif edir. Li buna cavab olaraq topdansatış sektorunun ona həvalə edilməsini istəyir. Bir il ərzində digər topdansatış menecerlərindən 7 dəfə çox məhsul satmağı bacarır. Artıq 19 yaşında ona şirkətdə rəhbər vəzifələrdən birini verirlər. Onu gələcəkdə daha yaxşı elmi perspektiv gözləsə də, o, biznes qurmağı qərara alır və şirkətdən ayrılır:
"Öyrənəcəyim heç nə qalmamışdı. Həmin şirkətdə direktor da ola bilərdim. Amma belə vakansiya yox idi".
Kiçik kapitalla plastik əşyaların topdansatışı ilə məşğul olmağa başlayır. Bundan əlavə, keçmiş müdirinə də satışda kömək edərək xidmətinin əvəzində komissiya alır. Sərəncamında sərbəst vəsaitin qaldığını görüb Honkonqdakı bütün xarici qəzetlərə abunə olur. Həmin mətbu orqanlardan o, əsasən Qərb cəmiyyətində baş verənləri, eləcə də böyük bizneslərdəki vəziyyətlə bağlı məlumatları oxuyur, proseslərlə tanış olur. Bütün xəbərləri mütaliə etdikdən sonra Li qərara alır ki, çinli istehsalçılar öz məhsullarını çox ucuz qiymətə Qərbə sata bilərlər.
Li Ka-şinq daha keyfiyyətli məhsul istehsal etməyi öyrənmək məqsədilə Avropaya gedir. Qayıtdıqdan sonra yeni texnologiyalar əsasında işini davam etdirir.
1966-cı ildən başlayaraq torpaq sahələri almağa başlayır. Bu məsələdə siyasi situasiya da onun xeyrinə işləyir. Belə ki, Çində kommunist hakimiyyətinin bərqərar olacağından təlaşa düşən daşınmaz əmlak və infrastruktur sahəsində fəaliyyət göstərən xarici investorlar sahib olduqları nə varsa dəyər-dəyməzinə satıb, ölkəni tərk edirlər. Li Ka-şinq ağıllı investor kimi prosesdən yararlanmağı bacarır. 1970-ci illərin ortalarında "Cheng Kong Holdings" şirkətini yaradır.
1979-cu ildə o, müxtəlif sahələri əhatə edən ingilis şirkəti "Hutchison Whampoa"nı əldə edir. Şirkət Honkonqun bütün dəniz nəqliyyatına və faktiki olaraq, port obyektlərinə nəzarət edirdi. Hazırda da "Hutchison Whampoa" dəniz konteyner daşımalarının 12%-nə nəzarət edir.
Sərvəti
redaktəMilyarderin Çin iqtisadiyyatının, demək olar ki, bütün sahələrində şirkətləri var. Onun şirkətlərindən bəziləri bunlardır:
- Daşınmaz əmlak sahəsindəki biznesinin operatoru "Hutchison Whampoa Property" (yaşayış kompleksləri – "Whampoa Garden", "Laguna City", "South Horizons", "Rambler Crest" və "Caribbean Coast", ofis kompleksləri – "Cheung Kong Center");
- Otel biznesinin operatoru "Harbour Plaza Hotel Management"dir ("Harbour Plaza" otel şəbəkəsi);
- Pərakəndə ticarət sahəsində "Watsons" parfümeriya-kosmetika şəbəkəsi, "Park-n-Shop", "Gourmet", "Taste" və "Great" supermarket şəbəkələri, "Watsons Wine Cellar" içki, siqar mağazalar şəbəkəsi, "Fortress" elektrik məhsulları mağazalar şəbəkəsi;
- Loqistika sahəsində "Hutchison Port Holdings", yük terminalı "Hong Kong Air Cargo Terminals";
- Telekommunikasiya sahəsində mobil operator "Hutchison Telecommunications International";
- İnternet-provayder "Hutchison Global Communications" və TOM Online;
- Enerji və neft məhsulları sahəsində "Power Assets Holdings", "Hongkong Electric", "Power Assets Investments" və "Associated Technical Services", Kanadanın neft-qaz şirkəti "Husky Energy", "Cheung Kong Infrastructure Holdings";
- Qida emalı sənayesində "Watsons Water", "Mr. Juicy".
Şəxsi həyatı
redaktəMilyardlarına baxmayaraq, Li Ka-şinq plastik saat taxır, ucuz ayaqqabı geyinir. 27 illik həyat yoldaşı vəfat edib. Bir daha evlənməyən iş adamının 2 oğlu var. Onların hər ikisi atalarının biznesində iştirak edirlər. Li Ka-şinq digər milyarderlər kimi xeyriyyə ilə məşğul olur. Çinin ən varlı sakininin mafiya ilə əlaqələrinin olduğu da irəli sürülür. Özü isə uğurunun sirri kimi riski sevdiyini göstərir:
Milyardlarla dollar kredit götürürəm və onu iqtisadiyyatın müxtəlif sahələrinə yatırıram. Milyarder olmaq üçün başını işlətmək kifayətdir
Li Ka-şinq pula çox böyük dəyər verirdi. Bir gün maşınının altına düşən qəpik pulu götürməkdən ona kömək edən sürücüsünə 100 dolllar verərək bu cür demişdir:
Əgər o, pulu götürməsəydik sonsuza qədər yox olacaqdı.
Maraqlı fakt
redaktəHonkonq Çin Universitetində onun adını daşıyan Li Ka-şinq Sağlamlıq İnstitutu fəaliyyət göstərir.[3]
Mükafatları
redaktəŞəkilləri
redaktəMənbə
redaktə- "Milyonçu" layihəsi: Plastik saat, ucuz ayaqqabı, hər dolların 5 senti – 1,3 milyard insanın ən varlısı – MİLYONÇU. publika.az, 07.03.2015 (az.)
İstinadlar
redaktə- ↑ "Silobreaker: Biography for Li Ka-Shing". Silobreaker. 26 September 2006. 6 January 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 June 2008.
- ↑ Li Ka-shing // Encyclopædia Britannica. Chicago, Illinois: Encyclopædia Britannica, Inc. 13 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 June 2008.
- ↑ Lamiyə Əliyeva, Dünya universitetləri: Çin Honq Konq Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 17.09.2010, № 36. (az.)
Xarici keçidlər
redaktə- Profile Arxivləşdirilib 2012-04-22 at the Wayback Machine at Cheung Kong Holdings