Mucahid Jurnal - Wikipedia
Mücahid — Azərbaycan siyasi mühacirətinin Türkiyədə nəşr etdirdiyi aylıq jurnal.
Tarixi
redaktə1955-ci ilin iyulundan 1962-ci ilin iyununa kimi Çingiz Göygölün redaktorluğu ilə çıxmışdır. İlk nömrəsindəki proqram məqaləsində "bütün gücünü məhkum türk ellərinin qurtuluş davasına və kommunizm ilə mücadiləyə" yönəldəcəyini bildirirdi.
Fəaliyyəti
redaktəQafqaz birliyi ideyasına və bu fikrin daşıyıcılarına kəskin müxalifətdə duran "Türk izi" jurnalının nəşri dayandıqdan sonra çıxmağa başlayan "Mücahid" öz sələfinin mövqeyini bir qədər yumşaltsa da, yalnız türk birliyini qəbul etdiyini gizlətmir, "Türküstan, İdil-Ural, Şimali Qafqaz, Azərbaycan və Krım mücahidlərinin də müştərək bir türk cəbhəsi halında çalışmaları lüzumuna inandığını bəyan edirdi". Bununla bərabər, "Mücahid" Şimali Qafqazla Azərbaycan arasında dostluq və iş birliyi tərəfdarı və təbliğatçısı olmuşdur. "Şimali Qafqaz və Azərbaycan qardaşlığı" məqaləsində (1962, may-iyun, № 49–50) jurnal qeyd edirdi ki, Şimali Qafqazla Azərbaycan arasında sıx mənəvi yaxınlaşma mövcud olmuş, hətta Şimali Qafqazlılar Rusiyada çar rejimi devrildikdən sonra, qurduqları müstəqil Cümhuriyyətin dövlət dili kimi Azərbaycan türkcəsini qəbul etmiş, orta və ali məktəblərdə təhsilin türkcə tədrisinə qərar vermişdilər.
"Mücahid" türkdilli xalqların tarixi, ədəbiyyatı, adət-ənənəsi, tanınmış liderləri haqqında materiallar dərc etmiş, türkçülük, türk birliyi ideyasına öz töhfəsini vermişdir.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 213-214. ISBN 9952-417-44-4.